Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-816/2023 15.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)56/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İmişli şəhəri, S.Bəhlulzadə küçəsinin yağınlığından atası X3 verilmiş 500 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)56/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən Q.Hacıyev), iddianın təmin edilməməsi ,iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci iddiaçının özünə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatına sərf olunmuş 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutulub dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Yuxarıda sadalanan prosessual hüquq normalarının mənasından da göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxsin iddiaçı olması üçün onun cavabdehlərə yönələn tələbinin nədən ibarət olması ərizədə göstərilməli, həmçinin cavabdeh olması üçün, mütləq şəkildə ona qarşı qanunvericiliklə yolverilən hər hansı bir iddia tələbi yönəldilməlidir. İş apelyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə, X3 İmişli şəhəri, S.Bəhlulzadə küçəsinin yaxınlığında yerləşən 500 kv.m həyətyanı torpaq sahəsi satılmışdır. Bu barədə Torpaqların alqı-satqısına dair aktı və torpaq sahəsinin planı tərtib edilmiş rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. Atası yəni X5 İddiaçı torpaq sahəsini idarə etmək üçün ona etibarnamə vermişdir İş materiallarına əlavə olunmuş 11 iyul 2022-ci il tarixli etibarnamədən görünür ki, X1 Elşən Elman oğluna harada yerləşməsindən asılı olmayaraq və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, notariat ofisində, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə de sənədləri almağı, bütün bank əməliyyatları aparmağı(mədaxil,məxaric,köçürmə), hesab açmağı, bağlamağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün kartları, həmçinin pul kartı, pensiya kartı almağı, təhvil verməyi, pensiya işi ilə əlaqədar sənədləşdirmə işləri aparmağı, pul almağı, qoymağı, poçt, telegraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, DYPİdə nümayəndəm olmağı, vəkillərlə müqavilə bağlamağı, sənədləşmə işləri aparmağı, sənədləri almağı, notariusa müraciət etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi işləri aparmağı, çıxarış və texniki pasportlar almağı, əmlakı və ya pulu almağı, ƏRİZƏ YAZMAĞİ, İmza etməyi, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Qeyd edilən maddi hüquq normalarının məzmunundan da göründüyü kimi, hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Fiziki şəxsin istənilən sayda daşınar və daşınmaz əmlakı ola bilər ki, bu əmlakları da etibarnamə ilə idarəciliyə verə bilər. Əmlakının etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun keçməsinə səbəb olmur. Bu hüququn istənilən şəxsdən müdafiəsi üçün ilk növbədə mülkiyyətçi olan şəxs məhkəmə müdafiəsini həyata keçirməkdən ötrü həmin şəxsdə ayrıca etibarnamə verməlidir. Belə ki, MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. İş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən çıxarılması tələb olunan Cavabdeh mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, çünki qeyd olunan 1000 kv.m torpaq sahəsi İmişli şəhər sakini X6 fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli qərarı ilə satılmışdır. Belə olan halda iddiaçının iddia tələbi hazırkı Cavabdeh deyil, torpağın sahibi X6 qarşı mübahisələndirilə bilərdi. Göründüyü kimi İddiaçı Səməd oğlu etibarnamə ilə verilmiş səlahiyyətlərdən kənara çıxaraq X2 adından cavabdehə qarşı iddia qaldırmalı olduğu halda öz adından iddia qaldırmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə tələbi və həmin tələbin məhz onun tərəfindən cavabdehə yönəltməkdə haqlı olub-olmaması araşdırılmamış, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsini Azərbaycan Respublikası MPM-nin 54.1, 54.2 və 54.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməmiş, bu isə nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində nəzərdə tutulmuş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçirməyinə kömək göstərmək kimi məhkəmə baxışının prinsiplərini pozmuşdur. Halbuki birinci instansiya məhkəməsi iddiaçıya tələb hüququ olmayan şəxs olmasını izah etməli və ona əmlakın mülkiyyətçisi olan şəxslə əvəz edilməsini təklif etməli məhkəmə tərəfindən verilmiş təklif iddiaçı tərəfindən qəbul edildiyi halda onun razılığı ilə əsl olmayan iddiaçı əsl iddiaçı ilə əvəz edilməli idi. Əks təqdirdə məhkəmə verilmiş iddia tələbi həcmində işə mahiyyəti üzrə baxaraq yekun nəticəyə gəlməli idi. Məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, əsl olmayan tərəfin apellyasiya icraatı zamanı əsl tərəflə əvəz edilməsi tərəf tələb üzrə əldə etmiş hüquqlarının müdafiəsini (tələbin həcminin artırılıb-azaldılması, tələbin dəyişdirilməsi, tələbdən imtina, barışıq sazişi və s.) birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsində əldə etmiş olacaqdır ki, bu da birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırmasının əhəmiyyətsiz olmasına gətirib çıxaracaqdır. Bu isə cavabdehin verilmiş iddia tələbinə münasibətinin aydınlaşdırılması və özünün hüquqlarının müdafiəsi üçün kifayət qədər imkana malik olmaq hüququndan (iddia qarşı etiraz və ya qarşılıqlı iddia vermək və s.) məhrum edilməsinə gətirib çıxaracaqdır. Belə vəziyyət həmçinin nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə səbəb olacaqdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən prosessual qanunvericiliyi pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş və həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Beləliklə məhkəmə kollegiyasının yuxarıda qeyd olunanla bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçını mülkiyyətçi kimi qəbul edərkən səhv nəticəyə gəlmişdir. Bundan başqa o, da qeyd olunmalıdır ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanması kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı olduğu halda bunu etməmiş və nəticədə icraata qəbul edərkən nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyətinin olub-olmamasını müəyyən etmədən iddia ərizəsini icraata qəbul etmiş və bununla da əsasız məhkəmə çəkişməsinin yaranmasına səbəb olmuşdur. Halbuki tərəfin məhkəməyə müraciət etdiyi vaxt qüvvədə olan “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-cı il tarixli 3 saylı qərarın 6.2-ci bəndinə görə ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə qəbul edilmiş qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və qətnamənin ləğv edilməsi üçün əsas olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)56/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-816/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-816/2023
15.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver