Məhkəmə qərarları › İş №2(106)-80/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-80/2024

17.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-80/2024 17.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X14 və X8 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızına qarşı “qanunsuz tikilmiş evin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-606/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Göyşaban kəndində JN-344A nömrəli, KOD 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsində qanunsuz tikilmiş yaşayış evinin cavabdeh Seyfullazadə Gülnar Yalçın qızının hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 17 may 2004-cü il tarixli, 7 saylı qərarı ilə ona və oğulları Nümayəndə2 və X4 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bununla əlaqədar, yəni torpağın xüsusi mülkiyyətə verilməsi barədə onun adına JN-344A, KOD 80215018 nömrəli Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində qaynının qızı olan cavabdeh Seyfullazadə Gülnar Yalçın qızı qanunsuz olaraq yaşayış evi tikmişdir. Dəfələrlə cavabdehdən xahiş etmişdir ki, qanunsuz hərəkətlərini dayandırsın. Ancaq cavabdeh evin tikintisini başa çatdırıb evin içərisini təmir etdirmişdir. Göründüyü kimi, cavabdeh özbaşınalıq edərək iddiaçıya məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz yaşayış evi tikməklə onun xüsusi mülkiyyətə dair konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı tələbini Torpaq Məcəlləsinin 111-ci, Mülki Məcəllənin 157.2-ci və 180.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-606/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mütəllim İsayev) iddia qismən təmin edilmiş, cavabdeh Seyfullazadə Gülnar Yalçın qızının Torpağın mülkiyyətə verilməsinə dair JN-344A saylı Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Göyşaban kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,045 ha hissəsindən çıxarılması və cavabdeh X2 istifadəsində olan 10 metr uzunluqda, 8,7 metr enində fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsinə düşən 43,5 kv.m (5×8,7) hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh Seyfullazadə Gülnar Yalçın qızından 20 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, cavabdeh Seyfullazadə Gülnar Yalçın qızından cəmi 150 manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-606/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə tədqiq olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbi üzrə araşdırmanı tam, obyektiv və hərtərəfli aparmamışdır. Bununla da maddi hüquq normalarının tələbləri və cavabdehin konstitusion hüquqları kobudcasına pozulmuşdur. Belə ki, məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin müəyyən edilməsi ilə bağlı mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin etmişdir. Lakin ekspertizaya Kadastr və Ünvan Reyestri Xidmətinin elektron baza məlumatları təqdim edilməmişdir. Qətnamənin “müəyyən etdi” hissəsinin 5-ci abzasının sonuncu cümləsindən əvvəlki və sonuncu cümlələrində yazılır: “Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı”. Belə olan halda aparılmış ekspertizanın düzgünlüyündən, həqiqiliyindən, obyektivliyindən və tamlığından söz gedə bilməz. Qətnamədə göstərilən səbəblərə görə torpaqşünaslıq ekspertizası iddiaçının mülkiyyətində olan torpaq sahəsi Kadastr və Ünvan Reyestri Xidmətinin elektron baza məlumatlarına deyil, Lənkəran rayonu, Göyşaban yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planının yerə uyğun şərti yaşayış vəziyyətinə görə həyata keçirilmişdir. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları obyektiv olaraq təyin edilməmişdir. Bununla da məhkəmə tərəfindən ekspertizanın keçirilməsində qanunsuzluğa yol verilmişdir. Məlum olduğu kimi, respublikada aqrar islahat düzgün aparılmamış, torpaqların yerləşmə nöqtələri düzgün müəyyən edilməmiş, xüsusi, bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin sxemləri düzgün təyin edilməmişdir. Buna görə də aqrar islahatın keçirilməsindən uzun illər keçməsinə baxmayaraq, həmin islahatın nəticələri günü bugün də yenidən yoxlanılır və yeni qərarlar qəbul edilir. Bunu bilən cavabdehin babası Nümayəndə1 mübahisə predmeti olan evi inşa edərkən müxtəlif orqanlara müraciət etmiş, gəlini İddiaçı ilə münaqişə vəziyyətində olması səbəbindən evin təməli qoyulmamış, iddiaçının həmin yerdə iştirakının təmin edilməsini tələb etmişdir. Lakin iddiaçı tərəf torpağın sərhəd nöqtələrinin müəyyən edilməsində bilə-bilə iştirak etməmişdir. Bundan sonra, cavabdehin nümayəndəsi olan babasında fərdi yaşayış evi tikmək istədiyi torpaq sahəsinin nəvəsinə məxsus olması inamı yaranmış və ona görə də həmin ərazidə fərdi yaşayış evi inşa etmişdir. Qətnamənin özündə qeyd edildiyi kimi, ekspertiza Kadastr və Ünvan Reyestri Xidmətinin baza məlumatlarına əsasən həyata keçirilməmişdir. Cavabdehin babasının təkidi ilə tikiləcək evin torpaq sahəsinin sərhəd nöqtələrinin müəyyən edilməsində iddiaçı tərəf iştirak etmək istəməmişdir. Belə olan halda formal cəhətdən olsa da, həmin torpağın cavabdehin mülkiyyətində olması inamı yaranmışdır. Torpaqşünaslıq ekspertizasının qeyriobyektiv keçirilməsi və hüquqi əsası olmayan dayaqlara söykənməsi onu deyir ki, cavabdehin fərdi yaşayış evi məhz onun öz mülkiyyətindədir. Ona görə də Konstitusiyanın 13-cü və 29-cu maddələri ilə qorunan cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Həm də qanunsuz və əsassız qətnamənin çıxarılması cavabdehin Mülki Məcəllənin 152-ci maddəsinin tələbləri əsasında qorunan sahiblik, istifadə və sərəncam hüquqlarını da pozmuşdur. Cavabdeh Gülnar Seyfullazadə məhkəmə müdafiəsindən istifadə edə bilməmiş, qanun qarşısında hamının bərabər olması prinsipinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə baxışı zamanı onun etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmiş vəsatət qəbul edilməmiş, başqa sübutlarla birlikdə onlara hüquqi qiymət verilməmişdir. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi tam təmin edilməmişdir. Məhkəmə tərəfindən MPM-in 88-ci və 103-cü maddələrinin də tələbləri pozulmuşdur. Məhkəmə iddianın verilməsi üzrə buraxılmış nöqsanları görmək istəməmiş, iddia ərizəsində cavabdehin adını və ünvanını dəqiqləşdirməmişdir. X13 2016cı ildə el adəti ilə ailə həyatı qurmuş və həmin tarixdən də soyadını dəyişərək “Səfərli” soyadını qəbul etmişdir. Nəticədə məhkəmə tərəfindən cavabdeh olmayan Seyfullazadə Gülnar Yalçın qızı barəsində yanlış qətnamə qəbul edilmişdir. Qətnamənin “müəyyən etdi” hissəsinin 2-ci abzasında iddiaçının izahatı belə verilmişdir: “... qaynı qızı Gülnar Seyfullazadə ona məxsus torpaq sahəsində qanunsuz olaraq yaşayış evi tikmişdir. Dəfələrlə ondan qanunsuz hərəkətlərin dayandırılmasını xahiş etmiş, lakin cavabdeh evin tikintisini başa çatdırmış və evin içərisini də tam təmir etmişdir”. Sonrakı cümləsində qeyd edilmişdir ki, dəfələrlə xahiş etməsinə baxmayaraq, cavabdeh özbaşına hərəkətlərinə könüllü qaydada son qoymayaraq ona məxsus torpaqda özbaşına tikdiyi tikilini sökmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsindəki və məhkəmə iclaslarındakı izahatlarındakı “onlardan xahiş etdim ki, evin tikintisini dayandırın” ifadələri tam yalandır, ədalət mühakiməsini yanlışlığa aparan və əvvəlcədən fikirləşilmiş bir taktikadır. X10 üçün babası tərəfindən inşa edilən evin tikintisi zamanı və həmin evin təmiri zamanı iddiaçı tərəfindən onlara heç bir müraciət olmamış, tikintinin dayandırılması barədə xahiş belə edilməmişdir. Çünki belə bir xahiş və tələb olsaydı, iddiaçı birinci növbədə kəndin bələdiyyə və icra nümayəndəliyinin rəhbərliyinə, qanunsuz tikintinin qarşısının alınmasına məsul olan orqanlara müraciət edə bilərdi. Belə müraciətlərin olunması qətnamədə öz əksini tapmamışdır. Lənkəran rayonu, Göyşaban kənd sakini Nümayəndə1 ilə gəlini İddiaçı arasındakı münasibətlər münaqişəli olduğundan, o, gəlini tərəfindən şikayət olunacağını qabaqcadan görmüş və buna görə də fərdi yaşayış evi inşa edilərkən bələdiyyəyə, icra nümayəndəliyinə və polis sahə inspektouna müraciət etmiş, gəlini və onun uşaqlarının inşa edilən evin yerinin bir daha dəqiqləşdirilməsi üçün həmin yerdə olmalarını xahiş etmişdir. Lənkəran ŞİHB-nin Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Lənkəran Rayon Məhkəməsinə verilmiş 28 yanvar 2021-ci il tarixli arayışın surətindən görünür ki, o, polis sahə rəisi İlqar müəllimlə Nümayəndə1 xahişi ilə dəfələrlə mübahisə predmeti olan torpaq sahəsində olmuş, iddiaçının oğlu Nümayəndə2 ora dəvət etmiş, lakin sonuncu mübahisənin araşdırılmasında iştirak etmək istəməmişdir. Həmin arayışda göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi boşdur. Lənkəran ŞİHB-nin Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Lənkəran Rayon Məhkəməsinə verilmiş 22 iyun 2021-ci il tarixli arayışın surətindən görünür ki, Nümayəndə1 nəvəsi Seyfullazadə Gülnar Yalçın qızı üçün 20 iyul 2020-ci ildə ev tikərkən Göyşaban kənd ərazi nümayəndəliyinə gəlini İddiaçı tərəfindən tikintinin dayandırılması barədə heç bir rəsmi müraciət olmamışdır. Göyşaban kənd bələdiyyəsinin Lənkəran Rayon Məhkəməsinə verdiyi arayışın surətindən görünür ki, Nümayəndə1 nəvəsi Seyfullazadə Gülnar Yalçın qızı üçün ev tikərkən bələdiyyəyə gəlini İddiaçı tərəfindən tikintinin dayandırılması barədə heç bir müraciət olunmamışdır. Cavabdehin babasının ailəsinə 70-ci illərdə Bakı-Lənkəran şosse yolunun əks istiqamətində, yəni dənizin əks tərəfindəki sahədən indiki yaşayış məkanında 0,12 ha torpaq sahəsi verilmişdir. Lənkəranda torpaq islahatı keçirilərkən babasının öz təşəbbüsü ilə həmin 0,12 ha torpaq sahəsi 2 yerə bölünmüşdür. JN-345A saylı torpaq şəhadətnaməsinə əsasən 0,06 ha torpaq sahəsi Nümayəndə1 adına sənədləşdirilmişdir. JN-344A saylı torpaq şəhadətnaməsinə əsasən qalan 0,06 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Nümayəndə1 ona verilən 0,06 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Lakin gəlini İddiaçı qaynatasının tikdiyi evin onun ərazisində yerləşməsini iddia etmişdir. Sonuncu da məcburiyyət qarşısında qalıb həmin evi sökmüşdür. Bundan sonra İddiaçı razılığı ilə həmin ərazidə cavabdeh üçün yeni bir ev tikmişdir. İddiaçı ev tikilərkən heç bir orqana müraciət etməmişdir. Lakin sonradan məhkəmədə iddia qaldıraraq sonrakı evin də onun torpağında inşa edilməsini bildirərək onun sökülməsini tələb etmişdir. Göstərilənlər barədə Nümayəndə1 məhkəmə iclasında vəsatətlə çıxış edərək vəziyyəti izah etmiş, iddiaçının torpağının hansı hissədə zəbt edilməsi müəyyən edilərsə, iddiaçıya onun öz torpağına bitişik olan ərazidə ondan da çox torpaq sahəsini verməyə hazır olduğunu bildirmişdir. Lakin vəsatət qəbul edilməmişdir. İddiaçının torpaq sahəsinin formal cəhətdən zəbt edilməsi faktı mövcud olsa da, həmin zəbtin fərdi yaşayış evinin mülkiyyətçisi olan Seyfullazadə Gülnar Yalçın qızı tərəfindən edilməsi sübut olunmamışdır. İddiaçı özü də iddia ərizəsində və məhkəmədə vermiş olduğu bütün izahatlarında bildirmişdir ki, Nümayəndə1 tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində nəvəsi və cavabdeh olan Gülnar Seyfullazadə üçün fərdi yaşayış evi tikmişdir. Göründüyü kimi, fərdi yaşayış evi Gülnar Seyfullazadənin olmasına baxmayaraq, əgər həmin iddia tələbi üzrə zəbt faktı varsa, həmin zəbt cavabdehə deyil, onun babası Nümayəndə1 aiddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi izahatlarla və məhkəmə üçün məcburi olmayan ekspert rəyi üzrə zəbt faktını aşkar etsə də, vəziyyəti düzgün qiymətləndirməmiş, zəbtin kim tərəfindən edilməsini sübut etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Buradan belə anlaşılır ki, əgər zəbt faktı varsa, həmin zəbti Cavabdeh etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(106)-2081/2022 saylı qətnaməsi ilə cavabdeh Seyfullazadə Gülnar Yalçın qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(049)-606/2021 saylı qətnaməsi cavabdeh Seyfullazadə Gülnar Yalçın qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(106)-2081/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və işin yenidən araşdırılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(102)-1121/2023 saylı qərarı ilə cavabdeh Seyfullazadə Gülnar Yalçın qızının kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(106)-2081/2022 nömrəli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 10 aprel 2023-cü il tarixli, 2(102)-1121/2023 saylı qərarında hüquqi mövqeyini onunla izah etmişdir ki, baxılan iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsində qanunsuz ev tikmişdir. Dəfələrlə ondan qanunsuz hərəkətlərini dayandırmasını xahiş etmiş, lakin cavabdeh evin tikintisini başa çatdırmış və evin içərisini də tam təmir etdirmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, evi tikərkən iddiaçı bunu bilmiş, lakin etiraz etməmişdir. Onların sonradan münasibətləri pisləşmiş və iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən cavabdehin tikdiyi evin bir hissəsi iddiaçıya məxsus torpaq sahəsində yerləşir. Cavabdeh özünə məxsus torpaq sahəsindən iddiaçıya həmin ölçüdə sahə verə bilər. Ona görə də iddia rədd olunmalıdır. Mülki qanunvericiliyə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Baxılan iş üzrə keçirilmiş ekspert rəyləri əsasında məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan 10 metr uzunluqda, 8,7 metr enində fərdi yaşayış evinin 43,5 kv.m (5×8,7) hissəsi iddiaçıya məxsus torpaq sahəsində yerləşir. Birinci və apellyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasını, cavabdehin inşa etdiyi, dövlət reyestrində qeydə alınmamış tikilinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə özbaşına inşa edildiyini nəzərə alaraq, Mülki Məcəllənin 152.1, 152.5, 239 və 180-ci maddələrinə əsasən iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri – mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonradan aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, oxşar mübahisələrin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmadan, tərəflərin izahatları, təqdim etdikləri sübutlar və işdəki digər məlumatlar əsasında cavabdeh tərəfindən mübahisəli tikili inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, iddiaçı onun anasıdır, atası isə o, uşaq olarkən vəfat etmişdir. Mübahisəli ərazidə hər biri 6 sot olmaqla, 3 ayrı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahələrindən biri onlara, biri babası Nümayəndə1 və onun ailə üzvlərinə, digəri isə əmisigilə məxsusdur. 2015-ci ildə babası Nümayəndə1 onlara məxsus torpaq sahəsində əmisi qızı Gülnar üçün ev tikməyə başlamış, 2016-cı ildə həmin evin tikintisini başa vurmuşdur. Babası evin tikintisini başa çatdırıb üstünü örtdükdən sonra içərisini təmir etdirməyə başlayarkən o, babasının onlara məxsus torpaq sahəsində ev tikməsi ilə bağlı kənd bələdiyyəsinə və kənd icra nümayəndəliyinə etiraz etmiş, lakin ona bildirmişlər ki, babası evi onlara məxsus olan torpaq sahəsində deyil, qonşuluqda yerləşən 6 sot torpaq sahəsində tikir. O, həmin vaxt kənd bələdiyyəsinə və kənd icra nümayəndəliyinə etirazını yazılı qaydada deyil, şifahi qaydada etmişdir, bu səbəbdən də həmin etirazla bağlı hazırda sübut təqdim edə bilmir. Lakin sonradan cavabdeh tərəf köçüb həmin evdə yaşamağa başlayandan sonra ona məlum olmuşdur ki, ev onlara məxsus olan 6 sot torpaq sahəsində tikilmişdir. Bu səbəblə də onlar 2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli ekspert rəyi ilə də müəyyən edilmişdir ki, tikilmiş fərdi yaşayış evinin 43,5 kvadrat metr hissəsi onlara məxsus 6 sot torpaq sahəsində yerləşir. O bilir ki, evin onlara məxsus torpaq sahəsində yerləşən 43,5 kvadrat metr hissəsi sökülərsə, evdən təyinatı üzrə istifadə etmək mümkün olmayacaq və bu evin tam məhvi ilə nəticələnəcək. Cavabdeh tərəf onlara bir neçə barışıq variantı irəli sürmüş, iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsinin onların torpaq sahəsinə bitişik əmisinə məxsus 6 sot torpaq sahəsi ilə dəyişdirilməsi, iddiaçı tərəfin mülkiyyətində olan 6 sot torpaq sahəsinin orta bazar qiyməti ilə onlara satılması və ya fərdi yaşayış evinin onlardan satın alınması variantlarını təklif etmişlər. İddiaçının nümayəndəsi bildirdi ki, iddiaçı yalnız onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfə satılmasına razıdır. Mübahisəli ərazidə torpaq sahəsinin 1 sotunun orta bazar qiyməti 2-3 min manat olsa da, iddiaçı tərəfin niyyəti onlara məxsus torpaq sahəsini 30 min manata satmaqdır. Odur ki, cavabdeh tərəf ya onlara məxsus torpaq sahəsini 30 min manata almalı, ya da iddia təmin edilərək, fərdi yaşayış evinin onlara məxsus torpaq sahəsində yerləşən hissəsi sökülməli və cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(106)-1061/2023 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinə 13 dekabr 2023-cü il tarixində daxil olmuş 3-16- 16/2-10/8204 saylı, 29 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 18 noyabr 2021-ci il tarixli, 10/4504 saylı ekspert rəyi ilə müəyyən edilən JN-344A, Kod 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsində yerləşən və cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızının istifadəsində olan 10 metr uzunluqda, 8,7 metr enində fərdi yaşayış evinin 43,5 kv.m (5×8,7) hissəsinin söküləcəyi təqdirdə, həmin fərdi yaşayış evinin qalan hissəsindən təyinatı üzrə istifadə etməyin mümkün olmayacağı, evin qalan hissəsinin dayanıqlığının və möhkəmliyinin pozulacağı müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2(106)-1061/2023 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-606/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 24 yanvar 2024-cü il tarixə, saat 14:15-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin 24 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, o, Cavabdeh (Seyfullazadənin) babasıdır. Qeyd etdi ki, mübahisəli fərdi yaşayış evinin giriş-çıxışı da ekspert rəyində qeyd edilmiş iddiaçıya və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin 0,045 ha hissəsinə düşür. Həmin mübahisəli ərazidə onun özünə məxsus da torpaq sahəsi mövcuddur. Mübahisəli ev tikilərkən də iddiaçı tərəf heç bir etiraz bildirmədiyindən o da hesab etmişdir ki, həmin evi özünə məxsus torpaq sahəsində tikir. Ev tikilib qurtardıqdan sonra iddiaçı tərəf öz etirazını bildirməyə başlamışdır. Bundan sonra o, iddiaçı tərəfə bir neçə həll yolu təklif etmişdir. Belə ki, o, mübahisəli evin yerləşdiyi iddiaçıya və ailə üzvlərinə məxsus 6 sot torpağın ona verilməsi qarşılığında iddiaçı tərəfə özünə məxsus olan hətta 7 sot torpaq sahəsini belə verməyə razı olduğunu bildirsə də, iddiaçı bununla da razılaşmamışdır. Apellyasiya məhkəməsinin 24 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş İddiaçı çıxış edərək bildirmişdir ki, o, mübahisəli evin onun mülkiyyətində yerləşən hissəsinin sökülməsini təkidlə tələb edir. Belə ki, əvvəllər başqa bir torpaq sahəsində onun adına tikilmiş ev məhz Nümayəndə1 təkidlərinə görə söküldüyündən, o da heç bir həll yolu ilə razılaşmayacaqdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(106)-80/2024 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinə 12 iyun 2024-cü il tarixində daxil olmuş 3-16-16/2- 10/942 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin giriş-çıxış hissəsinin iddiaçı X1 və ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsinin 18 noyabr 2021-ci il tarixli, 10/4504 saylı ekspert rəyi ilə müəyyən edilən cavabdehin faktiki istifadəsində olan 0,045 ha hissəsinə düşdüyü müəyyən edilir. Həmin fərdi yaşayış evi sökülmədən cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilə bilməsi üçün evin önündə yerləşən (pilləkənin qabağında yerləşən) sahənin cavabdehin istifadəsində qalması zəruri hesab olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(106)-80/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-606/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 17 iyul 2024-cü il tarixə, saat 14:15-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin 17 iyul 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, fərdi yaşayış evinin onlara məxsus torpaq sahəsində yerləşən hissəsi sökülməli və cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılmalıdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 17 iyul 2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirdi ki, fərdi yaşayış evinin onlara məxsus torpaq sahəsində yerləşən hissəsi sökülməli və cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılmalıdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə tədqiq olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilməsinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. İşdəki JN-344A nömrəli, KOD 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 17 may 2004cü il tarixli, 07 saylı qərarı ilə Lənkəran rayonunun Göyşaban kəndində yerləşən 0,06 ha torpaq sahəsi X5 və onun ailə üzvləri Nümayəndə2 və X3 mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin M-038 nömrəli, 19 mart 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri Lənkəran rayonu Göyşaban yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planının yerəuyğun şərti yerləşmə vəziyyətinə görə müəyyən olunmuşdur. Həmçinin, iddiaçının iddia etdiyi, məhkəmə predmeti olan torpaq sahəsinin və üzərində yerləşən tikililərin koordinatları naturada müəyyən olunaraq araşdırılmışdır. Məlum olmuşdur ki, mübahisə predmeti olan cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi üzərində tikilmiş tikililərdən birinin (fərdi yaşayış evinin) müəyyən hissəsi JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin üzərində yerləşir. Tikilinin (fərdi yaşayış evinin) digər hissəsi isə Lənkəran rayonu Göyşaban yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planının yerə uyğun şərti yerləşmə vəziyyətinə görə bələdiyyə mülkiyyətinə aid (1134B/0.02) torpaq sahəsində yerləşir. Bütün bunlar rəyə əlavə edilmiş sxemlərdə aydın göstərilmişdir. Mütəxəssis rəyi verilərkən tərəflərin və mütəxəssislərin iştirakı ilə mübahisəli ərazinin koordinatları naturada plana alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş 1 nömrəli sxemdən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-344A saylı Şəhadətnamənin yerə uyğun şərti yerləşmə vəziyyətinə görə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,045 ha hissəsi cavabdeh Seyfullazadə Gülnar Yalçın qızı tərəfindən istifadə edilir. Mütəxəssis rəyinin verilməsinə görə xidmət haqqı məbləği 311 manat təşkil edir. İşdəki 19 aprel 2021-ci il tarixli, 10/580 saylı ekspert rəyindən görünür ki, JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri Lənkəran rayonu Göyşaban yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planının yerəuyğun şərti yerləşmə vəziyyətinə görə müəyyən olunmuşdur. Həmçinin, iddiaçının iddia etdiyi, məhkəmə predmeti olan torpaq sahəsinin və üzərində yerləşən tikililərin koordinatları naturada müəyyən olunaraq araşdırılmışdır. Məlum olmuşdur ki, mübahisə predmeti olan cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi üzərində tikilmiş tikililərdən birinin (fərdi yaşayış evinin) müəyyən hissəsi JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin üzərində yerləşir. Tikilinin (fərdi yaşayış evinin) digər hissəsi isə Lənkəran rayonu Göyşaban yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planının yerə uyğun şərti yerləşmə vəziyyətinə görə bələdiyyə mülkiyyətinə aid (1134B/0.02) torpaq sahəsində yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN-344A saylı Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,045 ha hissəsi cavabdeh X6 tərəfindən istifadə edilir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki 18 noyabr 2021-ci il tarixli, 10/4504 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin 0,045 ha hissəsinin və cavabdehin istifadəsində olan 10 metr uzunluqda, 8,7 metr enində fərdi yaşayış evinin 43,5 kv.m (5×8,7) hissəsinin JN-344A, Kod 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan JN-345A, KOD 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 17 may 2004-cü il tarixli, 07 saylı qərarı ilə Nümayəndə1 (Əflatun) Seyfulla oğlu və onun ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evinə dair layihə hazırlanmış, həmin layihə Lənkəran şəhərinin baş memarı ilə də razılaşdırılmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından görünür ki, iddiaçı Lənkəran rayonunun Göyşaban kəndində JN- 344A nömrəli, KOD 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsində qanunsuz tikilmiş yaşayış evinin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi 2(049)-606/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianı qismən təmin etmiş, cavabdehin Torpağın mülkiyyətə verilməsinə dair JN-344A saylı Şəhadətnamə ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Göyşaban kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,045 ha hissəsindən çıxarılmasını və cavabdehin istifadəsində olan 10 metr uzunluqda, 8,7 metr enində fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsinə düşən 43,5 kv.m (5×8,7) hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsini qət etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, 2016cı ildə el adəti ilə ailə həyatı qurduqdan sonra o, soyadını dəyişmiş, “Seyfullazadə” soyadını “Səfərli” olaraq dəyişdirmişdir. Bu səbəbdən də qətnamə düzgün olmayan cavabdehlə bağlı qəbul olunmuş, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərkən onun soyadını dəqiqləşdirməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilini qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh yeni şəxsiyyət vəsiqəsini 13 oktyabr 2020-ci ildə almış, bu zaman soyadını dəyişərək “Səfərli” soyadını götürmüş, hazırkı iddia ərizəsi isə məhkəməyə 25 noyabr 2020-ci ildə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh iddianın məhkəməyə verilməsindən qısa müddət öncə soyadını dəyişmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində qeyd edilən dəlilə istinad etsə də, özü də apellyasiya şikayətində özünün əvvəlki soyadından istifadə edir. Qeyd edilənlər sözügedən dəlilin qətnamənin ləğvi üçün əsas təşkil etmədiyini göstərir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində yerləşmir və evin iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi ilə bağlı ekspert rəyi elektron baza məlumatlarına əsasən tərtib olunmadığına görə mötəbər hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, 19 aprel 2021-ci il tarixli, 10/580 saylı ekspert rəyində ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlarının təqdim edilmədiyi qeyd edilsə də, həmin rəyin 19 mart 2021ci il tarixli mütəxəssis rəyi əsasında verildiyi müəyyən olunur. Həmin mütəxəssis rəyi verilərkən isə tərəflərin və mütəxəssislərin iştirakı ilə mübahisəli ərazinin koordinatları naturada plana alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. Göründüyü kimi, ekspert rəyində qeyd edilənlər də əslində elektron baza məlumatlarına əsaslanan mütəxəssis rəyi əsasında bildirilmişdir. 19 aprel 2021-ci il tarixli, 10/580 saylı ekspert rəyi ilə müəyyən olunur ki, mübahisə predmeti olan cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi üzərində tikilmiş tikililərdən birinin (fərdi yaşayış evinin) müəyyən hissəsi JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN-344A saylı Şəhadətnamə ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,045 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Bundan başqa, 18 noyabr 2021-ci il tarixli, 10/4504 saylı ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehin faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin 0,045 ha hissəsi və cavabdehin istifadəsində olan 10 metr uzunluqda, 8,7 metr enində fərdi yaşayış evinin 43,5 kv.m (5×8,7) hissəsi JN- 344A, Kod 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsində yerləşir. Sözügedən ekspert rəyləri ilə müəyyən edilənlər əsasında məhkəmə kollegiyası bildirir ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin 43,5 kv.m hissəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində yerləşir və iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,045 ha hissəsi cavabdehin istifadəsindədir. İşdəki Lənkəran rayon Göyşaban bələdiyyəsinin 92 nömrəli, 20 iyun 2019-cu il tarixli arayışından görünür ki, Lənkəran rayonunun Göyşaban kəndində İddiaçı mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin bir hissəsinə qaynatası Nümayəndə1 nəvəsi üçün tikdiyi yaşayış evi düşmüşdür. İş materiallarının 25-ci vərəqində olan Lənkəran ŞİHB-nin Göyşaban inzibati dairəsi nümayəndəsi Orxan Hüseynli və Göyşaban bələdiyyəsinin sədri Abdulla Fəttayev tərəfindən imzalanmış 28 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, onlar Göyşaban kənd sakini Nümayəndə1 müraciətinə əsasən həyətində nəvəsi Gülnar Seyfullazadə üçün tikdiyi evdə dəfələrlə olmuşlar. Onlarla yanaşı, orada polis sahə rəisi İlqar müəllim də olmuşdur. Araşdırma zamanı icra nümayəndəsi Orxan Hüseynli həmin torpaq sahəsinə iddia edən Nümayəndə2 zəng vuraraq iştirak etmək üçün dəvət etmiş, lakin Kamran gəlməkdən imtina etmişdir. Nümayəndə2 iddia etdiyi anası İddiaçı adına olan 0,06 ha torpaq sahəsi boşdur və ora heç bir müdaxilə olunmamışdır. İş materiallarının 26-cı vərəqində olan Lənkəran rayon Göyşaban bələdiyyəsinin 159 nömrəli, 29 dekabr 2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Lənkəran rayonu, Göyşaban kənd sakini Gülnar Seyfullazadənin yaşadığı evin İddiaçı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, onun əlavə torpağı var. Məhkəmə kollegiyası sözügedən arayışlarla bağlı bildirir ki, həmin arayışları vermiş qurumlar mübahisəli torpaq sahəsi ilə bağlı mötəbər rəy vermək səlahiyyətinə malik qurumlar deyil və onların sözügedən arayışları müvafiq tədqiqatlara əsaslanmadan verilmişdir. Bundan əlavə, bələdiyyənin verdiyi arayışlar arasında ziddiyyət də mövcuddur. Belə ki, Lənkəran rayon Göyşaban bələdiyyəsi 20 iyun 2019-cu il tarixli arayışında mübahisəli fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətində olan 0,06 ha hissəsinə düşdüyünü qeyd etsə də, 29 dekabr 2020-ci il tarixli arayışında həmin evin iddiaçının torpaq sahəsinə heç bir aidiyyətinin olmadığı göstərilmişdir. Göründüyü kimi, hər iki rəy arasında ziddiyyət mövcuddur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, sözügedən arayışlar fərdi yaşayış evinin bir hissəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə düşüb-düşməməsi ilə bağlı hissədə mötəbər hesab oluna bilməz. Apellyasiya şikayətində mübahisə predmeti olan fərdi yaşayış evinin cavabdehin babası Nümayəndə1 tərəfindən tikilməsi və torpaq sahəsinin onun tərəfindən zəbt edilməsi səbəbindən cavabdeh kimi onun göstərilməli olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmayaraq bildirir ki, həm apellyasiya məhkəməsinin iclasında Nümayəndə1 bildirdikləri ilə, həm də iş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi Nümayəndə1 tərəfindən inşa edilmiş olsa da, həmin fərdi yaşayış evi və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,045 ha hissəsi hazırda cavabdeh Gülnar Seyfullazadənin (Səfərlinin) istifadəsindədir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsaslı hesab etmir. Bu baxımdan mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehin istifadəsində olması müəyyən edildiyinə görə iddiaçının hazırkı tələblə çıxış etmək üçün subyektiv hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Sadalananlarla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri sayır: İddiaçı tələbini əsaslandırarkən qeyd edir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsində qanunsuz ev tikmiş, dəfələrlə ondan qanunsuz hərəkətlərini dayandırmasını xahiş etmiş, lakin cavabdeh evin tikintisini başa çatdırmış və evin içərisini də tam təmir etdirmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, evi tikərkən iddiaçı bunu bilmiş, lakin etiraz etməmişdir. Onların sonradan münasibətləri pisləşmiş və iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyi ilə evin bir hissəsinin iddiaçının torpaq sahəsində yerləşdiyi müəyyən edilsə də, cavabdeh özünə məxsus torpaq sahəsindən iddiaçıya əlavə torpaq verə bilər. Ona görə də iddia rədd olunmalıdır. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 18 noyabr 2021-ci il tarixli, 10/4504 saylı ekspert rəyi ilə cavabdehin istifadəsində olan 10 metr uzunluqda, 8,7 metr enində fərdi yaşayış evinin 43,5 kv.m (5×8,7) hissəsinin JN-344A, Kod 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilir. Birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasını, cavabdehin inşa etdiyi, dövlət reyestrində qeydə alınmamış tikilinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə özbaşına inşa edildiyini nəzərə alaraq iddianı qismən təmin etmiş, torpaqdan çıxarılma ilə yanaşı, evin bir hissəsinin sökülməsi də qət edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri – mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. İşdəki Lənkəran ŞİHB-nin Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 nömrəli, 22 iyun 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Nümayəndə1 nəvəsi Seyfullazadə Gülnar Yalçın qızı üçün 20 iyul 2012-ci ildə ev tikərkən Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gəlini İddiaçı tərəfindən tikintinin dayandırılması barədə heç bir rəsmi müraciət olunmamışdır. İş materiallarının 25-ci vərəqində olan Lənkəran ŞİHB-nin Göyşaban inzibati dairəsi nümayəndəsi Orxan Hüseynli və Göyşaban bələdiyyəsinin sədri Abdulla Fəttayev tərəfindən imzalanmış 28 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, onlar Göyşaban kənd sakini Nümayəndə1 müraciətinə əsasən həyətində nəvəsi Gülnar Seyfullazadə üçün tikdiyi evdə dəfələrlə olmuşlar. Onlarla yanaşı, orada polis sahə rəisi İlqar müəllim də olmuşdur. Araşdırma zamanı icra nümayəndəsi Orxan Hüseynli həmin torpaq sahəsinə iddia edən Nümayəndə2 zəng vuraraq iştirak etmək üçün dəvət etmiş, lakin Kamran gəlməkdən imtina etmişdir. Mübahisəli evin tikilməsi zamanı tikintinin dayandırılması barədə kənd icra nümayəndəliyinə hər hansı müraciət edilməmişdir. İddiaçı tərəf də evin tikilməsi zamanı həqiqətən də cavabdeh tərəfə tikintinin dayandırılması barədə müraciət etdiklərini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, qeyd edilənlər onu göstərir ki, mübahisə predmeti olan fərdi yaşayış evi inşa edilərkən iddiaçı və onun ailə üzvləri hər hansı bir etiraz bildirməməklə evin inşasına qapalı şəkildə razılıqlarını bildirmişlər. Mübahisənin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmadan, tərəflərin izahatları, təqdim etdikləri sübutlar və işdəki digər məlumatlar əsasında cavabdeh tərəfindən mübahisəli tikili inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən cavabdehin çıxarılmasını və orada inşa edilmiş tikilinin sökülməsini tələb etmək hüququ mövcud olsa da, qanunvericilik onun bu hüququndan istifadəsini hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi ilə məhdudlaşdırmışdır. Hazırda iş materiallarından mübahisəli fərdi yaşayış evinin tikilməsi zamanı onun inşasına iddiaçı və ailə üzvləri tərəfindən qapalı şəkildə razılığın verilməsi müəyyən edildiyindən, eləcə də, cavabdeh tərəf evin yerləşdiyi torpaq sahəsi qədər, hətta ondan da artıq ölçüyə malik torpaq sahəsini iddiaçıya verməyə hazır olduğunu bildirsə də, iddiaçı evin sökülməsində təkid etdiyindən, məhkəmə kollegiyası evin sökülməsi və həmin hissədə cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı hissədə iddiaçının tələbini hüquqdan sui-istifadə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında da “hüquqdan sui-istifadə qadağası”nın hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olduğu qeyd edilmişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına dair bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı haqq sahibinin özünün deyil, ümumiyyətlə, dürüst və ədalətli bir insanın hərəkət tərzinə dair olan meyar və ölçüdür. Yəni burada “obyektiv vicdanlılıq” halı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə qəbul etdiyi 17 sentyabr 2021-ci tarixli Qərarında göstərilmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, haqq şəxsin hüquq sistemi tərəfindən himayə edilən mənafeyidir. Şəxsin öz haqqından istifadə etməsi isə onun sözügedən bu mənafeyini həyata keçirməsi, ondan faydalanması deməkdir. Bu səbəblə də şəxsin ona məxsus haqdan hüquq sistemi tərəfindən himayə edilən mənafeyini həyata keçirmək, bu mənafeyindən faydalanmaq üçün deyil, qeyri-legitim məqsəd və mənafelər üçün istifadə etdiyi təqdirdə haqdan sui-istifadə halı (müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi) əmələ gəlir. Hazırkı işdən də görünür ki, cavabdeh tərəf evin sökülməməsi müqabilində iddiaçı tərəfə əlavə torpaq sahəsinin verilməsinə hazır olsa da, iddiaçı tərəf bundan imtina edir və cavabdehin istifadəsində olan evin sökülməsini tələb etməklə əslində münasibətlərinin pis olması səbəbindən qeyrilegitim məqsədlə öz hüququnu həyata keçirməyə çalışır. Apellyasiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsinin evin onlara məxsus torpaq sahəsində yerləşən 43,5 kvadrat metr hissəsi sökülərsə, evdən təyinatı üzrə istifadənin mümkün olmayacağını və bunun evin tam məhvi ilə nəticələnəcəyini bildiyini deməsi, mübahisəli ərazidə torpaq sahəsinin 1 sotunun orta bazar qiyməti 2-3 min manat olsa da, iddiaçı tərəfin niyyətinin onlara məxsus torpaq sahəsini 30 min manata satmaq olmasını, cavabdeh tərəfin ya onlara məxsus torpaq sahəsini 30 min manata almalı, ya da iddia təmin edilərək, fərdi yaşayış evinin onlara məxsus torpaq sahəsində yerləşən hissəsi sökülməli və cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılmalı olduğunu qeyd etməsi onu göstərir ki, iddiaçı tərəf açıq-aşkar müdafiə edilməli olan şəxsi mənafeyinin əsasını təşkil etməyən hüququ həyata keçirməyə çalışır. Həqiqətən də, 3-16-16/2-10/8204 saylı, 29 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə JN-344A, Kod 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsində yerləşən və cavabdehin istifadəsində olan 10 metr uzunluqda, 8,7 metr enində fərdi yaşayış evinin 43,5 kv.m (5×8,7) hissəsinin söküləcəyi təqdirdə, həmin fərdi yaşayış evinin qalan hissəsindən təyinatı üzrə istifadə etməyin mümkün olmayacağı, evin qalan hissəsinin dayanıqlığının və möhkəmliyinin pozulacağı müəyyən olunmuşdur. Bundan başqa, tikintinin dayandırılması ilə bağlı iddiaçı tərəfindən hər hansı rəsmi müraciətin olmaması, cavabdeh tərəfə qarşı bu cür tələbin irəli sürülməsi ilə bağlı hər hansı sübutun təqdim edilməməsi onu göstərir ki, cavabdeh tərəf iddiaçının bu davranışına güvənərək, fərdi yaşayış evinin həqiqətən də cavabdeh tərəfə məxsus olan 0,06 ha torpaq sahəsində tikdiyini düşünmüşdür. İddiaçının hazırkı tələbi isə bu baxımdan da MM-in 560.3.4-cü maddəsinə görə hüquqdan sui-istifadə hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, cavabdehin istifadəsində olan fərdi yaşayış evinin iddiaçı və onun ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsinə düşən 43,5 kv.metr hissəsinə dair iddiaçıların onun sökülməsini tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-344A saylı Şəhadətnaməyə əsasən iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Lənkəran rayonunun Göyşaban kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,045 ha hissəsi cavabdeh tərəfindən faktiki olaraq istifadə edildiyindən, cavabdeh tərəfindən faktiki istifadə edilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 43,5 kv.metr hissəsi iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsində yerləşdiyindən, lakin həmin fərdi yaşayış evinin 43,5 kv.metr hissəsi ilə bağlı iddiaçının hüquqdan sui-istifadə etmə halı müəyyən edildiyindən, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilməli, cavabdeh iddiaçı və onun ailə üzvlərinə məxsus olan 0,06 ha torpaq sahəsinin 0,04065 ha (0,045 ha - 0,00435 ha) hissəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, 3-16-16/2-10/942 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəyi ilə mübahisəli fərdi yaşayış evinin giriş-çıxış hissəsinin iddiaçıya və ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan 0,045 ha hissəsinə düşdüyü müəyyən edilir. Həmin fərdi yaşayış evi sökülmədən cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilə bilməsi üçün evin önündə yerləşən (pilləkənin qabağında yerləşən) sahənin cavabdehin istifadəsində qalması zəruri hesab olunsa da, məhkəmə kollegiyası cavabdeh tərəfə sözügedən sahədən istifadə ilə bağlı servitutun əldə edilməsi ilə bağlı hüququnun olduğunu xatırladır. Belə ki, Torpaq Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Mülki Məcəllənin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Torpaq Məcəlləsinin 54.2-ci maddəsinə əsasən, servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Qeyd edilən normalara əsasən məhkəmə kollegiyası bildirir ki, cavabdehin sözügedən sahədən istifadə etməsi ekspert rəyi ilə zəruri hesab olunduğundan, cavabdehin fərdi yaşayış evindən sərbəst şəkildə istifadə edə bilməsi üçün qonşu torpaq mülkiyyətçisinin torpaq sahəsinə servitut qoyulmasını tələb etmək, o cümlədən bunu məhkəmə qaydasında tələb etmək hüququ vardır. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-606/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh JN-344A nömrəli, KOD 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olmaqla Lənkəran rayonunun Göyşaban kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,04065 ha hissəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə məhkəmə xərclərinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin qismən təmin edilməsinə baxmayaraq, iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən tutulması və mübahisə predmeti olan evin bir hissəsinin iddiaçı və ailə üzvlərinin torpaq sahəsinə düşməsi faktı müəyyən edildiyindən (hüquqdan sui-istifadə halı ilə əlaqədar həmin hissədə iddia təmin edilməsə belə), 3-16-16/2-10/8204 saylı, 29 noyabr 2023-cü il tarixli və 3-16-16/2-10/942 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatların cəmi dəyəri olan 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutulmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-606/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızı JN-344A nömrəli, KOD 80215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olmaqla Lənkəran rayonunun Göyşaban kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,04065 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. 3-16-16/2-10/8204 saylı, 29 noyabr 2023-cü il tarixli və 3-16-16/2-10/942 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatların cəmi dəyəri 100 manat məbləğində ekspertiza xərci cavabdeh Seyfullazadə (Səfərli) Gülnar Yalçın qızından tutularaq, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar