Məhkəmə qərarları › İş №2(106)-8/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-8/2023

22.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-8/2023 22.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəsinə mane olan qanuna zidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(036)-1635/2019 saylı qətnaməsindən cavabdeh X11 və qətnamə maraqlarına toxunan şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz tutduğu İmişli şəhəri T.İsmayılov küçəsində İmişli Bələdiyyəsinin 31 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə ona satılmış 800 kv m. torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsi üzərində qanunazidd hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin iş üzrə 24 dekabr 2019-cu il tarixli 2(036)-1635/2019 saylı qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia təmin edilərək, cavabdeh X3 İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 800 kv m. həyətyanı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinə mane olan qanuna zidd hərəkətlərinə son qoyulması qət edilmişdir. Cavabdeh X11 və qətnamə maraqlarına toxunan şəxs X1 Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(036)-1635/2019 saylı qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Şəhər Bələdiyyəsinin 31 yanvar 2004cü il tarixli 01 saylı qərarı ilə Alqı-satqı müqaviləsinə əsasən həyətyanı məqsəd üçün 800 kv m. torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü verilmiş və A 112292 nömrə ilə X14 kitabında uçota alınmışdır. Mübahisə predmeti olan həmin torpaq sahəsi İmişli şəhər bələdiyyəsinə məxsus olmuş, həmin torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilərək, planı və ölçüsü tərtib edilərək, onun mülkiyyətinə verilmişdir. İş üzrə hüquqi əhəmiyyət kəsb edən bu faktlar ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi və İmişli bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Lakin cavabdeh X11 İddiaçı ona məxsus olan həmin torpaq sahəsinə buraxmır və onun istifadə etməsinə maneçilik yaradır. İddiaçı cavabdeh X2 dəfələrlə mülkiyyətində olan həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda, İddiaçı mülkiyyət hüququ cavabdeh X11 tərəfindən kobud şəkildə pozulmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya məxsus heç bir torpaq sahəsi zəbt etməmiş və sözügedən torpaq sahəsi mərhum atasına məxsus xüsusi mülkiyyət olmuşdur. Ora əvvəllər hasarın içərisində dövlət mülkiyyətinə məxsus olub və Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə hərrac vasitəsi ilə ilk olaraq X6 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən qeyd olunan torpaq sahəsinə reyestr nömrəsi **********64-12301 olan RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında 27 iyun 2015-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla 0.1943 ha torpaq sahəsi cavabdehin mərhum atası X5 mülkiyyətinə verilmişdir. Mülkiyyət əmlak kompleksi kimi mülkiyyət növü xüsusi, təyinatı xidmət, tikilinin ümumi sahəsinin 207.6 kv m., torpaq sahəsinin ölçüsü 0.1943 ha təşkil edir. Torpaq sahəsinin mülkiyyət növü xüsusidir. Məhkəmə iclasında təqdim etdiyi dövlət reyestrindən çıxarış və texniki pasporta mərhum atasına məxsus olmasına baxmayaraq, heç bir əsas olmadan mərhum atasının adına olan mükiyyətin vərəsə dairəsi müəyyən edilmədən qətnamə çıxarılmışdır. Məhkəmə mübahisəli torpağın mərhum atasına məxsus olmasını rəsmi qaydada bilməsinə baxmayaraq, atasının vərəsə dairəsini müəyyən etməmiş, məhkəmənin çıxardığı qətnamədə anasının, bacı-qardaşlarının vərəsə hüquqları kobud şəkildə pozulmuş, mütəxəssis rəyinə düzgün qiymət verilməmiş və əsassız olaraq rəy əhəmiyyətsiz hesab edilmişdir. Hansı ki, mütəxəssis rəyində açıq-aşkar qeyd edilir ki, sözügedən mübahisəli torpaq sahəsi əvvəl dövlət mülkiyətində olan təsərrüfatlararası təmir-tikinti müəssisəsinin torpaq sahəsi olmuş və özəlləşdirilmişdir. Məhkəmə iddianı rədd etməli və mütəxəssis rəyini əsas götürərək İmişli rayon Bələdiyyəsinin 1 saylı 31 yanvar 2004-cü il tarixli iclas protokolunu və bu barədə bələdiyyə tərəfindən verilən digər sənədləri əsassız və qanunsuzluğu barəsində xüsusi qərar qəbul edib prokurora məlumat verməli idi. Məhkəmə mübahisəli ərazini İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi göstərmişdir. Mərhum atasının dövlət reyestr tərəfindən rəsmi xüsusi mülkiyyəti qeydə alındığı halda, məhkəmənin xüsusi mülkiyyətə hüquqi qiymət verməməsi məlum deyildir. Qətnamə maraqlarına toxunan şəxs X7 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bütün bu faktlardan başqa mərhumun adına olan xüsusi mülkiyyətində, yəni hasarın içərisində keçmiş sovetlər dövründə hasar çəkilib və bir neçə tikililər inşa edilib. Bu günə qədər o qaydada qalır. Hətta onlar istifadə etməməyiblər, çünki həmin tikilidə məcburi köçkün ailəsi yaşayır. Mübahisəli yerdə uzun illərdir məskunlaşmış məcburi köçkünün məhkəməyə nə üçün dəvət olunmaması, onun necə oradan çıxarılacağı bilinmir. Bu ciddi bir məsələdir. Məhkəmə bu məsələyə də toxunmamış, araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmənin çıxardığı mövcud sözügedən qətnamə mərhum həyat yoldaşının bütün vərəsələrini, mübahisəli yerdə məskunlaşmış məcburi köçkün ailəsini, mülkiyyət, yaşayış, isitfadə hüquqlarını kobud şəkildə pozulmuşdur. Sözügedən mübahisəli torpaq sahəsi mərhum əri X5 adına rəsmi olaraq daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmış və əmlak kompleksi kimi müəssisənin mülkiyyəti növü xüsusi təyinatı xidmət ümumi sahəsi 207.6 kv.m, torpaq sahəsinin ölçü 0.1943 ha olmaqla torpaq sahəsinin mülkiyyət növü xüsusi göstərilərək torpaq sahəsinin üzərində hüquqi növü mülkiyyət olaraq mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdikləri əmlakdır. Bu isə o deməkdir ki, sözügedən həmin əmlakı mərhum ərinin sağlığı dövründə 50 faizi onun mülkiyyəti idisə, indi hal-hazırda vərəsə olaraq tam ona məxsusdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, İmişli Şəhər Bələdiyyəsinin 31 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə alqı-satqı müqaviləsinə əsasən həyətyanı məqsəd üçün 800 kv m., torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü verilmiş, A 112292 nömrə ilə X14 kitabında uçota alınmışdır. Mübahisə predmeti olan həmin torpaq sahəsi İmişli Şəhər Bələdiyyəsinə məxsus olmuş, həmin torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilərək, planı və ölçüsü tərtib edilərək, onun mülkiyyətinə verilmişdir. İş üzrə hüquqi əhəmiyyət kəsb edən bu faktlar ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi və İmişli Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Lakin cavabdeh X11 İddiaçı ona məxsus olan həmin torpaq sahəsinə buraxmır və onun istifadə etməsinə maneçilik yaradır. İddiaçı cavabdeh X2 dəfələrlə mülkiyyətində olan həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda, İddiaçı mülkiyyət hüququ cavabdeh X11 tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir. Məhz bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, iş üzrə İmişli Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İmişli Şəhər Bələdiyyəsinin 31 yanvar 2004-cü il tarixli 01 saylı iclas protokolundan görünür ki, İmişli Şəhər Bələdiyyəsinin ümumi iclasında İmişli şəhəri T.İsmayılov küçəsi ev 27 ünvanda yaşayan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün İmişli şəhəri T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən İmişli Şəhər Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən 800 kv m., torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İmişli Şəhər Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədi ilə İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən bələdiyyəyə məxsus 800 kv m., həyətyanı torpaq sahəsinin İddiaçı satılması barədə 01 saylı 31 yanvar 2004-cu il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan Torpaq sahəsinin planından, aktdan və rəydən görünür ki, İmişli Bələdiyyə tərəfindən İddiaçı alqı-satqı yolu ilə satılmış İmişli şəhəri T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 800 kv m., həyətyanı torpaq sahəsi İmişli Şəhər Bələdiyyəsinə məxsusdur, həmin torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilmiş, planı, ölçüsü tərtib edilərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi və İmişli Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli Şəhər Bələdiyyəsinin 01 saylı 31 yanvar 2004-cü il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün İmişli şəhəri T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 800 kv m., həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair A 112292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü 18 fevral 2009-cu il tarixdə 301 nömrə ilə X14 kitabında uçota alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya RX ******* nömrəli 27 iyun 2015-ci il tarixli çıxarışın surətindən görünür ki, İmişli şəhəri Füzuli küçəsində yerləşən 0.1943 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X5 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 4188 nömrəli 24 iyun 2015-ci il tarixli “Texniki pasport”dan görünür ki, İmişli şəhəri, Füzuli küçəsində yerləşən 0.1943 ha. torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasının hüquq sahibi X8r və **********64- 12301 № ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 155 saylı 30 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunan 800 kv m., olan torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyətində olan Təsərrüfatlararası təmirtikinti müəssisəsinin torpaq sahəsidir. Həmin müəssisənin ərazisi isə 0.1943 ha olmaqla, 01 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirilərək, X6 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən qeyd olunan torpaq sahəsinə reyestr nömrəsi **********64-12301 olan RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında isə 27 iyun 2015-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla 0.1943 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh X3 xüsusi mülkiyyətində olan 0.1943 ha torpaq sahəsinin ərazisi ilə İddiaçı mülkiyyətində olan 800 kv m., torpaq sahəsinin ərazisi hüquqi sənədlərə əsasən üst-üstə düşür. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Buna görə də, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi MM-in 157.2-ci maddəsinə istinad edərkən həmin maddə üzrə bütün dispozisiya şərtlərini yoxlamamışdır. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 10/570 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəsis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İmişli Şəhər Bələdiyyəsinin 31 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış İmişli şəhəri T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 800 kv m., həyətyanı torpaq sahəsinin naturada hüdudları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə müəyyən edilib ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında 27 iyun 2015-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla X5 xüsusi mülkiyyətinə verilmiş 0.1943 ha. torpaq sahəsinin naturada hüdudları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə müəyyən edilib ki, İmişli Bələdiyyəsinin 01 saylı 31 yanvar 2004-cu il tarixli qərarı və alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış İmişli şəhəri T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 800 kv.m həyətyanı torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən alğı-satqı müqaviləsi əsasında 27 iyun 2015-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla X5 xüsusi mülkiyyətinə verilmiş 0.1943 ha. torpaq sahəsinin sənəd üzrə üst-üstə düşür. Qərardadın dördüncü sualı üzrə müəyyən edilib ki, İmişli Bələdiyyəsinin 01 saylı 31 yanvar 2004-cu il tarixli qərarı və alqısatqı müqaviləsinə əsasən İddiaçı satılmış İmişli şəhəri T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 800 kv.m həyətyanı torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında 27 iyun 2015-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla X5 xüsusi mülkiyyətinə verilmiş 0.1943 ha. torpaq sahəsinin sənəd üzrə üst-üstə düşdüyünə görə, cavabdeh X11 tərəfindən İddiaçı torpaq sahəsinin istifadə olunbması müəyyən olunmadı. X5 xüsusi mülkiyyətinə verilmiş 0.1943 ha. torpaq sahəsinin ərazisində tikili mövcuddur ki, ölçü planında qeyd olunmuşdur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə işin faktiki hallarını iş üzrə mötəbər sübutlarla əlaqəli şəkildə hərtərəfli qiymətləndirməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X11 və qətnamə maraqlarına toxunan şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, İmişli Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(036)-1635/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəsinə mane olan qanuna zidd hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 03 aprel 2023-cü il tarixli 10/570 nömrəli ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh X11 və qətnamə maraqlarına toxunan şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. İmişli Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(036)-1635/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəsinə mane olan qanuna zidd hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 10/570 nömrəli ekspert rəyinə dair çəkilmiş 50 (əlli) manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar