Məhkəmə qərarları › İş №2(106)-758/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-758/2025

04.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-758/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), X17 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, X18 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və X5 Cavabdeh qarşı “miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə olan mülk iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı2 və X10 iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evdən hər birinə 1/8 payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə X6 birgə nikahlarından doğulmuş övladlarıdır. Cavabdeh Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 50 kv.m olan mübahisəli 21 saylı fərdi yaşayış evinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş tam mülkiyyətçi qismində qeydə alınmış Qeydiyyat Vəsiqəsi əsasında mülkiyyətçisidir. Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evini 1997-ci il tarixində alqı-satqı müqaviləsi əsasında aldıqdan sonra onlar və digər ailə üzləri ilə birlikdə həmin evə köçmüşlər. Həmin evdə uzun müddət yaşamışlar. Cavabdeh adı çəkilən evi öz analarının X11 ilə birgə nikah dövründə almışdır. X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. Qeyd olunduğu kimi mübahisəli ev mərhum X1nın cavabdehlə birgə nikahda olduğu dövrdə alınmışdır. Ev alındıqdan sonra mülkiyyət hüququ əsası ilə rəsmiləşdirilməmiş, lakin mərhum anaları ölümündən sonra cavabdeh öz adına mülkiyyətinə keçirmişdir. Ancaq mübahisəli ev analarının ölümündən sonra mülkiyyət hüququ ilə cavabdehin adına rəsmiləşdirilmiş olsa da, belə mərhum X1 ilə birgə nikah müddətində və həmin müddətdə əldə olunmuş vəsaitlə alınmışdır. Bu səbəbdən də mərhum anaları mübahisəli ev üzrə pay sahibidir. Qanunvericiliyə əsasən mərhum analarının vərəsələri ondan miras qalmış əmlak üzrə pay sahibi hesab olunurlar. Mübahisə məhkəmədənkənar qaydada həll olunmadığından cavabdehə qarşı Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum X1ndan miras qalmış hissədən vərəsələr olaraq onlara çatan pay tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədirlər. Eyni məzmunlu iddia tələbi ilə qardaşları X2 Şəhər Məhkəməsində cavabdehə qarşı iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-812/2024 saylı qətnaməsinə əsasən X7 Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evdə 1/8 payı müəyyən edilmişdir. İddiaçılar İddiaçı2 oğlunun nümayəndəsi X12 və X10 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, fərdi yaşayış evi iddiaçıların anası ilə birgə nikahda olan zaman əldə edib rəsmiləşdirilməmişdir. İddiaçı2 iki yerdə evi var. 1/8 paya ehtiyacları yoxdur. İddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Şirvan şəhəri, Ərəblinski küçəsi, 21 saylı evin 1/8 hissəsinə İddiaçı2, həmin evin 1/8 hissəsinə X5 paylarının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, cavabdehlə iddiaçının mərhum anası xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X15 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. X11 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Mülki iş materiallarına əlavə edilmiş sənədləri və qanunvericiliyin normalarını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X15 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi “mənzilin alqı-satqısına dair” xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə bu hissədə hesab etmişdir ki, birgə nikah dövründə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi nəticəsində (əvəzli olaraq) əldə edildiyindən tərəflərin ümumi birgə mülkiyyəti hesab olunmalıdır. Həmin əmlakın bölünməsi zamanı payların müəyyən edilməsinə gəldikdə məhkəmə hesab etmişdir ki, Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı fərdi yaşayış evinin bölünməsi zamanı tərəflərin bu əmlakdakı payları bərabər hesab olunmalı, X6 və Cavabdeh hər birisinin 1/2 payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, 1133.1-ci, 1159.1.1-ci, 1243.1-ci, 1243.3-cü, 1255-ci, 1256-cı, 1301.1-ci, 1301.2-ci, 1301.3-cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci, 32.3-cü, 37.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarı və “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli, 1/2024 nömrəli Qərarının 3-cü bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçılar İddiaçı2 və X10 iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evdən hər birinə 1/8 payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)- 368/2025 saylı qətnaməsi ilə (Hakim: Əli İmanov) iddia təmin edilmiş, Şirvan şəhəri, Ərəblinski küçəsi, 21 saylı evin 1/8 hissəsinə İddiaçı2, həmin evin 1/8 hissəsinə X5 payının müəyyən edilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsini aşağıda qeyd edəcəyi səbəblərdən əsassız hesab edir. Əvvəla, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşin faktiki halları ilə bağlı qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır ki, iddiaçıya kompensasiya verilməklə istifadə hüququna xitam verilmişdir. İş hazırda icra şöbəsində icra olunmaqdadır. Bununla yanaşı, iddiaçıların anası ilə birgə nikahda olduğu vaxt əmlak əldə edib rəsmiləşdirməmişdir. Tərəflər xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X15 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh mübahisə predmeti olan mənzili 1997-ci il tarixində alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. X16 xx.xx.2018-cı il tarixdə vəfat etmişdir. İddiaçı X12 anası vəfat etdikdən sonra mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onun bununla əlaqədar hər hansı hərəkət etməsi təsdiq olunmur. Belə ki, o, mirasın açıldığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməli idi, lakin etməmişdir. Eləcə də, mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktiki başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişdir. Buna görə də qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirmədiyindən mübahisəli evə dair həmin hüququ itirmişdir. Əlavə olaraq bildirir ki, o X4 ilə xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Göründüyü kimi, nikah münasibətləri xx.xx.2022-ci il tarixdə rəsmiləşdirildiyindən Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilir. Bundan əlavə, arvadı X4 ilə nikahlarının rəsmiləşdirilməsini bildirsə də, məhkəmələr tərəfindən iddia tələbi üzrə Lətafət Quliyeva üçüncü şəxs qismində işə cəlb edilməmiş, onun konstitusion hüququ kobud surətdə pozulmuşdur. Şirvan Şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İddiaçı miras açılan müddətə paylarının müəyyən edilməsi üçün müraciət etməmiş, istifadə hüququna xitam verilməsi ilə hüquqlarının məhdudlaşdırılmasından sonra məhkəməyə müraciət edərək payının müəyyən edilməsini xahiş etmişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Cavabdeh Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı2 və X9 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o , mirası tamamilə qəbut etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarı; “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlə iddiaçıların mərhum anası xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh olan atası Cavabdeh ilə X15 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. X11 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İddiaçılar mübahisəli evdə yaşamaqla anasının ölümündən sonra mirası faktiki qəbul etmişlər. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, Şirvan şəhəri, Ərəblinski küçəsi ev 21 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Tərəflər xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X15 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qanunvericiliyin təsbit etdiyi digər mexanizm isə şəxsi mülkiyyətdə olan əşyanın hansı hallarda ümumi mülkiyyət hesab oluna bilməsini tənzimləyir. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən tərəflərdən birinə məxsus olan əmlak o halda onların birgə mülkiyyəti sayıla bilər ki, ər və ya arvad nikah dövründə həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoymuş olsun. Əmlakın dəyərinin əhəmiyyətli artırılmasına əsaslı təmir, avadanlığı dəyişdirmə və sair aid edilə bilər. Bununla yanaşı, iddiaçıların anası ilə cavabdeh birgə nikahda olduğu vaxt əmlak əldə edib rəsmiləşdirməmişdir. Həmçinin ikinci arvadı X4 ilə xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Mübahisə predmeti olan mənzil isə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından onun və arvadı X3 birgə nikah dövründə əldə etdiyi əmlak hesab edilir. Birinci instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmamış, Lətafət Quliyeva üçüncü şəxs qismində işə cəlb edilməmiş, onun konstitusion hüququ kobud surətdə pozulmuşdur. Məhkəmə tərkibi şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçıların atası Cavabdeh ilə iddiaçıların mərhum anası X11 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh ilə X15 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmışdır. X11 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Alqı-satqı müqaviləsi əsasında alınmış əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə tərkibinin qənaətinə görə mübahisəli ev cavabdehin adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınsa da, həmin ev Cavabdeh ilə mərhum X6 birgə nikahı dövründə qazanılmış əmlakdır. Qeyd edilməlidir ki, Cavabdeh ilə mərhum X11 1980-ci ildən xx.xx.1998-ci il tarixə kimi birgə təsərrüfat aparmış, müəyyən ailə büdcəsi formalaşdırmış, birgə nikaha daxil olduqları müddətdən 18 il sonra mübahisəli evi almışlar. İşin bu halı onu deməyə əsas verir ki, mübahisəli ev onların birgə vəsaiti hesabına alınmışdır. Məhkəmə tərkibi qeyd edir ki, mənzilin tərəflərdən kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq həmin mənzil birgə nikah dövründə əldə edildiyindən qanunvericiliyin tələblərinə əsasən tərəflərin ümumi birgə mülkiyyəti sayılır. Daha sonra məhkəmə tərkibi qeyd edir ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, hətta “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Bu mənada məhkəmə tərkibinin qənaətinə görə, cavabdehlə 40 ilə yaxın müddətdə nikahda olmuş və bunun təxminən son 20 ilini mübahisəli mənzildə yaşayaraq, orada uşaqlarına qulluq etmiş mərhum X6 məhz nikah dövründə alınmış həmin mənzilin dəyərini artıran vəsait qoyuluşunda, habelə mənzilin təmirində bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və məhkəmə tərkibi bu qənaətə gələrkən, həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. Eyni zamanda, “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası 5 Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi də xatırladaraq qeyd edir ki, həmin Qərarında Konstitusiya Məhkəməsi ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətlərinin çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından birinin müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsi olduğunu, ər-arvadın hər hansı birinin birgə nikah dövründə əldə edilmiş əmlaka fərqli rejim müəyyən edilməsi üçün əsas şərtin hər hansı sazişin, nikah müqaviləsinin və ya digər formada razılaşmanın mövcud olması olduğunu, bu zaman birgə nikah dövründə əldə edilmiş əmlakın tərəflərdən hər hansı birinin nikahdan əvvəl əldə edilmiş gəlirlər hesabına əldə edilməsinin heç bir əhəmiyyət daşımadığını vurğulamışdır. Həmçinin məhkəmə tərkibinin gəldiyi bu hüquqi nəticə Mülki Məcəllənin 225.4-cü, Ailə Məcəlləsinin 35, 36, 37.2, 37.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarındakı hüquqi mövqeyə uyğundur. Həmin Qərarda qeyd edilir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Beləliklə, məhkəmə tərkibi apellyasiya şikayətinin mübahisəli evin birgə nikahda qazanılmadığına dair dəlillərini əsassız sayır. Şikayətin digər dəlili ondan ibarətdir ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı2 və X10 anaları vəfat etdikdən sonra mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onların bununla əlaqədar hər hansı hərəkət etməsi təsdiq olunmur. Belə ki, onlar mirasın açıldığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər. Eləcə də, mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktiki başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Buna görə də qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirmədiklərindən mübahisəli evə dair həmin hüququ itirmişlər. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə də razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Belə ki, həmin Qərarda göstərilir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli ev alındığı vaxtdan uzun müddət ərzində orada yaşamışlar. Yəni iddiaçılar mübahisəli evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdirlər. Üç ay ərzində mirasın qəbulundan imtina etməyiblər. Belə olan halda qəbul edilmiş sözügedən miras-əmlak onun açıldığı gündən məhz birinci növbəli vərəsə kimi onların mülkiyyətində olub və mirasdan özlərinə düşən miras payını almaqda haqlıdırlar. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o , mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, apellyasiya şikayətinin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət edilməməsi, eləcə də, mənzilə sahiblik etməməsi və ya idarə etməyə faktiki başlamaması barədə dəlilləri öz təsdiqini tapmır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlilləri qətnamənin ləğvinə və iddianın rədd edilməsinə əsas ola bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Beləliklə, məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-368/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar