Məhkəmə qərarları › İş №2(106)-764/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-764/2025

28.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-764/2025 28.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “miras əmlak” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)- 1241/2024 saylı, 29 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakı (fərdi yaşayış evi) X20 qəbul etməsi və tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum qaynatası Cavabdeh3 Kərim oğlunun mülkiyyətindədir. Cavabdeh3 Kərim oğlu 1975-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 Kərim oğlu vəfat etdikdən sonra miras əmlakı faktiki olaraq onun həyat yoldaşı X15 idarə etmişdir. Mirası öz adına rəsmiləşdirmədən 2004cü il tarixdə vəfat etmişdir. Banu Rəhimova vəfat etdikdən sonra miras əmlakı faktiki olaraq onun oğlu X33 qəbul etmiş və faktiki olaraq mübahisəsiz şəkildə öldüyü günədək idarə etmişdir. Mirası öz adına rəsmiləşdirmədən Vaqif Rəhimov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra əmlakı onun həyat yoldaşı İddiaçı qəbul etmiş, iki övladı ilə birlikdə idarə etməyə başlamışdır. Cavabdeh3 Kərim oğlunun X5 birgə nikahlarından 5 övladı olmuşdur: X33, X27, X28, X11 və X29 adlı övladları olmuşdur. Adları çəkilən övladların heç biri miras əmlakı qəbul etməmişdir. X27 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. (övladı X7 notarial ərizə ilə miras əmlakdan imtina etmişdir, iddia ərizəsinə əlavə olunur). X28 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. (anasının sağlığında köçüb getmişdir). X33 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X11 2013-cü il tarixdə vəfat etmişdir. Lakin ölümü qeydə alınmamışdır. Şəxsin faktiki olaraq məzarı və məzar daşı var. 1980-ci illərdə Süsən Rəhimova, Fatmaxanım Rəhimova və Leyla Rəhimova sözügedən evdən köçüb getmişlər. Miras əmlaka daxil olan evdən qeydiyyatdan çıxmışlar. X15 vəfat etdikdən sonra miras əmlakı mərhum oğlu X33 faktiki qəbul etmiş və maneəsiz istifadə etmişdir. Digər övladlar miras əmlakı faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Hazırda faktiki olaraq miras əmlaka daxil olan evdə İddiaçı və onun övladları yaşayır. Miras əmlakın saxlanması, kommunal xərclərinin ödənilməsi, təmiri, yaxşılaşdırılmasına xərcləri X33 çəkmiş, digər vərəsələrin əmlakın taleyi barədə məlumatı olmamışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin “abunə haqqı” cədvəlindən görünür ki, abunə müqaviləsi X20 adına olmuş, ödənişlər onun tərəfindən edilmişdir. Eyni qaydada qaz sayğacıda onun, sonuncunun adına olmuşdur. Miras əmlakın rəsmiləşdirilməsi üçün iddiaçı Salyan Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi izah edilmişdir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu müddətdə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. 1975-ci il tarixdə vəfat edən Cavabdeh3 Kərim oğlunun qanun üzrə birinci növbə vərəsələri arvadı X8muşdur. Cavabdeh3 vəfatından sonra miras əmlakı o, qəbul etmiş və faktiki olaraq idarə etmişdir. X5 ölümündən sonra miras əmlakı faktiki olaraq onun oğlu X33 qəbul edib idarə etmişdir. X35 həyat yoldaşı (iddiaçı) və övladları əmlakı idarə edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətlər adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X20 tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 saylı, 29 sentyabr 2024-cü il tarixli qətnaməsi (Hakim: Ənnağı Məmmədli) ilə, İddiaçı cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı ünvan 2 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 2 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X20 tam payının müəyyən olunması barədə iddiasının qismən təmin edilməsi, Cavabdeh3 Kərim oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi X33 tərəfindən qəbul edilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İddiaçı bildirmişdir ki, adları çəkilən övladların heç biri miras əmlakı qəbul etməmişdir. Lakin bu həqiqətə uyğun deyil. Belə ki, iddiaçı və onun həyat yoldaşı X33 uzun müddət ərzində Rusiya Federasiyasında yaşayıblar və miras əmlakı idarə etməmişlər. Miras əmlak Cavabdeh2 tərəfindən idarə edilirdi. Hesab edirəm ki, babam Cavabdeh3 Kərim oğlunun vəfatından sonra miras qalmış əmlakına, yəni ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair, mənim və digər övladların vərəsəlik hüquqlarımız var və babamıza məxsus əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi qanuna müvafiqdir. Lakin İddiaçı tərəfindən mənim və digərlərinin vərəsəlik hüquqlarımız pozulmuşdur. Cavabdeh3 Kərimoğlunun övladlarından biri X27 xx.xx.2021-ci il tarixda vəfat etmişdir. (Leyla Rəhimovanın övladı X9 notarial ərizə ilə miras əmlakdan imtina etmişdir). Mənim atam X28 29 iyun 1996-ci il tarixdə vəfat etmişdir. X33 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X11 2013-cü il tarixdə vəfat etmişdir. Lakin ölümü qeyda alınmamışdır. Şəxsin faktiki olaraq məzarı və məzar daşı var. Salyan Rayon Məhkəməsi tərəfindən mənim və digər vərəsənin hüquqları pozulmuşdur və əsassız qətnamə qəbul edilmişdir. Odur ki, kollegiyadan Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 saylı, 29 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 saylı, 29 sentyabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə elektron formada vəsatət göndərərək məhkəmə icraatının dayandırılmasını xahiş etmiş, kollegiyanın 28 aprel 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 saylı, 29 sentyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan SSR-nin 1964-cü il Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Azərbaycan SSR-nin Mülki Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Azərbaycan SSR-nin Mülki Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan SSR-nin Mülki Məcəllənin 554-cü maddəsinə görə, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 saylı, 29 sentyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun ksero surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən miras əmlakın mərhum X33 tərəfindən qəbul edilməsi və tam payının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarında olan X7 tərəfindən Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş babası Cavabdeh3 Kərim oğlunun ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir. Qəbul etmək niyyəti yoxdur və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqdır. Mirası faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Ona məlumdur ki, əgər o miras paydan imtina edirsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olunmuşdur ki, ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan "xxxx" ASC-nin “abunə haqqı” cədvəlindən görünür ki, abunə müqaviləsi xx.xx.2008-ci il tarixdən X20 adına olmuş, ödənişlər onun tərəfindən edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, X3 2013-cü ildə öldüyü qeyd olunmuşdur. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli arayışın ksero surətindən görünür ki, X33 xx.xx.1960-cı ildə Salyan şəhərində anadan olmuş, atası Cavabdeh3 Kərim oğlu, anası X12. İş materiallarında olan X16 ksero surətindən görünür ki, X33 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında X13 ksero surətindən görünür ki, X7 xx.xx.1974-cü ildə doğulmuş, atası X1, anası X21r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 iyun 2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, X1 ilə X27 arasında nikah 16 mart 1973-cü il tarixdə Salyan rayon Qeydiyyat Şöbəsində bağlanmış, həmin tarixdən X19 akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. Həmin nikah Salyan Rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1984-cü ildə 03 nömrəli akt qeydi ilə Salyan rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X16 ksero surətindən görünür ki, X36 29 yanvar 2004-cü ildə ölmüşdür. İş materiallarında olan X19 Şəhadətnamənin ksero surətindən görünür ki, X33 ilə X25 arasında nikah 04 may 1990-cı il tarixdə Salyan rayon VVAQ Şöbəsində bağlanmışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, X28 29 iyun 1996-cı ildə ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, xx.xx.1964-cü ildə Salyan rayonunda anadan olmuş Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, xx.xx.1962-ci ildə Salyan rayonunda anadan olmuş Rəhimova (Tağıyeva) Süsən Yusif qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, X27 17 noyabr 1953-cü ildə Salyan şəhərində doğulmuş, atası Cavabdeh3 Kərim oğlu, anası X10r. 19 noyabr 2021-ci ildə vəfat etmiş X18 ölümü 24 noyabr 2021-ci il tarixdə 1343 №-li akt qeydi ilə Nərimanov rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o 1990-cı ildə X33 ilə evlənərək sözügedən evə gəlin köçmüş, həmin evdə o, əri və qaynanası yaşamışdır. Sonradan əri Vaqif Rəhimov bacısı Fatmaxanımın həyat yoldaşı rəhmətə getdiyinə görə tək yaşamasın deyə Fatmaxanımı onlarla birlikdə yaşaması üçün evə gətirmişdir. Fatmaxanımın yanında həmin vaxt qızı Xəyalə də olmuşdur. Birinci uşaqları anadan olmamış Rusiyaya getsələr də, tez qayıtmışlar. Sonradan yenidən müvəqqəti olaraq Rusiyaya getmişlər, həmin vaxt qaynanası Banu da onlarla birilikdə Rusiyaya getmişdir. Qaynanası Rusiyada vəfat etdikdən sonra əri onun nəşini Azərbaycana gətirərək dəfn etmişdir. Fatmaxanım anası Banu hələ rəhmətə getməmiş ikinci dəfə evlənərək ailə qurmuş və Salyan rayonunun Arbatan kəndinə gəlin köçərək orada yaşamağa başlamışdır. Onlar evdən qeydiyyatdan çıxmışdır. Bir il yoldaşının xəstəliyi ilə əlaqədar müalicəsi üçün Rusiyaya getdikləri müddətdə evi kirayə vermişlər. Vaqif 2022-ci ildə vəfat etmişdir. Fərdi yaşayış evinə dair bütün idarəçilik onlara aid olmuşdur. Cavabdeh2 iddiaya etirazından müəyyən edilir ki, iddianı qəbul etmir. Vinera özü ona zəng edərək demişdir ki, xəstədir və evi oğlunun adına keçirmək istəyir. Onlar atası ilə uzun illər həmin evdə yaşamışlar. Atası o, 9-cu sinifdə oxuyarkən onu məktəbdən çıxartmışdır. Dayısıgil onlara Salyan şəhərində başqa bir ünvanda “Plastmas” adlanan qəsəbədə ev almışlar və onlar həmin evə köçüb yaşamışlar. Onun 10 (on) yaşı olanda əmisi Vaqif Vinera ilə evlənmiş və onlar Rusiyaya getmişlər. Hətta nənəsi də, Rusiya Federasiyasında vəfat etmişdir. Sonradan nəşi gətirilərək Azərbaycanda dəfn olunmuşdur. O həmin evdə mirası qəbul etsə də, etməsə də vərəsədir. Kollegiya qeyd edir ki, işin mübahisələndirilməyən hal ondan ibarətdir ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-10301 və qeydiyyat tarixi xx.xx.2023-cü il olan “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışdan görünür ki, ünvan 5 ünvanında yerləşən sahəsi 121.3 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh3 Kərim oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Miras qoyan Cavabdeh3 Kərim oğlu xx.xx.1975-ci ildə vəfat etmişdir. Kollegiya qeyd edir ki, MPM-in 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman baxımından 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müddəalar tətbiq olunmalıdır. Azərbaycan SSR-nin 1964-cü il Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Azərbaycan SSR-nin Mülki Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Azərbaycan SSR-nin Mülki Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan SSR-nin Mülki Məcəllənin 554-cü maddəsinə görə, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Qanunvericilik müəyyən etmişdir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir...Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun İş materiallarından müəyyən edilir ki, X33 və X24 miras qoyan Cavabdeh3 Kərim oğlu vəfat etdikdən sonra ona məxsus olan ünvan 5 ünvanında yerləşən sahəsi 121.3 kv.m. olan fərdi yaşayış evini faktiki olaraq qəbul etməklə ona yiyələnmişlər, miras əmlakı idarə etmişlər, kommunalları və vergiləri ödəmişlər. Miras qoyan Cavabdeh3 Kərim oğlunun digər vərəsələri X27, X28, X11 və X29 isə həmin mirasa faktiki yiyələnməmişlər, o cümlədən notariat orqanına ərizə verməklə onu qəbul etmək barədə iradə ifadəsi bildirməmişlər. Cavabdeh3 Kərim oğlunun vərəsəsi olan arvadı X24 29 yanvar 2004-cü ildə vəfat etmişdir. X14 vəfat etdiyi zaman qüvvədə olmuş və xx.xx.2000- ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar, vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. X28 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Rəfail Rəhimov mirasqoyan Cavabdeh3 ölümündən sonra miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir. O, anası X14 sağlığında daimi olaraq başqa ünvana köçərək yaşamış və X14 sağlığında vəfat etmişdir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Göründüyü kimi X4 Yusif Kərim oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh3 Kərim oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi X33 tərəfindən qəbul edilmiş hesab edilməsi qənaətinə gəlmişdir. Kollegiya həmçinin onu da qeyd edir ki, birinci miras əmlak üzərində mərhum Vaqifin tam payının müəyyən olunmasının təmin edilməməsi qənaətinə gələrkən hesab etmişdir ki, mərhum X20 mirası qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində vərəsələrinə (onun ölümündən sonra arvadı İddiaçı, qızı X34 və oğlu X30) notariat ofisi tərəfindən ümumi əsaslarla paylarına uyğun vərəsəlik şəhadətnaməsi verilməklə həll edilməlidir. Belə ki, Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Mülki Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi mülkiyyətçilər həm mərhum Cavabdeh3 Kərim oğlunun 1975-ci ildə vəfatından sonra (qüvvədə Azərbaycan SSR Mülki Məcəlləsi qüvvədə olmuşdur) həm də, mərhum X17 2004-cü ildə vəfatından sonra miras əmlakı X33 ailə üzvləri ilə birlikdə qəbul edərək, miras əmlakı faktiki idarə etməsini müəyyən etmişdir. İş üzrə Cavabdeh2 mərhum atası (1996-cı ildə vəfat etmişdir) X28 mərhum atası Cavabdeh3 Kərim oğlunun ölümündən sonra atasından miras qalan əmlakı nə faktiki idarə etməmiş, nə də ki qanunla müəyyən olunmuş müddətdə notariat qaydasında ərizə verməklə qəbul etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi Cavabdeh2 Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələbi baxımından (Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.) ölmüş valideynə çatası payı nə faktiki nədə ki rəsmi qəbul etməməsini (bu faktı Cavabdeh2 iddia tələbinə etirazında təsdiq edərək, qeyd etmişdir ki, o və atası mərhum Rəfail atasından qalan mirası qəbul etsə də, etməsə də hesab edir ki, vərəsə olduğundan ona da pay düşməlidir) müəyyən etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühim əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi hazırki mübahisə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinin heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibraət olması qənaətinə gəlir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 saylı, 29 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 saylı, 29 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar