Məhkəmə qərarları › İş №2(106)-751/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-751/2025

01.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-751/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 9720 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi, fərdi yaşayış evindən çıxarılma Şirvan şəhəri, 01 may 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh3 nümayəndəsi (əri) Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 9720 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(050)-210/2024 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 və Cavabdeh3 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 3000 (üç min) manat olmaqla cəmi 6000 (altı min) manat kompensasiya verilməklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********39-05101-093009 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 saylı evin 3 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların və Cavabdeh3 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı 14 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, konpensasiya məbləğinin 9720 manat olmasını təklif etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə nikahlarını 07 fevral 1989-cu ildə Masallı rayon VVAQ şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə yaşadıqları dövrdə Cavabdeh2 adlı uşaqları olmuşdur. Cavid sonradan Cavabdeh3 ilə ailə həyatı qurmuşdur. Hazırda qeydiyyatda olduqları Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 saylı evin 3 saylı mənzili onun atası Ağamusa Ələkbərova məxsus olmuş və o, həmin evi 04 iyul 2014-cü il tarixli bağışlama müqaviləsi ilə ona bağışlamışdır. Qeyd olunan evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********39-05101-093009 reyestr nömrəli Çıxarış verilmişdir. Cavabdehlərlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan Cavabdeh1 ilə aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Nikahları Masallı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qətnaməsi əsasında 02 oktyabr 2022-ci il tarixdə pozulmuşdur. Cavabdeh1 ilə nikahları dövründə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 31ci məhəllədə 3 №li binanın 3-cü blokunda, 6-cı mərtəbədə 66,3 kv.metr sahəsi olan 235 saylı mənzili almışlar. Həmin mənzil xx.xx.2021- ci il tarixli müqavilə əsasında "xxxx" MTKdan alınmışdır. Qeyd olunan mənzil üzərində Cavabdeh1 ilə payları müəyyən edilsə də, o, mənzilin satılması ilə bağlı razılığa gəlmədiyindən, aralarında olan narazılığa görə ayrılsalar da, mülkiyyətlərində olan mənzildə cavabdehlər yaşadıqlarından kirayədə qalmalı olmuşdur. Qeydiyyatda olduqları evdə onunla yanaşı cavabdehlərin də birgə yaşaması mümkün deyildir və bu onun mülkiyyət hüquqlarının pozulmasıdır. Bununla bağlı cavabdehlərə kompensasiya ödəməklə evdən istifadə etməmələrini xahiş etsə də, onlar razılaşmamışlar. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli mənzilin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. İddiaçı Bakı şəhərində başqa mənzilin satılmasını təklif etsə də, cavabdeh tərəf bu təklifi qəbul etməmişlər. Halbuki, bu təklifi qəbul etmiş olsa idilər hazırkı iş üzrə iddia tələbi irəli sürülməyəcəkdi. Mübahisəli ev bağışlama müqaviləsi əsasında iddiaçıya verilmişdir. Həmçinin sonuncu ekspert rəyini nəzərə alaraq kompensasiya məbləğini 9720 manat məbləğində təklif etmişlər. Digər mübahisəli məqam isə gəlinə kompensasiya ödənilməsi məsələsi ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 03 aprel 2019-cu tarixli fərmanında vurğulanan məsələlərdən biri də vahid məhkəmə təcrübəsinin formalaşması olmuşdur. Vahid məhkəmə təcrübəsinin formalaşması isə oxşar işlərə eyni münasibətin göstərilməsini tələb edir. Odur ki, həmin Fərmanın tələbləri baxımından Ali Məhkəmənin qərarlarına nəzər yetirmək yerinə düşərdi. Belə ki, Ali Məhkəmənin 2(102)-1621/2024 və 2(102)-634/2024 saylı qərarları Şirvan şəhərində olan tələblərlə bağlıdır. Həmçinin Şirvan şəhərində kirayə mənzilə tələbat Masallı şəhərində olan tələbatdan daha çoxdur. Analoji işdə verilən kompensasiyanın miqdarı iddiaçıların təklif etdiyindən daha azdır. Cavabdeh tərəfin yaşamağa mənzili olmasına baxmayaraq, kompensasiya təklif edilmişdir. Odur ki, qeyd olunanları və Ali Məhkəmənin mövqeyi nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddianın evdən çıxarılma hissəsini qəbul etsə də, verilməli olan kompensasiya məbləği, habelə ekspert rəyi ilə razı deyildir. Cavabdeh1 vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı evdən çıxarılma hissədə iddianı qəbul etsə də, kompensasiya məbləği və ekspert rəyi ilə razı deyildir. İddiaçının vəkilinin vurğuladığı Ali Məhkəmənin qərarlarının tətbiq olunması məsələsi isə məcburi xarakter daşımayan məsələdir. Çünki şəhərlər arasında fərqlər vardır. Həmçinin kirayə haqqının 270 manat olması ilə razı deyildirlər. Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında istifadə hüququ ilə bağlı irəli gələn məsələlərdə kimlərin ailə üzvü hesab olunubolunmaması göstərilmişdir. İstifadə hüququ fərdi hüquqdur. İddiaçı ilə cavabdeh 1989-cu ildə ailə qurub, uşaqları 1991 və 1993-cü illərdə anadan olmuşdur. Həmin evdə 1989-cu ildən ər-arvad kimi yaşamışlar. Hər ailə üzvlərinə münasibətdə isə hüquq ayrı-ayrı vaxtlarda yaranmışdır. Kompensasiya hüququ isə fərdi hüquqdur. Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilir ki, kompensasiya hüququ bütün hüquq iştirakçılarına fərdi qaydada tətbiq olunmalıdır. Fərdi hüquqla bağlı kompensasiyanın toplanılaraq, hesablanması düzgün deyildir. Konstitusiya Məhkəməsinin qərarı normativ aktların iyerarxiyasında daha üstün qüvvəyə malikdir. Cavabdeh3 də, mülkiyyətçinin keçmiş ailə üzvüdür. Beləliklə həmin qərarı rəhbər tutaraq 3 illik müddət üçün məbləğ (270x12x3) 9720 manat təşkil edir. Bu isə o deməkdir ki, cavabdehlərin hər birinə 9720 manat məbləğində kompensasiya ödənilməlidir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş olsa da, onlar məhkəmə iclasına gəlməmişlər, buna görə də onların mövqeyini öyrənmək mümkün olmamışdır. Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü i il tarixli, 2(050)-210/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9720 (doqquz min yeddi yüz iyirmi) manat kompensasiya ödənilməklə onların İddiaçı məxsus Masallı şəhəri, H.Əliyev prospekti, ev 38, mənzil 3-dən istifadə hüquqlarına xitam verilmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, Cavabdeh1 və Cavabdeh2 kompensasiyanın ödənilməsi və onların evdən çıxarılması eyni vaxtda icra edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-210/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın ona qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, sübutlar iddiaçının xeyrinə qiymət verilmiş və məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə təkrar ekspertiza barədə vəsatətini əsassız olaraq rədd etmişdir. Halbuki birbirinə zidiyyətli 2 ekspert rəyi olmuş, lakin məhkəmə həmin zidiyyəti aradan qaldırmadan qətnamə qəbul etmişdir. Bir rəydə 350 manat, ikinci rəydə 270 manat kirayə haqqı müəyyənləşdirilmişdir. Hər iki rəyi də eyni qurumun ekspertləri vermişdir. Bu açıqca göstərir ki, rəylər arasında zidiyyətli məqamlar vardır. Qətnamədən cavabdehlər Cavabdeh3 tərəfindən verilmiş birgə apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-210/2024 saylı qətnaməsinin ləğv edilməsini, kompensasiya məbləğinin mənzildən istifadə hüququ olan şəxslərin, yəni Cavabdeh1, onların və uşaqlarının hər birinə 15.000 manat ayrı-ayrılıqda ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışlardır ki, məhkəmə istifadə hüququnun nə zaman və kimə münasibətdə yaranmasını, hər birilərinin istifadə hüququnun ayrı vaxtda yaranmasını, yaşamağa başqa yerlərinin olmamasını, qət olunan məbləğin 6 nəfər şəxsin 3 il müddətinə kirayə haqqı üçün kifayət etməyəcəyini, real kompensasiya məbləği olmadığını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən kompensasiyanın məbləğinin 9720 manat olması və istifadə hüququnun cəmi halda xitam verilməsinin əsası sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən göstərilmiş nəticə işin halına uyğun deyildir. İstifadə hüququ fərdi hüquqdur və hər birinin hüququ ayrı-ayrı vaxtda və şəraitdə yaranmışdır. Məhkəmə istifadə hüququna fərdi yox, ümumi hüquq kimi qiymət vermiş və hamı üçün ümumi məbləğ müəyyən etmişdir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, sübutlar iddiaçının xeyrinə qiymət verilmiş. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Halbuki bir-birinə zidiyyətli 2 ekspert rəyi olmuş, lakin məhkəmə həmin zidiyyəti aradan qaldırmadan qətnamə qəbul etmişdir. Bir rəydə 350 manat, ikinci rəydə 270 manat kirayə haqqı müəyyənləşdirilmişdir. Hər iki rəyidə eyni qurumun ekspertləri vermişdir. Bu açıqca göstərir ki, rəylər arasında zidiyyətli məqamlar vardır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, hazırda mübahisələndirilən mənzil dövlət fonduna aid mənzil olmuş, 1998-ci ildə iddiaçının atası Ağamusanın adına rəsmləşdirilmişdir. Azərlə Ülkər 1989-cu ildə ailə qurduğundan Ülkər ailə üzvü olduğundan həmin dövlət mənzil fonduna aid mübahisəli mənzilin mülkiyyətçilərindən biri olmuşdur. Həmin vaxt Ülkərin adından saxta ərizə yazılaraq mənzilin Ağamusanın adına rəsmləşdirilməsinə güya Ülkərin etirazının olmaması qeyd edilmişdir. Halbuki, Ülkərin bunlardan xəbəri olmamışdır. Qeyd edilən və hazırda mübahisəli olan mənzil 2014-cü ildə Ağamusa tərəfindən oğlu Azərə bağışlanmışdır. Buna görə də hesab edirlər ki, hazırkı mübahisəli mənzil ümumi əmlkdır və həmin mənzildə Ülkərin payı vardır. Verilən suallara cavabında qeyd etmişdir ki, mənzilin Ağamusanın adına rəsmləşdirilməsini, həmçinin həmin mənzilin 2014-cü ildə Azərə bağışlanmasını bu və ya digər şəkildə məhkəmədə mübahisələndirməmişlər. Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 nümayəndəsinin vermiş olduğu izahatı təsdiqləmiş, əlavə olaraq göstərmişdir ki, hazırdamübahisəli evdə yaşayır. Gəlini Şəfəq və oğlu Cavid Xırdalan şəhəriində "xxxx" MTK-dan aldıqları evdə yaşayır. Hesab etmişdir ki, iddiaçı tərəfindən konpensasiya verilməklə onun istifadə hüququna xitam verilə bilməz. Çünki, onun həmin mənzildə payı vardır. Azərin kirayədə yaşadığını bildirmişdir. Masallıdakı evin dəyərinin 50000-60000 manat civarında ola biləcəyini qeyd etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (əri) Cavabdeh2 bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Qeyd etmişdir ki, həm Xırdalan şəhəriində "xxxx" MTK-dan aldıqları evdə həm də Masallı rayonundakı mübahisəli evdə yaşayırlar. Bildirmişdir ki, Şəfəqlə qətnamədə yazıldığı kimi 2006-cı ildə deyil, 2016-cı ildə ailə qurmuşdur. Qətnamədə səhv yazıldığını qeyd etmişdir. Atasının kirayədə yaşadığını demişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab etmişlər. Qeyd etmişlər ki, 2 evi olmasına baxmayaraq iddiaçı artıq bir-neçə ildir ki, kirayədə qalır. Cavabdehlər hən Xırdalandakı həm də Masallı rayonundakı mübahisəli evdə yaşayırlar. Evin bölgüsü ilə bağlı bir razılığa gəlmirlər. Yaxuddakı evin dəyərinin yarısını ona vermirlər ki, gedib özünə ev ala bilsin. Masallıdakı evin dəyərinin 50000-60000 manat civarında ola biləcəyini qeyd etmişdir. Mübahisəli evin iddiaçının atası Ağamusanın adına saxta yolla rəsmləşdirilməsi fikri ilə ümumiyyətlə razı deyil. Həmin ev hazırda iddiaçının tam mülkiyyətindədir və çıxarış öz qüvvəsindədir. d) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. e) Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (13 və 29-cu maddələr) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan SSR-in 08 iyul 1982-ci ildə qüvvəyə minmiş, 01 оktyabr 2009-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Notarial qaydada təsdiq olunmuş Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 saylı evin 3 saylı mənzili X2 məxsus olmuş və o, həmin evi 04 iyul 2014-cü il tarixli bağışlama müqaviləsi ilə İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 iyul 2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 saylı evin 3 saylı mənzili İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 04 iyul 2024-cü il tarixli, 19/470 saylı ekspert rəyindən məlum olur ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 1 ünvanında yerləşən orta təmirli mənzilin aylıq kirayə haqqının orta bazar qiyməti təxminən 270 manat müəyyən edilir. Müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşı, Cavabdeh2 oğlu, Cavabdeh3 isə gəlinidir. Azərlə Ülkər 1989-cu ildə ailə qurmuş və ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Belə ki, onlar arasındakı nikah Masallı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Mübahisəli Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 saylı evin 3 saylı mənzili iddiaçının atası Ağamusa Ələkbərov bağışlama müqaviləsi əsasında oğlu Azərə bağışlamış və 12 iyul 2014-cü il tarixdə fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Cavabdeh3 iddiaçının oğlu Cavabdeh2 ilə ailə qurmuş, 2016-cı ildə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 saylı evin 3 saylı mənzilinə köçmüşdür. Belə olan halda ona münasibətdə iddia tələbi üzrə mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. Ailə üzvlərinin dairəsinə İddiaçı gəlini Cavabdeh3 daxil olmadığından, həmçinin onlar arasında fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmadığından, Cavabdeh3 münasibətdə kompensasiya alınması qanunauyğun və ədalətli deyildir. Göründüyü kimi məhkəmə iddianı təmin etmiş, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri demək olar ki, eynidir. Cavabdeh1 apellyasiya şikayətinin əsas dəlili konpensasiyanın az olmaqla sübuta yetirilməməsi, həmçinin Cavabdeh3 apellyasiya şikayətinin dəlili kompensasiya məbləğinin mənzildən istifadə hüququ olan şəxslərin, yəni Cavabdeh1, onların və uşaqlarının hər birinə 15.000 manat ayrı-ayrılıqda ödənilməsini tələb etməsi ilə bağlıdır. Kollegiya hər iki apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, tərəflərin izahatı ilə müəyyən olunur ki, cavabdehlər hazırda həm iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə həm də Xırdalan şəhərində alınmış mənzildə yaşayır. İddiaçının isə mülkiyyətində 2 mənzilinin olmasına baxmayaraq o özünə məxsus evdə deyil, iki ildir ki, kirayədə yaşayır. Göründüyü kimi cavabdehlərin hazırda yaşamağa evi var və iddiaçı cavabdehləri digər evdə yaşamasını mübahisələndirməmişdir. Hətta cavabdehlər hər iki evdə yaşamağa davam etdiklərini qeyd edirlər. Buna görə kollegiya hesab edir ki, hazırkı qətnamə ilə müəyyən edilən konpensasiya məbləği ilə razılaşmaq olar. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ev Masallı şəhərində olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin 3 otağı olmaqla, 67.0 kv.m-dir. İddiaçı mənzil hüququ qanunla qorunur və bu hüquqa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq kompensasiya verməsi yolu ilə onların mənzildən istifadə hüquqlarına xitam verilə bilməsi mümkündür. Cavabdeh1 mübahisəli mənzildə yaşamış, keçmiş əri İddiaçı ilə birlikdə təsərrüfatı idarə etmişdir. Həmçinin onların birgə nikahdan olan uşaqları Cavabdeh2 1992-ci ildə anadan olmuş, anadan olduğu vaxtdan həmin mənzildə yaşamışdır. Odur ki, məhkəmə hesab edir ki, onların uzun müddətdə həmin evdə yaşaması, tərəflərin hər ikisinin ailə və maddi vəziyyətləri, təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi, həmçinin onların Xırdalan şəhərində olan "xxxx" MTK-da olan evdə də faktiki yaşamalarını və digər diqqətəlayiq məqamlar nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan məhkəmə tərəfindən kompensasiya məbləğinin 9720 manat müəyyən olunmasında haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 04 iyul 2024-cü il tarixli, 19/470 saylı ekspert rəyində ünvan 1 ünvanında yerləşən orta təmirli mənzilin aylıq kirayə haqqının orta bazar qiymətinin təxminən 270,00 manat olması qeyd edilmişdir. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 davamlı və müəyyən müddət daxilində oxşar şəraitli evdə yaşaması, təklif olunan 9720 manat kompensasiya məbləği ilə 36 ay, yəni 3 il müddətində mümkün olacaqdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göstərilən 3 il cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda yaşadığı oxşar xüsusiyyətlərə uyğun mənzildə davamlı olaraq yaşaması üçün kifayət qədər uzun müddət hesab oluna bilər. Belə ki, mülkiyyətçinin evdən istifadə hüququna xitam verilən şəxsi daha uzun müddətə digər yerdə mənzillə təmin etməsi də, mütənasiblik prinsipi ilə ziddiyət yarada bilər. Çünki kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə mülkiyyətçi bu hüququn qorunması üçün cavabdehin mənzil hüququnun itirilməsinə görə maddi mənada ziyan ödəyir. Mülkiyyət hüququ daha üstün və qorunan təməl hüquq hesab edildiyinə görə, bu hüququn qorunması üçün mülkiyyətçini daha çox əmlak itkisinə məruz qoymaq məcburiyyətində buraxmaq da doğru yanaşma olmaz. Belə ki, işin hallarına əsasən iddiaçının da maddi və ailə vəziyyəti, daha çox kompensasiya ödəmək imkanında olub-olmaması kimi diqqətəlayiq hallar nəzərə alınmalıdır. Daha çox kompensasiya ödəmək maddi imkanına malik olmayan şəxsin mülkiyyət hüququnun qorunmaması, həmin hüququn əmlak üzərində formal olması ilə nəticələnə bilər, bu isə faktiki olaraq mülkiyyətdən məhrum etmək anlamına gəlir. Çünki tərəflər arasında gərgin münasibət vardır və həmin gərginliyə görə mülkiyyətçi İddiaçı evdən istifadə edə və faydalana bilmir. Kollegiya Cavabdeh1 mübahisələndirilən mənzil dövlət fonduna aid mənzil olması, mənzilin 1998-ci ildə saxta yolla iddiaçının atası Ağamusanın adına rəsmləşdirilməsi, Ülkərin ailə üzvü olduğundan həmin dövlət mənzil fonduna aid mübahisəli mənzilin mülkiyyətçilərindən biri olması, hazırda mübahisəli olan mənzilin 2014-cü ildə Ağamusa tərəfindən oğlu Azərə bağışlanması, buna görə də hazırkı mübahisəli mənzilin ümumi əmlak olmaı və həmin mənzildə Ülkərin payının olması fikrinə münasibətdə qeyd edir ki, cavabdeh indiyədək mənzilin Ağamusanın adına rəsmləşdirilməsini, həmçinin həmin mənzilin 2014-cü ildə Azərə bağışlanmasını hər hansı formada məhkəmədə mübahisələndirməmiş, mənzil hazırda iddiaçının tam mülkiyyətindədir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2024cü il tarixli, 2(050)-210/2024 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumları cavabdehlərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş birgə apellyasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(050)-210/2024 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumları cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar