Məhkəmə qərarları › İş №2(106)-834/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-834/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-834/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Yelo Bank” ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə4 iştirakı ilə, İddiaçı Yelo Bank” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış borcun alınması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, istifadə hüquqlarının itirilməsi və yaşayış evindən çıxarılma, evin boşaldılması və banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə xx.xx.2014- cü il tarixdən xx.xx.2019cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1386,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 33089,46 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 alınaraq "xxxx" İKB açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi; tutma mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması; satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması; həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 34550,91 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 alınaraq "xxxx" İKB açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi; tutma mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması; satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması; həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 ilə "xxxx" İKB açıq səhmdar cəmiyyətinin “Bərdə” filialı arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz ödənilməsi şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq DƏDRX-nin 6 saylı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2024-cü il tarixinə Banka kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 34550,91 manat borcu vardır. Ona görə də kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə xx.xx.2014cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 34550,91 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, tutma mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulması, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi (X2) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə “Nikoyl İKB” açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 12871,55 manat, 300 manat dəbbə pulu, ümumilikdə 26953,53 manat borc, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, həmçinin 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış (likvid dəyəri) qiymətinin 47500 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan Cavabdeh1 Banka olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə istifadə hüququ itirilməklə yaşayış sahəsindən çıxarılmaları və yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi,.Cavabdeh1 ümumilikdə 200 manat ekspertiza xərcinin alınaraq X1, kodu 210005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi iddia tələbinin tam təmin olunması və ipoteka predmetinin dəyərinin 39320 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Yelo Bank” ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi iddia tələbinin tam təmin olunması və ipoteka predmetinin dəyərinin 39320 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə4 apelyasiya icraatı zamanı ərizə təqdim edərək iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyini təmin etmək məqsədi ilə iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 6/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini, tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi iddia tələbinin tam təmin olunması və ipoteka predmetinin dəyərinin 39320 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi, yəni mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiymətinin müəyyən edilməsi və kredit müqaviləsi üzrə xx.xx.2014- cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış faydaya münasibətdə iddianın təmin edilməməsi hissəsində işin faktiki hallarını tam hərtərəfli tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmaması nəticəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, nəticədə qətnamənin apellyasiya qaydasında ipoteka predmetinin likvid dəyəri hissəsində dəyişdirilməsi, kredit müqaviləsi üzrə xx.xx.2014cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış faydanın təmin edilməməsi hissəsində isə ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz ödənilmək şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus əmlak - Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin qiyməti 45000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, mülkiyyətdə olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi ipoteka ilə yüklü edilərək 21 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsusdur. İş materiallarında olan cavabdehlərə göndərilmiş bildirişin surətindən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdeh xəbərdar olunmuşdur. İş materiallarında olan Bankın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən (elektron xidmət portalı) görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildiriş 6 saylı Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. Onun üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kreditin verilmə tarixi -xx.xx.2014-cü il, kreditin bitmə tarixi -xx.xx.2019-cu il, Cavabdeh1 həmin tarixə banka kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1386,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 33089,46 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, kreditin verilmə tarixi -xx.xx.2014-cü il, kreditin bitmə tarixi -xx.xx.2019-cu il, Cavabdeh1 həmin tarixə banka kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 34550,91 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli, 9/3714 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə (kredit müqaviləsinin son müddəti) Cavabdeh1 banka olan faiz borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 14100,25 manat, faiz borcu üzrə 12871,55 manat. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli, 9/3714 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 10/6627-9/7330 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 50000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli, 10/6627-9/7330 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/3082-9/3277 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin satış, likvid qiyməti təqribən 47500 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli, 10/3082-9/3277 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin verdiyi 18 dekabr 2023-cü il tarixli, 001/23 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyindən görünür ki, Cavabdeh1 oğluna məxsus Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 323 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti: Likvid dəyəri 39320 manat, bazar dəyəri 45200 manat təşkil edir. İş materiallarının tədqiqindən müəyyən edilir ki, “Nikoyl İKB” açıq səhmdar cəmiyyətinin “Bərdə” filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, Cavabdeh1 60 ay müddətinədək ödənilmək şərti ilə 16000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 26 faiz miqdarında faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda Banka kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 12871,55 manat, 2708,5 manat dəbbə pulu borcunun qalması, Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014- cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün mülkiyyətdə olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması sübuta yetir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Kollegiya qeyd edir ki, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin dəlillərində iddianın təmin olunmayan hissəsini, yəni əsas məbləğə hesablanmış faiz borcunun və dəbbə pulunun tam təmin edilməsini, bundan başqa xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış faydaya münasibətdə iddianın təmin edilməsini və Cavabdeh1 oğluna məxsus Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 323 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni mübahisələndirmişdir. Kollegiya iddiaçının faiz borcunun və dəbbə pulunun tam təmin edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində əsas məbləğə hesablanmış faiz borcunu 15212,23 manat, dəbbə pulunu isə 2708,5 manat göstərmiş və iddianın tam təmin edilməsini xahiş etmişdir. Faiz borcuna münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli, 9/3714 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə (kredit müqaviləsinin son müddəti) Cavabdeh1 banka olan faiz borcu 12871,55 manat müəyyən edilmiş və məhkəmə də həmin hissədə iddianı əsaslı hesab edərək faiz borcuna münasibətdə iddianı qismən təmin etmişdir. Bundan başqa 300 manat dəbbə puluna münasibətdə isə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Çünki dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq yuxarıda göstərilən məbləğdə müəyyən olunması qanuni və əsaslıdır. Kollegiya iddiaçının əmlakın likvid dəyərinin müəyyən edilməsi zamanı ziddiyyətlərin mövcud olması və likvid dəyərin həddindən artıq yuxarı məbləğdə müəyyən edilməsi bağlı dəlillərinə münasibətdə qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə kollegiyası apelyasiya icraatı zamanı tərəflər arasında ipoteka predmetinin ilkin qiymətinin razılaşma yolu ilə əldə olunmaması səbəbindən və iddiaçının apelyasiya şikayətində göstərmiş olduğu dəlillərə əsasən mülki iş üzrə müstəqil qiymətləndirici təyin edilmiş və iş materiallarında olan "xxxx" MMC-nin 21 avqust 2014-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 oğluna məxsus Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 323 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti: Likvid dəyəri 39759 manat, bazar dəyəri 44422 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və tərəflər arasında bağlanmış ipoteka müqaviləsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti ilə bağlı müəyyən olunan hissəsi qanuni və əsaslı hesab edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin verdiyi 18 dekabr 2023-cü il tarixli, 001/23 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyi ilə Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/3082-9/3277 nömrəli ekspert rəyi arasında ziddiyyət mövcuddur. Belə ki, "xxxx" MMC-nin verdiyi ekspert rəyində Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin satış, likvid qiyməti 39320 manat müəyyən edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspert rəyində isə təqribən 47500 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda "xxxx" MMC-nin verdiyi ekspert rəyində isə Likvid dəyər 39759 manat müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, əvvəla əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərarda da Ali Məhkəmə "İpoteka haqqında" Qanunun 1.0.9-cu maddəsinə əsaslanaraq həmin normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışının aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi qənaətinə gələrkən borcalan, ipoteka qoyan və ipoteka saxlayanın qanuni maraqlarını da nəzərə almışdır. Göründüyü kimi əmlakın likvid dəyəri onun bazar qiymətini deyil, bazar qiymətindən də aşağı (cüzi fərqlə) olan qiymətini ehtiva edir. Əmlakın satılarkən likvid dəyərinin müəyyən edilməsi, əslində iddiaçının həmin vaxt əmlakına verilən dəyər olduğundan dolayı yolla cavabdehin qanunsuz hərəkəti nəticəsində əmlakdan məhrum olması nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləğini də ehtiva edir. Göründüyü kimi iddiaçı apelyasiya icraatı zamanı da əmlakın likvid dəyərinin yuxarı həddə müəyyən edilməsi halını mübahisələndirmişdir. Ona görə də kollegiya hesab edir ki, nə qədər ki, birinci instansiya məhkəməsində icraat zamanı iki fərqli qiymət müəyyən edilmiş və apelyasiya icraatı zamanı da ekspert tədqiqatı zamanı fərqli qiymət müəyyən edilmişdir, əmlakın ilkin satış, yəni likvid qiyməti kimi ən aşağı müəyyən edilən məbləğ-39.320 manat müəyyən edilməsi qanuni və ədalətli olar. Bundan başqa məhkəmə kredit müqaviləsi üzrə xx.xx.2014- cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda ilə bağlı iddianın təmin edilməməsinə münasibətdə də düzgün nəticəyə gəlməmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə xx.xx.2014- cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat faiz borcunun ödənilməsi tələbin təmin edilməməsini birinci instansiya məhkəməsi borclunun təqsirli hərəkətinin müəyyən edilməməsi ilə əsaslandırmışdır. Kollegiya bunun əskinə olaraq qeyd edir ki, öhdəliyin icra olunmaması özü özlüyündə məhz elə borclunun təqsirli hərəkətini özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Kollegiya qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyd edilən hissəsi qanuni və əsaslı olmasına baxmayaraq, həmin edilməməsi barədə gəlinən nəticə əsassız olmaqla formal mülahizə kimi dəyərləndirilməli olduğundan, həmin hissə ləğv edilməli, tələb təmin edilməklə cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat faiz borcu pul alınaraq iddiaçıya verilməlidir. Cavabdehin Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə4 apelyasiya icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin keçməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmış, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə isə başa çatmışdır. İddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdehin tələbi bu hissədə əsassızdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 6/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin likvid dəyərinin 47500 manat məbləğində müəyyən edilməsi hisəsində dəyişdirilərək ipoteka predmeti olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin likvid dəyəri 39320 manat müəyyən edilməli, xx.xx.2014- cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış faydaya münasibətdə iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, həmçinin gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində faiz borcu Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermədiyindən, hazırkı qətnamənin ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissəsindən kassasiya şikayəti vermək hüquqları vardır. İllik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış faydaya münasibətdə isə iddianın təmin edilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan cavabdehlərin həmin hissədə kassasiya şikayəti vermək hüququ yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin likvid dəyərinin 47500 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək, İpoteka predmeti olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin likvid dəyəri 39320 manat müəyyən edilsin. xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış faydaya münasibətdə iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində faiz borcu Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar