Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-84/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, katib X1, İddiaçı, cavabdehlər Cavabdeh1, Əsgərova (Rüstəmova) Aynurə Abbas qızının və onların nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X3 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin (hakim M.Qarayev) 24 may 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş Saatlı rayon Əhmədbəyli kəndində (Telmankənd kəndi) yerləşən 2,69 hektar torpaq sahəsindən 22032,46 kv.metrini İddiaçı 1800 manata satmaları barədə öz aralarında bağlanmış 19 yanvar 2005-ci il tarixli alqı-satqı müqaviləsi təsdiq olunmaqla həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Əhmədov, T.Kərimov, T.Heydərov) 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşə iddiaçı və onun vəkili tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İ.Xələfov, Ə.Nurməmmədov, Z.Əliyev) 16 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ilin əvvəlində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərinə Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş 2,69 ha pay torpaq sahəsinin 22032,46 kv.m. hissəsini satmaq istədiklərini bildirmiş, o da cavabdehlərə 1800 manat pul verib, həmin torpaq sahəsini birdəfəlik almışdır. Bununla bağlı Saatlı rayon Notariat Kontoruna müraciət etmişlər. Lakin notariat kotoru tərəfindən onlara bildirilmişdir ki, torpaqların alqı-satqısını hal-hazırda rəsmiləşdirməyə onlara icazə vermirlər. Ona görə cavabdehlərlə öz aralarında 19 yanvar 2005-ci il tarixdə akt tərtib etmişlər. Həmin vaxtdan da qeyd edilən torpaq sahəsindən istifadə edir. O, sonradan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehlərin onunla notariat kontoruna getməklərini təklif etsə də, cavabdehlər imtina etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsinə gəlmədiklərindən işə qiyabi icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 336.1-ci maddəsinə əsaslanmışdır. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdehlərin iştirakı təmin edilməmişdir. Cavabdeh şikayəyində bildirmişdir ki, torpaq sahəsini iddiaçıya müvəqqəti istifadə üçün vermişlər, aralarında razılaşma olmamışdır. Şikayətə görə İddiaçı torpaq sahəsini zəbt etmişdir və qeyri-qanuni əkir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehlər Cavabdeh1, Aynurə Rüstəmova, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər izahatlarında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair iş materiallarında olan və iddiaçının istinad etdiyi aktın onların tərəfindən imzalanmadığını, həmin aktın saxtalaşdırıldığını, 2005-ci ildən torpaq sahəsini İddiaçı müvəqqəti olaraq istifadəyə verdiklərini, həmin vaxtdan sonra sonuncunun torpaqdan istifadə etdiyini, torpaqdan çıxmaq istəmədiyini bildirmişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə 2005-ci ildə razılaşma olduğunu, torpağa görə onlara pul ödədiyini, sonradan alqı-satqının rəsmiləşdirilməsi üçün müraciət etdikdə onların müxtəlif bəhanələrlə bundan boyun qaçırdıqlarını bildirmişdir. Cavabdeh2 vəfat etdiyindən, hüquqi varis qismində onun digər uşaqları- X4 və X5 tanınmışlar. Apellyasiya baxışında üçüncü şəxs qismində cəlb edilmiş X5 cavabdehlərin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonu Əhmədbəyli (Telmankənd) kəndinin ərazisində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə mülkiyyətinə kənd təsərrüfatı məqsədləri üçün 2,69 ha torpaq sahəsi ayrılmış, bu barədə müvafiq dövlət aktı verilmişdir. İddiaçı hazırkı tələbində cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən 22032,46 kv.m. hissəsini cavabdehlərdən alqı-satqı yolu ilə əldə etdiyini, tərəfər arasında sadə yazılı razılaşma olduğunu, lakin notarial qaydada təsdiq edilmiş müqavilə olmadığını bildirməklə, alqı- satqı müqaviləsinin bağlanmış hesab edilməsini, mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında imzalanmış 19 yanvar 2005-ci il tarixli aktı təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2005-ci il tarixli akta görə, Saatlı rayonu Əhmədbəyli kənd sakinləri- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 2,69 ha torpaq sahəsindən 22032,46 kv. m. hissəsini İddiaçı birdəfəlik olaraq 1800 manata satmışlar. İddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə istinad etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarında məhkəmənin toplanmış sübutlara Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbləri baxımından qiymət verilməsinə dair göstəriş vermişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İşin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi 2005-ci ilin yanvar ayından iddiaçının sahibliyində və istifadəsindədir. Həmin vaxtdan torpağın nominal mülkiyyətçiləri olan hazırkı iş üzrə cavabdehlər həmin torpaq sahəsini geri tələb etməmişlər. Cavabdehlər etirazında və apellyasiya şikayətində torpaq sahəsinin onların iradəsi əleyhinə iddiaçıya təhvil verildiyini, torpağa görə iddiaçının onlara pul məbləği verdiyinə dair etirazlarını bildirməmişlər, faktiki olaraq bunu inkar etməmişlər. Onların etirazının yeganə əsasını o təşkil edir ki, onlar torpaq sahəsini daimi olaraq iddiaçının mülkiyyətinə deyil, müvəqqəti istifadəsinə vermişlər. İşin hallarından torpaq sahəsinin iddiaçının müvəqqəti istifadəsinə verilməsi, torpaq sahəsindən istifadənin şərtləri, istifadənin müddətini təsdiq edən hallar müəyyən edilmir. Bu barədə dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, mübahisə edilən torpaq sahəsi İddiaçı qanunsuz sahibliyində və istifadəsində olmamışdır və hazırda da qanunsuz istifadəsində deyil, həmin torpağa görə alıcı qismində cavabdehlərə pul vəsaiti ödəmişdir. Torpağın mülkiyyətçilərin birgə razılığı ilə verildiyi də inkar edilmir. Lakin alqı-satqı müqaviləsi müvafiq qaydada qeydiyyatdan keçməmiş, alıcının adına rəsmiləşməmişdir. Analoji münasibətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyi vardır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsinin Plenumu, analoji mülki iş üzrə müqavilənin məcburi forma şərtinə riayət edilməməsi əsası ilə etibarsızlığı məsələsinə də aydınlıq gətirmişdir. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kollegiya qeyd edir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair razılıq olmuş, torpaq sahəsinə görə hazırkı iş üzrə cavabdehlər müəyyən məbləğdə pul vəsaiti almış, alıcı İddiaçı razılığa uyğun olaraq öz öhdəliyini yerinə yetirmişdir. Satıcılar olan torpağın nominal mülkiyyətçiləri iddiaçıya münasibətdə vicdanlı davranmamışlar. Cavabdehlər etirazlarında torpaq sahəsini iddiaçıya satmadıqlarını, torpaq sahəsinin alqı-satqısına dair sadə yazılı aktdakı imzanın da onlara məxsus olmadığını bildirmişlər. Apellyasiya baxışında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 4/1382 nömrəli ekspert rəyinə görə, ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 19 yanvar 2005-ci il tarixli aktda “İmzalar 1. Cavabdeh1.” Qrafasındakı imza- Cavabdeh1 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 19 yanvar 2005-ci il tarixli aktda imzalar “İmzalar 3. Cavabdeh3” qrafasındakı imza- Rüstəmova (Əsgərova) Aynurə Abbas qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, cavabdehlərin etirazı əsassızdır. Belə ki, əvvəla, MPM-in 103.1ci maddəsinə əsasən, satıcılardan iki nəfərin imzasının onlara məxsus olmadığı barədə iş üzrə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir. Bundan başqa, işin müəyyən edilmiş digər faktiki halları, o cümlədən tərəflər arasında yaranan münasibətlər, 2005-ci ildən keçən uzun müddət vaxt ərzində cavabdehlərin susması onu deməyə əsas verir ki, 2005-ci iln yanvar ayında tərəflər arasında torpaq sahəsinin alqısatqısına dair həqiqətən razılaşma olmuşdur. Kollegiya qeyd edir ki, sözügedən razılaşmadan 15 ildən artıq vaxtın keçməsi və bu razılaşmaya qarşı hər hansı etirazın olmaması (susma) onu göstərir ki, birgə mülkiyyətçilər bu sövdələşməyə razılıqlarını bildirmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Konstitusiya Məhkəməsi adı çəkilən Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 355.2ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. İşin faktiki hallarına qiymət verərək Məhkəmə Kollegiyası hesab edir ki, 2005-ci ilin yanvar ayında hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan torpaq sahəsinin alqı-satqısına dair İddiaçı ilə razılığa gəlmişlər; İddiaçı tərəfindən torpağa görə pul vəsaiti ödənilmiş, torpaq sahəsi ona təhvil verilmişdir. Həmin vaxtdan da sözügedən torpaq sahəsi iddiaçının fasiləsiz istifadəsində və sahibliyindədir. O, torpaqdan öz əmlakı kimi istifadə edir, orda müəyyən yaxşılaşdırma işləri də aparmışdır. Ona görə də alqı-satqı müqaviləsinin forma tələblərinə riayət edilməməsi səbəbindən sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmamış hesab edilməsi və ya etibarsız hesab edilməsi qənaətinə gəlmək mümkün deyil. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı mahiyyəti üzrə düzgündür. Bu halda MPM-in 385.2-ci maddəsinə əsasən qətnamə ləğv edilə bilməz. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilir. Aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh1 və Rüstəmova (Əsgərova) Aynurə Abbas qızından 126 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(055)-1011/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına görə Cavabdeh1 və Rüstəmova (Əsgərova) Aynurə Abbas qızından 126 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-84/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-84/2023
18.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver