Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-806/2025 12.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 2(038)-67/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övlaları xx.xx.2022-ci il tarixdə doğulmuş X1 və xx.xx.2020- ci il tarixdə doğulmuş X2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-67/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi (hakim Rəşad Məmmədov) ilə, iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərək yekun hüquqi nəticəyə gələrkən prosessual hüquq normasını səhv təfsir və tətbiq etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, gəlinmiş nəticələrin daha aydın və anlaşılan başa düşülməsi üçün birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1-ci maddəsinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 2 iyun 2021-ci il tarixli qərarına əsasən qeyd olunur ki, Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Göründüyü kimi, hazırki işdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair iddiası məhz yuxarıda şərh olunan mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar növünə aiddir. Belə olan halda iddia, məhz mübahisəli əmlakın olduğu yerə (Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən fərdi yaşayış evi), yəni Abşeron rayonunun ərazisində yerləşdiyindən iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə verilməlidir. Baxmayaraq ki, Yardımlı Rayon Məhkəməsi prosessual normanın qeyd olunan tələbinə riayət etməməklə mülki işi icraatına qəbul etməklə buna baxmağa hüququ olmayan hakim kimi işə baxmışdır. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının hazırkı iddia tələbi üzrə müqayisəli təhlilini apararaq qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət etmək iddiaçının konstitusion hüququdur. Bu hüququndan istifadə edərək özünün pozulmuş və ya pozulması ehtimal edilən hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.1-ci maddəsinə əsasən işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də məhkəmə kollegiyasi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 2(038)-67/2025 saylı, 11 fevral 2025ci il tarixli qətnaməsinin prosessual hüquq normaların pozulması ilə qəbul edildiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apelyasiya şikayəti birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının səhv tətbiq edilməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 2(038)-67/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.1, 263-264-cü 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 2(038)-67/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-806/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-806/2025
12.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver