Məhkəmə qərarları › İş №2(106)-766/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-766/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-766/2024 01.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1143/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sütəmurdov bələdiyyəsinə qarşı (Lənkəran şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X1 və X4 üçüncü şəxs kimi göstərilməklə) iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında Lənkəran şəhər 1 saylı notariat kontoru vasitəsilə 13 dekabr 2018-ci ildə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 ilə Cavabdeh3 arasında 14 dekabr 2023-cü ildə Lənkəran şəhər 1 saylı notariat ofisi vasitəsilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, iddiaçıya məxsus olan və sahəsi 0,03 ha təşkil edən torpaq sahəsinin müəyyən edilməsini və cavabdehlərin qanunsuz sahibliyindən geri alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayon Sütəmurdov kənd bələdiyyəsi ilə bağlanmış 23 noyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Sütəmurdov kəndi ərazisində yerləşən, sahəsi 300 kv.m, yəni 0,03 ha olan torpaq sahəsi əldə etmişdir. O vaxtdan da iddiaçı Azərbaycan Dövlət Kadastr və Xəritəçəkmə Komitəsi tərəfindən **********0057 saylı kod nömrə almışdır. Həmin torpaq sahəsini digər ailə üzvlərinə əvəzsiz istifadəyə verib daimi olaraq həyat yoldaşı ilə birgə Bakı şəhərinə köçmüşdür. Hazırda ailəsi Bakı şəhərində yaşayır və qeydiyyatı da Bakı şəhərinədir. 2018ci ildə ona məlum olmuşdur ki, həmin ərazidə yerləşən bütün torpaq sahələri Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 tərəfindən satın alınmışdır. Buna görə də həmin şəxslər oralarda yerləşən bütün torpaq sahələrini hasara alaraq heç kəsi ora buraxmırlar. İddiaçının da torpaq sahəsi həmin hasarın içinə daxil edildiyi üçün o da çox çalışsa da, öz torpağından istifadə edə bilmir. Həmin hasarın daxilində qaynatası X2 mülkiyyətində olan 500 kv.m torpaq da var. Sonradan öyrənmişdir ki, cavabdehlər hətta Sütəmurdov bələdiyyəsinə məxsus olan 10 sotdan çox torpağı da hasarın daxilinə salmışlar. Beləliklə, o və digər mülkiyyətçilər cavabdehlərin hərəkətləri nəticəsində öz mülkiyyətlərindən məhrum olmuşlar. İddiaçı bu barədə dəfələrlə torpağı ona satmış Sütəmurdov bələdiyyəsinə müraciət edib torpağını istəmişdir. Bələdiyyədən isə bildirmişlər ki, heç nə edə bilmirlər, çünki cavabdehlər hətta onlara məxsus torpaqları da zəbt etmişlər. Amma hər bir halda o, bələdiyyəni də bu işdə cavabdeh sayır. Buna görə də qaynatası X4 cavabdehlər tərəfindən zəbt edilmiş 0,05 ha torpaq sahəsinin geri alınmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin zəbt etdikləri 0,05 ha torpaq sahəsi Sadıx Bağırova qaytarılmışdır. Məhkəmə öz qətnaməsində Sadıx Bağırovun həmin sahəyə dair çıxarışı olmasa da, iş üzrə beynəlxalq presedent olan AİHM-in “Önəryıldızın Türkiyəyə qarşı” işini presedent kimi tətbiq etmiş və Sadıx Bağırovu həmin torpağın mülkiyyətçisi kimi tanıyaraq onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qətnamə çıxarmışdır. Eyni vəziyyət İddiaçı da aiddir. Həmçinin o da cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olmuş, bu məhrumiyyət hələ 13 dekabr 2018-ci ildə baş vermişdir. Belə ki, həmin zaman Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış əqd nəticəsində həmin ərazi hasara çəkilmiş, ora heç kim buraxılmamışdır. Bu isə özgəsinin qanuni sahibliyində və mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi deməkdir. O, torpağını cavabdehlərin qanunsuz zəbtindən və qanunsuz istifadəsindən tələb etmək barədə məhkəməyə müraciət edərkən öyrənmişdir ki, Cavabdeh2 onun da torpağı daxil olmaqla, bütün torpaq sahələrinin ona aid olan hissəsini və payını müəyyən edilmədən qardaşı Cavabdeh3 notariat qaydasında bağışlamışdır. Hazırda həmin ərazilər, o cümlədən də sahəsi 1,26532 ha təşkil edən torpaq sahəsi, həmin torpaq sahəsində isə iddiaçıya məxsus 0,03 ha torpaq mülkiyyəti artıq Cavabdeh3 idarəsində, istifadəsində və sərəncamındadır. Buna görə də iddiaçı öz mülkiyyətini onun qanunsuz sahibliyindən geri almaq tələbini irəli sürmüşdür. Artıq 6 ilə yaxındır ki, o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə və onu idarə edə bilmir. Oranı özəlləşdirib sata da bilmir. Çünki həmin ərazi hasardadır, cavabdehlər isə ora daxil olmağa imkan vermirlər. Bunun nəticəsində isə ona vurulmuş maddi ziyanın miqdarı getdikcə artır. Mülkiyyətindən məhrum edilməsində ilk səbəb Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli bağışlama müqaviləsi olmuşdur. O, bu müqaviləni mübahisələndirdiyi halda Cavabdeh2 ilə Cavabdeh3 arasında 14 dekabr 2023-cü ildə daha bir bağışlama müqaviləsi bağlanmışdır. Hər iki əqd iddiaçının mülkiyyəti əleyhinə olan əqdlərdir. Buna görə də bu bağışlama müqavilələri etibarsız hesab edilməli, mübahisəli torpaq ərazisində onun mülkiyyət payı müəyyən edilərək cavabdehlərdən geri alınmalıdır. Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(049)-1143/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Rəşad Məmmədov) İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sütəmurdov bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manatın İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin özündə göstərməmişdir. Halbuki, MPM-in 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperativ şəkildə müəyyən olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(049)-1143/2024 saylı qərardadından narazı qalan İddiaçı şikayət vermiş, şikayətində həmin qərardadın tam olaraq ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda onun iddia tələbinə dair MPM-in 149-cu maddəsinin tələblərini pozması qeyd edilmişdir. Hesab edir ki, məhkəmənin həmin qərardadı əsassızdır. Belə ki, o, MPM-in həmin normasında tələb olunan bütün şərtlərə əməl etmişdir, ərizədə və sənədlərdə heç bir pozuntu ola bilməz. Məhkəmə ərizəni icraata qəbul etməməklə MPM-in 149-cu maddəsini düzgün təfsir etməmiş və iş üzrə düzgün tətbiq etməmişdir. İddia ərizəsi cavabdehlərin sayına görə 4 nüsxədə təqdim olunmuş, iddiaçı özü, cavabdehlər, hətta üçüncü şəxslər barəsində normada göstərilən bütün məlumatları ərizədə göstərmiş, hüquqi şəxsin ünvan və telefonları, fiziki şəxslərin isə şəxsiyyət vəsiqələrinin nömrələri, FİN nömrələri, telefon nömrələri və sair qeyd edilmiş, qiymətləndirilməyən iddia kimi 100 manat dövlət rüsumu ödənilmişdir. İddianın predmeti məlumdur. Tələb cavabdehlər tərəfindən bağlanmış əqdlərin etibarsız hesab edilməsi və əmlakının onlardan geri tələb edilməsidir. MPM-in həmin normasına görə bu iki tələb bir iddia ərizəsində birləşdirilib verilə bilər. İddia tələbi cavabdehlərin hər birinin ona qarşı etdiyi qanun pozuntusu barədə konkret sübut və sənədlərə əsaslanır və həmin sənədlər də ərizəyə əlavə olunmuşdur. Lakin hakim formal əsaslara görə iddianı geri qaytarmışdır. Hesab edir ki, məhkəmənin həmin qərardadı əsassız olduğuna görə ləğv edilməli və iddia ərizəsi icraata götürülərək mahiyyəti üzrə baxılmalıdır. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(049)-1143/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, MPM-in 149.2-149.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(049)-1143/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(049)-1143/2024 saylı qərardadından göründüyü ki, məhkəmə iddia ərizəsini istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısının iddia ərizəsinin özündə göstərilməməsi halına istinad edərək geri qaytarmışdır. İddiaçı istinad etdiyi sübutların bir neçəsinə iddia ərizəsinin məzmununda istinad etmiş, 23 noyabr 2007-ci il tarixli müqaviləyə əsasən Sütəmurdov bələdiyyəsindən 0,03 ha torpaq sahəsi aldığını, həmin torpaqla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kod verildiyini, lakin sonradan cavabdehlər arasında 13 dekabr 2018-ci il tarixli və 14 dekabr 2023-cü il tarixli bağışlama müqavilələrinin bağlandığını bildirmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən iddia ərizəsində bütün sübutların siyahısı sadalanmasa da, fakt və hallara istinad edilmiş, həmin halları təsdiq edən sübutlar göstərilərək iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa, iddiaçı istinad etdiyi sübutları iddia ərizəsinə əlavə edərək, iddia ərizəsinin “qoşma” hissəsində onları göstərmişdir. Odur ki, MPM-in 149.2.3-cü maddəsində qeyd edilmiş iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməsinə dair tələb hərfi mənada anlaşılmamalı, həmin sübutlara ayrılıqda istinad edilərək göstərilməsi də iddia ərizəsinin forma və məzmun ilə bağlı tələblərinə uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla, prosessual hüquq normalarını pozmuşdur. Odur ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(049)-1143/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 361, 363, 385.1, 397, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(049)-1143/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar