Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-814/2023 01.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X6rşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(036)-523/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı əmək kitabçasına əsasən, 1 may qəsəbə xəstəxanasının xx.xx.2011-ci il tarixli, 26 nömrəli əmri ilə 1.0 oklad bağban vəzifəsinə işə qəbul edilmiş, İmişli Rayon Mərkəzi Xəstəxanası X8 xx.xx.2021-ci il tarixli əmri ilə Səhiyyə Xidmətlərinin Təşkili şöbəsində mühafizəçi vəzifəsinə yerləşdirilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanası X10 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmri ilə Səhiyyə Xidmətinin Təşkili şöbəsində mühafizəçi vəzifəsində işləyən İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanası X8 vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən, səhiyyənin təşkili şöbəsində işləyən İddiaçı xx.xx.2022ci il tarixdən işə çıxmır. X2 vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı (vəzifəsi göstərilməmişdir) xx.xx.2022-ci il tarixdə saat 12:18 radələrində işdə olmadığı müəyyən edilmişdir. İddiaçı və nümayəndəsi İmişli Rayon Mərkəzi Xəstəxanası X8 iddiaçının Səhiyyə Xidmətlərinin Təşkili şöbəsində mühafizəçi vəzifəsinə keçirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmrindən məlumatsız olduqlarını bildirmişlər. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı İmişli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X8 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə, yəni İmişli Rayon Mərkəzi Xəstəxanası X10 Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə məhrum olduğu əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixli 21 saylı əmrlə “İmişli Mərkəzi Rayon Xəstəxanası” X10 Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsində işləyirmiş. “İmişli Mərkəzi Rayon Xəstəxanası” X10 direktoru X5 xx.xx.2022-ci il tarixli 775 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verimişdir. Əmrdə göstərilmişdir ki, guya iddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Həmişə vaxtlı-vaxtında işdə olmuş, lakin səhiyyənin təşkili şöbəsində dəqiq uçot aparlmadığından guya onun işdə olmadığı göstərilib. Belə ki, işini İmişli Mərkəzi Rayon Xəstəxanasında yerinə yetirməsinə baxmayaraq işə gedib-gəlmə uçotu qeyriqanuni olaraq Bəhrəmtəpə qəsəbəsində yerləşəm tibb məntəqəsində aparılır. Qərəzli şəkildə guya işdə olmaması barədə məlumat verilib və müdiriyyət isə bunu araşdırmadan onunla aralarında bağlanmış əmək müqaviləsinə AzərbaycanRespublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qanunsuz olaraq xitam vermişdir. Halbuki, onun əmək fəaliyyətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən xüsusatlar olmamışdır. Ondan həmin faktla bağlı izahat alınmamışdır. Əmək müqaviləsinə xitam verilməsi yerli həmkarlar təşkilatında müzakirə olunmamış, razılıq alınmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: İmişli Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(036)-523/2023 nömrəli qətnaməsi ilə (hakim Qurban Hacıyev) “İmişli Rayon Mərkəzi Xəstəxanası” X8 23 sentyabr 2022-ci il tarixli,775 nömrəli əmri ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni İmişli Rayon MərkəziXəstəxanasının Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa olunması və ona işdən çıxarıldığı gündən bərpa olunduğu günədək əmək haqqı fərqinin ödənilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən işçinin heç bir səbəb göstərmədən işə gəlməməsi ilə bağlı tərtib etdikləri akta əsaslanmışdır. Məhkəmə qeyd edir ki, bu hal cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirir və cəmi bir gün müəyyən səbəbdən işə çıxmamağın işəgötürən tərəfindən işçinin əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeyd olunan halın işçinin əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, işəgötürən işçi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin hərfi mənasına əsaslanmışdır. Bundan əlavə məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı bir gün deyil aylardır işə çıxmır, bu səbəbdən işəgötürənin əmrini qanuni və əsaslı hesab edir. Lakin, işçi qeyd olunan halın baş vermədiyini hər gün vaxtı-vaxtında işdə olduğunu və işdən çıxarıldığı günədək ona hər ay əmək haqqı ödənildiyini bildirmiş, cavabdehin nümayəndəsi isə işdən çıxarıldığı günədək işçiyə hər ay əmək haqqı ödənildiyini etiraf etmişdir. İşdən çıxarıldığı günədək işçiyə hər ay əmək haqqı ödənilməsi və işə davamiyyət tabelinin məhkəməyə təqdim edilməməsi halları işçinin işdən çıxarıldığı günədək işdə olmasına dəlalət verir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci və 300cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işin halları tam araşdırılmamış, təqdim edilən sübutlara tam, məcmu halında qiymət verilməmişdir. İddia, iddia müddəti ötürülməklə məhkəməyə verilmişdir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməsinə baxmayaraq, qətnamədə bu məsələyə qiymət verilməmiş, ümumiyyətlə iddia müddətinin tətbiqinə dair ərizəyə qətnamədə heç toxunulmamışdır. İddiaçı mübahisələndirilən xx.xx.2022-ci il tarixli əmri xx.xx.2022-ci il tarixdə almış, lakin həmin əmrdən şikayəti xx.xx.2022-ci il tarixdə vermişdir. Bununla da iddia müddəti ötürülmüşdür. İddia ərizəsində qeyd edilib ki, mediasiya prosesində iştirak etməmək arayışını xx.xx.2022-ci il tarixdə alıb, ona görə də məhkəməyə iddia ərizəsini vermək üçün buraxılmış müddət üzürlü hesab edilməlidir. İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri də pozulmuşdur. Məhkəmə iddiaçının bir gündən artıq müddətdə işə gəlməməsinə dair cavabdeh tərəfindən təqdim olunmuş sübutlara qiymət verməmişdir. Mülki Məcəllənin 372.1-372.2-ci və Əmək Məcəlləsinin 296.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı işdən çıxarılması barədə əmrin surətini xx.xx.2022-ci il tarixdə almış, mediasiya prosesinin tətbiqinə dair təklifi cavabdehə xx.xx.2022-ci il tarixdə göndərmiş, mediasiya prosesində iştirak etməmək arayışı xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, 30 günlük müddət xx.xx.2022-ci il tarixdə artıq bitmişdir. Mülki Məcəllənin 375-ci maddəsinin tələbləri pozularaq cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair təqdim olunmuş ərizəyə münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 71 və 88-ci maddələrinin tələbləri pozularaq cavabdehin təqdim etdiyi sübutlara qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X8 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək İmişli Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(036)-523/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək İmişli Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(036)- 523/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclaına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materialında olan iddiaçıya məxsus 059150 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 1 may qəsəbə xəstəxanasının xx.xx.2011-ci il tarixli, 26 nömrəli əmrinə əsasən 10 oklad bağban vəzifəsinə işə qəbul edilmiş, İmişli Rayon Mərkəzi Xəstəxanası X8 xx.xx.2021-ci il tarixli əmri ilə Səhiyyə Xidmətinin Təşkili şöbəsindəmühafizəçi vəzifəsində işləyən İddiaçı Səhiyyə Xidmətinin Təşkili şöbəsində mühafizəçi vəzifəsinə yerləşdirilmişdir. İş materialında olan İmişli Rayon Mərkəzi Xəstəxanası X10 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Səhiyyə Xidmətinin Təşkili şöbəsindəmühafizəçi vəzifəsində işləyən İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya şikayətinin əsası cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməsinə baxmayaraq, qətnamədə bu məsələyə qiymət verilməməsi, bununla da Mülki Məcəllənin 375-ci və Mülki Prosessual Məcəllənin 71 və 88-ci maddələrinin tələblərinin pozulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsinə baxmayaraq, iş materialında cavabdehin belə bir ərizəsi aşkar edilməmiş və cavabdehin apellyasiya instansiyasında iştirak edən nümayəndəsi bu faktı qəbul etmişdir. Ona görə də kollegiya, apellyasiya şikayətinin dəlilini əsasız hesab edir. Bundan əlavə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80ci maddəsinin 2-ci bəndinin tələbləri pozulmuş, həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş İmişli rayon X3 İttifaqı Şurasının iclasının xx.xx.2022-ci il tarixli 45 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, həmkarlar ittifaqı təşkilatı təqdimat əsasında deyil, akt əsasında qərar qəbul etmiş və eyni zamanda işçini iclasa dəvət etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən tələb edilməsinə baxmayaraq İmişli rayon X3 İttifaqı Şurasının iclasının xx.xx.2022-ci il tarixli 45 nömrəli protokolundan çıxarışın əsli və yaxud lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Bundan əlavə, Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, həmin maddənin 4 və 7ci bəndlərində qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın “Əmrlərin hazırlanması və tərtib edilməsi” adlanan 9-cu bölməsinə əsasən;
62. Əmr, şərh və sərəncam hissələrindən ibarət olur (6 nömrəli əlavə). Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır.
63. Əmrin sərəncam hissəsi mətn dayandırılmadan “əmr edirəm” sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.
64. Əmrin mətni əlaqədar struktur bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər.
65. Əmri hazırlayarkən icraçı onu struktur bölmələrinə və tabelikdə olan təşkilatlara göndərmək zərurətini və əmrin tirajını müəyyən edir. Ünvan sahiblərinin siyahısı həmin əmrin son vərəqinin əks tərəfində çap olunur və ya müstəqil sənəd kimi əlavə edilir (tiraj böyük olduqda).
66. Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır (7 nömrəli əlavə). Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi İmişli Rayon Mərkəzi Xəstəxanası X8 iddiaçının Səhiyyə Xidmətlərinin Təşkili şöbəsində mühafizəçi vəzifəsinə keçirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmrindən məlumatsız olduqlarını bildirmişlər. Cavabdeh tərəf də öz növbəsində iddiaçının sözügedən əmrlə tanış edilməsi və ya surətinin ona təqdim edilməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası X8 və X2 vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş aktlarda iddiaçının 2022-ci ilin avqust ayından işə gəlmədiyi qeyd olunsa da barəsində hər hansı bir intizam tənbehinin tətbiq olunmaması, ən əsası iddiaçının X4 ilə heç bir əlaqəsi olmadığı halda həmin məntəqənin onun barəsində akt tərtib etməsi sözügelən aktların mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X8 direktoru X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(036)-523/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.