Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-769/2024 27.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(055)-311/2024 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı torpaq sahəsinin naturada bölünməsi və evə istifadə qaydasının müəyyən edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(055)-311/2024 saylı (X3) qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. İş üzrə İddiaçı həmin qərardaddan şikayət verərək Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(055)-311/2024 saylı qərardadının ləğv edilərək mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsi, əks təqdirdə şikayətin mülki işlə birlikdə apelyasiya qaydasında baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(055)-311/2024 saylı (X3) qərardadı ilə İddiaçı Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024- cü il tarixli 2(055)-311/2024 saylı qərardadından verdiyi şikayət təmin olunmayaraq, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 18 mart 2024-cü il tarixdə daxil olmuş və iddiaçı tərəfindən verilmiş şikayət 27 mart 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, iddia ərizəsinin geri qaytarılmasını, İddiaçı iddia ərizəsində iddianı bir neçə cavabdehə qarşı irəli sürülsə də, onların hər birinə qarşı yönələn tələbin nədən ibarət olduğunu dəqiq göstərilməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi üç hissədən- 1.17 ha torpaq sahəsinin bölünməsindən, 0.83 ha torpaq sahəsinin bölünməsindən və Saatlı rayonu, Dəllər kəndində yerləşən fərdi yaşayış evinə istifadə qaydasının müəyyən edilməsindən ibarətdir. Göründüyü kimi, iddiaçı bir neçə cavabdehə(konkret halda digər torpaq mülkiyyətçilərinə) qarşı bir-birilə bağlı olan ilk iki tələbi haqlı olaraq birləşdirsə də, həmin tələblərlə həm mahiyyətcə, həm də iddiaya cavab verməli olan şəxslər baxımından əlaqəli olmayan fərdi yaşayış evinə istifadə qaydasının müəyyən edilməsi tələbini birləşdirməkdə isə haqlı olmamışdır. Belə ki, iddia tələbinin üçüncü hissəsi olan evə istifadə qaydasının müəyyən edilməsi tələbi üzrə işlərdə cavabdeh qismində o şəxslər işə cəlb olunur ki, həmin şəxslər özləri də həmin evdən bu və ya digər formada istifadə edir, yaxud da həmin evlə hər hansı formada hüquqi bağlılıqları olur. İddiaçı isə fərdi yaşayış evindən istifadə qaydası tələbinin mahiyyətinə varmadan müvafiq hüquqmüəyyənedici sənədlərdə adları olan torpaq mülkiyyətçilərini torpağın bölünməsi tələbində cavabdeh göstərdiyi kimi, bu tələbi də ümumi şəkildə həmin cavabdehlərə qarşı yönəltmişdir. Halbuki işdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(055)- 19/2020 saylı qətnaməsindən də görünür ki, İddiaçı gəlin köçüb yaşadığı Saatlı rayonun Dəllər kəndində yerləşən üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, həmin evin həyətində olan yardımçı tikililərdən istifadəyə cavabdehlər X1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh3 tərəfindən törədilən maneələrə son qoyulması və gələcəkdə belə maneələrin təkrar törədilməsinə cavabdehlərə qadağan olunması qət edilmişdir. Başqa sözlə, iddia ərizəsində göstərilən çoxlu sayda digər cavabdehlərin ailə münasibətlərdən irəli gələn evdən istifadə qaydasının müəyyən edilməsi tələbi ilə hər hansı əlaqəsi yoxdur. Beləliklə də, iddiaçı həm tələbini dəqiq və aydın ifadə etməyərək bir bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmiş, həm də cavabdehlərin hər birinə qarşı yönələn tələbi göstərməmişdir. Qeyd olunanlar isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hesab olunur. Ona görə də, kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi hallar Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(055)-311/2024 saylı qərardadının ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(055)-311/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-769/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-769/2024
27.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver