Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-78/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı Saatlı Bələdiyyəsinin nümayəndəsi Nümayəndə4, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Saatlı Bələdiyyəsinin Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(055)-564/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Saatlı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadələrinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinin iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə4 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Saatlı bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi Cavabdeh1 istifadəsindədir. Cavabdeh mübahisə predmeti olan həmin torpaq sahəsini mişar daşından olan hasarla çəpərləməklə həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və ona dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən müsbət nəticə əldə edilməmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum Cavabdeh2 0,10 ha torpaq sahəsini mülkiyyətə almaq və övladlarına həmin torpaq sahəsində ev inşa etdirmək üçün xx.xx.1999-cu il tarixdə mərhum oğlu X7 adından Saatlı RİH başçısının Saatlı şəhər İƏDN-ə müraciət etmiş və 0,10 ha torpaq sahəsinin Elçin Quliyevə ayrılması barədə sərəncam verilmişdir. Elçin Quliyev 2001-ci ildə vəfat etmişdir. Torpaq sahəsi 1999cu ildən Cavabdeh2 istifadəsində olmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq 0,09 ha-dır. Cavabdeh2 həmin torpaq sahəsinin 0,05 ha hissəsində qızı üçün ev tikmiş, imkanı olmadığından qalan hissə istifadəsiz qalmışdır. Cavabdeh2 torpaq sahəsinin istifadəsiz qalan 0,04 ha hissəsini 2019-cu ilin noyabr ayında 4500 manat pul müqabilində ona satmış, o da bu barədə Saatlı şəhər bələdiyyəsinə şifahi məlumat verərək tikinti işlərinə başlamış və qızı Aynur üçün birmərtəbəli olmaqla dörd otaqdan ibarət və təxminən 110 kv sahəsi olan ev tikmişdir. İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Saatlı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(055)-564/2022 saylı qətnaməsi ilə (sədrlik edən M.Sadıqov) iddia təmin edilərək Cavabdeh1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması, həmin torpaq sahəsindən çıxarılması və həmin 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin hüdudları daxilində olmaqla bələdiyyənin mülkiyyətindədir. Cavabdeh1 izahatlarında iddianı etiraf etməsə də, ekspertiza rəyi və işdə olan sübutlarla müəyyən edilmişdir ki, Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir, ona görə də, iddiaçı Saatlı Bələdiyyəsi Cavabdeh1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlı olduğu üçün iddia tələbi təmin edilmişdir. Mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmasa da, 29 mart 2021-ci il tarixli 10/1040 nömrəli ekspert rəyindən görünür ki, Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir. Belə olan halda iddiaçının ən azından gözlənilən mülkiyyət hüququ var. İddaçı da həmin hüququndan istifadə edib məhkəmədə iddia qaldırmışdır. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və Saatlı bələdiyyəsinin iddiasının rədd edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə mübahisəli torpaq sahəsinin Cavabdeh2 mərhum oğlu X7 adına ayrılmasına münasibət bildirməmiş, həmin torpaq sahəsinin qeyd edilmiş xx.xx.2019-cu il tarixdən mərhum Cavabdeh2 və ailə üzvlərinin istifadəsində olması məsələsinə münasibət bildirməmişdir. Belə ki, məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin Saatlı RİHB-nin Şəhər ərazi nümayəndəsinin xx.xx.1999cu il tarixli sərəncamına əsasən mərhum Cavabdeh2 oğlu X7 adına ayrılmasına dair sübutları araşdırmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1979/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Zeynalov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və T.S.Kərimov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya mövqeyini onunla əsaslandırmışdır ki, mərhum Cavabdeh2 0,10 ha torpaq sahəsini mülkiyyətə almaq və övladlarına həmin torpaq sahəsində ev inşa etdirmək üçün xx.xx.1999-cu il tarixdə mərhum oğlu X7 adından Saatlı RİH başçısının Saatlı şəhər İƏDNə müraciət etməsi və 0,10 ha torpaq sahəsinin Elçin Quliyevə ayrılması barədə sərəncam verilməsi mübahisəli torpaq sahəsinin qanuni əsaslarla istifadəsində olması demək deyil, ona görə də, mübahisəli torpaq sahəsinin 1999-cu ildən Cavabdeh2 istifadəsində olması, həmin torpaq sahəsi faktiki olaraq 0,09 ha olması, Cavabdeh2 həmin torpaq sahəsinin 0,05 ha hissəsində qızı üçün ev tikməsi, imkanı olmadığından qalan hissə istifadəsiz qalması, Cavabdeh2 torpaq sahəsinin istifadəsiz qalan 0,04 ha hissəsini 2019-cu ilin noyabr ayında 4500 manat pul müqabilində cavabdehə satması barədə apellyasiya şikayətinin dəlilləri mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi üçün əsaslı ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini iş materilları üzrə araşdırıb formal mülahizələrdən ibarət olduğu üçün əsassız hesab etmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü və MPM-in 77.1,88ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinə dair Saatlı Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı, bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin olmadığı məhkəməyə məlum olmuşdur. Məhkəmə ekspertin subyektiv rəyini nəzərə alaraq, həmin rəyi Mülki Məcəllənin 166.3-cü maddəsinin müddəalarından üstün tutaraq yanlış qərar çıxarmışdır. Beləliklə, iddia tələbinin təmin edilməsi yalnız ekspert rəyinə əsasən olmuşdur. Sonradan cavabdeh kassasiya şikayətinə əlavə göndərərək qeyd etmişdir ki, məhkəmə ekspertiza rəyində yalnız mübahisəli 24 kv.m torpaq sahəsinin elektron baza məlumatlarına əsasən Saatlı Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi nəzərdə tutulub, baxmayaraq ki, həmin rəydə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu təkidlə qeyd edilib. Halbuki, əgər torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu qəti olaraq elektron bazada qeyd edilmiş olsa idi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarış və plan və ölçü sənədinə istinad edilərdi. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində torpaq sahəsinin mülkiyyətdə olması barədə dəqiq anlayış var: bu heç bir sübuta əsaslanmayan ekspert rəyi deyil, daşınmaz əmlak barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166-cı maddəsinin müddəalarıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1040/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 1979/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaya qarşı etirazında, apellyasiya şikayətində onun faktiki istifadəsində olan torpaq sahəsinin Saatlı rayon İHB-ın Şəhər ərazi nümayəndəsinin xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən mərhum X7 adına ayrılmış 0,10 ha torpaq sahəsinə aid olduğunu bildirsə də, məhkəmələr bu fakt üzrə hər hansı araşdırma aparmamış, həmin sərəncamın mövcudluğu, ayrıc sənədlərinin olub-olmaması, mövcud olduğu halda iddiaçının iddia etdiyi torpaq sahəsi ilə həmin torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini araşdırmamışdır. Halbuki, bu hal iddiaçının mübahisəli torpaq sahəsini tələb etməyə subyektiv hüququnun mövcud olub-olmaması, həmçinin tələb edilən torpaq sahəsindən cavabdehin istifadəsinin qanunsuz olub-olmamasını müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər iki tərəfindən torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydə alınmamışdır. 0,0024 ha torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru da başa çatmamışdır. Eyni zamanda, məhkəmələr 2(055)-951/2021 saylı mülki iş üzrə təyin olunmuş və işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/1040 nömrəli ekspert rəyinə istinad edərək torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qənaətinə gəlsələr də, 2(055)-951/2021 saylı mülki işin hazırkı işə hansı aidiyyətinin olması, hansı tərəflər arasında hansı əsaslarla qaldırılmış iddia olması, eyni tərəflər və eyni əsaslar üzrə iddiadırsa, nəticəsinin nədən ibarət olması iş materiallarından müəyyən edilmir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin xüsusi, müstəsna sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət o vaxt qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinin tam və hərtərəfli araşdırılmaması onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə aid sərəncam olsa da, arxiv arayışı mövcud olmamışdır. Əvvəlki ekspert rəylərində yalnışlığa yol verilmişdir. Torpaq sahəsinin yeri başqa ərazidə olduğu halda, ekspert rəyində fərqli əraziyə münasibətdə rəy bildirmişdir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilən torpaq sahəsinin daxilində yerləşir. Həmin torpaq sahəsi 19 ildən artıqdır ki, X2 istifadəsində olmuş, lakin torpaqdan istifadə etməmişlər. Ancaq sonuncu ekspert rəyinə göstərilən - eni 0.70 metr, uzunluğu 6 metr olan 4.2 kv.m torpaq sahəsi onun atasının istifadəsində olan 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsindən çıxmağa razıdır. İddiaçı Saatlı Bələdiyyəsinin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında sonuncu ekspert rəyi ilə razı olduqlarını və cavabdehin 4.2 kv.m torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında sonuncu ekspert rəyi ilə razı olduğunu bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında bildirmişdir ki, qızı ailə başçısını itirmiş və uşağını təkbaşına böyüdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində qızının hüquqları kobudcasına pozulmuşdur. Lakin buna baxmayaraq sonuncu ekspert rəyi ilə razıdır. Onun qızı - X5 həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi var idi və həmin torpaq sahəsini hərrac vasitəsilə özəlləşdirmək istəsə də, cavabdeh tərəfin hərəkətləri nəticəsində bu mümkün olmamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-564/2022 saylı 18 iyul 2022-ci il tarixli qətnaməsi iş üzrə dəyişdirilməlidir. İ Ş İ N H A L L A R İ: İşdə olan: 2(055)-951/2021 saylı mülki iş üzrə təyin olunmuş və işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/1040 nömrəli ekspert rəyindən görünür ki, Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir. Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, 0,0024 ha torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı olmaqla bələdiyyə mülkiyyətindədir. ƏMDK-nin 7 saylı Ərazi şöbəsinin 15 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, sahibkarlığın inkişafı məqsədilə hərrac və ya müsabiqəyə çıxarılaraq satılması nəzərdə tutulan 24 kv.m torpaq sahəsi Saatlı bələdiyyəsinin mülkiyyətinə aid, yaşayış məntəqələri torpaqları kateqoriyalı, İ zonaya daxil olmaqla alqı-satqı predmetidir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh Saatlı rayonu Saatlı Bələdiyyəsinə qarşı 0,0024 ha torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması barədə qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9386 saylı xx.xx.2024-cü tarixli ekspert rəyindən görünür ki, Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.0024 ha mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İddiaçı Saatlı Bələdiyyəsi tərəfindən mülkiyyətində olduğu iddia edilən bələdiyyənin ehtiyat fondu torpağından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı üzrə Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.0024 ha mübahisəli torpaq sahəsinin sərhədləri, konturları və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Saatlı RİHB-nin şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin 22 dekabr 1999-cu il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün X10 ayrılmış 0.1 ha (10 sot) torpaq sahəsinə dair yerquruluşu sxemi (koordinatlar və digər texniki göstəricilər) təqdim edilmədiyindən, həmin torpaq sahəsinin sərhədlərini, konturlarını və koordinatları müəyyən etmək mümkün olmamışdır. Lakin Cavabdeh1 və ailə üzvlərinin istifadəsində olan və naturada mütəxəssisə göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İddiaçı Saatlı Bələdiyyəsi tərəfindən mülkiyyətində olduğu iddia edilən bələdiyyənin ehtiyat fondu torpağından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı üzrə Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.0024 ha mübahisəli torpaq sahəsi ilə Cavabdeh1 və ailə üzvlərinin istifadəsində olan (bələdiyyə mülkiyyəti) və naturada mütəxəssisə göstərdiyi 0.10 ha həyətyanı torpaq sahəsi naturada üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6427 saylı xx.xx.2024-cü tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2- 2282/2024 saylı mütəxəssis rəyinə əsasən iddiaçı Saatlı Bələdiyyəsi tərəfindən mülkiyyətində olduğu iddia edilən “Saatlı rayonu Saatlı bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 06/04 saylı iclas protokolundan Çıxarışı əsasında 13 saylı Şirvan LTİ tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli 13 Ç/M-390 nömrəli “Torpaq sahəsinin vəziyyətinin əks etdirən müayinə (baxış) Aktında və Saatlı rayonu İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdirinin (baş memar), Saatlı rayonu Saatlı bələdiyyəsi sədrinin və nümayəndələrinin imzaları ilə təsdiq olunmuş “X3 Fond torpağından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin yerquruluşu Planı”nda göstərilən Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.0024 ha torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Lakin Saatlı rayon İHB-nin şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin 22 dekabr 1999-cu il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün X10 ayrılmış 0.10 ha (10 sot) torpaq sahəsinin sərhədləri, koordinatları və yerləşmə mövqeyi qeyd edilmədiyindən, həmçinin elektron kadastr məlumat bazasında sözügedən torpaq sahəsi ilə bağlı hər hansı bir məlumat mövcud olmadığından mübahisəli 0.0024 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq qeyd edilir ki, Cavabdeh1 dediklərinə və baxış zamanı naturada mütəxəssisə göstərdiyinə istinadən istifadəsində olan 445 kv.m həyətyanı torpaq sahəsini sözügedən sərəncama əsasən mərhum Cavabdeh2 (X8 atası) almış və üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Mütəxəssis rəyinə əsasən Saatlı rayonu İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdirinin (Saatlı bələdiyyəsi sədrinin və nümayəndələrinin imzaları ilə təsdiq olunmuş “X3 Fond torpağından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planında” göstərilən Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.0024 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan 445 kv.m həyətyanı torpaq sahəsininin koordinatları 4.2 kv.m (eni 0.70 m, uzunluğu 6.0 m olmaqla) hissədə üst-üstə düşür. Həmçinin iddiaçı Saatlı rayonu Saatlı bələdiyyəsinin xx.xx.2017- ci il tarixli 06/04 saylı iclas protokolundan Çıxarışı əsasında 13 saylı Şirvan LTİ tərəfindən xx.xx.2017-ci il tarixli 13 Ç/M-390 nömrəli “Torpaq sahəsinin vəziyyətinin əks etdirən müayinə (baxış) Aktı” sənədi tərtib olunan zaman orda heç bir tikili olmamışdır. Yuxarıda qeyd edilənlərlə bağlı torpaq sahələrinin sərhədləri, koordinatları və yerləşmə mövqeyi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında olan göstərişlərə uyğun olaraq cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə dair sərəncamın və ayrıc sənədlərinin mövcud olub-olmaması barədə Saatlı Rayon İcra Hakimiyyətinə və Saatlı rayon Dövlət Arxivinə müvafiq sorğular verilmiş və cavab məktublarına görə adıçəkilən sənədlər heç bir qurumda aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəylərinə əsasən Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.0024 ha mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Saatlı Bələdiyyəsi tərəfindən mülkiyyətində olduğu iddia edilən bələdiyyənin ehtiyat fondu torpağından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı üzrə Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.0024 ha mübahisəli torpaq sahəsinin sərhədləri, konturları və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Saatlı RİHB-nin şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin 22 dekabr 1999-cu il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün X10 ayrılmış 0.1 ha (10 sot) torpaq sahəsinə dair yerquruluşu sxemi (koordinatlar və digər texniki göstəricilər) təqdim edilmədiyindən, həmin torpaq sahəsinin sərhədlərini, konturlarını və koordinatları müəyyən etmək mümkün olmamışdır. Habelə Saatlı rayonu İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdirinin (Saatlı bələdiyyəsi sədrinin və nümayəndələrinin imzaları ilə təsdiq olunmuş “X3 Fond torpağından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planında” göstərilən Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 0.0024 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan 445 kv.m həyətyanı torpaq sahəsininin koordinatları 4.2 kv.m (eni 0.70 m, uzunluğu 6.0 m olmaqla) hissədə üst-üstə düşür. İş üzrə tərəflər məhkəməyə yazılı ərizə verərək cavabdehin 4,2 kv.m torpaq sahəsini zəbt etdiklərini qəbul edərək ekspert rəyi ilə razı olduqlarını və cavabdeh isə həmin zəbt olunmuş sahədən çıxarılması ilə razı olduğunu bildirmişlər. Bundan əlavə, işdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-156/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(055)-951/2021 saylı qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-564/2022 saylı 18 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9386 saylı xx.xx.2024-cü tarixli ekspert rəyinə görə 50 (əlli) manat və 10/6427 saylı xx.xx.2024-cü tarixli ekspert rəyinə görə 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(055)-564/2022 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən 4,2 kv.m torpaq sahəsindən qanunsuz istifadəsi dayandırılsın, həmin torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi iddiaçıya qaytarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/9386 saylı xx.xx.2024-cü tarixli ekspert rəyinə görə 50 (əlli) manat və 10/6427 saylı xx.xx.2024-cü tarixli ekspert rəyinə görə 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-78/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-78/2024
26.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver