Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-848/2024 16.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaq sahəsinin zəbtdən azad edilməsi X13 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(036)- 156/2024 saylı (hakim Ülvi Qənbərov) qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan JN 0018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən 0018 saylı nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qarşı tərəfin çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qızılkənd kəndində yaşayır. İslahat nəticəsində on dörd nəfərdən ibarət olan ailə üzvlərinin birgə mülkiyyətinə İmişli rayonu Qızılkənd kəndi ərazisində cəmi 6,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN 0018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında göstərilmiş 0018 saylı plan əsasında təhkim edilmişdir. Həmin torpaq sahəsinin 3,17 ha hissəsi 2015-ci ildə ailə üzvlərinin ümumi razılığı ilə cəmi 3000,0 manata beş il müddətinə Cavabdeh icarəsinə verilmiş və ərazisində kənd təsərrüfatı məhsulları yetişdirilərək istifadə olunmuşdur. Müddət bitdikdən sonra Cavabdeh həmin torpaq sahəsindən çıxmayaraq 3,17 ha torpaq sahəsinə qanunsuz yolla yiyələnmişdir. Ona görə də, 0018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0018 saylı planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və qarşı tərəfin torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması haqqında iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qızılkənd kəndində yaşayır və heyvandarlıqla məşğul olur. JN 0018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən 0018 saylı nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin X9, X4, X11 , X1, X8, İddiaçı və X2 ümumi birgə mülkiyyətində olan 3,17 ha hissəsini 2015-ci ildə adı çəkilən şəxslərlə şifahi müqavilə əsasında satınalma yolu ilə əldə etmiş və cəmi 3000,0 manat ödəmişdir. Həmin torpaq sahəsi ilə bağlı hüquqları adına 30 il müddətinə verilmiş etibarnamə ilə rəsmiləşdirilmiş və torpaq sınədinin əsli ona verilmişdir. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İmişli Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(036)-156/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı və qeyrilərinin ümumi birgə mülkiyyətində olan JN 0018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0018 saylı planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və onun həmin torpaq sahəsindən istifadəyə yönəlmiş qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Qanunun mənasına görə mübahisə obyekti olan 6.35 ha torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan həmin torpaq sahəsinə sahiblik və ondan istifadə edilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında, belə razılaşma olmadıqda isə məhkəmənin müəyyən etdiyi qaydada həyata keçirilir. Hazırkı işdə isə nəinki mülkiyyətçilər arasında razılaşmanın olub-olmaması aydınlaşdırılmamış, ümumiyyətlə onlar məhkəməyə dəvət olunmamışlar. Beləliklə, məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığıilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlaşmasından asılı olayaraq bu razılıq ehtimal olunur. Lakin qanuniliyi tərəflərindən mübahisələndirilən İmişli Rayon Məhkəməsinin 2(036)156/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsindən məlum olur ki, qanunun qeyd edilmiş tələblərinə əməl edilməməklə, maddi hüquq normasının pozulmasına yol verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Qanunun mənasına görə mübahisəli torpaq sahəsində olan 14 nəfər mülkiyyətçinin payı qabaqcadan məyyən edildikdən və hər bir mülkiyyətçiyə düşən torpaq sahəsinin kordinatları əvvəlcvədən müəyyən edildikdən sonra hazırkı mübahisəyə baxılaraq yekun qərar qəbul edilə bilərdi. Lakin 14 nəfər birgə mülkiyyətçinin payı naturada müəyyən edilərək kordinatları dəqiqləşdirildikdən sonra hazırkı mübahisə ilə əlaqədar yekun qərar qəbul edilə bilərdi. Qərar qəbul edən məhkəmə isə qanunun bu tələbini nəzərə almadan maddi hüquq normasının pozulmasına səbəb olan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı hərbi qulluqçu olduğundan o, İmişli rayonu Qəzəlkənd kəndində yaşamır. Faktiki xidmət etdiyi yerdə yaşayır. Onun tərəfindən İmişli rayonunun Qızılkənd kəndində yerləşən miras əmlakın qəbul edilməsi mümkün deyildir. Həm də nəzərə alınmalıdır ki, Yalçin İbişli mərhumların birbaşa övladı yox, onların nəvəsidir. Onun atası və anası sağdır və mərhumlara münasibətdə birinci növbədə olan vərəsə iddiaçının atası X7r. Onun tərəfindən miras əmlakın qəbulu barədə mülki işdə heç bir sənəd yoxdur. Əgər hesab olunsa ki, valideynlərdən miras qalmış əmlakı Qurban Qasımov qəbul etmişdir, onda onun tərəfindən iddiaçıya hazırkı iddianın qaldırılması ilə bağlı etibarnamə verilməli idi. Mülki iş materiallarından da görünür ki, belə bir etibarnamə verilməmişdir. Başqa sözlə desək, babasından və nənəsindən miras qalmış torpaq sahəsi ilə bağlı iddia qaldırmağa iddiaçı səlahiyyətli olmamışdır. Lakin qərar qəbul edən məhkəmə işdəki bu halı nəzərə almamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1249-cu maddəsinin tələbinə görə digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanılması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Qanuniliyi tərəflərindən mübahisələndirilən İmişli Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(036)156/2024 saylı qətaməsindən, o cümlədən qətnamənin qəbul edilməsi üçün əsas olan iddia ərizəsindən və digər sənədlərdən mübahisəsiz qaydada məlum olur ki, miras əmlakı ilə bağlı vərəsəlik işi açılmamış və bununla bağlı vərəsəlik şəhadətnaməsi verilməmişdir. Lakin qərar qəbul edən İmişli Rayon Məhkəməsi qanunun tələbini nəzərə almadan və nəticədə maddi hüquq normasının pozulması ilə müşayiət olunan qanunsuz qətnamə qəbul etmişdir. Bildirirlər ki, qərar qəbul İmişli rayon məhkəməsi İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmamasını, həmçinin birgə mülkiyyətçilərdən iki nəfərin vəfat etməsini, onlardan miras qalmış torpaq sahəsinin vərəsələri tərəfindən qəbul edilməməsini, birgə mülkiyyətçilərin mülkiyyətində olan torpaq sahəsinin kordinatlarının müəyyən edilməməsini, o cümlədən birgə mülkiyyətdə olan torpaq sahəsinin yarısının iddiaçının atası Qurban Qasımov tərəfindən 3000 manat müqabilində 2015-ci ildə cavabdehə satılmasını aydınlaşdırmamışdır. Nəticədə məhkəmə yekunda yalnış nəticəyə gəlmişdir. Məhkəmə qətnamədə 6.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və mənim həmin torpaq sahəsindən istifadəyə yönəldilmiş qanunazidd hərəkətlərə son qoyulması barədə yalnış nəticəyə gəlmişdir. Birincisi, İddiaçı sübut etməli idi ki, hazırkı iddianı qaldırmağa səlahiyyətli olmaqla, bütün mülkiyyətçilərin pay torpaq sahəsinin kordinatları müəyyən edilmişdir. Vəfat etmiş mülkiyyətçilərin hər ikisindən miras qalmış torpaq sahəsi vərəsələri tərəfindən qəbul edilməklə bu barədə vərəsəlik şəhadətnaməsi almışlar. Məhkəmə qeyd edilmiş halların sübut edilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, ali təhsilli olmaqla mühəndis-mexanikdir. Özü hazırda da evlərin tikintisi, həmçinin alqı-satqısı ilə məşğuldur. 2015-ci ildə torpağın 1 hektarını 1000 manatdan olmaqla 3000 manata almışdır. Torpağın 3 ha-nı o, yerdə qalan 3 ha-nı isə iddiaçılar özləri istifadə etmişlər. Alqı-satqının notarial qaydada rəsmləşdirilməsini bilir. Lakin Qurbana inanmış, ona etibar etmişdir. Torpağın alqı-satqısını notariusda etdirməməklə səhvə yol vermişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, torpaq sahələrini cavabdehə satmamışlar, 5 il müddətinə ona icarəyə vermişlər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 göstərmişdir ki, ilk əvvəl 2012-ci ildə mübahisəli torpağı cavabdehə 3 il müddətinə icarəyə vermişdir. 2015-ci ildə isə 3 ha hissəni 3000 manat qarşılığında 5 il müddətinə cavabdehə icarəyə vermişdir. Etibarnaməni subsidiya alması üçün cavabdehə vermişdir. Subsidiya kartları özünün adınadır. Lakin həmişə cavabdehdə olmuşdur, hazırda da cavabdehdədir. 2021-ci ildən sonra cavabdeh icarə ödənişi etmədiyindən torpağını geri tələb etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1 -ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan JN 0018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən 0018 saylı nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İmişli Rayon AİK-nin xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə, X9, X4, X11 , X1, X8, İddiaçı, X10 və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan AZ-İ 685132 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 264370 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İddiaçı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etmişdir. Cavabdeh qətnaməni tam olaraq mübahisələndirir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan JN 0018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 3,17 ha hissəsi iddiaçı və onun atası tərəfindən Cavabdeh 2025-ci ildən etibarən 5 il müddətinə icarəyə verilmişdir. Cavabdeh torpaq sahəsini aldığını iddia edir. Cavabdeh kollegiyanın iclasında alqı-satqının notarial qaydada rəsmləşdirilməsini bildiyini, lakin Qurbana inandığını, ona etibar etdiyini, torpağın alqı-satqısını notariusda etdirməməklə səhvə yol verdiyini göstərmişdir. Müəyyən edildi ki, cavabdeh 3.17 ha torpaq sahəsi qanunda nəzərdə tutulan qaydada əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(036)-156/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-848/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-848/2024
16.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver