Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-754/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə İddiaçı mülki işə baxan hakimə, məhkəmənin sədrinə və tam tərkibə edilmiş etiraza yazılı icraat qaydasında bаxаrаq, məhkəmə tərkibi müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsindən istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə etiraz ərizəsi təqdim edərək, hakim və məhkəmənin sədri kimi Sulduz Ləzimova və bütün Ağcabədi Rayon Məhkəməsinin hakimlərinə tam tərkibdə etiraz etdiyini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, əvvəllər də onun Ağcabədi Rayon Məhkəməsində işləri olmuş, ona qarşı haqsızlıq olmuş və ədalətsiz qərar çıxarılmış, ərizəsi hakim Etibar Quliyev tərəfindən gizlədilmişdir. Hazırkı işinə Zərdab rayonunda baxılmasını istəmişdir. Əvvəlki iddiaları kimi hazırkı işi üzrə də ədalətsiz qərar qəbul olunacağını hesab etmişdir. Ona görə də bir vətəndaş olaraq etirazının qanuni və əsaslı olduğunu və mülki işə Ağcabədi Rayon Məhkəməsində deyil, digər rayon məhkəməsində baxılması üçün verilmiş etirazın Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağcəbədi Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tаrixli, 2(017)-250/2025 saylı qərаrdаdı ilə İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair mülki işə Ağcabədi rayon Məhkəməsinin sədri X2 və Ağcabədi Rayon Məhkəməsinin digər hakimləri tərəfindən baxılmasına İddiaçı tərəfindən verilən etirazın baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 459/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair 2(017)-250/2025 saylı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin sədri X1 və bütün məhkəmə tərkibinə İddiaçı tərəfindən verilmiş etiraz təmin edilməmiş, mülki iş baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra iddiaçı təkrarən məhkəməyə etiraz ərizəsi təqdim edərək, hakim və məhkəmənin sədri kimi Sulduz Ləzimova və bütün Ağcabədi Rayon Məhkəməsinin hakimlərinə etiraz etdiyini bildirmişdir. Ağcəbədi Rayon Məhkəməsinin 18 mart 2025-ci il tаrixli, 2(017)-250/2025 saylı qərаrdаdı ilə İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin sədri X2 və Ağcabədi Rayon Məhkəməsinin digər hakimləri tərəfindən baxılmasına İddiaçı tərəfindən verilən etirazın baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Məhkəmə tərkibi qeyd edilən etirazla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi insanların pozulmuş hüquq və azadlıqlarının məhkəmə təminatını təsbit edir. “İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə məhkəmələrin müstəqilliyi və qərəzsizliyi insanların ədalətli məhkəmə araşdırması hüququnda ehtiva olunan əsas elementlərdən biridir. Müstəqillik və qərəzsizlik hər bir hakimin milli qanuna əsaslanan haqqını və öhdəliyini, onun daxili ucalığını və bitərəfliyini, öz şəxsiyyətinə və tərəflərin qanun qarşısında bərabərlik hüququna hörmət hissini, təhdidlərə və fidyələrə qarşı dəyanətini ifadə edən anlayışlar olmaqla yanaşı hakimin zahiri müstəqilliyini və qərəzsizliyini əks etdirən mühüm dəyərlərdir. Müəyyən hallarda hakimin prosesin gedişindəki zahiri davranışı belə, məhkəmənin qərəzsizliyini şübhə altına alan hal kimi Avropa Məhkəməsinin araşdırma predmeti və istinad nöqtəsi olur. Hakimin bir tərəfin müraciətlərinə təbəssümlə yanaşması, digər tərəflə fərqli rəftar, bir tərəflə mülayim davranıb, digər tərəfə aqressivlik göstərməsi belə Avropa dəyərləri baxımından hakimin qərəzsizliyini şübhə altında qoyan ciddi faktlar sayılır. “Kraska İsveçrəyə qarşı” işdə (19 aprel 1993-cü il) Avropa Məhkəməsi 6-cı maddənin 1-ci bəndinin pozulması barədə nəticəyə gəlməyə çox yaxın idi. Həmin işdə hakimlərdən biri prosesin gedişində öz davranışı ilə tərəflərdən birinə əks mövqedə dayandığını açq-aydın büruzə verirdi. Yalnız işə 5 nəfər hakimdən ibarət tərkibdə baxılması və bu zaman digər 4 hakimin tərəfsizliyi bu işdə İsveçrə məhkəməsini qərəzli hesab edilməkdən qurtardı. Məhkəmənin müstəqilliyi və qərəzsizliyi çox həssas məsələdir və hətta hakimin gündəlik iş şəraitinin necə təşkil və təmin olunmasından da asılı ola bilər. Bəzən sadəcə zahiri əlamətlərə görə bu dəyərlər şübhə altına alına bilər. Avropa Məhkəməsinin “müstəqil və qərəzsiz məhkəmə” anlayışının həmin aspektləri haqqında təsəvvürləri “Lanqborqer İsveçə qarşı” işdə (22 iyun 1989-cu il) öz ifadəsini tapmışdır. Həmin işdə məhkəmə qeyd etmişdir ki, “hətta konkret şəxslərin müvafiq işə baxmaq üçün kifayət qədər ixtisası olduqda və onların düzgünlüyünə şübhə etmək üçün heç bir subyektiv əsas olmadıqda belə, vacibdir ki, obyektivlik, qərəzsizlik və müstəqillik zahiri cəhətdən də qorunub saxlanılsın”. Beləliklə, məhkəmə tərkibi göstərilənləri iddiaçının ədalətli məhkəmə araşdırmasına olan inamının sarsılması kimi qiymətləndirir və iş üzrə mahiyyəti üzrə qərar qəbul edilməmişdən öncədən bu pozuntunun qarşısını almaq istəyir. İş üzrə çıxarılacaq yekun nəticədə hakimin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul etmələrinə və ya qəbul edilə biləcək məhkəmə aktına iddiaçıda şübhə yaradacağından hazırkı etiraz təmin edilməli, iş cavabdehlərin qeydiyyatda olduğu rayon məhkəməsinin yox, işdə iştirak edən şəxslərin iştirakının asanlaşdırılması baxımından coğrafi cəhətdən yaxın olan (hakimin iş yükü də nəzərə alınmaqla) digər rayon (şəhər) məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özözünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. MPM-in 22.5 və 22.6-cı maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özüözünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. MPM-in 23.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə tərkibi mülki işin tam, hərtərəfli araşdırılması, tərəflərin mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hesab edir ki, tərəflərin gələcəkdə qəbul olunacaq qətnamənin qanuniliyi və əsaslılığına şübhə yaranmaması üçün İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən edilmiş etiraz təmin olunmalı, mülki iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə - Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərkibi qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq,
qərara aldı: İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair 2(017)-250/2025 saylı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin sədri X1 və bütün məhkəmə hakimlərinə İddiaçı tərəfindən verilmiş etiraz təmin edilsin. İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.