Məhkəmə qərarları › İş №2(106)-797/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-797/2024

25.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-797/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil və cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə, evin yerləşdiyi torpaq sahəsindən, evdən, evin köməkçi sahələrindən istifadə hüququnun tanınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-269/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hazırda cavabdehlər Cavabdeh1 və Səfərova (Qasımova) Əntiqə Xudaverdi qızının yaşadığı və Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KOD 80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətçisi olduğu 0,09 ha torpaq sahəsində yerləşən evə köçürülməsi, onun həmin torpaq sahəsindən və evdən, eləcə də evə aid köməkçi sahələrdən (ayaqyolu, hamam, mətbəx və s.) istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1938-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur. X1 1944-cü ildə, anası X19 isə 1945-ci ildə vəfat etmişdir. Atası ilə anasının birgə nikahından 8 uşaqları olmuşdur ki, həmin uşaqların da sonuncusu iddiaçıdır. İddiaçının valideynləri ölən günə kimi Aşağı Nüvədi qəsəbəsində hazırda cavabdehlərin yaşadıqları 1 mərtəbəli, 2 otaqlı və köməkçi sahədən ibarət dədə-baba evlərində yaşamışlar. O, valideynləri öləndən sonra 1958-ci ilədək hazırda mübahisə predmeti olan evdə yaşamış, 1958-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və xidmətini başa vurduqdan sonra 1992-ci ilədək Rusiya Federasiyası və Ukrayna Respublikasında işləmişdir. Nəhayət, 1992-ci ildə öz doğma kəndinə qayıtmış və öz ata-baba mülkündə, yəni hazırkı mübahisəli evdə yaşamağa başlamışdır. İş üzrə cavabdehlərdən Cavabdeh1 iddiaçının bacısının nəvəsi, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Hal-hazırda onlar iddiaçının ata-baba mülkünə yiyələnməklə onu həmin evdə yaşamağa qoymurlar. Bu səbəbdən də iddiaçı məcbur olub Aşağı Nüvədi qəsəbəsində yerləşən məişət evində yaşayır. Halbuki, sözügedən evin yerləşdiyi 0,09 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçıya da məxsusdur. Cavabdehlərlə onun status baxımından heç bir fərqi yoxdur. Belə ki, Lənkəran rayon AİK-nın 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-602F, KOD 80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində iddiaçı da daxil olmaqla 8 şəxsə ümumi birgə mülkiyyət hüququ üzrə 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin buna baxmayaraq, cavabdehlər iddiaçını nəinki evə, heç mülkiyyətçisi olduğu torpaq sahəsinə də buraxmırlar. İddiaçı yaşlı və xəstə insandır. Normal şəraitdə, eləcə də öz dədə-baba mülkündə yaşamaq onun ən təbii haqqıdır. Cavabdehlər isə buna qətiyyən icazə vermirlər. Buna görə də hüquqlarının qorunması üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının Konstitusiya və qanunlarda nəzərdə tutulmuş hüquqları (mülkiyyət, yaşamaq və s.) məhdudlaşır. Çünki iddiaçının həmin torpaqda mövcud olan evdə yaşamaq və oradan istifadə etmək, eləcə də vərəsə kimi evə münasibətdə öz payına dair sərəncam vermək hüququ var. Cavabdehlər ilk növbədə onun mülkiyyət hüququnu pozurlar. Belə ki, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi iddiaçıya da cavabdehlər kimi ümumi mülkiyyət hüququ üzrə məxsusdur, yəni həmin torpaq sahəsində ilk baxışda 1/8 hissə paya sahibdir. Hər kəs kimi onun da mülkiyyət hüququ milli və beynəlxalq qanunvericiliklə qorunur. Cavabdehlər ikinci növbədə iddiaçının mənzil toxunulmazlığı və mənzil hüquqlarını pozurlar. Belə ki, iddiaçı doğulub böyüdüyü evdə yaşamaqdan məhrum olmuşdur. Bu iddiaçının ən təbii haqqıdır. Çünki iddiaçının mərhum ata-anası, onun qardaş və bacıları orada yaşamışlar. İddiaçı da onlarla birlikdə həmin evdə yaşayıb oradan uzun illər istifadə etmişdir. Hazırda isə cavabdehlər buna mane olurlar. Cavabdehlər üçüncü növbədə iddiaçının vərəsəlik hüququnu pozurlar. Vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı valideynlərindən miras qalmış əmlakın sənədləşdirilməsindən ötrü aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən iddiaçıya verilən cavabda qeyd olunmuşdur ki, sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməli, bunun üçün isə qeyd olunan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin yerində müayinə edilməsinə iddiaçı tərəfindən şərait yaradılmalıdır. İddiaçı həmin idarənin mütəxəssislərinə daşınmaz əmlakın müayinə olunmasına lazımi şəraiti yarada bilmədiyinə görə ərizəsinin icrası təmin edilməmişdir. İddiaçı isə lazımi şərait yaratmaq imkanından məhrum olduğu üçün, yəni cavabdehlər tərəfindən öz mülkünə və eləcə də ata evinə buraxılmadığından idarənin əməkdaşlarına lazımi şərait yarada bilmir. Hesab edir ki, mübahisə predmeti olan evə dair hüquq münasibəti 2000-ci ilədək yarandığından hazırkı mübahisə Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri qaydasında həll edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-269/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Murad Aslanov) iddia qismən təmin edilmiş, İddiaçı Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KOD: 80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən evə köçürülməsi, İddiaçı Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KOD: 80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən evdən istifadə qaydasının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-269/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının Cavabdeh2 yaşadığı evə gəlməsinə qadağa qoyulmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsi iş materiallarında olan iddiaçı tərəfindən verilmiş sübutların həqiqiliyini yoxlamadan mötəbər sübut növünə aid olmamasına baxmayaraq həmin sübutlar üzrə birtərəfli araşdırma aparmış, həmin sübutlar əsasında qanunsuz və əsassız qətnamə çıxarmışdır. Heç bir sübuta istinad etmədən özünün təxəyyülünə əsaslanmış və həmin hallara əsaslana biləcək əsaslandırmanı aparmamış, iddiaçı tərəfindən təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Əslində cavabdeh məhkəmədə iştirak etsəydi, hər sənədə hüquqi qiymət verilərdi. İşə baxılarkən hakim tərəfindən zəruri olan halların heç biri araşdırılmamış, iddiaçının yalan məlumatları yoxlanılmadan əsas götürülmüş və nəticə olaraq balaca evdə uşağı ilə yaşayan mömin bir qadının yanına heç bir qohumluq əlaqəsi olmayan, bu evdə bir saat belə yaşamamış, yüngül həyat tərzi sürən bir kişinin məcburi köçürülməsi qət edilmişdir. Hakim tərəflərə xəbər verildiyini göstərsə belə, fakt odur ki, onların evinə tamamilə kənar şəxsin köçürülməsi haqqında olan işə cavabdehlərin iştirakını təmin etmədən, kənd icra nümayəndəliyindən, nə də bələdiyyədən heç bir məlumatı dəqiqləşdirmədən hüquqlarını pozan qərar vermişdir. Eyni zamanda, məhkəməyə əri Cavabdeh1, yəni evin varisi və sahibinin Azərbaycan Respublikasında olmamasını bildirsə də, məhkəmə məsələyə səthi yanaşaraq nə bu halı, nə də başqa vacib əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Əgər iş mahiyyəti üzrə düzgün baxılsaydı, onda bəlli olardı ki, onların evinə köçürülən şəxs, yəni İddiaçı bu evdə heç vaxt yaşamamışdır. Cavanlığından Ukraynada olmuş, Azərbaycana gəldikdə şəxsiyyət vəsiqəsi ala bilməsi üçün ona kömək məqsədi ilə onun adı ondakı ev kitabına yazılmış, İddiaçı heç bir gün də olsun bu evdə yaşamamışdır. Şəhadətnamədə adının olmasına gəlincə, həmin dövrdə belə səhvlər bu cür həll olunurdu, yəni pozulub əlavə möhürlə təsdiq edilirdi. Necə ki, JN-602F nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamədə də düzəliş edilmişdir. İddiaçı faktiki bu evə, bu torpağa aidiyyəti olmadığı üçün, Səfərov Etibar isə rəhmətə getdiyi üçün adları silinmişdir. Lakin hakim bütün mülahizələrini JN-602F nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə qurmuşdur. Daha doğrusu, şəhadətnamədə İddiaçı adının olması ilə, kənar şəxsin köçürüldüyü evdə yaşayan adamlardan heç birini çağırmadan, maraqlanmadan belə qərar vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinin, habelə Mülki Məcəllənin 157.2, 164 və 165.1-ci maddələrinin tələblərini kobudcasına pozmuşdur. Hal-hazırda cavabdeh uşaqları ilə birgə (yeni doğulmuş körpə nəvəsi də anası ilə tez-tez onlarda olmaq məcburiyyətində olur). Aşağı Nüvədi qəsəbəsində yerləşən balaca evdə yaşayırlar. Həyat yoldaşı Rusiyadadır, fəhləlik etməklə birtəhər uşaqlarını böyütmüşdür. Qeyd etdiyi evdə əzəldən yaşayırlar və 2023-cü ilin may ayında onlara məlum olmuşdur ki, əvvəllər tanımadıqları şəxs onların evində yaşayış hüququ almışdır. Bu işdən İcra və Probasiya şöbəsindən xəbər tutmuşlar. İddiaçı onlarla heç bir əlaqəsi yoxdur. O, həmin evdə bir gün də olsun yaşamamışdır. Kənar şəxsin onların evinə köçürülməsi onların oradan köçməsi deməkdir. Onda cavabdeh uşaqları ilə harada yaşamalıdır? Azərbaycanda insan hüquqları Konstitusiya ilə qorunur. Bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul olunur. Əri Cavabdeh1, yəni evin varisi və sahibi Azərbaycan Respublikasında deyil. 2022-ci ilin dekabr ayından Rusiyaya getmiş, ondan qabaq isə bir il altı ay azadlıqdan məhrum edilərək cəzaçəkmə müəssisəsində olmuşdur. Amma hakim Murad Aslanov məsələyə səthi yanaşaraq nə bu halı, nə də başqa vacib əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Əgər iş mahiyyəti üzrə düzgün baxılsaydı, onda bəlli olardı ki, evə köçürülən şəxs, yəni İddiaçı bu evdə heç vaxt yaşamamışdır. Həmçinin, hələ Cavabdeh2 qaynatası sağ olanda İddiaçı indiki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə onun iddiasını təmin etməmişdir. Son dövrdə isə iddiaçının vəkili tələbin adını dəyişərək mahiyyət üzrə eyni iddia ərizəsinin məhkəməyə çıxarılmasına nail olmuşdur. İddiaçının nümayəndəsi Vəkil tərəfindən Cavabdeh2 apellyasiya şikayətinə qarşı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə etiraz verilmiş, etirazda Lənkəran Rayon Məhkəməsinin 2(049)-269/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və həmin qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 çıxış edərək bildirdi ki, o, hələ 1999-cu ildə mübahisəli evə gəlin gəlmişdir. Ondan əvvəl də hələ yoldaşı Cavabdeh1 həmin evdə öz ailəsi ilə yaşamışdır. O, indiyədək İddiaçı adında bir şəxsin həmin evdə yaşamasını eşitməmiş, elə birini görməmişdir. Onu kənddə gəzən biri kimi tanıyır və bilir ki, həyat yoldaşının uzaq qohumudur, yəni onun nənəsinin qardaşıdır. Lakin onların arasında da hər hansı bir münasibət mövcud deyil və ailə üçün yad birisidir. Hazırda yaşadıqları ev köhnə bir kənd evidir və onu da yoldaşının nənəsi 1970-ci illərdə tikdirmişdir. Həmin vaxtdan da o evdə iddiaçı ümumiyyətlə yaşamamışdır. Eşitdiyinə görə, 90-cı illərdə iddiaçı ölkəyə qayıtdıqdan sonra əvvəlcə özünə aid olan başqa yerdəki evindən onu evləndiyi qadın qovmuş, çöldə qalmaması üçün verilən vaqon evi satmış, daha sonra yoldaşının anasından onun da mübahisəli evdə yaşamasına icazə vermələrini xahiş etmişdir. Lakin yoldaşının ailəsi bununla razılaşmamışdır, çünki 2 otaqlı qədim bir kənd evində onsuz da onların ailəsi çətinliklə yaşayırdılar və onu evə qəbul etməyə yer də yox idi. Hətta mətbəxi kulyonkadan düzəltmiş, hamam isə daxma kimi bir yerdir, onu da kulyonkalayıb istifadə edirlər. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə bağlı şəhadətnamədə iddiaçının da adının olması isə onlara sonradan məlum olmuşdur. Bununla bağlı onlar icra nümayəndəliyinə müraciət etmişlər. Orada iddiaçının adını şəhadətnamədən çıxararaq onun adının üzərinə xətt çəkmişlər və möhürlə təsdiq etmişlər. İddiaçının mübahisəli evdə yaşamamasını bütün qonşular da təsdiq edir. Bununla bağlı hətta məhkəməyə qonşular tərəfindən imzalanmış yazılı ərizə də təqdim edilmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, 1938-ci ildə anadan olmuş, 1944-cü ildə atası, 1945-ci ildə anası vəfat etmişdir. Bundan sonra onu kimsəsiz uşaqlar evinə vermişlər. Bir müddət orada yaşamış, 1954-cü ildə böyük qardaşı onu oradan götürmüşdür. O, böyük qardaşı ilə birlikdə kərpic kəsmiş, atasından qalmış köhnə bir otağa bitişik əlavə bir otaq da tikmişlər. Sonradan bacısı Fatma gəlib həmin evə yerləşmişdir. O, 1958-ci ildə hərbi xidmətə getmiş, xidmətdən sonra 1992-ci ilədək Rusiyada və Ukraynada işləmişdir. 1992-ci ildə isə rayondakı ata-baba mülkünə qayıtmışdır. Lakin bu zaman görmüşdür ki, bacısının nəvəsi, hazırda cavabdeh olan Cavabdeh1 həmin evə yiyələnmişdir. Bir müddət orada qalsa da, sonradan ona orada yaşamağa imkan verməmişlər. Buna görə də uzun müddət rayondakı məişət evində yaşamağa məcbur olmuşdur. Həmçinin, bildirdi ki, mübahisəli ev onun atababa mülküdür, həmin ev o, Azərbaycanda olmadığı müddətdə sökülüb yenidən tikilməmişdir. Köhnə evdir, sadəcə təmir işləri aparılmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddiaçının Cavabdeh2 yaşadığı evə gəlməsinə qadağa qoyulmasını xahiş etsə, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instnasiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. İşdəki JN-602F saylı, KOD:80204016 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi X8 və onun ailə üzvləri X3, X9, Cavabdeh1, İddiaçı, X5, X6 və X13 ümumi mülkiyyətinə verilmişdir. İşdəki Lənkəran ŞİHB-nin Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, JN-602F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarına aid olan torpaq sahəsində Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində fərdi yaşayış evi vardır. Həmin əmlak təsərrüfatbaşına kitabında X10 mülkiyyətçi olaraq göstərilmişdir. Həmin əmlak çiy kərpicdən və mişar daşından tikilib təmir olunmuş və iki otaqdan ibarətdir. Həmin əmlak JN-602F saylı torpağın mükiyyətə verilməsinə dair şəhadətnaməsində İddiaçı mülkiyyətçi kimi göstərilmişdir. Həmin ev İddiaçı dediyinə görə atası tərəfindən inşa edilmişdir. 1974-cü ildə sözügedən ev onun və bacısı X20 tərəfindən əsaslı təmir olunmuşdur. Hal-hazırda İddiaçı Aşağı Nüvədi qəsəbəsində yaşayır və qeydiyyatdadır. İşdəki Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsinin 23 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Aşağı Nüvədi bələdiyyəsinə təhvil verilmiş 1970-ci ildə tərtib edilmiş qaytanlanmış kitablara əsasən Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbə sakini İddiaçı mərhum X1nun həyətyanı torpaq sahəsi bacısı X16 adında 0,13 ha olmaqla qeydə alınmışdır. Hal-hazırda isə torpağın mülkiyyətə verilməsinə dair JN-602F saylı şəhadətnaməyə əsasən həmin torpaq sahəsi X14 adında 0,09 ha olmaqla qeydə alınmışdır. İşdəki Vİİ-JQ 388079 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X11 20 aprel 2001-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, hazırda mübahisə predmeti olan 2 otaqlı fərdi yaşayış evi JN-602F saylı, KOD:80204016 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən və X8 və onun ailə üzvləri X3, X9, Cavabdeh1, İddiaçı, X5, X6 və X13 ümumi mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsində yerləşir. İddiaçı öz tələbini əsaslandırarkən qeyd edir ki, mübahisə predmeti olan ev onun ata-baba mülküdür və o, valideynləri vəfat etdikdən (atası 1944-cü ildə, anası 1945-ci ildə) sonra bir müddət 1954-cü ilə kimi kimsəsiz uşaqlar evində yaşasa da, sonradan böyük qardaşı onu oradan götürmüş və yenidən evə gətirmiş, həmin vaxt atasının tikdiyi otağa bitişik bir otağı da qardaşı ilə o inşa etmiş, 1958-ci ilə kimi (hərbi xidmətə gedənə qədər) həmin evdə yaşamağa davam etmiş, daha sonra hərbi xidmətə getmiş və xidmətdən sonra 1992-ci ilədək Rusiya və Ukraynada işləmiş, 1992-ci ildə yenidən rayona qayıtmış, lakin ona ata-baba mülkü olan evdə yaşamağa icazə verməmişlər, halbuki, evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri də onun özüdür. Cavabdeh tərəf isə təmin olunmuş hissədə iddia tələbinə etiraz olaraq qeyd edir ki, iddiaçı ümumiyyətlə mübahisə predmeti olan evdə yaşamamış (bunu qonşular da təsdiq edir), həmin ev Cavabdeh1 nənəsi Fatma Əliyeva tərəfindən 1970-ci illərdə inşa edilmiş, onun adına qeydə alınmış, evin yerləşdiyi torpaq sahəsinin şəhadətnaməsində iddiaçının adı səhvliklə qeyd edilmiş, lakin sonradan şəhadətnaməyə düzəliş edilmişdir. Məhkəmə kollegiyası ilk öncə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin edilməsi və iddiaçının adının üzərindən xətt çəkilməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, həmin dəlil əsaslı hesab edilə bilməz. Çünki verilmiş şəhadətnaməyə özbaşına hər hansı bir düzəlişin edilməsi qadağandır. Şəhadətnaməyə düzəlişin edilməsi üçün müvafiq səlahiyyətli orqanların qərarı tələb olunur. Lakin hazırkı halda şəhadətnamədə sadəcə iddiaçının adının üzərindən xətt çəkilməsi onun torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması demək deyil. Həmçinin, cavabdeh tərəf həmin şəhadətnamədə iddiaçının adının mülkiyyətçilər sırasından çıxarılmasına dair hər hansı səlahiyyətli orqanın və ya məhkəmənin qərarını da təqdim etməmişdir. İddia tələbindən görünür ki, iddiaçı özünün hazırda cavabdehlərin yaşadığı və Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KOD 80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətçisi olduğu 0,09 ha torpaq sahəsində yerləşən evə köçürülməsi, onun həmin torpaq sahəsindən və evdən, eləcə də evə aid köməkçi sahələrdən (ayaqyolu, hamam, mətbəx və s.) istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə iddia tələbi qismən təmin edilərək, iddiaçının Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KOD: 80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən evə köçürülməsi, iddiaçının həmin torpaq sahəsində yerləşən evdən istifadə qaydasının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının mübahisəli evə köçürülməsi və yalnız qeyd edilən torpaq sahəsində yerləşən evdən istifadə qaydasının müəyyən edilməsi hissələrində iddianı təmin etmiş, onun mübahisəli torpaq sahəsindən, evdən və evə aid köməkçi sahələrdən (ayaqyolu, hamam, mətbəx və s.) istifadə hüququnun tanınmasına dair hissədə iddianı rədd etmiş, lakin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin təmin edilmiş hissələrində yoxlayır. İddiaçı evə köçürülməsi ilə bağlı tələbinin əsası kimi həmin evin ata-baba mülkü olmasına, özünün də 1958-ci ilədək həmin evdə yaşamasına istinad etsə də, cavabdeh tərəf hazırda mübahisə predmeti olan evin iddiaçının ata-baba mülkü olmadığını, həmin evin Cavabdeh1 nənəsi tərəfindən inşa edildiyini bildirmiş, bununla bağlı sübutlarını təqdim etmişdir. Belə ki, işdəki Lənkəran Rayon İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixli, 8 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, RİK-in qərarı ilə Aşağı Nüvədi qəsəbə sakini, təqaüdçü X7 yaşadığı evinin sökülüb yenidən tikilməsi haqqında Aşağı Nüvədi qəsəbə ZDO İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixli qərarı və komissiyanın xx.xx.1973-cü il tarixli aktı təsdiq edilmiş, ona RİK-in tikinti və memarlıq şöbəsinin verdiyi layihə əsasında iki otaqdan ibarət fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İşdəki şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Aşağı Nüvədi qəsəbəsində yerləşən mübahisə predmeti olan ev 1976-cı ildə tikilmiş və evin sahibi kimi X20 qeyd olunmuşdur. İş materiallarının 144-cü vərəqində olan arayışın surətindən görünür ki, X21 29 iyul 1983-cü ildə ölmüşdür. Göründüyü kimi, iddiaçının ata-baba mülkü olduğunu və özünün orada yaşadığını iddia etdiyi ev əslində 1976-cı ildə tikilmiş və onun bacısı Fatma Əliyevanın adına qeydə alınmışdır. İddiaçı apellyasiya məhkəməsinin iclasında onun yaşadığı evin sökülüb yenidən tikilmədiyini, yalnız əsaslı təmir işlərinin aparıldığını qeyd etsə də, bu hal cavabdeh tərəfin təqdim etdiyi sənədlərlə təkzib olunur. Belə ki, evin sökülüb yenidən tikilməsinə dair Lənkəran RİK-in xx.xx.1973-cü il tarixli qərarının olması və evə dair pasportda onun 1976-cı ildə tikildiyinin qeyd olunması iddiaçının istinad etdiyi həmin halın əsassız olduğunu təsdiq edir. Lənkəran ŞİHB-nin Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 sentyabr 2020-ci il tarixli məktubunda evin iddiaçının atası tərəfindən inşa edilməsi və 1974-cü ildə sözügedən evin əsaslı təmir olunması barədə qeyd edilənlər isə iddiaçının dediklərinə əsaslandığına görə mötəbər hesab edilə bilməz. Buradan da göründüyü kimi, iddiaçı əslində hazırda mübahisə predmeti olan evdə ümumiyyətlə yaşamamışdır. Çünki evin inşa edildiyi 1976-cı ildə iddiaçı Azərbaycan ərazisində olmamış, yalnız 1992-ci ildə ölkəyə qayıtmışdır. İddiaçının həmin evdə yaşamaması cavabdehlərin qonşuları tərəfindən də təsdiq olunur. Belə ki, cavabdehlərin qonşuları tərəfindən imzalar vasitəsilə təsdiq olunmuş müraciətdə qeyd edilmişdir ki, Aşağı Nüvədi qəsəbəsində yaşayan Cavabdeh1 məxsus yaşayış evində İddiaçı adlı şəxs heç vaxt yaşamamışdır. Bu yerdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarında cavabdehlərin birbaşa olaraq məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılması müəyyən olunmur. Belə ki, iş materiallarında poçt göndərişlərinin izlənilməsinə dair bir sıra çıxarışlar olsa da, heç bir məhkəmə baxış iclası barəsində bildirişin Cavabdeh2 çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası Cavabdeh2 məhkəmə iclasları barəsində məlumatının olmamasına dair bildirdiklərini əsaslı hesab edir və onun tərəfindən apellyasiya şikayətinə əlavə edilməmiş sübutların qəbul edilməsini məqsədəuyğun sayır. Belə ki, MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı mübahisə predmeti olan evə dair vərəsəlik hüquqlarının da pozulduğunu qeyd etsə də, məhkəmə kollegiyası iş materiallarına əsasən bildirir ki, mübahisə predmeti olan evin 1976-cı ildə inşa edilməsi və onun iddiaçının bacısı Fatma Əliyevanın adına qeydə alınması, sonuncunun 29 iyul 1983-cü ildə vəfat etməsindən sonra sözügedən evin onun vərəsələrinə keçməsi qəbul olunur. İddiaçı isə Fatma Əliyevanın qardaşı olmaqla, onun birinci növbə vərəsələri sırasına aid olmamışdır. Bu səbəbdən də iddiaçının vərəsəlik hüquqlarının pozulması əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı hazırda onun mübahisə predmeti olan evdən istifadə hüququnun yaranmasının 2000-ci ilədək baş verdiyini iddia edir, buna görə də hazırkı mübahisəyə hazırda qüvvədən düşmüş 1982-ci ildə təsdiq olunmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə kollegiyası bildirir ki, hazırda mübahisə predmeti olan evin əslində iddiaçının ata-baba mülkü olmaması, həmin evin 1976-cı ildə inşa edilməsi və evin mülkiyyətçisi kimi iddiaçının bacısı Fatma Əliyevanın qeydə alınması müəyyən olunur. Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin qeyd edilən 53-cü və 123-cü maddələrində isə mülkiyyətçinin qardaşının onun ailə üzvü olması təsbit olunmamış, ona evdən istifadə hüququ müəyyən edilməmişdir. Bundan əlavə, hazırda sözügedən Məcəllənin 54-cü maddəsi də iddiaçıya tətbiq oluna bilməz. Belə ki, iddiaçı həmin maddəyə uyğun olaraq mübahisəli evə köçmüş şəxs statusuna da malik olmamışdır. Qeyd edilən müddəalardan da göründüyü kimi, iddiaçının mübahisə predmeti olan evə istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının iddia tələbinin evə köçürülməsinə dair hissəsinə düzgün hüquqi qiymət verməmiş, həmin hissədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. MPM-in 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bundan başqa, məhkəmə öz qətnaməsində mübahisəli evdən istifadə qaydasının müəyyən edilməsini qət etmişdir. Lakin evdən istifadə qaydasının müəyyən edilməsi nəticəsinə gəlməsinə baxmayaraq, məhkəmə evin istifadə qaydasının hansı şərtlərə əsaslandığını və onun nədən ibarət olmasını da göstərməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, mübahisə predmeti olan ev üzərində iddiaçının istifadə hüququ yaranmadığından və onun mübahisəli evə köçürülməsinə dair hər hansı əsas olmadığından, məhkəmənin qeyd edilən hissədə də gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası həm də onu qeyd etməyi zəruri sayır ki, Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsi ilə yanaşı, iddiaçının onun yaşadığı evə gəlməsinə qadağa qoyulmasını da xahiş etmişdir. Lakin apellyasiya şikayətinin mahiyyətindən də göründüyü kimi, Cavabdeh2 əslində iddiaçının onun yaşadığı evə gəlməsinə qadağa qoyulmasını tələb etməklə, onun iddia tələbinin rədd edilməsini xahiş etmək istəmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-269/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar