Məhkəmə qərarları › İş №2(106)-752/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-752/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-752/2023 16.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, həmçinin onun vəkili X6, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(053)-19/2023 saylı qətnaməsindən (hakim C.Qədimov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.044 (doqquz min qırx dörd) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus, Neftçala şəhərində yerləşən "Lombard Respublika”dan 2019-cu ilin avqust ayında 500 manat məbləğində, hər ay üçün altı kredit faizi olmaqla nağd pul götürdüyünü bildirmişdir. Borcun təminatı kimi özünə məxsus olan əməkhaqqı kartını girov qoymuşdur. Şərtləşmişlər ki, cavabdeh borcunu götürdükdən sonra kartı geri qaytaracaq. Buna baxmayaraq cavabdeh onun əməkhaqqı kartından 01 avqust 2019-cu ildən 24 noyabr 2021-ci ilədək 9.044 manat pul çıxarmışdır. Nə qədər çalışsa da əməkhaqqı kartını və pulunu ondan ala bilməmişdir. Məcbur qalıb cavabdehin qanunsuz hərəkətlərindən polisə şikayət etmişdir. Şikayəti əsasında Neftçala Rayon Polis Şöbəsinin istintaq qrupunda müvafiq araşdırma aparılmış və 25 aprel 2022-ci il tarixdə "cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarla ona məhkəməyə mülki qaydada müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Müraciəti əsasında "Kapital Bank” ASC-nin Neftçala filialından ona təqdim olunan ödəniş kartı üzrə çıxarışda qeyd olunur ki, ona məxsus əməkhaqqı kartından müxtəlif aylarda ümumilikdə 9.044 manat pul məxaric olunub. Qeyd edir ki, əməkhaqqı kartından həmin məbləğ məhz cavabdeh tərəfindən çıxarılmışdır. Bu barədə "video görüntü” də əldə etmişdir. Hesab edir ki, cavabdeh 9.044 manat əməkhaqqı pulunu ona qaytarmalı, o, da cavabdehə olan 500 manat və təxminən 100 manat faizi olmaqla, cəmi 600 manat borcunu cavabdehə qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 09 iyul 2019-cu il tarixdə "Lombard Respublika”nın Neftçala filialından 500 manat kredit götürərək əməkhaqqı kartını girov qoymuşdur. 10 sentyabr 2019-cu il tarixədək iddiaçı bu kredit üzrə olan 528 manat məbləği ödəməli idi, lakin həmin dövrdə iddiaçı, 16 iyul 2019-cu il tarixdə ümumi dəyəri 1.920 manat, 07 avqust 2019-cu il tarixdə ümumi dəyəri 1.400 manat, 16 dekabr 2019-cu il tarixdə ümumi dəyəri 640 manat, 26 dekabr 2019-cu il tarixdə 250 manat ilkin ödənişlə ümumi dəyəri 1.100 manat və 23 yanvar 2020ci il tarixdə ümumi dəyəri 400 manat olmaqla qızıl-zinət əşyaları almış və iddiaçının "Lombard Respublika”nın Neftçala filialına qızıl-zinət əşyaları üçün cəmi 5.210 manat borcu yaranmışdır. Bu qızıl-zinət əşyalarının pulunu da onun əməkhaqqı kartına köçən vəsaitdən götürəcəyi barədə iddiaçı ilə qarşılıqlı razılığa gəlmişlər. 2020-ci ilin sentyabrında iddiaçı ona bildirmişdir ki, işdən çıxıb. Həmin vaxta kimi iddiaçı qızıl-zinət əşyalarının pulunu ödəmiş, lakin əvvəlki borcundan 471 manat borcu qalmışdır. 05 yanvar 2021 -ci il tarixdə iddiaçını çağırıb əməkhaqqı kartını ona təhvil vermiş və o, kartı geri alması barədə sənəd imzalamışdır. Sonradan iddiaçıdan borc tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etdiyi üçün iddiaçı onu qorxutmaq məqsədi ilə DİN-nin 102 xidmətinə, Neftçala Rayon Prokurorluğuna yalan və böhtan xarakterli şikayət ərizələri ilə müraciətlər etmişdir. Onun şikayətləri əsasında Neftçala RPŞ-də aparılan araşdırmanın nəticəsi olaraq 04 dekabr 2021-ci il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilsə də, iddiaçı bundan narazı qalaraq Neftçala Rayon Prokurorluğuna müraciət etmiş, təkrar aparılan araşdırmadan sonrada yenə eyni qərar qəbul edilmişdir. Yalnız bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Neftçala RPŞ-nin istintaq qrupunun müstəntiqi Q.Məmmədov tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, "cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda göstərilir ki, iddiaçı DSX-nin X9 rayonu ərazisində yerləşən SMX- də mülki işçi işləmiş, 16 sentyabr 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 01 avqust 2019-cu il tarixdən, 16 sentyabr 2020-ci il tarixədək, onun əməkhaqqı kartına bağlı olan hesabına 5.267,41 manat əməkhaqqı və digər müavinətlər köçürülmüşdür. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra, yəni 16 sentyabr 2019-cu il tarixdən 14 dekabr 2020-ci il tarixədək, onun əməkhaqqı kartına köçürülən 3.775 manat vəsait isə digər alıcılar tərəfindən bu karta köçürülən və onun özünə aid olan vəsaitlərdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "ödəniş kartı üzrə çıxarış”dan aydın görünür ki, 14 dekabr 2020-ci il tarixdən sonra iddiaçıya məxsus əməkhaqqı kartı üzrə, çıxarışın hazırlanma tarixi olan 24 noyabr 2021-ci il tarixədək heç bir əməliyyat aparılmamışdır. Bu fakt isə sübut edir ki, iddiaçının guya onun əməkhaqqı kartının tərəfindən qanunsuz saxlanması barədə göstərdikləri yalan və böhtandır. Bir daha qeyd edir ki, iddiaçı ilə aralarında vaxtilə qızıl alverindən irəli gələn münasibətlər olmuşdur. Belə ki, o, iddiaçıya qızıl-zinət əşyaları vermiş onların dəyərini ödəmək məqsədilə iddiaçı özü əməkhaqqı kartını ona təqdim etmişdir. İddiaçıya məxsus əməkhaqqı kartı 01 iyul 2019-cu il tarixdən 05 yanvar 2020-ci il tarixədək onda olmuşdur. Həmin müddətdə sözügedən kartı heç kəsə verməmiş, onu yalnız özündə saxlamışdır. Onda olduğu müddətdə iddiaçıya satdığı qızılların müqabilində iddiaçının öz razılığı ilə həmin plastik kartdan ümumilikdə 5.267,41 manat pul çıxarmışdır. Bundan başqa iddiaçı ayrıca olaraq ona satılmış qızılların pulundan 471 manat pulu da nağd şəkildə ona ödəmişdir. Beləliklə, iddiaçı tərəfindən ona ümumilikdə 5.738,41 manat məbləğində pul ödənilmiş və iddiaçının ona heç bir borcu qalmamışdır. Hesab edir ki, iddiaçının ona qarşı Neftçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(053)-19/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3.334 (üç min üç yüz otuz dörd) manat 37 (otuz yeddi) qəpik, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun və rüsum ödənişi ilə bağlı bank xidmət haqqının əvəzi kimi 37 (otuz yeddi) manat 30 (otuz) qəpiyin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunmasl qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1 və 1091.2ci maddələrinə istinad edərək, guya cavabdehin əsassız varlandığı qənaətinə gələrək iddianı qismən təmin etmişdir. Halbuki, qeyd etdiyi kimi iddiaçıya məxsus karta kart onda olduğu müddətdə əmək haqqı və müavinətlərdən başqa köçürülən 3775 manat məbləğində pul vəsaitinin iddiaçıya heç bir aidiyyəti yox idi. İddiaçı tərəfindən təqdim edilən sübutdan aydın şəkildə görünür ki, iddiaçıya cəmi 5267,41 manat əmək haqqı və müavinətlər köçmüşdür. Belə olan halda birinci instansiya məhkəməsi hansı əsasla onun əsassız varlanması qənaətinə gəlməsi başa düşülən deyil. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İddiaçının vəkili X8 da oxşar məzmunda izahat vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən işin aşağıdakı halları müəyyən edilmişdir: "xxxx" ASC tərəfindən 24 noyabr 2021-ci ildə verilmiş «Ödəniş kartı üzrə çıxarış»dan görünür ki, İddiaçı aid «VSDC Electron Salary» növlü kart hesabından 07 avqust 2019-cu il tarixindən 14 dekabr 2020-ci il tarixinədək olan dövr ərzində müxtəlif vaxtlarda ümumilikdə 9.044,37 manat məbləğində pul məxaric olunub. Müvafiq məxariclərin mütləq əksəriyyəti "ATM Withdrawal KAPS” (bankomat) vasitəsilə həyata keçirilib. Cüzi miqdarda digər məxariclər isə bank hesabından "komissiya” kimi silinib. Cavabdeh məhkəməyə 23 yanvar 2023-cü ildə verdiyi ərizəsində bildirmişdir ki, iddiaçının bank kartı 01 iyul 2019-cu il tarixindən 05 yanvar 2021-ci il tarixinədək olan dövrdə onda (cavabdehdə) olub və həmin dövrdə bank kartı onun (cavabdeh) tərəfindən heç kəsə verilməyib. Cavabdeh bildirir ki, iddiaçı DSX-nin X9 rayonu ərazisində yerləşən SMX-də mülki işçi vəzifəsində işləmiş, 16 sentyabr 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 01 avqust 2019-cu il tarixindən 16 sentyabr 2020-ci il tarixinədək onun əməkhaqqı kartına bağlı olan hesaba 5.267,41 manat əməkhaqqı və digər müavinətlər köçürülüb. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra, yəni 16 sentyabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək, iddiaçının əməkhaqqı kartına köçürülən 3.775 manat isə digər alıcılar tərəfindən bu karta köçürülən və onun (cavabdehin) özünə aid olan vəsaitlərdir. İddiaçı cavabdehin həmin dəlili ilə bağlı bildirmişdir ki, əvvəlki iş yerindən əməkhaqqıdan başqa ödənişlər də alıb. Bu səbəbdən cavabdehin dəlilləri həqiqətə uyğun deyil. Bununla yanaşı, əgər cavabdeh digər müştərilərdən ödənişlər alırdısa, hansı səbəbdən cavabdeh bu ödənişləri öz kartına deyil onun (iddiaçının) kartına etdirirdi? Qeyd olunmalıdır ki, cavabdeh məhkəməyə yuxarıda göstərilən dəlilini təsdiq edə biləcək heç bir sübut təqdim etməyib. Belə olan halda onun istinad etdiyi həmin hal, yəni müvafiq məbləğlərin cavabdehə aid olması halı sübuta yetirilmiş sayıla bilməz. Beləliklə, araşdırılmış sübutlarla müəyyən olunur ki, İddiaçı aid «VSDc Electron Salary» növlü kart hesabından 07 avqust 2019-cu il tarixindən 14 dekabr 2020-ci il tarixinədək olan dövr ərzində müxtəlif vaxtlarda ümumilikdə 9.044,37 manat məbləğində pul məxaric edilmiş, bu dövrdə iddiaçıya məxsus bank kartı cavabdehdə olmuşdur. Müvafiq dövr üzrə iddiaçının bank kartının cavabdehdə olduğunu və cavabdehin özünün bildirdiyinə görə həmin kartı 01 iyul 2019-cu il tarixindən 05 yanvar 2021-ci il tarixinədək olan dövrdə heç bir başqa şəxsə vermədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 9.044,37 manat məbləğində pul vəsaiti iddiaçıya aid bank kartından məhz cavabdeh tərəfindən məxaric olunub. Bu hal yuxarıda göstərilənlərlə yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş DVD diskdəki videogörüntülərlə də təsdiq edilir. Cavabdeh bildirir ki, iddiaçıya nağd qaydada 500 manat borc, həmçinin müxtəlif vaxtlarda ümumilikdə 5.210 manat dəyərində qızıl-zinət əşyaları verib. Aralarındakı razılığa əsasən cavabdeh yuxarıda göstərilən məbləği (ümumilikdə 5.710 manat) iddiaçının ona təqdim etdiyi bank kartından çıxarmalı idi. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə aşağıdakı sübutlar təqdim olunub. A4 formatlı vərəqdə iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, onun imzası, lombardın möhürü və diyircəkli qələmlə iddiaçının özü tərəfindən yazılmış «İddiaçı 500 aldım. xx.xx.2019» sözləri əks olunub. Cavabdeh tərəfindən sübut kimi təqdim olunmuş 6 ədəd digər A4 formatlı kağızda iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, müvafiq qızıl-zinət əşyalarının fotoları, onların fərdi keyfiyyətləri və qiymətləri, həmçinin iddiaçının imzaları əks olunub. Bu vərəqlərdə əks olunan qızıl-zinət əşyalarının iddiaçı ilə cavabdeh tərəfindən razılaşdırılmış ümumi dəyəri 5.210 manat təşkil edir (850+1.070+700+700+640+850+190+210=5.210). İddiaçı yuxarıda göstərilən vərəqlərdəki qızıl-zinət əşyalarının həqiqətən də iddiaçıdan aldığını və vərəqlərdəki imzaların onun özü tərəfindən icra olunduğunu etiraf edir. Beləliklə, cavabdehin iddiaçıya 500 manat miqdarında pul və ümumilikdə 5.210 manat dəyərində qızıl-zinət əşyaları verməsi halı sübuta yetirilmiş sayılmalıdır. İddiaçı bildirir ki, cavabdehdən müxtəlif tarixlərdə aldığı qızıl-zinət əşyalarını başqabaşqa şəxslərə daha yüksək qiymətə satmış, satışdan əldə etdiyi pul məbləğindən öz "xeyrini” (qazancını) götürərək, qalan, yəni razılaşdıqları və yuxarıda göstərilən vərəqlərdə əks olunan məbləğləri cavabdehə vermişdir. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi bu halı təsdiq edə biləcək hər-hansı mötəbər sübut məhkəməyə təqdim olunmayıb. Göstərilənləri və işin s. faktik hallarını nəzərdən keçirərək birinci instansiya məhkəməsi belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 500 manat miqdarında pul və 5.210 manat dəyərində qızıl-zinət əşyaları almış, lakin həmin pulu və qızıl-zinət əşyalarının dəyərini cavabdehə ödəməmiş, qızıl-zinət əşyalarını qaytarmamışdır. Cavabdehin iddiaçıya aid bank kartından 9.044,37 manat miqdarında pul məxaric etdiyini, iddiaçının isə cavabdehə 5.710 manat miqdarında pul borcunun olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, müvafiq fərq 3.334,37 (9.044,37 - 5.710 = 3.334,37) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Qətnaməni cavabdeh tam olaraq mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının kartına köçürülən məbləğin 3775 manat hissəsinini cavabdehə məxsus olduğunu qeyd etsə də, bunu təsdiq edəcək müvafiq sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda həmin pul vəsaitinin hansı səbəbdən iddiaçının kartına köçürülməsini qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Həmçinin iddiaçı da qətnaməni apellyasiya qaydasında mübahisələndirmədiyindən onun tərəfindən də kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(053)-19/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar