Məhkəmə qərarları › İş №2(106)-830/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-830/2025

30.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-830/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(053)-109/2025 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları 17 dekabr 2016-cı il təvəllüdlü X4 və 30 iyul 2020-ci il təvəllüdlü X3 ilə birlikdə Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclası zamanı Cavabdeh və onun nümayəndəsi, vəkil Nümayəndə1 vəsatət verərək göstərmişdir ki, cavabdehin atası X2 tərəfindən Neftçala rayonu, Həsənabad qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli İclas protokolundan çıxarışa əsasən yaşayış evi tikintisi üçün 700 kv.m həyətyanı torpaq sahəsinə X1 adına reyestr çıxarışı verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 nömrəli Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Şirvan İnzibati Məhkəməsinin hakimi Şahəli Musayevin icraatında olan e-2-1(120)-2686/2025 nömrəli iş üzrə 24 yanvar 2025-ci il tarixdə sərəncam çıxarılmış, iş icraata götürülmüşdür. Şirvan İnzibati Məhkəməsinin icraataında olan iddia mahiyyəti üzrə həll edilib, yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı işə baxılıb nəticə verilməsi mümkün deyil. Bu səbəbdən hazırki iş üzrə icraatın Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)- 2686/2025 nömrəli iş üzrə yekun qərar çıxarılıb qanuni qüvvəyə minənədək dayandırılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin hazırlıq iclasının 27 fevral 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş və İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmə baxışı 18 mart 2025-ci il tarixə, saat 11:10-a təyin edilmişdir. Həmin qərardaddan Cavabdeh nümayəndəsi şikayət verərək birinci instansiya məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini və mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(053)-109/2025 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 şikayət verərək birinci instansiya məhkəməsinin 11 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsini, mülki iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməsi barədə verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işin icraatının dayandırılması üçün kifayət qədər əsaslar vardır və bu barədə sübutlar məhkəməyə təqdim edilmişdir. İşin icraatının dayandırılması barədə vəsatət təmin edilmədiyinə görə məhkəmə bu barədə ayrıca akt şəklində qərardad qəbul etməli idi. Bundan əlavə həmin qərardaddan da şikayət verilə bilər və bununla bağlı da qərardadda əsas göstərilmədiyindən tərəfindən şikayət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan Apelyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, xx.xx.2025-ci il tarixədək şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşin hallarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadı ilə icraatın dayandırılması barədə vəsatət təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə baxışına təyin edilmişdir. Həmin qərardaddan verilən şikayət Neftçala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(053)-109/2025 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Göründüyü kimi, mübahisələndirilən 27 fevral 2025-ci il tarixli qərardad həm işin sonrakı hərəkətinə mane olmur, eyni zamanda həmin qərardaddan da ayrıca şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, birinci instansiya məhkəməsi 27 fevral 2025-ci il tarixli qərardaddan verilmiş şikayəti 11 mart 2025-ci il tarixli, 2(053)- 109/2025 nömrəli qərardada əsasən geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin izah edir ki, hazırki şikayətə baxılması ilə əlaqədar kollegiya təkcə Neftçala Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin 11 mart 2025-ci il tarixli qərardadının qanuniliyini yoxladığından hazırda cavabdeh tərəfin işin icraatının dayandırılması barədə vəsatətinin əsaslı olub-olmamasını, birinci instansiya məhkəməməsinin vəsatəti təmin etməməklə düzgün nəticəyə gəlib-gəlməməsini araşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 357-358, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə1 şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(053)-109/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar