Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-825/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı cavabdehin, ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin (hakim M.Aslanov) 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(049)-62/2023 nömrəli qərardadı əsasında tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli aktının nəzərə alınmaqla, Cavabdeh və ona məxsus əmlakın İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9 ünvanda yerləşən 1 nömrəli mənzilindən çıxarılması, iş üzrə ödənilmiş mediasiya xərcinin iddiaçıya aid edilməsi, ödənilmiş 50 manat məbləğindəki dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, cavabdehə məxsus əşyalarla birlikdə ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzildən çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: Lənkəran şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9 ünvanda yerləşən 1 nömrəli mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. X1 6 sentyabr 2017-ci ildə Cavabdeh evləndikdən sonra yaşamağa mənzili olmadığı üçün ona ailəsi ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1-də yerləşən şəxsi evinin bir otağında müvəqqəti yaşamağa razılıq vermişdir. Bir müddət keçəndən sonra Cavabdeh qardaşı ilə yola getməmişdir. X11 məcbur qalıb 2023-cü ilin may ayından yaşadığı mənzili tərk etmişdir. Onların arasındakı nikah 25 oktyabr 2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Cavabdehin kobud rəftarı üzündən o, evinə girə bilmir. Mülkiyyətində olan mənzilində istifadə hüququ tamam pozulmuşdur. Mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin hazırda həmin mənzilə dair hər hansı hüququ, xüsusilə də istifadə hüququ mövcud olmadığından, onun həmin mənzildə yaşaması mülkiyyətçi olaraq iddiaçının hüquqlarını pozulmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, məhkəmə işi tam və hərtərəfli araşdırmadan mötəbər sübutlara istinad etmədən, mülkiyyətçi ilə yanaşı həmin evdə yaşayan şəxsin hüquqlarının qorunması prinsipinə riayət edilmədən, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı onu ailə üzvü kimi qəbul etmiş, o, orada ailə üzvü kimi yaşamış, buna mülkiyyətçinin razılığı olmuşdur. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı cavabdehi mənzilinə müvəqqəti olaraq buraxmışdır. Cavabdehin istifadə hüququnu tanınmasına razılıq olmamış, belə razılıq qeydə alınmamışdır. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, təyin edilmiş məhkəmə iclasına üzürlü səbəbdən (himayəsində azyaşlı xəstə uşaq olduğundan) gələ bilmir, apellyasiya şikayətini müdafiə edir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, iddiaçı ona mübahisəli mənzildə istifadə hüququ vermiş və bundan sonra həmin mənzilə qeydiyyata düşmüşdür. Uzun müddət orada yaşadıqdan sonra övladı da orada doğulmuş və hazırda da həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Bundan başqa, iddiaçı inzibati icraat qaydasında onun həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən onun həmin evə istifadə hüququna xitam verilmədən iddia qaldırıldığı üçün həmin iddia tələbi qeyri mümkün sayılmışdır. Cavabdeh, işə onun iştirakı olmadan baxılmasını, şikayətinin təmin edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəni və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. Bu barədə onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-ci il tarixli çıxarış verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında Lənkəran Rayon Qeydiyyat Şöbəsində 06 sentyabr 2017-ci il tarixdə, 403 sayla rəsmiləşdirilmiş nikah aktı qeydi pozulmuşdur. Hazırda iddiaçı mülkiyyətçi olaraq, öz mülkiyyətində olan mənzildən Cavabdeh və onun əşyalarının çıxarılmasını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil onun xüsusi mülkiyyətindədir, cavabdehin orada istifadə hüququ yoxdur, orada cavabdeh müvəqqəti yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehin mənzilə hüquqlarının olmadığı halda iddiaçının tələbi təmin edilməlidir. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçının onu ailə üzvü kimi qəbul etdiyini, orada ailə üzvü kimi yaşadığını, buna mülkiyyətçinin razılığının olduğunu, istifadə hüququnun olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228-ci maddəsinin dizpozitiv şərtlərinə görə mülkiyyətçinin ailə üzvləri və digər şəxslər istifadə hüququnun yaranması üçün- mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi şərtlər ödənilməlidir. Lakin hazırki halda bu şərtlərin ödənilməsi müəyyən edilmir. Məhkəmənin sorğusuna cavab olaraq, İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1327/2024 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.1989cu il təvəllüdlü Həsənova (Qasımova) Nigar Əlisəfa qızına məxsus olan Lənkəran şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9, 1 saylı mənzilində Cavabdeh istifadə hüququnun dövlət qeydiyyatı aparılmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçıya məxsus yaşayış evində cavabdehin istifadə hüququ yoxdur. İş materiallarından görünür ki, Həsənova X2 şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9, mənzil 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Kollegiya qeyd edir ki, mənzildə qeydiyyatda olmaq, həmin mənzildə istifadə hüququnun olmasını ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(049)-216/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-825/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-825/2024
21.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver