Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-794/2025 08.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, mənəvi ziyan tələbi ) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi İddiaçı, Cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(036)-261/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmrinin ləğv edilməsi, habelə bu barədə elektron sistemdə müvafiq düzəlişin edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması və mediasiyada iştirakla bağlı çəkdiyi 60 (altmış) manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi bərpa qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin də cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin 50 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə əsassız və qanunsuz olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən işə bərpa olunmağı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Aşağıda qeyd olunan işin faktiki halları və hüquq normalarının təhlili əmək müqaviləsinə qanunsuz formada xitam verildiyini, iddia tələbinin əsaslı olduğunu, iddia tələbinin təmin edilməməsinin zəruri olduğunu təsdiq etməkdədir. Məlum olduğu kimi 16 sentyabr 2024-cü il tarixdən etibarən ölkədə məktəblərdə, o cümlədən çalışdığı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbdə 2024-2025-ci tədris ili üzrə dərslər başlamışdır və o da həmin məktəbdə ibtidai sinif müəllimi olaraq çalışmışdır. Eyni zamanda 82 saylı X1 üzrə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı xx.xx.2024-cü il tarixində deputatlığa namizəd kimi qeydə alınmışdır. İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin direktoru Cavabdeh1 tələb və təkidləri ilə 16 sentyabr 2024-cü il tarixində müəllimi olduğu sinifə dərs tədris etmək üçün məktəbə getmişdir. Məktəbin binası istismara yararsız olduğu üçün, onun yerində 2 ildir ki, yeni məktəb binası inşa olunurdu. Köhnə bina söküldüyünə görə, əvvəlki tədris ilində dərslər müvəqqəti olaraq Aranlı kəndində yerləşən 2 saylı məktəbdə tədris olunurdu. Məktəb təmirə bağlandıqdan sonra 2 il idi ki, böyük həvəslə yeni məktəb binasının açılışını gözləyirdi və dərsləri şagirdlərinə təmirli və yaxşı şəraiti olan bir məktəbdə tədris etmək üçün səbirsizlənirdi. xx.xx.2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasında olan zaman direktor Cavabdeh1 ona zəng edərək işə gəlməyi tələb etmiş, o, ona bu barədə ərizə yazdığını bildirdiyi zaman ona “bu işin axrı yaxşı olmayacaq, mən sənin ərizəni qəbul etmirəm” demiş və onu təhdid etmişdir. O, isə bununla bağlı DİN-in Qaynar Xətti olan 102 nömrəsinə şikayətini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində məktəb direktoru Cavabdeh1 tərəfindən bütün müəllimlərə yeni məktəbin açılışı olmadığından dərslərin bir neçə gün daha digər məktəbdə tədris olunacağı ilə bağlı “Whatsapp” tətbiqi üzərindən səsli mesaj göndərilsə də, ona bu barədə qərəzli şəkildə heç bir məlumat verilməmişdir. Yalnız daha əvvəl - senytabr ayının 1-də Cavabdeh1 onunla danışan zaman öz məktəbinə (Y.Sadatxanov adına 1 saylı tam orta məktəbə) gəlməli olduğunu bildirmişdir. Odur ki, xx.xx.2024-cü il tarixində başqa məktəbə getməli olduğu ilə bağlı məlumatı olmadığından, eyni zamanda dərslərin inşası başa çatmış yeni məktəb binasında tədris olunacağı güman etdiyindən şagirdlərini oraya gəlməyə dəvət etsə də, Cavabdeh1 tələbi ilə məktəbin qapıları bağlanılmış və şagirdlərində birlikdə binaya daxil olmağına icazə verilməmişdir. Məktəbə daxil olmağına icazə verilmədiyindən, həmçinin şagirdləri ilə birlikdə digər məktəbə getmək üçün uzun məsafə qət etməli olduğundan, yolda kifayət qədər vaxt itirəcəyini də nəzərə alaraq, məktəbin həyətində yerə xalça sərərək şagirdlərinə dərs keçməyə məcbur olmuşdur. Cavabdeh1 onun bu davranışını əsassız və qərəzli şəkildə Əmək Məcəlləsinin, “Ümumi təhsil haqqında” Qanunun və Təhsilverənlərin etik davranış Qaydalarının müddəalarının pozulması kimi qiymətləndirərək əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 17 sentyabr 2024-cü il tarixli, 50 nömrəli əmr vermişdir. Qeyd etmək yerinə düşər ki, əmrdə mişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin rəyinin alınması göstərilsə də, həmin rəy ona təqdim edilməmiş, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olması göstərilməmişdir. Baş verən mübahisə ilə bağlı ilkin mediasiya sessiyasında iştirakla bağlı qarşı tərəfə təklif göndərilsə də də, cavabdeh mediasiyada iştirak etməmişdir. Hesab edir ki, Cavabdeh1 tərəfindən verilən əmr əsassız və qanunsuz olduğundan hazırkı iddia tələbi təmin olunmalıdır. İşin faktiki hallarından da məlum olduğu kimi 82 saylı X1 üzrə AR Milli Məclisinə seçkilərlə bağlı xx.xx.2024-cü il tarixində deputatlığa namizəd kimi qeydə alınmışdır və seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixində təsdiq edilmişdir. Həmin müddət aralığında Seçki Məcəlləsinin 70.3-cü maddəsinə müvafiq olaraq heç bir halda işdən çıxarıla bilməz. Odur ki, Cavabdeh1 əmək müqavilənin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmri Seçki Məcəlləsinin müvafiq müddəası ilə ziddiyət təşkil etdiyindən qanunsuz hesab olunmalıdır. Bu da öz növbəsində qanunsz əmrin ləğv edilməsini şərtləndirməkdədir. Bundan başqa, adı çəkilən əmrdə qeyd olunur: “xx.xx.2024-cü il tarixdə saat 5:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərini yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirirərək şagirdlərin hüquqlarının pozulmasına cəhd göstərmiş, onların sağlamlığı və təhlükəsizliyinin risk altına atılmasına səbəb olmuş, rəhbərliyin verdiyi qanuni göstərişlərə məhəl qoymadan şagirdləri təhsildən yayındırmışdır”. Bildirir ki, əmrdə şagirdlərin sağlamlıq və təhlükəsizliyinin risk altına qoyulmasının nədə ifadə olunduğu göstərilməmişdir. Çünki şagirdlərin sağlamlıq və Təhlükəsizliyinə qarşı hər hansı bir risk olmamışdır və bu səbəbdən Cavabdeh1 qərəzli şəkildə ümumi cümlələrdən istifadə etməklə sanki təhlükə varmış kimi təəssürat yaratmağa çalışmışdır. Digər bir məsələ isə əmrdə şagirdləri təhsildən yayındırmağı qeyd edilib. Digər bir məsələ isə əmrdə şagirdləri təhsildən yayındırmağı qeyd edilib. Lakin bunun da nədə ifadə olunduğu göstərilməmişdir. Qeyd edir ki, adıçəkilən qanunsuz əmrdə həm də Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, “Ümumi təhsil haqqında” Qanunun 22.2.1-ci və 23.3.8-ci maddələrinin, habelə Təhsilverənlərin etik davranış Qaydalarının 2.3.1-ci, 2.3.2-ci, 4.3-cü və 4.4-cü bəndlərinin müddəalarını kobud şəkildə pozduğu qeyd edilmişdir. İlk növbədə Əmək Məcəlləsinin 10- cu maddəsinin “a” bəndinə münasibətdə bildirir ki, onu tanıyan, tanımayan hər kəs işinə necə məsuliyyətlə yanaşmağına bələddir. Daim şagirdlərinin inkişafı üçün çalışan, onların gələcəkdə cəmiyyət üçün yararlı fərdlər kimi yetişməsi üçün əlindən gələni əsirgəməyən bir müəllim olaraq əmrdə əmək funksiyalarını vicdanla yerinə yetirməməyinin qeyd edilməsi uydurma olmaqla, onun işgüzar nüfuzuna da xələl gətirir. Əmək Məcəlləsinin 10- cu maddəsinin “b” bəndinə və “Ümumi təhsil haqqında” Qanunun 22.2.1-ci maddəsinə münasibətdə qeyd etmək lazımdır ki, sentyabr ayının 16-sı bütün gün ərzində hava isti olub. Digər tərəfdən, dərs tədrisi prosesində və praktikasında şagirdlərə “açıq günəş altında” açıq dərslər keçirilməsi kimi pedoqoji üsullar mövcuddur, digər müəllimlər kimi o da əsasən isti havalarda dəfələrlə bu metodlardan istifadə etmişdir. Bundan əlavə, AR Prezidentinin sərəncamı ilə 2024-cü ilin “yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını, habelə bu il ölkəmizdə “COP-29” X3 kimi diqqətəlayiq bir tədbirin keçiriləcəyini nəzərə alsaq, onun 16 sentyabr 2024-cü il tarixində şagirdlərinə keçdiyi dərs “insan- təbiət” əlaqəsi, onlarda ekoloji şüurun və mədəniyyətin formalaşmasına təsir baxımından tam yerindədir, aktualdır, müasir dövrün çağırışlarına da cavab verir. Belə olan halda, nə şagirdlərin sağlamlıq və təhlükəsizliyinin risk altında olması, nə şagirdlərin təhsildən yayındırılması, nə də hər hansı qanuni göstərişə zidd hərəkət etməyindən, habelə əmək intizamını pozmağından söhbət belə gedə bilməz. “Ümumi təhsil haqqında” Qanunun 23.3.8-ci maddəsinə və Təhsil verənlərin etik davranış Qaydalarının 2.3.1-ci, 2.3.2-ci, 2.7.1-ci, 4.3-cü və 4,4-cü maddələrinə münasibətdə isə bildirir ki, heç bir halda hərəkətləri etik davranış Qaydalarına zidd olmamışdır və daim bu Qaydaların müddəalarını əldə rəhbər tutmuşdur. Qeyd edilən müddəalaradan elə görünür ki, etik davranış Qaydalarını pozaraq guya dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr irəli sürmüş, çıxışlar etmişdir. Bununla bağlı Təhsilverənlərin etik davranış Qaydalarının 2.3.1-ci bəndində istisna müəyyən edilmişdir ki, təhsil verən dövlət orqanlarının, oların rəhbərlərinin qanunsuz fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr irəli sürüb çıxışlar edə bilər. Sosial şəbəkələrdən də məlumdur ki, onun çıxışları, onsuzda, qanunsuz fəaliyyətlə bağlıdır, hər şey qanunauyğun olsa idi, çıxışlar etməyinə ehtiyac qalmazdı, əksini düşünmək isə sadəcə absurddur. Digər bir məsələ isə guya sosial şəbəkələrdə işlədiyi məktəbin adına xələl gətirən, nüfuzunu aşağı salan paylaşımlar etmişdir. Qeyd etmək istəyir ki, bu tamamilə uydurma bir iddiadır. Onun paylaşımları əksinə məktəbin daha da yaxşı olması, təhsilin keyfiyyətinin artırılması, şagirdlər üçün əlverişli şərait yaradılması istiqamətində olmuşdur. Özü dəfələrlə məktəbin təmir olunması, şəraitinin yaxşılaşdırılması ilə bağlı icra başçısının qəbulunda olmuşdur. Daim işlədiyi müəssisənin mənafeyi, onun adının ucaldılması istiqamətində əlindən gələnin ən yaxşısını edən bir müəllimin əslində paylaşımları ilə etik davranış qaydalarını pozduğunu iddia etmək, əlbəttə ki, inandırıcı deyil. Bildirmək istəyir ki, qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi, özü də xitam əsası qismində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin qeyd edilməsi, bunlar azmış kimi heç bir sübut olmadan guya Təhsilverənlərin etik davranış Qaydalarını pozmağım təəssüratı yaradılması onda dərin sarsıntılara yol acmış, mənəvi iztirablar çəkməyinə səbəb olmuşdur. Çünki, onun kimi işinə vicdanla yanaşan bir müəllimə qarşı bu cür davranış sərgilənməsi ölkəmizdə təhsilə, təhsilverənə olan hörməti təcəssüm etdirir. Vəziyyətin bu cür olması onu məyus edir, gələcəyə olan pozitiv inamını sorğulamağına səbəb olur. Onunla oxşar taleyi paylaşan insanları düşündükcə, çəkdiyi mənəvi "işgəncələrin” ağrıları daha da kəskinləşir. Ümumiyyətlə, heç kəs bu cür qanunsuz əməllərə görə əzab çəkməməlidir. Odur ki, Cavabdeh1 tərəfindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi işsiz qalmağına, ən əsası isə sevimli şagirdlərindən uzaq düşməyinə səbəb olmuş, nəticədə cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(036)-261/2025 saylı qətnaməsi ilə (hakim O.Mahmud) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərini yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərin hüquqlarının pozulmasına cəhd göstərməsi, onların sağlamlığı və təhlükəsizliyinin risk altına atılmasına səbəb olması, rəhbərliyin verdiyi qanuni göstərişlərə məhəl qoymadan, şagirdləri təhsildən yayındırması və bu prosesi özünün “Tiktok” sosial şəbəkə hesabından canlı videogörüntü paylaşması əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2.1ci və 23.3.8-ci maddələrinin, “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.3.1-ci. 2.3.2ci, 2.7.1-ci, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğu üçün İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə araşdırması zamanı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin direktoru tərəfindən qəbul edilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmrində göstərilmiş xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərinə yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərə dərs keçməsi və bu prosesi özünün “Tiktok” sosial şəbəkə hesabından canlı videogörüntü paylaşması həm iddiaçının öz izahatı ilə, həm də təqdim etdiyi disklərdə olan video görüntü ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərinə yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərə dərs keçməsini dərslərin inşası başa çatmış yeni məktəb binasında tədris olunacağı güman etdiyindən şagirdlərini oraya gəlməyə dəvət etməsi ilə əsaslandırmışdır. Halbuki, iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında bu barədə məktəb kollektivindən məlumat əldə etdiyini, lakin məktəb direktorunun şəxsən ona məlumat verməməsini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilmiş yaddaş qurğusunda (fləş-kartda) olan audio-video yazıya baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı video çəkiliş apararaq fevral ayından, yəni yeddi aydır ki, yeni məktəb binasının tam hazır olduğunu, amma məktəbin açılışına üç gün qalmış əl-ayağa düşdüklərini, buna görə də onları başqa məktəbə yönəltdiklərini, onun isə başqa məktəbə getməyəcəyini bildirmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2024-cü il tarixdə İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin yeni binası tam hazır olmadığı üçün dərsin orada keçirilməyəcəyi barədə məlumatının olmaması barədə mülahizəsi əsassızdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, bu barədə məlumatlı olmasaydı belə, yuxarıda qeyd edilən normativ-hüquqi aktlarının tələblərinə əsasən təhsilalanların hüquqlarının təmin edilməsi və təhsilverən olaraq özünün vəzifələrinin realizəsi məqsədi ilə bu barədə işəgötürünə məlumat verməli idi. İddiaçının 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə namizəd kimi qeydiyyat alındığı üçün onunla əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması barədə mülahizələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilən məzmunlu ərizə ilə işəgötürənə müraciət edilməsi faktı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, həmin ərizə ilə müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək müraciət etmək hüququ təsbit edilmişdir. İddiaçının namizəd olduğu Azərbaycan Respublikasına Milli Məclisinə keçirilmiş seçkilərin nəticəsi artıq xx.xx.2024-cü il tarixdə dərc edilmişdir. Azərbaycan Respublikasına Milli Məclisinə keçirilmiş seçkilərin nəticəsi artıq xx.xx.2024-cü il tarixdə dərc edildiyi üçün iddiaçının ərizə ilə işəgötürənə müraciət etmək hüququ həmin tarixdən mövcud olmamışdır İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin rəyinin iddiaçıya təqdim edilməməsi, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olmasının göstərilməməsi xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, qanunverici orqan Həmkarlar İttifaqı Komitəsinin rəyinin işçiyə təqdim edilməsi, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olmasının göstərilməsini işəgötürənə vəzifə kimi müəyyən etməmişdir. Eyni zamanda rəyin təqdim edilməsi barədə iddiaçının cavabdehlərə hər hansı müraciəti olmamışdır. Məhkəmə iddiaçının iddia tələbinin Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması və mediasiyada iştirakla bağlı çəkdiyi 60 (altmış) manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində iddia tələbi təmin edilmədiyi üçün ondan birbaşa asılı olan bu hissədə də təmin edilə bilməz. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəf iddianı əsaslandırdığı halları təsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 20 mart 1952-ci il Paris protokolunun 2-ci maddəsi, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyasının 28-ci maddəsi, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ- 07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71 72, 80, 186,-ci maddələri, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.27, 70.1, 70.2, 70.3, 174, 109.1, 109.2, 109.3, 109.4, 109.5, 107.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işəgötürənin zəruri hallarda işçini məlumatlandırması ilə bağlı qərəzli şəkildə heç bir məsələyə toxunmamışdır. Hər bir halda işəgötürən tərəfindən ona dərslərin başqa məktəbdə tədris olunacağı ilə bağlı məlumat verilməli idi. Məhkəməyə təqdim edilmiş videoda İddiaçı video çəkiliş apararaq fevral ayından, yəni yeddi aydır ki, yeni məktəb binasının tam hazır olduğunu, amma məktəbin açılışına üç gün qalmış əl-ayağa düşdüklərini, buna görə də onları başqa məktəbə yönəltdiklərini, lakin onun isə başqa məktəbə getməyəcəyini bildirdiyi qeyd edilmişdir. Lakin bu audio-video yazı ilə bağlı tərəflərin izahatları dinlənilməmişdir. Sadəcə formal şəkildə audio-video yazıya baxış keçirilməsi və proses iştirakçılarını bununla bağlı mövqelərinin öyrənilmədən sübutlara qiymət verilməsi, bir mənalı olaraq, çəkişmə prinsipinin pozulmasıdır. Məhkəmə qətnamədə cavabdeh məktəb direktoru tərəfindən ona şagirdlərə dərs tədris etmək üçün qonşuluqda yerləşən başqa məktəbə getməli olduğu barədə məlumatın verilib-verilmədiyini dəqiq müəyyən etməyib. Həmçinin 82 saylı X1 üzrə AR Milli Məclisinə seçkilərlə bağlı deputatlığa namizəd kimi qeydə alındığı xx.xx.2024-cü il tarixindən seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddət aralığında Seçki Məcəlləsinin 70.3-cü maddəsinə müvafiq olaraq heç bir halda işdən çıxarıla bilməzdi. Beləliklə, Seçki Məcəlləsinin 1.1.27, 70.1 və 70.2-ci maddələri düzgün təfsir edilməmiş, bu səbəbdən də həmin maddələrin normalarının mübahisəyə tətbiqi zamanı səhvə yol verilmişdir. Məcəllənin 70.1-ci maddəsində bu müddəanın qeydə alınmış namizədin toxunulmazlığı ilə bağlı deyil, onun öz hesabına məzuniyyət götürə bilməsi imkanını nəzərdə tutması açıq-aşkar göstərilir. Ona görə də məhkəmə tərəfindən Seçki Məcəlləsinin 70.1-ci maddəsinin bu müddəasının mənasını şərh edərkən yanlışlığa və kobud səhvə yol verilməsi açıq-aşkardır. Məktəb həmkarlar ittifaqı təşkilatında onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə direktorun təqdimatına baxıldığı iclasdan xəbəri olmamış və həmin iclasda iştirakı təmin edilməmiş, çıxarılmış qərar barədə də məlumatsız olmuşdur. Qətnamədə onun məktəbin həyətində şagirdlərə dərs tədris etməyinin onların həyat və sağlamlığı üçün riskli olması faktı kimi müəyyən edildiyi qeyd edilsə də, bu hallar heç bir sübutla əsaslandırılmayıb. Həmin sübutlar 2024-cü ilin sentyabr ayının 16sı günündə İmişli rayonu ərazisində hava şəraitinin soyuq keçməsi barədə meteoroloji xidmətin rəsmi məlumatından, şagirdlərin xəstələnməsi, müayinə və müalicə olunması barədə xəstəxana arayışı və hər birinə aid tibbi sənədlərdən ibarət ola bilərdi ki, bunlar da iş materiallarında yoxdur və məhkəmə baxışı zamanı təqdim və tədqiq edilməyib. Əmrdə dərs müddəti ərzində “Tiktok” sosial şəbəkə hesabından canlı videogörüntü yaydığı qeyd edilmiş, məhkəmə isə bu iddianı sorğulamadan və heç bir sübut tələb etmədən qəbul etmişdir. O heç vaxt dərs zamanı canlı yayım açmamış, sözügedən video əvvəlcədən yazıya alınmış videodur və ona məxsus hesabda sonradan paylaşılmışdır. Bu hal bir daha təsdiq etmişdir ki, məhkəmə əmrin qanunsuz, uydurma və əsassız olması ilə bağlı heç bir araşdırma aparmadan qərəzli olaraq iddianı təmin etməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-261/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “Tiktok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “xarbulbl.sinfi” adlı sosial şəbəkə hesabında 16 entyabr 204-cü il tarixdə paylaşdığı videoda qeyd etdiyi fikirlər tədrisin həmin tarixdə başqa təhsil müəssisəsində aparılacağından xəbərdar olmasını əks etdirir. Apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. 18 ildir ki, ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Barəsində verilmiş əmrdə qeyd edilir ki, guya özbaşınalıq etmiş və şagirdləri təhsildən yayındırmışdır. O, deputatlığı namizədliyini irəli sürmüş və məhz bundan sonra məktəb direktoru Anar müəllimin təhdid, hədə və qorxularıyla üzləşmişdir. xx.xx.2024-cü il tarixdə direktor onunla əlaqə saxlayaraq hamının dərsə gəlməli olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məktəbdə olmuşdur. Tədbirlər planı hazırlamış, valideyn iclası keçirmişdir. xx.xx.2024-cü il tarixdə seçki ilə əlaqədar olaraq rayonda olmayacağı barədə ərizə yazıb məktəbə təqdim etmişdir. Direktor onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq ərizəsini qəbul etməyəcəyini bildirmişdir. Direktorun dərsin başqa məktəbdə keçirilməli olması barədə ona rəsmi şəkildə müraciət etməsi barədə heç bir sübut yoxdur. Bu barədə o yalnız bir şagirdin valideynindən məlumat almışdır. Ondan başqa bütün qruplara bu barədə məlumat verilmişdir. Qeyd edir ki, onlara Konstitusiya Məhkəməsinin seçki ilə bağlı nəticələrini açıqladığı günədək toxunulmazlıq hüququnu əks etdirən vəsiqə vermişdilər. Deputatlığa namizəd olduğu üçün həmin vaxtı onu işdən azad etməklə cavabdeh qanun pozuntusuna yol vermişdir. Dərs təbiətlə bağlı olduğu üçün həmin gün şagirdlərə çöl şəraitində dərs keçmişdir. Bunu ilk dəfə etmir və dəfələrlə dərsləri həmin şəkildə baş tutmuşdur. xx.xx.2024-cü il tarixdə kəndə gəlmiş və bir şagirdin valideyni, Rahib Hüseynov adlı valideyn ona telefon vasitəsi ilə zəng edərək dərslərin 2-3 gün digər məktəbdə keçiriləcəyini bildirmişdir. Digər müəllimələrə vatsap ani mesajlaşma proqramı vasitəsi ilə, həmçinin zəng vurulmaqla məlumat verilmiş, ona isə heç bir məlumat verilməmişdir. Həmin günü sözügedən məktəbdə dərs deyilməmişdir. Mənəvi zərərlə bağlı qeyd edir ki, bu özünü əhvalının pozulmasında göstərmişdir. Dərin sarsıntı, iztirab keçirmiş, ailəsiylə maraqlana bilməmiş və ətrafındakı hər kəsdən çox pis vəziyyətdə olduğu barədə eşitmişdir. Özü sosial şəbəkələrdə canlı yayım açmır. Sadəcə olaraq dərslərdən müəyyən kadrlar götürüb paylaşır. Bunu ondan başqa müəllimlər də edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına nömrəli tam orta məktəbin yeni binasının tikilməsi və açılışının həyata keçirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə məktəbin tədris prosesi təsdiq olunmuş dərs cədvəlinə uyğun olaraq İmişli rayon Aranlı kənd Natiq Əsədov adına 2 nömrəli orta məktəbdə İİ növbə həyata keçirilməsi barədə həmin tarixdə əmr qəbul etmişdir. Dərslər 3 gün davam edəcəkdi, lakin 1 gün davam etmişdir. Dərslərin həmin məktəbdə keçirilməsi barədə hamıya məlumat verilmişdir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinin rədd edilməsini və İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(036)-261/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 10-cu maddəsində göstərildiyi kimi, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən həmin məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi; Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr üçün ödənilir. Həmin Məcəllənin 70.3cü maddəsinə əsasən bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydaları: 2.1.1-ci bəndinə əsasən təhsilverən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir. 2.2.1-ci bəndinə əsasən təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(036)-261/2025 sayl qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməsi maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəoin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnaməsin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025ci il tarixli, 2(036)-261/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq qətnamənin mübahisələndirilən hissəsi üzrə ədalətli qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(036)-261/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olduğu qənaətinə gələrək iddianı yuxarıda qeyd edilən əsaslara görə təmin etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024- cü il tarixində 82 saylı X1 üzrə deputatlığa namizəd kimi qeydə alınmışdır. İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrinə əsasən İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, işəgötürənin zəruri hallarda işçini məlumatlandırması ilə bağlı qərəzli şəkildə heç bir məsələyə toxunmamışdır. Hər bir halda işəgötürən tərəfindən ona dərslərin başqa məktəbdə tədris olunacağı ilə bağlı məlumat verilməli idi. Məhkəməyə təqdim edilmiş videoda İddiaçı video çəkiliş apararaq fevral ayından, yəni yeddi aydır ki, yeni məktəb binasının tam hazır olduğunu, amma məktəbin açılışına üç gün qalmış əl-ayağa düşdüklərini, buna görə də onları başqa məktəbə yönəltdiklərini, lakin onun isə başqa məktəbə getməyəcəyini bildirdiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan audio-video yazı ilə bağlı tərəflərin izahatları dinlənilməmişdir. Sadəcə formal şəkildə audio-video yazıya baxış keçirilməsi və proses iştirakçılarını bununla bağlı mövqelərinin öyrənilmədən sübutlara qiymət verilməsi, bir mənalı olaraq, çəkişmə prinsipinin pozulmasıdır. Məhkəmə qətnamədə cavabdeh məktəb direktoru tərəfindən ona şagirdlərə dərs tədris etmək üçün qonşuluqda yerləşən başqa məktəbə getməli olduğu barədə məlumatın verilib-verilmədiyini dəqiq müəyyən etməyib. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmədə çəkişmə prinsipinin pozulması, tərəflərin hüquq bərabərliyi və müdafiə imkanlarının təmin edilməməsi deməkdir. Bu prinsip məhkəmə prosesində hər iki tərəfin-iddiaçı və cavabdehin öz mövqeyini sərbəst şəkildə təqdim etməsi, sübutlar gətirməsi və qarşı tərəfin sübutlarına etiraz edə bilməsi hüququnu nəzərdə tutur. Əgər bu prinsip pozularsa, bu aşağıdakı hallarda ola bilər: - Bir tərəfin söz haqqının məhdudlaşdırılması, məsələn tərəfə sübut təqdim etməyə və ya ifadə verməyə imkan verilməməsi - Hakimin qərəzli davranması- bir tərəfi müdafiə etməsi və ya digər tərəfə ədalətsiz münasibət göstərməsi - Sübutların yalnız bir tərəfin xeyrinə qəbul olunması, digər tərəfin sübutlarının isə nəzərə alınmaması - Məhkəmə qərarının tərəflər dinlənilmədən verilməsi, yəni tərəflər məhkəməyə çağırılmadan və mövqeləri öyrənilmədən qərar çıxarılması. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və digər prosessual qanunvericiliyin əsas prinsiplərindən biridir və pozulması ədalətli məhkəmə araşdırmasının aparılmaması deməkdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli məhkəmə iclas protokulundan aydın olur ki, təqdim edilmiş sübutlar tədqiq edilərək sübutlarla bağlı tərəflərin izahatları dinlənilmişdir. İddiaçı tərəf təqdim edilmiş video görüntülərlə bağlı hər hansı bir etiraz bildirməmişdir. Yəni birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinə əməl edilmiş, tərəflərin izahatları dinlənilmiş, sübutlarla bağlı tərəflərin fikirləri öyrənilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsiplərinin pozulması hallarına rast gəlinmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa iş materiallarına əlavə olunmuş audio-video yazının təhlili zamanı məlum olmuşdur ki, həmin videoda iddiaçı yeni məktəb binasının tam hazır olduğunu, amma məktəbin açılışına üç gün qalmış məktəb rəhbərliyinin əl-ayağa düşdüklərini, buna görə də onları başqa məktəbə yönəltdiklərini, o isə başqa məktəbə getməyəcəyini açıq şəkildə bildirmişdir. Bu ifadə onun başqa məktəbə yönləndirmə barədə məlumatlı olduğunu, yəni dərsin başqa yerdə keçiriləcəyi faktından xəbərdar olduğunu açıq-aşkar sübut etmişdir. İddiaçının eyni məsələ üzrə bir-birinə zid mövqelər sərgiləməsi-bir tərəfdən məlumatsız olduğunu iddia etməsi, digər tərəfdən isə məlumatlı şəkildə həmin məktəbə getməyəcəyini bildirməsi iddiaçının obyektiv və qərəzsiz davranmadığını göstərir. Qeyd olunan hallar, xüsusilə də audio-video yazıda iddiaçının öz iradəsi ilə verdiyi bəyanat iddiaçının qeyd etdiyi dəlilin reallığı əks etdirmədiyini nümayiş etdirir. Məhkəmə tərkibi qeyd edir ki, videoda əks onun ifadələr birbaşa iddiaçının səsi ilə müşayiət olunur. Apellyasiya icraatı zamanı məhkəmə iclasında videogörüntülərə baxış keçirilmiş, İddiaçı videogörüntüdəki şəxsin danışıqlarının öz səsi olduğunu bildirmiş və həmin sübutu mübahisələndirməmişdir. Bu isə həmin sübutun autentikliyinə (həqiqiliyinə) şübhə yeri qoymur. Audio-videoda səsləndirilən ifadələr iddiaçının öz iradəsi ilə, təzyiqsiz formada bildirdiyi fikir və mövqeyini əks etdirir. Həmin fikirlər isə bu iş üzrə mühüm əhəmiyyət kəsb edən fakt-yəni dərsin başqa məktəbdə keçiriləcəyindən iddiaçının xəbərdar olub-olmaması məsələsində həlledici sübut rolunu oynayır. Eyni zamanda İddiaçı iş materialında olan audio-video görüntüdə “mən o məktəbə getməyəcəm” ifadəsini qeyd etmiş, bu da onun tapşırığa qəsdən əməl etmədiyini sübut etmişdir. Bu hal tədris prosesinə bilavasitə maneə yaratmış və şagirdlərin dərsə çıxışını əngəlləmişdir. Qanuni göstərişə tabe olmamaq və dərsi özbaşına başqa formada keçmək əsaslı bəhanə kimi qəbul edilə bilməz. Bu davranış nizam-intizam qaydalarının pozulması, əmək müqaviləsinin şərtlərinə əməl etməmək və işəgötürənin qanuni əmrlərinə tabe olmamaq, iddiaçının əmək fuksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Belə ki; Əmək Məcəlləsinin işçinin əsas vəzifələrindən bəhs edən 10-cu maddəsində aşağıdakılar qeyd edilmişdir: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydalarına əsasən: 2.2.1. təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 2.4.1. təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. 2.3.1. təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir; 2.3.2. təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. 4.3. Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. 4.4. Təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 22.2. Ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır: 22.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 23.3.9. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək. Göründüyü kimi qanunverici işçinin vəzifələrini imperativ qaydada müəyyən etmişdir. Ancaq iddiaçı Əmək Məcəlləsində, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda, Təhsilverənlərin etik davranış Qaydalarında qeyd edilən vəzifələrini yerinə yetirməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının ziddiyyətli davranışını nəzərə alaraq onun ifadələrinə və iddia tələbinə hüquqi baxımdan əsas kimi yanaşmayaraq sübutetmə yükünü lazımi qaydada yerinə yetirmədiyi qənaətinə gələrkən haqlı olmuşdur. Çünki iddiaçı yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuşdur. Bu səbəblə onun əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən qanuni hesab edilməlidir. İddiaçının apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, 82 saylı X1 üzrə AR Milli Məclisinə seçkilərlə bağlı deputatlığa namizəd kimi qeydə alındığı xx.xx.2024-cü il tarixindən seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddət aralığında Seçki Məcəlləsinin 70.3-cü maddəsinə müvafiq olaraq heç bir halda işdən çıxarıla bilməzdi. Beləliklə, Seçki Məcəlləsinin 1.1.27, 70.1 və 70.2-ci maddələri düzgün təfsir edilməmiş, bu səbəbdən də həmin maddələrin normalarının mübahisəyə tətbiqi zamanı səhvə yol verilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsasən qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr üçün ödənilir. Seçki Məcəlləsinin 70.3-cü maddəsinə əsasən bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir. Qeyd edilmiş maddənin də tələbindən göründüyü kimi, iddiaçı Seçki Məcəlləsinin 70.1ci maddəsinə əsasən əmək fəaliyyətini dayandırmış olsa idi, bu halda onun əmək fəaliyyətinə xitam verilə bilməzdi. Lakin iddiaçı bu hüququndan istifadə etməmiş, pedoqoji fəaliyyətinə davam etmişdir. Yəni iddiaçının əmək fəaliyyəti Seçki Məcəlləsinin 70.3-cü maddəsinin təsir dairəsinə düşməmişdir. Bundan sonra iddiaçı mübahisəli dövrdə işə çıxmış, lakin öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirməmiş, dərslərin keçirilməsi ilə bağlı məktəb rəhbərliyinin verdiyi İmişli rayon Aranlı kənd 1 nömrəli tam orta məktəbi üzrə xx.xx.2024-cü il tarixli əmrə riayət etməmiş, tədris prosesini pozmuşdur. Daha sonra məhkəmə tərkibi iddiaçının 82 saylı X1 üzrə AR Milli Məclisinə seçkilərlə bağlı deputatlığa namizəd kimi qeydə alındığı xx.xx.2024-cü il tarixindən seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddət aralığında Seçki Məcəlləsinin 70.3-cü maddəsinə müvafiq olaraq işdən çıxarılmamalı olduğu dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının deputatlığa namizəd olması onun əmək müqaviləsinə xitam verilməsinin qarşısını alan hüquqi əsas deyil. Azərbaycan Respublikasının Seçki Məcəlləsində deputatlığa namizədlərin yalnız seçki hüquqlarının qorunması, yəni təqib və təzyiqlərə qarşı təminatlar nəzərdə tutur. Lakin bu status: a) onu əmək funksiyalarını pozmaqdan azad etmir b) ona hüquqi toxunulmazlıq vermir c) işəgötürənin qanuni tədbirlərini yerinə yetirilməməsinə əsas vermir. Deputatlığa namizədin hüquqları Seçki Məcəlləsi ilə qorunsa da, bu, onu qanunvericiliyinin pozulmasına görə məsuliyyətdən azad etmir. İddiaçının apellyasiya şikayətinin üçüncü dəlili ondan ibarətdir ki, qətnamədə onun məktəbin həyətində şagirdlərə dərs tədris etməyinin onların həyat və sağlamlığı üçün riskli olması faktı kimi müəyyən edildiyi qeyd edilsə də, bu hallar heç bir sübutla əsaslandırılmayıb. Həmin sübutlar 2024-cü ilin sentyabr ayının 16-sı günündə İmişli rayonu ərazisində hava şəraitinin soyuq keçməsi barədə meteoroloji xidmətin rəsmi məlumatından, şagirdlərin xəstələnməsi, müayinə və müalicə olunması barədə xəstəxana arayışı və hər birinə aid tibbi sənədlərdən ibarət ola bilərdi ki, bunlar da iş materiallarında yoxdur və məhkəmə baxışı zamanı təqdim və tədqiq edilməyib. Məhkəmə tərkibi qeyd edir ki, müəllim məktəbin təmirə bağlandığını və dərslərin digər məktəbə təyin olunduğunu bilə-bilə ora getməmiş, əvvəzində qanunsuz şəkildə başqa məkanda yerə xalça sərərək dərs keçmişdir. Bu hal əmək vəzifələrinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, müəllim pedaqoji fəaliyyəti yalnız müvafiq mühitdə, icazə verilmiş şəraitdə keçirə bilər. İddiaçının uşaqlara faktiki zərər vurulmadığını qeyd etməsi onu məsuliyyətdən azad etmir. Hüquqda, xüsusilə əmək və inzibati məsuliyyət sahəsində, yalnız baş vermiş zərər deyil, zərərin yaranma riski də hüquq pozuntusu hesab olunur. Təhsil müəssisələrində sanitar-gigiyenik və təhlükəsizlik qaydalarının pozulması, hətta nəticə doğurmadan belə, intizam və ya inzibati məsuliyyətə səbəb ola bilər. Çünki özbaşına alternativ məkanda dərs keçmək həm tədris keyfiyyətinə, həm də təhlükəsizlik və intizam tələblərinə ziddir. Belə ki, qanunvericiliyə əsasən tədris yalnız akkreditə olunmuş və icazə verilmiş təhsil müəssisəsində aparıla bilər. Müvəqqəti olsa da, müəllim özbaşına dərs keçmək üçün alternativ yer təyin edə bilməz. Yəni burda əsas məsələ təkcə nəticə (zərər olubolmaması) deyil, qanunla müəyyən olunmuş prosedur və səlahiyyətlərə əməl olunmamasıdır. İddiaçının şagirdlərə zərər vurulmadığını qeyd etməsi subyektiv fikirdir. Amma hüquqi qiymətləndirmə obyektiv meyarlara əsaslanır: * təhsil normativləri * Əmək funksiyalarının tərtibi * Təhlükəsizlik və gigiyenik normalar * Rəhbərliyin göstərişlərinə əməl edilməsi Bu meyarlar pozulduqda, zərər baş verməsə belə, pozuntu faktı dəyişmir. Uşaqlara zərər vurulmadığı dəlili, müəllimin özbaşına və qanunsuz şəkildə tədris aparması faktını aradan qaldırmır. Burada əsas məsələ - təhlükəsizlik riskini yaradan hərəkətin baş verməsi və əmək funksiyasının pozulmasıdır, yoxsa nəticənin olub-olmaması deyil. Apellyasiya şikayətinin dördüncü dəlili ondan ibarətdir ki, əmrdə dərs müddəti ərzində “Tiktok” sosial şəbəkə hesabından canlı video görüntü yaydığı qeyd edilmiş, məhkəmə isə bu iddianı sorğulamadan və heç bir sübut tələb etmədən qəbul etmişdir. O heç vaxt dərs zamanı canlı yayım açmamış, sözügedən video əvvəlcədən yazıya alınmış videodur və ona məxsus hesabda sonradan paylaşılmışdır. Bu hal bir daha təsdiq etmişdir ki, məhkəmə əmrin qanunsuz, uydurma və əsassız olması ilə bağlı heç bir araşdırma aparmadan qərəzli olaraq iddianı təmin etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının “canlı yayın açmamışam, sadəcə video paylaşmışam” dəlili faktiki nəticəni dəyişmir. Canlı yayım və video paylaşımı arasında hüquqi cəhətdən hər hansı fərq yoxdur. İstər canlı yayım, istərsə də sonradan video paylaşımı olsun, hər iki halda müəllim müəyyən yaşda şagirdlərin iştirakı ilə çəkiliş aparmış və bunu ictimaiyyətə təqdim etmişdir. Yetkinlik yaşına çatmamış şəxslərin valideynlərinin razılığı olmadan görüntülərinin yayılması etik cəhətdən yolverilməzdir və pedaqoji davranış qaydalarının pozulmasıdır. Müəllimlər şagirdlərin hüquqlarını, ləyaqətini və şəxsi məkanını qorumaqla mükəlləfdirlər. Şagirdlərin razılığı və ya valideynlərinin icazəsi olmadan onların görüntülərinin sosial şəbəkədə, xüsusən əyləncə və sosial platformalarda yayılması, müəllimin peşə etikasına ziddir. Apellyasiya şikayətinin beşinci dəlili ondan ibarətdir ki, məktəb həmkarlar ittifaqı təşkilatında onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə direktorun təqdimatına baxıldığı iclasdan xəbəri olmamış və həmin iclasda iştirakı təmin edilməmiş, çıxarılmış qərar barədə də məlumatsız olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayəti bu hissədə də əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, qanunverici orqan Həmkarlar İttifaqı Komitəsinin rəyinin işçiyə təqdim edilməsi, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olmasının göstərilməsini işəgötürənə vəzifə kimi müəyyən etməmişdir. Eyni zamanda rəyin təqdim edilməsi barədə iddiaçının cavabdehə hər hansı müraciəti olmamışdır. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması və mediasiyada iştirakla bağlı çəkdiyi 60 (altmış) manat məbləğində xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilmədiyi üçün ondan birbaşa asılı olan bu hissədə də təmin edilməməsi qərarında haqlı olmuşdur. Belə ki, Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəf cavabdehin təqsiri üzündən mənəvi zərər çəkməsinə dair məhkəmələrə hər hansı bir sübut növü təqdim edə bilməmişdir. Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanlara əsasən məhkəmə tərkibi bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəf iddia tələbini mənəvi zərərə aid hissədə də sübuta yetirə bilməmişdir. Belə olan halda, birinci instansiya məhkməsinin mənəvi ziyana aid hissədə də iddianın rədd etməsi barədə gəldiyi nəticə əsaslıdır Beləliklə yekunda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(036)-261/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(036)-261/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-794/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-794/2025
08.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver