Məhkəmə qərarları › İş №2(106)-774/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-774/2024

13.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-774/2024 13.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 3825/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 13 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı İddiaçı tərəfindən xx.xx.1994-cü il tarixdə vəfat edən X1 qalmış əmlaka dair miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və qeyd olunan mülkə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddətinin keçirilməsinə görə və miras əmlakın sənədləri olmaması səbəbindən vərəsəlik işinin rəsmiləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Masallı Rayon İHB-nın xx.xx.2023-cü il tarixli cavab məktubundan göründüyü kimi Masallı Rayon Ərkivan kəndində qeydiyyatda olmuş və yaşamış X4 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Masallı Rayonu Dövlət Arxivinin təqdim etdiyi və iddia ərizəsinə əlavə olunan cavab məktubundan göründüyü kimi 1991-1995ci illərə aid 31 saylı təsərrüfat başı kitabının 78-79-cu səhifələrindən X3 aid xx.xx.2023-cü il tarixli Ç-3-48-33RA/2-156/2023saylı arxiv çıxarışından göründüyü kimi, onun adına 0.22 ha torpaq sahəsi mövcuddur və üzərində fərdi yaşayış evi tikilmiş, qızı qeydiyyatdadır və mənzilin kommunalları qızı tərəfindən ödənilir. Qeydiyyatı həmin mənzilə olmasa da, qızı ilə bərabər həmin mənzildə yaşayır. Miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsini təstiq edən qızı tərəfindən kommunal xərclərin ödənilməsidir. Bundan başqa torpaq sahəsinin çıxarışının alınması üçün notariat ofisi tərəfindən DƏDRX-ya məktub verilməli və miras əmlak qəbul olunduqdan sonra bölgü aparılmalı idi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə göndərərək mülki işə iştirakları olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-3825/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Habil Bəhmənov), iddianın rədd edilməsi, İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3825/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Masallı Rayon Məhkəməsinin 2(050)-3825/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı və cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş tərəflər apellyasiya icraatı zamanı iştirak etməmiş, cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzi iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını cavabdehin nümayəndəsi olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə iddiaçının və cavabdehin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)-3825/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altıay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3825/2023 saylı, 29 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçınn apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, iş materiallarında olan Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X5 adını “Bircə”dən “Lalə”yə dəyişdirmişdir. İş materiallarında olan Masallı Regional “ASAN Xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli, 496 №-li məktubundan görünür ki, X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər vərəsəliyin qəbul müddətinin keçirilməsinə görə və miras əmlakın sənədləri olmaması səbəbindən vərəsəlik işinin rəsmiləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir.. İş materiallarında olan Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X8 və X6 nikahı xx.xx.1950-ci il tarixdə 08 №-li akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Masallı rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X4 xx.xx.1994-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, mərhumlar X2 və Qənbərova (Rəhimova) Nənəcan Həşim qızının adlarına 8 saylı Cəlilabad İnzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında heç bir məlumat yoxdur. İş materiallarında olan Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Masallı RİHB-nın Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin ev təsərrüfatlarının uçotu kitabları 2010-cu ilə kimi Masallı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Ona görə də mərhum X4 haqqında ərazi nümayəndəliyində heç bir məlumat və sənəd yoxdur. İş materiallarında olan 1991-1995-ci illərə aid 31 saylı təsərrüfat başı kitabının 78-79-cu səhifələrindən X3 aid 2644-cü təsərrüfatında xx.xx.2023-cü il tarixli Ç-3- 48-33RA/2- 156/2023saylı arxiv çıxarışından görünür ki, X4 oğlunun adına 0.22 ha torpaq sahəsi mövcuddur və üzərində fərdi yaşayış evi tikilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, xx.xx.1994-cü il tarixdə vəfat edən X1 qalmış əmlaka dair miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və qeyd olunan mülkə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıların iddia tələbinin mahiyyətində görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddətinin keçirilməsinə görə və miras əmlakın sənədləri olmaması səbəbindən vərəsəlik işinin rəsmiləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Masallı Rayon İHB-nın xx.xx.2023-cü il tarixli cavab məktubundan göründüyü kimi Masallı Rayon Ərkivan kəndində qeydiyyatda olmuş və yaşamış X4 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Masallı Rayonu Dövlət Arxivinin təqdim etdiyi və iddia ərizəsinə əlavə olunan cavab məktubundan göründüyü kimi 1991-1995-ci illərə aid 31 saylı təsərrüfat başı kitabının 78-79-cu səhifələrindən X3 aid xx.xx.2023-cü il tarixli Ç-3- 48-33RA/2-156/2023saylı arxiv çıxarışından göründüyü kimi, onun adına 0.22 ha torpaq sahəsi mövcuddur və üzərində fərdi yaşayış evi tikilmiş, qızı qeydiyyatdadır və mənzilin kommunalları qızı tərəfindən ödənilir. Qeydiyyatı həmin mənzilə olmasa da, qızı ilə bərabər həmin mənzildə yaşayır. Miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsini təstiq edən qızı tərəfindən kommunal xərclərin ödənilməsidir. Bundan başqa torpaq sahəsinin çıxarışının alınması üçün notariat ofisi tərəfindən DƏDRX-ya məktub verilməli və miras əmlak qəbul olunduqdan sonra bölgü aparılmalı idi. Kollegiya ilk əvvəl X1 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mərhum X8 1994-cü ildə vəfat etdiyi üçün, həmin vaxt qüvvədə olan Azərbaycan SSRnin 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin (bundan sonra MM) vərəsləik normalarına əsasən iddiaya hüquqi qiymət verilməlidir. Azərbaycan SSR-nin MM-nin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Azərbaycan SSR-nin MM-nin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Azərbaycan SSR-nin MM-nin 528 və 529-cu maddələrinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu mə`lum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Azərbaycan SSR-nin MM-nin 530-cu maddəsində göstərilmişdir ki, aşağıdakılar vərəsə ola bilərlər: -qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; -vəsiyyət üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən birinci növbə vərəsələr qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Azərbaycan SSR-nin MM-nin 552-ci maddəsində nəzərdə tutulmuşdur ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göstərilən Məcəllənin 554-cü maddəsinə görə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Göstərilən maddi hüquq normalarına əsasən kollegiya qeyd edir ki, Azərbaycan SSR-nin MM-nin 552-ci maddəsinin tələblərinə əsasən mirasın faktiki qəbulu üçün iddiaçı vərəsəlik açılan gündən altı ay müddətində miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bundan başqa miras mövcud olmalıdır ki, vərəsəlik hüququ əmələ gəlmiş olsun. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü üçün, İddiaçı mərhum X2 vəfat etdiyi xx.xx.1994-cü il tarixə mülkiyyətində olmuş hər hansı miras əmlakın, o cümlədən torpaq sahəsinin və evin olmasını və daha sonra onu altı ay ərzində faktiki qəbul etməsini sübut etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi sübut Masallı rayon Dövlət Arxivinin təsərrüfatbaşına kitabın çıxarışdır. Kollegiya həmin çıxarışa hüquqi qiymət verərək qeyd edir ki, təsərrüfatbaşına kitabda olan qeyd torpaq sahəsinə və evə mülkiyyət hüququnu təsdiq etmir. Həmin çıxarışla müəyyən etmək mümkün deyil ki, mərhum X4 torpaq sahəsinə hər hansı istifadə hüququ və ya xüsusi mülkiyyət hüququ üzrə sahiblik etmişdir. Ona görə də mirasın açıldığı xx.xx.1994-cü il tarixə xüsusi mülkiyyətində torpaq sahəsinin və evinin olması sübuta yetmədiyindən, Lalə Qınbərovanın mirası faktiki qəbul etməsini də prosessual qənaət prinsipi baxımından əsaslandırmağa zərurət yoxdur. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin və Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışları ilə mərhumlar X2 və Qənbərova (Rəhimova) Nənəcan Həşim qızının adlarına keçmiş DTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında heç bir məlumat olmadığı göstərilmişdir. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin “İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin” Mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçıların apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3825/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar