Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-758/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(071)-285/2022 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-285/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən çəkilmiş dəmir çəpərin sökülməsi, həmin torpaq sahəsinin İddiaçı qanuni istifadəsinə qaytarılması, gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir maneçilik etməsinin Cavabdeh qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və 95 manat xidmət haqqının İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki eskpertizasının xərci 50 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 2(071)-285/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-488/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(071)-285/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 nömrəli Əlavəsində göstərilmiş olsa da, cavabdeh tərəfindən verilən şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(071)-285/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Zaur Hüseynov) apellyasiya şikayəti geri qaytarılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(071)-285/2022 saylı qərardadından narazı qalan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında MPM-in 361-ci maddəsinə istinad etsə də, apellyasiya şikayətində həmin maddədə göstərilən hansı hala əməl edilmədiyini konkret olaraq qeyd etməmişdir. Apellyasiya şikayəti qanunvericiliyin tələblərinə tam uyğun tərtib edilmiş, şikayətdə birinci instansiya məhkəməsinin işin hallarını tam və hərtərəfli araşdırmadığı, iş üzrə təyin edilmiş və keçirilmiş ekspert rəyinə düzgün hüquqi qiymət vermədiyi, konkret olaraq torpaq sahəsinin nə qədər hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunun dəqiqləşdirilmədiyi və s. kimi hallar ətraflı şəkildə göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi hazırkı qərardadı çıxararkən işin bu hallarına heç bir hüquqi qiymət verməmiş, yalnız Məcəllənin 361-ci maddəsinə istinad etsə də, qərardadını əsaslandırmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(071)-285/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(071)-285/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası verilmiş şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Hacıqabul Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(071)-285/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-488/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Bundan sonra, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-488/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardadı əsasında Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(071)- 285/2022 saylı qərardadı qəbul edilmiş və apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır. Sonuncudan cavabdehin nümayəndəsi tərəfindən şikayət verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi haqlı olaraq həmin şikayəti təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin “apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair” qərardadı əsasında apellyasiya şikayətini geri qaytardıqda, həmin apellyasiya şikayətini tərəflərdən birinin şikayəti əsasında yenidən mümkün hesab edərək apellyasiya instansiyası məhkəməsinə göndərmək səlahiyyəti yoxdur. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(071)-285/2022 saylı qərardadı prosessual hüquq normalarına uyğun olaraq qəbul edildiyindən, həmin qərardaddan cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 488/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərkən bunun əsasları həmin qərardadda göstərilmişdir. Məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 nömrəli Əlavəsində göstərilmiş formaya uyğun deyil. Bundan başqa, cavabdehin nümayəndəsi öz şikayətində apellyasiya şikayətinin məzmununun əsaslandırılmış olduğunu qeyd etmiş olsa da, apellyasiya şikayətinin qaytarılması üçün əsas olmuş hal onun məzmunu ilə deyil, forması ilə bağlı olmuşdur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 15 mart 2023-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 2(071)-285/2022 saylı, 15 mart 2023-cü il tarixli qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-488/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardadında qeyd edilmiş nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(071)-285/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-758/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-758/2023
19.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver