Məhkəmə qərarları › İş №2(106)-795/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-795/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-795/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(047)-380/2024 saylı qərardadından iş üzrə İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(047)-380/2024 saylı (X1) qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmış, iddiaçıya cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamışdan əvvəl tərəflərin müvafiq mediatora və ya mediyasiya təşkilatına (Mediyasiya Şurasının əlaqə nömrələri ***-***-**-**; ***-***-**-**; ***-***-**-**, internet səhifəsi mediasiya.orq) müraciət etməklə ilkin mediasiya sessiyasında iştirak etməli olduqları, eyni zamanda qərardadda qeyd edilən çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş üzrə İddiaçı QSC həmin qərardaddan şikayət verərək Laçın Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(047)-380/2024 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin mülki işlə birlikdə apelyasiya qaydasında baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(047)-380/2024 saylı (X1) qərardadı ilə İddiaçı QSC-nin Laçın Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(047)- 380/2024 saylı qərardadından verdiyi şikayət təmin olunmayaraq, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 29 mart 2024-cü il tarixdə daxil olmuş və iddiaçı tərəfindən verilmiş şikayət 04 aprel 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, iddia ərizəsinin geri qaytarılmasını, tərəflərin mediasiya prosesində iştirak etmədən məhkəməyə müraciət etməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İş materiallarından göründüyü kimi Cavabdeh İddiaçı QSC-də satış təmsilçisi işlədiyindən, onlar arasında əmək qanunvericiliyinin tələblərinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlandığından və ona görə də tərəflər arasında olan mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan İddiaçı QSC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq mediatora və ya mediyasiya təşkilatına müraciət etməklə ilkin mediasiya sessiyasında iştirak etməli idi. Lakin iş materiallarını nəzərdən keçirən zaman isə tərəflərin ilkin mediasiya prosesində iştirakını təsdiq edən sənədin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Həmçinin məhkəmə iddiaçının nəzərinizə çatdırmışdır ki, İddiaçı QSC qeyd edilən tələblərə riayət etdikdən sonra cavabdehə qarşı müvafiq məhkəmədə müvafiq iddia tələbi ilə iddia qaldırmaq hüququna malikdir. Ona görə də, kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi hallar Laçın Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(047)-380/2024 saylı qərardadının ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(047)-380/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar