Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-83/2025 14.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü tarixli 2(036)-76/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq mərhum anası X1 miras qalmış A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 və Cavabdeh1 çıxarılması və torpaq sahəsindən istifadə etməsinə maneçilik törədən qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır və fərdi təsərrüfatla məşğul olur. İslahat nəticəsində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə yeri təyin olunaraq anası X2 adına qeydiyyata alınmışdır. X4 11 mart 2003-cü il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsi 2006cı ildə Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilərək indiyədək olan müddətində qanunsuz şəkildə istifadə olunmuşdur. Ona görə də, mərhum anası X1 miras qalmış A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 və Cavabdeh1 çıxarılması və torpaq sahəsindən istifadə etməsinə maneçilik törədən qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia qaldırılmışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. İslahat nəticəsində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən A 830575 saylı planda sərhədləri göstərilən 0,1206 ha və A 830574 saylı planda sərhədləri göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və plan əsasında onlara təhkim edilmişdir. Mübahisəli torpaq sahəsi A 830575 və A 830574 saylı planda sərhədləri göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə bitişik ərazidə yerləşir və İddiaçı məxsus olan 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daxil deyil. Həmin torpaq sahəsi şəhid ailəsi olduqlarına görə İmişli rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə onlara verilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü tarixli 2(036)-76/2023 saylı (Hakim: Ülvi Qənbərov) qətnaməsi ilə, iddianın təmin edilməsi, A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AR İN ƏM DK DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-45/2-3782/2023 saylı tarixli Mütəxəssis rəyinə əlavə edilmiş planda ardıcıl olaraq 1;2;3;9;10 rəqəmləri ilə işarələnmiş 13054,68 km ərazisi Cavabdeh2 və ardıcıl olaraq 3;4;5;6;7;8;9 rəqəmləri ilə işarələnmiş 10752,21 km ərazisi X5 qanunsuz sahibliyindən geri alınıb İddiaçı təhvil verilməsi və onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(036)-76/2023 saylı qətnaməsini qismən, yəni 3,4,5,6,7,8,9 rəqəmləri ilə işarələnmiş 10752,21 km torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyimdən geri alınıb iddiaçıya verilməsi hissəsində ləğv edərək həmin hissədə iddia tələbinin rədd olunmasına barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü tarixli 2(036)-76/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(036)-76/2023 saylı qətnaməsini qismən, yəni 3,4,5,6,7,8,9 rəqəmləri ilə işarələnmiş 10752,21 km torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyimdən geri alınıb iddiaçıya verilməsi hissəsində ləğv edərək həmin hissədə iddia tələbinin rədd olunmasına barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü tarixli 2(036)-76/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü tarixli 2(036)-76/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə əsasən koordinatları göstərilən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İmişli rayon AİK-nın 25 dekabr 2006-cı il tarixli 03 saylı qərarı ilə X2 mülkiyyətinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A830574 nömrəli planda yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,3155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********55 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh1, X13, X9 və X8 adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A830575 nömrəli planda yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,1206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********54 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh1, X13, X9 və X8 adına qeydiyyata alınmışdır. AR İN ƏM DK DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-45/2-3782/2023 saylı tarixli Mütəxəssis rəyinə əsasən A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə əsasən koordinatları göstərilən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əlavə edilmiş planda ardıcıl olaraq 1;2;3;9;10 rəqəmləri ilə işarələnmiş 13054,68 km ərazisi Cavabdeh2 və ardıcıl olaraq 3;4;5;6;7;8;9 rəqəmləri ilə işarələnmiş 10752,21 km ərazisi X5 istifadəsindədir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/4382 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 məxsus olan A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10752,21 kv/m hissəsi Hümbətova ( Babayeva) Xəzəngül Kamran qızı və 13054,68 kv/m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunması müəyyən edilmişdir. İşdə olan V-JQ 307604 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.1977-ci il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuş İddiaçı X1 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli05/69-541 nömrəli Arayışa əsasən X4 xx.xx.2003-cü il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində ölmüşdür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi irəli sürərək, torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması və qanunazidd hərəkətlərə son qoyulmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. İddia tələbi iddiaçıya anasından miras qalmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlərin çıxarılması barədədir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə iddiaçının anası X2 müliyyətinə İmişli rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 2006-cı il tarixli 03 saylı qərarı ilə verilmiş, hazırda da həmin torpaq sahəsi anasından İddiaçı miras qalmışdır. Göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, edilmişdirsə hansı hissəsinin zəbt edilməsinin müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, X1 miras qalmış A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ vərəsəlik qaydasında İddiaçı keçmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 ailə üzvlərinə məxsus A830574 nömrəli planda yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,3155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə həmsərhəd yerləşir və ərazisinin 10752,21 kv/m hissəsi Hümbətova ( Babayeva) Xəzəngül Kamran qızı , 13054,68 kv/m hissəsi isə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılması və yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya baxışı zamanı Cavabdeh1 vəsatət verərək, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Xidmətindən **********54 reyestr nömrəsi ilə Cavabdeh1, X13, X9 və X8 adına qeydiyyata alınan çıxarışa və X3 məxsus olan A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə əsasən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin o və Cavabdeh2 tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsi üçün məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, yuxarıda qeyd halların araşdırılması üçün mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzindən daxil olmuş 10/780 saylı, 22 aprel 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X1 miras qalmış A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan, İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10752,21 km ərazisi X10, 13054,68 km ərazisi Cavabdeh2 tərəfindən istifadə olunur. Cavabdeh X10 apelyasiya şikayətinin əsas dəlili kimi İmişli rayonunda torpaq islahatı aparıldıqdan sonra uzun müddət iddiaçının mübahisələndirdiyi torpaq sahəsindən istifadə etdiyini və həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsini ona aid olan hissədə, yəni 3,4,5,6,7,8,9 rəqəmləri ilə işarələnmiş 10752,21 km torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınıb iddiaçıya verilməsi hissəsində mübahisələndirməklə həmin qətnaməni qanuni və əsaslı hesab etmir. Kollegiya apelyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, cavabdehin başqasının mülkiyyətində olan torpaq sahəsindən uzun müddət istifadə etməsi, onun həmin torpaq sahəsindən çıxarılmaması üçün qanuni əsas hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd edilən ekspert rəyləri ilə də iddiaçının mübahisələndirdiyi, cavabdehin isə ona məxsus olduğunu iddia etdiyi İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10752,21 km ərazisi həqiqətən də X5 qanunsuz istifadə etdiyi müəyyən edilmişdir. Bu hal həm də iş materiallarında olan ekspert rəyinə əlavə edilmiş mübahisəli sahənin plan ölçü sxemində də öz təsdiqini tapmışdır. Həmin plan ölçüdən görünür ki, cavabdeh X5 mülkiyyətində olan torpaq sahəsi 2 rəqəmi ilə göstərilməklə ştirixlənmiş sahədə olmasına baxmayaraq o, iddiaçının mülkiyyətində olan 3 rəqəmi ilə ştirixlənmiş sahənin 10752,21 km ərazisindən istifadə edir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 miras qalan A 079303 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinə yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 23806,89 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmalı və İddiaçı torpaq sahəsindən istifadə etməsinə maneçilik törədən qanunazidd hərəkətlərdən çəkinməlidirlər” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü tarixli 2(036)-76/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü tarixli 2(036)-76/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X7, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-83/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-83/2025
14.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver