Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-804/2024 08.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaqdan çıxarılma, iddiaçının subyektiv hüququ yoxdur. X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(057)-128/2024 saylı (hakim Vəsilə Əliyeva) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Salyan rayonu, Seydan kəndində yerləşən ona məxsus olan 12 sot torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Salyan rayonu, Seydan kəndində yaşayır. Ona Salyan Rayon Aqrar İslahatı Komissiyasının 30 iyul 1998- ci il tarixli, 19 saylı qərarı ilə 1199,19 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair kifayət qədər sənədi də vardır. Lakin Cavabdeh 2005-ci ildən onun torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə ondan torpaq sahəsindən çıxmasını tələb etsə də, o, torpaq sahəsindən çıxmamış və qanunsuz olaraq torpaq sahəsinə sahib çıxmışdır. Hazırda da, o, torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Cavabdeh heç bir sənədi olmadığı halda onun torpağını ona vermir. Ona görə də, cavabdehin onun 12 sot torpaq sahəsindən çıxarılması məqsədəmüvafiq hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini uzun müddətdir ki, şifahi alqı-satqı əsasında iddiaçının qardaşından almışdır. Hazırda onun adına hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd olunmasını xahiş etmidir. Salyan Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(057)-128/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı məxsus Salyan rayonu, Seydan kəndində yerləşən torpaq sahəsindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152, 157-ci maddələrinin, Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh vicdanlı alıcıdır və iddiaçının qardaşından torpaq sahəsi almışdır, iddiaçı torpaq sahəsinin 20 ildən çoxdur istifadə etdiyini bilmişdir. Lakin hazırkı vaxtadək susaraq torpaq sahəsinin cavabdehə satılmasına razı olmuşdur. Əgər razı olmuşdursa bu zaman həmin torpaq sahəsi artıq cavabdehin mülkiyyəti hesab olunur. X4 Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı vardır ki, həmin qərardan görünür ki, torpaq sahəsi başqa şəxsə satılmış və uzun illər istifadəsində olmuşdur. Lakin mülkiyyətçi uzun illər susaraq sonradan məhkəməyə müraciət etmişdir. İddiaçının susması onun razılığını ifadə edir və mülkiyyət hüququnun ondan digər şəxsə keçməsini ehtiva edir. Cavabdeh vicdanlı alıcıdır, iddiaçının qardaşından pul verərək torpaq almışdır və iddiaçı uzun illər sonra ona qarşı iddia qaldırmışdır. Əgər iddiaçı özünü mülkiyyətçi hesab edirdisə, 2005-ci ildən hazırkı vaxtadək keçən 19 il ərzində torpağını tələb edərdi. Demək ki, o özünü mülkiyyətçi hesab etməmiş və iddia qaldırmamışdır. Məhkəmə isə həmin hallardan məlumatlı olmamış və ya Konstitusiya Məhkəməsinin qərarını oxumamış və nəticədə qanunsuz qərar qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı 2000-ci illərdə həmin torpaq sahəsində kiçik daxmada yaşamışdır. Sonradan həmin torpaq sahəsini satmaq istədiyindən həmin vaxtın pulu ilə 150 şirvana qeyd edilən torpaq sahəsini almışlar. Hazırda oradsa qardaşı Əlvan Həsənov yaşayır. Əlvanın torpağı 24 sotdur. Onun 12 sotu Əlvanın özünə ayrılmış torpaq sahəsi, 12 sotu isə iddiaçıdan aldığı 12 sot torpaq sahəsidir. Üçüncü şəxs X6 qardaşı Cavabdeh izahatına oxşar olan eyni məzmunlu izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, onun həmin torpaq sahəsində evi vardır. Evi iddiaçıdan aldığı torpaq sahəsində deyil, özünə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. İddiaçıdan aldığı torpaq sahəsində isə əkin-biçin edir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Salyan Rayon Aqrar İslahatı Komissiyasının 30 iyul 1998-ci il tarixli, 19 saylı qərarı ilə X1 mülkiyyətinə 1199,19 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə İddiaçı adınadır. İşdə olan iddia ərizəsindən görünür ki, iddiaçı qismində İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş şəxs İddiaçıdur. Həmçinin işdə olan şəxsiyyət vəsiqəsindən də məlum olur ki, həmin şəxsiyyət vəsiqəsində iddiaçının adı İddiaçı kimi yazılmışdır. Hazırda İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi isə Salyan Rayon Aqrar İslahatı Komissiyasının 30 iyul 1998-ci il tarixli, 19 saylı qərarı ilə X1 mülkiyyətinə 1199,19 kv.m. həyətyanı torpaq sahəsidir. Göründüyü kimi İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi ona deyil, başqa bir şəxs olan X2 məxsusdur. Həmçinin iddiaçı Salyan Rayon Aqrar İslahatı Komissiyasının 30 iyul 1998-ci il tarixli, 19 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş 1199,19 kv.m. həyətyanı torpaq sahəsinə dair plan və öçlü sənədinin İddiaçı məxsusluğu barədə iş materiallarına hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Salyan Rayon Məhkəməsinin iddianın mülkiyyətçi olduğunu nəzərə alaraq, cavabdehi torpaq sahəsindən çıxarmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququa malik olub-olmamasını araşdırmadan iddianı təmin etmişdir Qeyd edilənlərə əsasən də, hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(057)-128/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd edilməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. Kollegiya həmçinin iddiaçının diqqətinə çatdırır ki, Salyan Rayon Aqrar İslahatı Komissiyasının 30 iyul 1998-ci il tarixli, 19 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş A 171568 nömrəli həyətyanı torpaq sahəsinə dair plan və öçlü sənədinin İddiaçı məxsus olması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra iddiaçı yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(057)-128/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-804/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-804/2024
08.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver