Məhkəmə qərarları › İş №2(106)-828/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-828/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-828/2023 13.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdeh X3 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı LPO QSC "xxxx" KB-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2192/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər X6 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya icraatı qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO QSC "xxxx" KB 01 iyun 2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 4744,47 manat məbləğində əsas borc, 5737,09 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 3467,79 manat cərimə borcu, 631,62 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 14580,97 manat məbləğində pulun və 133,74 manat dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə X6 arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/110726/15 saylı müqavilə bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 30 faiz ödənilməsi şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin Banka 4744,47 manat məbləğində əsas borc, 5737,09 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 3467,79 manat cərimə borcu, 631,62 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 14580,97 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən borclu və zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2192/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mütəllim İsayev) iddia qismən təmin edilmiş, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 4744,47 manat əsas borc, 5737,09 manat faiz borcu, 100 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 631,62 manat faiz olmaqla, cəmi 11213,18 manat pul vəsaitinin və ödənilmiş 133,74 manat dövlət rüsumunun iddiaçı LPO "xxxx" KB QSCnin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər X6 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 29 may 2014-cü il tarixdə QSC "xxxx" KB ilə 1xx/xx/71146/14 nömrəli kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit götürmüşdür. Ona təqdim olunmuş ödəniş cədvəli üzrə vaxtlı-vaxtında əsas məbləğ və faizləri ödəmişdir. Bundan sonra, yenə də həmin Bankla 09 iyun 2015-ci il tarixində 1xx/xx/110726/2015 saylı kredit müqaviləsi bağlayaraq 48 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə də üzərinə götürdüyü öhdəliyi icra edərək ona təqdim olunmuş ödəniş cədvəli üzrə vaxtlı-vaxtında əsas məbləğ və faizləri ödəmişdir. Lakin sonralar bank fəaliyyətini dayandırdığı üçün kredit borcunun faiz hissəsini ödəyə bilməmişdir. Buna baxmayaraq, onun qətnamədə qeyd edilən məbləğdə borcu yoxdur. Çünki bank özü yalandan iddia ərizəsinin verilməsini yubadaraq əsassız olaraq iddia ərizəsində və qətnamədə qeyd olunan borcun süni surətdə artmasına nail olmuşdur. Belə ki, o, müqavilə üzrə öhdəliyin icrasını çoxdan pozmuş və ona təqdim olunmuş ödəniş cədvəli üzrə ödənişlərin icrasını çoxdan dayandırmışdır. Bank vaxtında kredit borcu ilə əlaqədar məhkəmədə iddia qaldıraraq borcun ödənilməsini ondan tələb etməmiş və həmin müddəti əsassız olaraq uzadaraq sonda ondan əsassız olaraq şişirdilmiş məbləğdə kredit borcunu hesablamışdır. Bank müqavilənin şərtlərinin yerinə yetirilməsinə zəmin yaratmaq üçün onunla birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli olduğu halda, bütün bunlar bank tərəfindən pozulmuşdur. Borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Lakin hazırkı halda bank, Ülviyyə Əliyeva ödəniş qabiliyyətini itirsə də, müqavilə üzrə icranı qəsdən yubatmış və sonda ona yüksək məbləğdə kredit borcu hesablayaraq bununla bağlı məhkəmə iddia qaldırmış və məhkəmə tərəfindən də bütün bu hallar nəzərə alınmamışdır. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 446.3-cü maddəsini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən, pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyil. Lakin baxmayaraq ki, bank icranı özü gecikdirib və buna görə ondan əlavə faizlər tələb edir. Məhkəmə qanunvericiliyin bu halına da diqqət yetirməmişdir. Məhkəmə hazırkı işə onun iştirakı olmadan baxaraq sonda təkcə iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul edərək iddia tələbini qismən təmin etmişdir. Əgər o, məhkəmə iclasında iştirak etsəydi, iddia tələbinə dair öz etirazını bildirər, lazımi vəsatətlər verər və bəzi sübutları məhkəməyə təqdim edərdi. Lakin məhkəmə tərəfindən onun üçün belə bir şərait yaradılmamışdır. İddiaçı onun qeyd olunan məbləğdə borcunun olması barədə məhkəməyə maliyyə arayışını təqdim etmişdir. Bunu da sübut kimi qəbul etmək olmaz. Çünki həmin maliyyə arayışı iddiaçı bank tərəfindən tərtib edilmişdir. Məhkəmə hazırkı işə baxarkən onun iştirakını təmin etmədiyi üçün o, bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında qeyd edilmiş məbləğdə kredit borcunun olub-olmamasını müəyyən etmək üçün mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verə bilməmişdir. Çünki o hesab edir ki, bank tərəfindən onun borcu düzgün hesablanmamışdır. Məhkəmə həmin ekspertizanı öz təşəbbüsü ilə də təyin edə bilərdi, lakin məhkəmə bunu etməyərək təkcə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsaslanaraq bankın maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmə bankın təqdim etdiyi maliyyə arayışında qeyd olunan məbləğdə kredit borcunun olub-olmamasını müəyyən etmək üçün heç bir araşdırma aparmamış, qətnamədə məhkəmə tərəfindən nəyin müəyyən edildiyi belə qeyd edilməmiş və bu da sonda məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Maliyyə arayışı bank tərəfindən tərtib edildiyi üçün orada istənilən məbləğ qeyd etmək olar. O, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2192/2022 saylı, 29 sentyabr 2022ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini Ülviyyə Əliyevanın apellyasiya şikayəti ilə eyni məzmunda və onunla əsaslandırmışdır ki, X6 QSC "xxxx" KB ilə 09 iyun 2015-ci il tarixdə 1xx/xx/110726/2015 saylı kredit müqaviləsi bağlayaraq 48 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit götürmüşdür. Onun kredit öhdəliyinin təminatı kimi bank Cavabdeh2 ilə də həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. Həmin kredit və zaminlik müqavilələri 48 ay müddətinə bağlanılmış və onların müddəti 09 iyun 2019-cu il tarixdə qurtarmışdır. Lakin buna baxmayaraq, bank tərəfindən 1 il müddətində bununla bağlı iddia qaldırılmamışdır. Məhkəmə də bu hala hüquqi qiymət verməmiş və onun cavabdeh qismində cəlb edilməsinə xitam verməmiş, kredit borcunun ondan da tutulmasını qət etmişdir. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası keçirmədən iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. O, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2192/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 çıxış edərək bildirdi ki, kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatları ekspertə təqdim edilsə də, həmin çıxarışda göstərilmiş cərimə borcuna silinmələr ekspert tərəfindən nəzərə alınmadığından, ekspert rəyində əsas və faiz borcun məbləği azaldılmışdır. Tələb edilən faiz borcunun məbləğinin əsas borc məbləğindən çox olmasının səbəbi ilə əlaqədar verilmiş suala cavab olaraq bildirdi ki, həmin məbləğlər mütəxəssislər tərəfindən hesablamalar aparılaraq müəyyən edilmişdir. Bildirdi ki, indiyədək kredit müqaviləsi üzrə ödənişlərdən 666 manat məbləğində pul cərimə borcuna silinmişdir. Cavabdeh tərəfin banka borc məbləğinin ödənilməsində güzəşt edilməsi ilə bağlı hər hansı bir müraciəti olmamışdır. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Ülviyyə Əliyevanın nümayəndəsi Nümayəndə3 çıxış edərək bildirdi ki, kredit müqaviləsi üzrə 2500 manatadək məbləğdə ödəniş edilmişdir. Sonradan bank bağlandığına görə onun hər hansı nümayəndəsini tapa bilməmiş, bu səbəbdən də 2016-cı ildən ödəniş edə bilməmişlər. Həmin müddətdə isə bank tərəfindən onlarla hər hansı əlaqə saxlanılmamışdır. Ekspert rəyində göstərilmiş əsas borc məbləği ilə razıdır. Sadəcə istəyir ki, əsas borc saxlanılsın, faiz və cərimə borcu silinsin. Əsas borcu isə hissə-hissə ödəməyə hazırdırlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, yolun uzaq olması və maddi çətinliklərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamənin qəbul edilməsinə, işin hallarının tam və hərtərəfli araşdırılmamasına, sübutların düzgün qiymətləndirilməməsinə və məhkəmə tərəfindən mühasibatlıq ekspertizasının keçirilməməsinə istinad edərək, qətnamənin ləğv edilməsini xahiş etdiklərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, tələb edilən məbləğdə kredit borcunun mövcudluğu halının sübut edilməsinə əhəmiyyət verməmiş, nəticə etibarilə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, beləliklə də, MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən borc məbləğini təsdiq edən yeganə sübut kimi iddiaçı tərəfindən tərtib olunmuş və təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına istinad etmiş, borc məbləğinin doğruluğunu müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə və sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında surəti olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarından görünür ki, həmin qərarla QSC "xxxx" Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan QSC "xxxx" KB-nin Lənkəran filialı ilə borclu X6 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən X4 illik 30 faiz dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılmalı olduğu son tarix kimi 09 iyun 2019-cu il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş faizi miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. İş materiallarında olan QSC "xxxx" KB-nin Lənkəran filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kreditorla borc alan arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsinə əsasən 5000 manat məbləğində 48 ay müddətinə verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. O, kreditor qarşısında borc alanla birgə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 133,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, QSC "xxxx" KB ilə X6 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsi üzrə 21 yanvar 2022-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: 4744,47 manat məbləğində müqavilə üzrə əsas borc, 5737,09 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 3467,79 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 631,62 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 14580,97 manat məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. İş materiallarında olan apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 10 iyul 2023-cü il tarixli, 9/4278 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə X3 QSC "xxxx" KB-yə olan borcu 8012,46 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu – 4279,8 manat, faiz borcu 3732,7 manat. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 559,94 manat təşkil edir. xx.xx.2022-ci il tarixə X3 QSC "xxxx" KB-yə olan borcu 8572,44 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu – 4279,8 manat, faiz borcu – 3732,7 manat, faiz borcu 5 % ilə – 559,94 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə müəyyən edilir ki, QSC "xxxx" KB-nin Lənkəran filialı ilə borclu X6 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsi əsasında Bank tərəfindən X4 illik 30 faiz dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borcun ödənilməsinin gecikdirildiyinə görə cərimənin hesablanması nəzərdə tutulmuş, kreditin qaytarılmalı olduğu son tarix 09 iyun 2019-cu il müəyyən edilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi QSC "xxxx" KB-nin Lənkəran filialı ilə zamin Cavabdeh2 arasında 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Əvvəlcə kredit müqaviləsi üzrə ödənişlər edilsə də, sonradan cavabdeh tərəf öhdəliklərini icra etməmişdir. Bu səbəblə də, iddiaçı 01 iyun 2022-ci il tarixində hazırkı tələblə cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlərdən müştərək qaydada 4744,47 manat məbləğində əsas borc, 5737,09 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 3467,79 manat cərimə borcu, 631,62 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 14580,97 manat məbləğində pulun və 133,74 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, öz tələbinin əsası kimi isə maliyyə arayışını, kredit və zaminlik müqavilələrini təqdim etmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirmədən yekun qətnamə qəbul edərək, iddia tələbini əsas borca, müqavilə müddəti üçün hesablanmış faiz borcuna və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna aid hissədə tam, cərimə borcuna aid hissədə isə qismən təmin etmişdir. Cavabdehlərin hər ikisi birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, apellyasiya şikayətlərinin əsas dəlillərindən biri kimi birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin düzgün müəyyən edilmədiyini, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad edildiyini və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini bildirmişlər. Bununla yanaşı, Cavabdeh2 apellyasiya şikayətində müddətin keçməsinə görə onun zaminliyinə xitam verilməli olsa da, birinci instansiya məhkəməsi tərəfindən bunun edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından göründüyü kimi, xx.xx.2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı zaminlik müqaviləsi ilə zamin Cavabdeh2 Bank qarşısında borcalan X3 xx.xx.2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit və zaminlik müqavilələrindən görünür ki, zaminlik 48 ay müddətinə verilmiş kredit üçün nəzərdə tutulmuşdur. Zaminliklə təmin edilmiş əsas öhdəlik olan QSC "xxxx" KB-nin Lənkəran filialı ilə borclu X6 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsi üzrə öhdəliyin son icrası müddəti 09 iyun 2019-cu il müəyyən edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 01 iyun 2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə kredit və zaminlik müqavilələrində zaminliyin 48 ay müddətinə verilmiş kredit üçün nəzərdə tutulduğu qeyd edilmişdir. Göründüyü kimi, zaminlik müqaviləsində onun verilmə müddəti konkret olaraq göstərilməmişdir. Belə müddət təyin edilmədiyinə görə iddiaçı öhdəliyin icrası vaxtının çatdığı gündən – 09 iyun 2019-cu ildən etibarən bir il ərzində zaminə qarşı iddia irəli sürmək hüququna malik olmuşdur. Lakin iddiaçı tərəfindən həmin vaxtdan başlayaraq bir il ərzində - 09 iyun 2020-ci ilədək Cavabdeh2 qarşı hər hansı tələb irəli sürülmədiyinə görə, Cavabdeh2 zaminliyinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 477.0.4cü maddəsinin tələblərinə əsasən, QSC "xxxx" KB-nin Lənkəran filialı ilə borclu X6 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən hala düzgün hüquqi qiymət verməmiş, Cavabdeh2 münasibətdə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Odur ki, hazırkı iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh2 apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2192/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən, onun apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də, iddia tələbi apellyasiya şikayətində qeyd edildiyi kimi tamamilə deyil, Cavabdeh2 münasibətdə rədd edilir, bu səbəblə də, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilir. İndi isə məhkəmə kollegiyası cavabdeh X3 apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh X6 apellyasiya şikayətinin əsas dəlillərindən biri kimi birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin düzgün müəyyən edilmədiyini, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad edildiyini və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini bildirmişdir. Həqiqətən də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirməmiş, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən mübahisəyə hüquqi qiymət vermişdir. Mülki Prosessual Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən tərtib olunaraq təqdim olunmuş maliyyə arayışına istinad etdiyindən, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Cavabdeh tərəf də apellyasiya şikayətlərində bu halı xüsusilə vurğulamışdır. Bu səbəbdən də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-828/2023 saylı qərardadı ilə hazırkı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş və məhkəmə-mühasibatlıq ekspertizasının 10 iyul 2023-cü il tarixli, 9/4278 saylı ekspert rəyi əldə edilmişdir. Ekspert rəyindən də göründüyü kimi, rəy təqdim edilmiş hesabdan çıxarış məlumatları əsasında tərtib edilmişdir. Ekspert rəyində 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə X3 QSC "xxxx" KB-yə əsas kredit borcunun 4279,8 manat, faiz borcunun 3732,7 manat olduğu müəyyən edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun isə 559,94 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş şəxsin mühasibatlıq sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdeh X3 LPO QSC "xxxx" KB-yə müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə əsas kredit borcunun 4279,8 manat, faiz borcunun 3732,7 manat məbləğində olmasını, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun isə 559,94 manat təşkil etməsini işin hallarına uyğun sayır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən tələb edilən 3467,79 manat məbləğində cərimə borcunun cavabdeh tərəfdən iddiaçının xeyrinə tutulması tənasübsüz surətdə yüksək cərimənin tutulmasına səbəb olacaqdır. Bu səbəbdən də, məhkəmə kollegiyası MM-in 467-ci maddəsində müəyyən edilmiş səlahiyyətindən istifadə edərək, cavabdeh X1 tutulmalı olan cərimə məbləğinin 100 manatadək azaldılmasını ədalətli və məqsədəuyğun hesab edir. Cərimə məbləğini azaldan məhkəmə kollegiyası bu halın kreditorun (iddiaçının) əmlak mənafelərinə və bütün əsaslı mənafelərinə zərər vurmayacağı qənaətinə gəlir. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün illik beş faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Ülviyyə Əliyevanın nümayəndəsi Nümayəndə3 öz çıxışında əsas borc məbləği ilə razılaşdığını bildirmiş, lakin faiz və cərimə borcunun silinməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən Mülki Məcəllənin normalarını, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə alaraq bildirir ki, faiz və cərimə borclarına dair hissədə iddia tələbinin tamamilə rədd edilməsi iddiaçının əmlak mənafelərinə ciddi zərər vuracağından mümkün deyil. Bu zaman həm də nəzərə alınmalıdır ki, müqavilə azadlığı prinsipi çərçivəsində hərəkət edən cavabdeh Ülviyyə Əliyeva kredit müqaviləsinin şərtlərini nəzərə alaraq həmin şərtlər əsasında kredit müqaviləsinin bağlanılmasına öz razılığını ifadə etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası cavabdeh Ülviyyə Əliyevanın apellyasiya şikayəti üzrə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iddia tələbinin cavabdeh Ülviyyə Əliyevaya münasibətdə qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməli, 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsi üzrə 4279,8 manat məbləğində əsas borc, 3732,7 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 100 manat məbləğində cərimə borcu və 559,94 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 8672,44 manat məbləğində kredit borcu cavabdeh X1 tutularaq iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 133,74 manat məbləğində dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 66,87 manat hissəsi cavabdeh X1 tutularaq iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilməli, dövlət rüsumunun digər 66,87 manat hissəsi iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat xərcin 75 manat hissəsi iddiaçıdan, 75 manat hissəsi isə cavabdeh Ülviyyə Əliyevadan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdehlər X6 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2192/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh X4 münasibətdə iddia tələbi qismən təmin edilsin. 09 iyun 2015-ci il tarixli, 1xx/xx/110726/15 saylı kredit müqaviləsi üzrə 4279,8 manat məbləğində əsas borc, 3732,7 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 100 manat məbləğində cərimə borcu və 559,94 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 8672,44 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 133,74 manat məbləğində dövlət rüsumunun 66,87 manat hissəsi cavabdeh X1 tutularaq iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 133,74 manat məbləğində dövlət rüsumunun digər 66,87 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi cavabdeh X4 münasibətdə qalan hissədə və Cavabdeh2 münasibətdə tamamilə rədd edilsin. 10 iyul 2023-cü il tarixli, 9/4278 saylı ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manat hissəsi iddiaçı LPO QSC "xxxx" KB-dən, digər 75 manat hissəsi isə cavabdeh X1 tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar