Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-818/2023 18.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işi üzrə İmişli Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(036)-113/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 7 nömrəli müqavilə şərtlərini pozduğuna görə 10.000,0 manat, dəymiş zərərə görə 14.000,0 manat, ümumilikdə 24.000,0 manat alınıb cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 nömrəli transfer müqaviləsinə əsasən tərəflər tam iki il müddətində əməkdaşlıq etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə çərçivəsində Cavabdeh "xxxx" MMC-dən qabaqcadan 10.000,0 manat birdəfəlik ödəniş almış və göstərdiyi xidmətə görə cəmiyyətin hesabına ödənilən məbləğin 60 faizini əldə etmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq heç bir üzürlü səbəb olmadan xx.xx.2022-ci il tarixdən işə çıxmayaraq klinikanın iş fəaliyyətini pozmuş, eyni zamanda klinikada tətbiq edilən tanıtım, video və foto reklamları öz adından paylaşaraq fəaliyyətini başqa yerdə davam etdirməklə cəmiyyətə böyük məbləğdə maddi zərər vurmuşdur. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli 7 nömrəli müqavilə şərtlərini pozduğuna görə 10.000,0 manat, dəymiş zərərə görə 14.000,0 manat, ümumilikdə 24.000,0 manat alınıb cəmiyyətin hesabına ödənilməsi barədə iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı "xxxx" MMC xx.xx.2021-ci il tarixli 7 nömrəli müqavilə çərçivəsində Cavabdeh birdəfəlik ödəməli olduğu 10.000,0 manat məbləğində əmək haqqını qabaqcadan ödəməmiş və onun tərəfindən yerinə yetirilən işlərə görə cəmiyyətin hesabına ödənilən məbləğin 60 faizini mənimsəmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 7 nömrəli müqavilə şərtlərini pozması səbəbindən Cavabdeh həmin müqavilə çərçivəsində əməkdaşlıqdan imtina etmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İmişli Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(036)-113/2023 saylı qətnaməsi ilə (sədrlik edən Ü.Qənbərov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 10.000,0 (on min) manat və 120,0 (yüz iyirmi) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, icraçı transfer sifarisçi "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli 07 nömrəli müqavilənin icrasından birtərəfli qaydada imtina etdiyindən və belə imtinaya qanunla və ya tərəflərin razılaşması ilə yol verilmədiyindən cəmiyyətin öhdəliklərinə müqavilənin bağlandığından xitam verilmişdir. Ona görə də o, həmin müqavilə üzrə "xxxx" MMC-dən qabaqcadan aldığı 10.000 manat məbləğində birdəfəlik ödəməni cəmiyyətə qaytarmalıdır. Hesab edir ki, o, müqavilədə göstərildiyi kimi həmin məbləği almadığına görə onu ödəmək öhdəliyi yoxdur. Onunla “Est.Etik Clinic and Spa Center" MMC arasında bağlanmş xx.xx.2021-ci il taixli 7 nömrəli müqavilə çərçivəsində ona bir dəfəlik ödəməli olduğu 10.000 manat məbləğində əmək haqqını qabaqcadan ödəməmiş və onun tərəfindən yerinə yetirilən işlərə görə cəmiyyətin hesabına ödənilən məbləğin 60 faizi ona ödənilmişdir. "xxxx" MMC-ni xx.xx.2021-ci il tarixli 7 nömrəli müqavila şərtlərini pozması səbəbindən o, həmin müqavilə çərçivəsində əməkdaşlıqdan imtina etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən ödəniş tam olaraq 10.000 manat məbləğin ona ödənilməsi nəzərdə tutulmuşdur. Lakin həmin məbləğ bu günə qədər ona ödənilməmişdir. Qeyd olunan pulun ona ödənilməsi baradə iş materiallarında heç bir sübut yoxdu. Necə olur ki, hər ay onun etdiyi ödənişə görə ona mədaxil qəbzi təqdim olunnur, lakin cəmiyyət ona ödədoyi 10.000 manatın qəbzi iş materiallarna əlavə olunmur. Bir daha qeyd edir ki, 10.000 manat pul ona ödənilməyib, həmin məbləğ sadəcə müqavilədə qeyd olunub. Bildirir ki, həmin müqavilə yalnız görünüş məqsədi üçün bağlanmışdı, uydurma əqddir, uydurma əqdlər qanunla etibarsız hesab olunur. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi (vəkili) X1 iclasında apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, iş materialları ilə tanış olmuşdur. Apellyasiya şikayətində qeyd etdikləri kimi həqiqətən də müqavilədə nəzərdə tutulsa da 10000 manat birdəfəlik ödəmə cavabdehə təqdim edilməmişdir. Bununla bağlı işdə hər hansı sübut yoxdur. Bu səbəbdən də hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini əsassız hesab etmiş və göstərmişdir ki, 10000 manat pulun cavabdehə təqdim edilməsi ilə bağlı işdə məxaric orderi mövcuddur. Odur ki, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-nin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 421.3-ci maddəsinə əssən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. MM-nin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan Sifarişçi "xxxx" MMC ilə icraçı transfer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 nömrəli müqavilənin surətinə əsasən əsasən tərəflər müqavilə bağlandığı gündən xx.xx.2023-cü il tarixədək, tam iki il müddətində əməkdaşlıq etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən ödəniş tam olaraq 10.000,0 manat təşkil edir və birdəfəyə ödənilir. Müqavilən 1.4-cü bəndinə əsasən transferin qoyulmuş müddətdən erkən getməsi, müqavilə şərtlərini pozması və ya kənar obyektlərdə gizlin fəaliyyət göstərməsi nəticəsində müqavilə pozularsa, ödənilmiş məbləğ geri qaytarılır. İşdə olan xx.xx.2021-ci il tarixli 548302 nömrəli Kassa mədaxil orderinin surətinə əsasən X8 tərəfindən "xxxx" MMC-nin kassasına 15.000,0 manat mədaxil edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 533 nömrəli Kassa məxaric orderinin surətinə əsasən xx.xx.2021-ci il tarixli 7 nömrəli transfer müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış 10.000.0 manat məbləğində əmək haqqı Cavabdeh ödənilmişdir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 nömrəli mqavilə üzrə Gəlir bölgüsünə əsasən müqavilə çərçivəsində 2021-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayınadək cəmi 50.756,0 manat gəlir əldə olunmuş və həmin məbləğin 60 faizi, yəni 28.553,40 manat Cavabdeh ödənilmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 10 000 manat pul cavabdehə real olaraq təqdim edilməmişdir. Lakin işdə olan xx.xx.2021-ci il tarixli 533 nömrəli, kassa məxaric orderinin surətinə əsasən xx.xx.2021-ci il tarixli, 7 nömrəli transfer müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış 10.000.0 manat məbləğində birdəfəlik əmək haqqı Cavabdeh ödənilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən 10000 manat pul vəsaiti təsmi orderlə cavabdehə ödənilmişdir. Həmin məxaric orderi işdə öz əksini tapmış və bu order məhkəmə iclaslarında cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icraçı transfer Abbasova X6 "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli 7 nömrəli müqavilənin icrasından birtərəfli qaydada imtina etdiyindən və belə imtinaya qanunla və ya tərəflərin razılaşması ilə yol verilmədiyindən cəmiyyətin öhdəliklərinə müqavilənin bağlandığı andan xitam verilmişdir. Ona görə də, Cavabdeh həmin müqavilə üzrə "xxxx" MMC–dən qabaqcadan aldığı 10.000,0 manat məbləğində birdəfəlik ödəməni cəmiyyətə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(036)-113/2023 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-818/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-818/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver