Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-82/2024 12.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(036)-459/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onlara məxsus İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 2,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara məxsus torpaq sahəsi uzun müddətdir ki, cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə edilməkdədir. Dəfələrlə torpaq sahəsinin geri qaytarılmasını tələb etmələrinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmələrinə baxmayaraq, edilən cəhdlər nəticəsiz qalmışdır. İmişli Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(036)-459/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi mülkiyyətində olan JN 169 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən planda yeri təyin olunan İmişli rayonu Kürmahmudlu kəndində yerləşən 2,33 ha torpaq sahəsindən çıxarılması və qanuni sahiblərin həmin torpaq sahəsindən öz mülahizəsi ilə istifadə etməsinə törədilən maneçiliyə son qoyulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi İmişli rayonu Qaraqaşlı bələdiyyəsinə məxsus olmaqla, o, həmin torpaq sahəsini bələdiyyədən icarəyə götürmüşdür. İddiaçıların torpaq sahəsi isə təxminən 1000 metr aralıda yerləşir. Kənd torpaqlarının arasında istinad nöqtələri var. Məhkəmə ekspertiza və torpaq sahəsinə yerində baxış keçirmədən əsassız qətnamə qəbul etmişdir. Həmçinin, eyni mübahisə ilə əlaqədar əvvəllər qəbul edilmiş məhkəmə qətnaməsi olduğundan ikinci dəfə bu mübahisəyə baxılması düzgün deyildir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli 2(106)- 101/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün keçirilmiş müvafiq tikinti-texniki ekspertizasının rəyi ilə iddiaçıların iddia etdiyi (və onların mülkiyyətində olan) mübahisəli ərazi Xəlfəli bələdiyyəsinin (keçmiş Kürdmahmudlu bələdiyyəsinin) ərazisinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Cavabdehin icarəsinə verilmiş sahə isə icarə müqaviləsinə görə Qaraqaşlı bələdiyyəsinin ərazisinə aiddir. Rəyə görə iddiaçıların xüsusi mülkiyyətində olan 2.33 ha torpaq sahəsinin cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən edilir. Məhkəmə kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul edərək hesab etmişdir ki, iddia əsaslıdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, eyni tərəflər arasında eyni predmet barəsində mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnamə olduğundan məhkəmə iddia ərizəsini geri qaytarmalı idi. Cavabdeh iddiaçıların torpaq sahəsini zəbt etməmiş, istifadəsində olan torpaq sahəsi İmişli rayon Qaraqaşlı bələdiyyəsinə məxsus olmaqla 2014-cü ildən həmin torpaq sahəsini bələdiyyədən icarəyə götürmüşdür. Həmin müqavilənin 50 il müddəti vardır. İddiaçıların torpaq sahəsi onun icarəsində olan torpaq sahəsindən təxminən 1000 metr aralıda yerləşir. Kənd torpaqlarının arasında istinad nöqtələri var. Məhkəmə isə bu halı nəzərə almamış, işin obyektiv və qərəzsiz baxışını təmin etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli 2(106)-101/2022 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1099/2017 nömrəli 14 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh (hazırkı iş üzrə cavabdeh) İddiaçı1 (hazırkı iş üzrə iddiaçı) və X6 qarşı “torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiası təmin olunmuş, İddiaçı1 və X3 İmişli rayonu Qaraqaşlı bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 10 saylı qərarı ilə xx.xx.2015-ci il tarixli 37 nömrəli icarə müqaviləsinə və xx.xx.2016-cı il tarixli 10 saylı qərarı ilə xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə verilmiş İmişli rayonun Qaraqaşlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 7,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin bundan sonra tutulmasına yönəlmiş qanuna zidd hərəkətlərinə son qoyulması qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, yerində müayinə edilən Qaraqaşlı kəndinin ərazisini Kürdmahmudlu kəndlərinin ərazisindən uzun məsafədə ayırıb İmişli-Saatlı avtomobil yolu ilə kəsişən sahə yolu boyunca (bir tərəfdən həmin sahə yolu ilə, digər tərəfdən isə Kürdmahmudlu kəndlərinin ərazisi sərhədlərindən keçən ayırıcı arxla əhatə olunmuşdur) yerləşən mübahisəli torpaq sahəsi Qaraqaşlı bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 10 saylı qərarı ilə Cavabdeh icarəsinə verilmiş planda sərhədləri göstərilmiş 7,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda həmin iş üzrə qarşılıqlı iddia verən Şərafət Həziyev göstərmişdir ki, o, Nərgiz Cabbarova adlı şəxsin ailə üzvlərinin mülkiyyətində olan 1.30 ha torpaq sahəsini və İddiaçı1 ailə üzvlərinin mülkiyyətində olan 2.33 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmkəndlisi Cavabdeh həmin torpaq sahəsində heyvanlarını otarmaqla ona külli miqdarda zərər vurmuşdur. Göründüyü kimi, tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsinin də əsası İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 2.33 ha torpaq sahəsinin Əvəz Cəfərov tərəfindən, Əvəz Cəfərovun istifadəsində olan 7 ha torpaq sahəsinin isə İddiaçı1 və Şərafət Həziyev tərəfindən qanunsuz istifadəsindən irəli gəlmişdir. Odur ki, həmin qətnamənin hazırkı iş üzrə preyudisiallığı mübahisə predmetinin eyni torpaq sahəsi olub-olmamasından asılıdır. Nəzərə alınmalıdır ki, həmin iş üzrə də tərəflər eyni ərazidə (eyni kəndlərdə) yerləşən torpaq sahəsinin zəbtini mübahisələndirmişlər. Həmçinin İddiaçı1 həmin işdə də hüquqlarının əsası kimi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-169 saylı (KOD ********) Dövlət aktına istinad etmişdir. Ona görə də, mübahisə predmetinin fərqli torpaq sahəsi olub-olmaması müəyyən edilmədən qətnamənin preyudisiallığına qiymət verilməsi qanuni və əsaslı deyildir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)- 1071/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspertiza rəyi alınanadək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6780 saylı ekspert rəyində qeyd edilmişdir ki, Mülki işdə olan iddiaçı tərəfindən təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN169 saylı kod (********) Dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbülfəz qızı, İddiaçı4 ve İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş 2.33 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, mülki işdə olan iddiaçı tərəfindən təqdim edilmiş "Torpağa mülkiyyət hüququna dair "JN169 saylı Dövlət aktında olan planda qeyd edilən 2.33 ha torpaq sahəsi, İddiaçı1 İddiaçı2, İddiaçı3 Əbülfəz qızı, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş 2.33 ha torpaq sahəsinin "Torpaq İslahatı" aparılan zamanı tərtib olunmuş İmişli rayonu Kürdmahmudlu kəndinin kompleks yerquruluşu layihəsində 169 sıra sayı ilə qeyd olunan, 25 saylı çevrədə yerləşən ərazisi ilə üst-üstə düşmür. Belə ki, həmin torpaq sahəsinin koordinatları imişli rayonu Kürdmahmudlu kəndinin kompleks yerquruluşu layihəsində 31 saylı çevrədə yerləşən JN 182 saylı( 2.11 ha) və JN 184 saylı (0.26 ha) Dövlet aktlarına əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Eyni zamanda həmin torpaq sahələrinin yerləşdiyi ərazi "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanının icrası ilə əlaqədar olaraq yaradılmış, mövcud baza məlumatlarının əks olunduğu X7 X8 (TEKUİS-də) bələdiyyə mülkiyyətində olan örüş sahəsi kimi qeyd olunmuşdur. Ona görə də "JN169 saylı (kod ********) Dövlət aktına əsasən İddiaçı1,İddiaçı2, İddiaçı3 Əbülfəz qızı, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş 2.33 ha torpaq sahəsinin "Torpaq İslahatı aparılan zamanı tertib olunmuş İmişli rayonu Kürdmahmudlu kəndinin kompleks yerquruluşu layihəsində 25 saylı çevrədə yerləşən X7 X8 (TEKUlS-də) qeyd olunan ərazisinin koordinatları da müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunan ölçü planında göstərilmişdir. Eyni zamanda mübahisəli ərazidə yerləşən qonşu torpaq sahələri olan "JN170 saylı Dövlət aktına əsasən X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.94 ha torpaq sahəsinin "Torpaq İslahatı" aparılan zamanı tərtib olunmuş İmişli rayonu Kürdmahmudlu kəndinin kompleks yerquruluşu layihəsində 25 saylı çevrədə yerləşən, X7 X8 (TEKUİS-də) qeyd olunan JN170(1.04 ha) və JN170 A(1.90 ha) hissələrinin yerləşdiyi ərazinin koordinatları müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən digər qonşu torpaq sahəsi olan "JN171 saylı Dövlət aktına əsasən X9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 3.12 ha torpaq sahəsinin "Torpaq İslahat" apanlan zamanı tərtib olunmuş İmişli rayonu Kürdmahmudlu kəndinin kompleks yerquruluşu layihəsində 25 saylı çevrədə yerləşən, X7 X8 (TEKUİS-də) qeyd olunan JN 171 (2.88 ha) hissəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İmişli rayonu Qaraqaşlı bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 10 saylı qərarı ilə xx.xx.2015-ci il tarixli 37 nömrəli icarə müqaviləsinə və xx.xx.2016-cı il tarixli 10 saylı qərarı ilə xx.xx.2016-cı il tarixli 37 nömrli icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə verilmiş İmişli rayonunun Qaraqaşlı kəndininin ərazisində yerləşən və Qaraqaşlı kəndininin kompeks yerquruluşu planında örüş kimi qeyd olunan 7.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh oğlunun faktiki istifadəsində olan 6.37 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Təkrar ölçmə işləri aparılarkən imişli rayonunun Kürdmahmudlu kəndində “Torpaq İslahatı aparılan zaman İddiaçı1 və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş hal-hazırda Cavabdeh tərəfindən istifadə olunan 2.33 ha X7 X8 (TEKUİS-də) Cavabdeh faktiki istifadəsində olan 6.37 ha torpaq sahəsinin bir hissəsi İmişli rayonu Kürdmahmudlu kənd sakinlərinin xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahələri (JN 179 -1.30 ve JN185-1.16 ha) bir hissəsi isə Kürdmahmudlu kəndinin ərazisində yerləşən əkin sahəsi kimi qeyd olunmuşdur. "Torpağa mülkiyyət hüququna dair JN169 saylı kod 90716028 saylı Dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbülfəz qızı, İddiaçı4 və İddiaçı5 ümumi mülkiyyətinə verilmiş 2.33 ha torpaq sahəsi ilə İmişli rayonu Qaraqaşlı bələdiyyəsinin xx.xx.2015-ci ü tarixli 10 saylı qərarı ilə xx.xx.2015-ci il tarixli 37 nömrəli icarə müqaviləsinə və xx.xx.2016-cı il tarixli 10 saylı qərarı ilə xx.xx.2016cı il tarixli 37 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə verilmiş, İmişli rayonunun Qaraqaşlı kəndində yerləşən 7.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Mülki işdə olan iddiaçı tərəfindən təqdim edilmiş "Torpağa mülkiyyət hüququna dair "JN169 saylı kod 90716028 saylı Dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbülfəz qızı, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş 2.33 ha torpaq sahəsinin 0.04 ha hissəsi Cavabdeh tərəfindən, 2.29 ha hissəsi isə digər kənd sakinləri tərəfindən istifadə olunur. Eyni zamanda İmişli rayonunun Kürdmahmudlu kəndində təkrar "Torpaq İslahatı” aparılan zamanı İddiaçı1 və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 2.33 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. "JN169 saylı kod 90716028 saylı Dövlet aktına İddiaçı1 İddiaçı2, İddiaçı3 Əbülfəz qızı, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş 2.33 ha torpaq sahəsinin "Torpaq İslahatı" aparılan zamanı tərtib olunmuş imişli rayonu Kürdmahmudlu kəndinin kompleks yerquruluşu layihəsində 25 saylı çevrədə yerləşən, X7 X8 (TEKUİS-də) qeyd olunan ərazisi bütünlüklə qonşu torpaq mülkiyyətçisi X11 tərəfindən istifadə olunur. Mütəxəssis rəyini vermiş Nəsimi Həsənov məhkəmə iclasında bildirmişdir ki, elektron xəritəyə görə iddiaçının iddia etdiyi torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir zəbt yoxdur. Təkrar islahat zamanı iddiaçıya verilən 7 ha torpaq sahəsi Qaraqaşlı bələdiyyəsinə aid deyil. Həmin torpaq sahəsinin bir hissəsi Xəlifəli bələdiyyəsinə, bir hissəsi Xorçoban dairəsinə məxsusdur. X7 X10 (TEKUİS-ə) əsasən Dövlət aktı ilə iddiaçıların mülkiyyətinə verilən 2.33 ha torpaq sahəsi cavabdeh tərəfindən yox, bütünlüklə X11 tərəfindən zəbt edilmişdir. Belə ki, mütəxəssis rəyində Ərazinin ölçü planında qeyd edilən qırmızı cizgi daxilindəki ərazi X7 X8 (TEKUİS-də) iddiaçıların mülkiyyətində olan 2.33 ha torpaq sahəsidir ki, hazırda tam olaraq X11 tərəfindən istifadə edilir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, mütəxəssisin fikrini dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilərək iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İmişli Rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli 05 saylı qərarı ilə İmişli rayonu Kürdmahmudlu kəndi ərazisində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyyətində verilmiş və bu barədə “Torpağa mülkiyyət hüququna dair” JN-0083 saylı (KOD ********) dövlət aktı verilmişdir. İmişli Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyyətinə İmişli rayonu Kürdmahmudlu kəndi ərazisində həyətyanı sahə kimi 0,55 ha torpaq sahəsi verilmiş və bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-021A saylı (KOD ********) şəhadətnamə verilmişdir. İmişli rayon Qaraqaşlı bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 25 oktyabr 2005ci il tarixli icarə müqaviləsinə əsasən, İmişli rayonu Kürdmahmudlu kəndi ərazisində cavabdehin icarəsinə 50 il müddətinə 7 ha torpaq sahəsi verilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 2(036)-1099/2017 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı1 və X6 qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin olunaraq İddiaçı1 və X3 İmişli rayonu Qaraqaşlı bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 10 saylı qərarı ilə xx.xx.2015-ci il tarixli 37 nömrəli icarə müqaviləsinə və xx.xx.2016-cı il tarixli 10 saylı qərarı ilə xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə verilmiş İmişli rayonun Qaraqaşlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 7,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin bundan sonra tutulmasına yönəlmiş qanuna zidd hərəkətlərinə son qoyulması qət edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Buna görə də, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239-cu maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Cavabdehin apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6780 saylı ekspert rəyi, həmçinin məhkəmə iclasında dindirilmiş mütəxəsssis izahatı ilə müəyyən edilmişdir ki, iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 2.33 ha torpaq sahəsinin "Torpaq İslahatı" aparılan zamanı tərtib olunmuş İmişli rayonu Kürdmahmudlu kəndinin kompleks yerquruluşu layihəsində 25 saylı çevrədə yerləşən, X7 X8 (TEKUİS-də) qeyd olunan ərazisi bütünlüklə qonşu torpaq mülkiyyətçisi X11 tərəfindən istifadə olunur. Məlum olduğu kimi mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Habelə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Kollegiya hazırkı iddia tələbinin prosessual baxımdan təmininin mümkünlüyü üzrə diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı ekspert rəyi alaraq hazırkı iş üzrə cavabdehin həmin iddiaya cavab verməli şəxs olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir. Cavabdeh hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığı üçün iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaət əsaslı və düzgün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir. Kollegiya iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 2(036)-1099/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş halların preyudisiallığına işin bütün faktiki halları üzrə qiymət verərək diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Habelə preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bununla yanaşı, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında ehtiva olunmuş Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Habelə nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında X7 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan X7 uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X7 uçotu işləri aparılmış və həmin məlumatlar X7 X10 (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Beləliklə, İmişli Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 2(036)-1099/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş halların MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından preyudisiallığı üzrə qeyd edilməlidir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mübahisəli torpaq sahəsi üzrə hazırkı iş üçün əhəmiyyət kəsb edən və yuxarıda adıçəkilən qətnamə ilə müəyyən edilmiş hallar hazırda elektron kadastr uçotu informasiya sistemi əsasında verilmiş mötəbər rəylərlə də təsdiqini tapmışdır. Mübahisə predmeti eyni torpaq sahəsi olmamaqla, eyni ərazidə yerləşmir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ödənilmiş 109 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 müştərək qaydada alınaraq Cavabdeh verilməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş pul vəsaitləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(036)-459/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ödənilmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 müştərək qaydada alınaraq Cavabdeh verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-82/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-82/2024
12.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver