Məhkəmə qərarları › İş №2(106)-764/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-764/2023

17.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-764/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş ziyanın ödənilməsi, qanunsuz əməllərinə son qoyulması, zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin naturada ona təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(073)-31/2023 saylı qətnaməsindən (hakim E.Əmrəliyev) cavabdehlərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş ziyanın ödənilməsi, qanunsuz əməllərinə son qoyulması, zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin naturada ona təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, bir kamaz beton qumu üçün verdiyi 220 manatın cavabdehlərdən alınıb ona verilməsi, cavabdehlərin qanunsuz əməllərinə son qoyulması və zəbt etmiş olduqları torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinin naturada ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində Cəlilabad rayonu Cəfərxanlı kəndində cəmi 0.12 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 08 sentyabr 2021-ci il tarixdə, **********87 reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Mülkiyyətində olan həmin torpaq sahəsində ev tikməkdən ötrü bir kamaz beton qumu tökdürmüşdür. 16 sentyabr 2021-ci ildə Cavabdeh3 ona zəng edərək torpaq sahəsinə tökdürdüyü qumu oradan götürməsini tələb etmiş, əks təqdirdə özünün götürüb daşıdacağını bildirmişdir. Cavabdeh3 torpağın onun əmisi Cavabdeh1 məxsus olduğunu bildirərək, tərəfindən torpağa tökdürülən qumu ordan götürüb başqa yerə tökdürmüşdür. Daha sonra isə Cavabdeh1 ona Rusiyadan telefonla zəng edərək, eləcə də qaynatası Əsədxan Həhimov onun kənddə olan dükanına gələrək, ondan bir daha həmin torpaq sahəsinə gəlməməsini hədə qorxu ilə tələb etmişlər. Onların bu qanunsuz hərəkətlərindən polisə şikayət etmək məcburiyyətində qalmış və müraciət etmişdir. Polisdə şikayəti ilə bağlı araşdırmalar aparılaraq ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Dəfələrlə cavabdehlərə qanunsuz əməllərini dayandırmaları və torpağının qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Əksinə cavabdehlər tərəfindən hədələnmiş, torpaq sahəsinin onlara məxsus olduğunu və qaytarmaycaqlarını bildirmişlər. Cavabdehlər onun gözdən 2-ci qrup əlil olmasından istifadə edərək, ona verilmiş torpaq sahəsini əlindən almaq istəyirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçı tərəfindən mübahisə edilən torpaq sahəsi ona Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsi tərəfindən 21 avqust 2005-ci il tarixli müqavilə əsasında verilmişdir. Bu barədə torpaq sahəsinin alqı-satqısı barədə akt və protokoldan çıxarış verilmişdir. Torpaq sahəsinə dair bütün sənədləşmə işləri səlahiyyətli orqanlar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Lakin onlara məlum olmayan səbəblərdən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması barədə çıxarış verilmişdir. İddianı əsassız hesab edir. Birinci instansiya məhkəməsində Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(073)-31/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli, **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olmaqla Cəlilabad rayonu, Cəfərxanlı kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsindən çıxarılmaları, cavabdehlərin qanunsuz əməllərinə son qoyulması və torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən ekspert və mütəxəssis rəyinə istinad etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçı tərəfindən mübahisə edilən torpaq sahəsi ona Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsi tərəfindən 21 avqust 2005-ci il tarixli müqavilə əsasında verilmişdir. Bu barədə torpaq sahəsinin alqı-satqısı barədə akt və protokoldan çıxarış verilmişdir. Torpaq sahəsinə dair bütün sənədləşmə işləri səlahiyyətli orqanlar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin vaxtdan da torpaq sahəsində tikinti işləri aparmaq üçün ora daş və qum tökülmüşdür. Lakin sonradan ona məlum olmayan səbəblərdən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması barədə çıxarış verilmişdir. Həmin torpaq sahəsi ilk olaraq ona verilmişdir. Məhkəmə işə baxarkən Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsi tərəfindən 21 avqust 2005-ci il tarixli müqavilə əsasında ona verilmiş torpaq sahəsinin yerləşdiyi ərazinin koordinatlarını müəyyən etmək üçün ekspertiza təyin etmiş, lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin olmamasını əsas gətirərək rəy verməkdən imtina etmişdir. Torpaq sahəsinə dair ilkin sənədlər adına olduğu halda, məhkəmə iddiaçının adına verilmiş **********87 reyestr nömrəli çıxarışın hansı hüquq müəyyən edici sənədlər əsasında iddiaçının adına tərtib edilməsinə dair sübutları araşdırmamışdır. Məhkəmə yalnız iddiaçının çıxarışı olmasını əssas gətirərək ekspertiza ləyin edən zamanı ekspert qarşısında qoyulan sualları həmin çıxarışın üzərində qurmuşdur, buna görə də ona bələdiyyə tərəfindən müqavilə əsasında verilmiş torpaq sahəsinin yerləşmə yeri və sərhədləri barədə ekspertiza rəy verməmişdir. Bundan başqa sonuncu məhkəmə iclasına dəvət edilmədikəri üçün təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verə bilməmişlər. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Hesab edir ki, qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə tərəfindən araşdırılmalıdır. Qanunvericiliyin tələbinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, heç kim mülkiyyətindən məhrum ediə bilməz və hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən onun iddiaçı tərəfindən pozulmuş mülkiyyət hüquqları bərpa edilməmiş, məhkəməyə təqdim etdiyi dəlil və sübutları qanunsuz olaraq nəzərə almamış və qərəzli olaraq yalnız iddiaçı tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlərdən Cavabdeh2 məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, lakin bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış dəgər cavabdehlər isə hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdehlərdən Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirildirilir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi həmin cavabdehə münasibətdə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 21 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli, **********87 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 0.12 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 23 dekabr 2022-ci ildə verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı **********87 reyestr nömrəli çıxarışın «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi, onun iddia etdiyi torpaq sahəsidir. Cəlilabad rayonu Cəfərxanlı kəndli ərazisində 21 avqust 2005-ci il tarixli, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 verilmiş 1200 kv.metr torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin olmaması səbəbindən, bu torpaq sahəsi ilə iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək, müqayisələndirmək mümkün olmadı. Cəlilabad rayonu Cəfərxanlı kəndli ərazisində 21 avqust 2005-ci il tarixli, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 verilmiş 1200 kv.metr torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən «Torpaq sahəsinin planı və ölçüsü» sənədi olmadığından bu torpaq sahəsinin mübahisələndirilən məkan daxilində yerlşəmə vəziyyətini (mövqeyini) təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 10/4778 saylı ekspert rəyinə əsasən İddiaçı **********87 reyestr nömrəli çıxarışın «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi tam olaraq Cavabdeh1 tərəfindən istifadə edilir. İddiaçı **********87 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən əkin işlərinin aparılması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ona münasibətdə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ona münasibətdə ləğvi üçün əsas ola bilməz. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadə edilməsini təsdiq etmişdir. İddiaçı mülkiyyətçi olaraq xüsusi mülkiyyətində olan torpaq sahəsini özgəsinin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin Cəlilabad rayonu Cəfərxanlı bələdiyyəsi tərəfindən 21 avqust 2005-ci il tarixli müqavilə əsasında ona verildiyini bildirsədə, iş materiallarında belə bir sənəd yoxdur, istinad olunan həmin bələdiyyə qərarı isə digər Cavabdeh1 aiddir. Nəqədərki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilir, şikayətin dəlillərində istinad olunan hüquqmüəyyənedici sənədlər isə digər cavabehə aiddir və həmin cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirmir, kollegiya həmin dəlillər üzrə əlavə araşdırmanın aparılmasına lüzum görmür. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla həmin cavabdehə münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(073)-31/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar