Məhkəmə qərarları › İş №2(106)-851/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-851/2024

27.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-851/2024 27.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonunun Qaradonlu kəndində öz vəsaiti hesabına tikdiyi və hal-hazırda cavabdehin yaşadığı mişar daşından inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ilin dekabr ayında Cavabdeh ilə faktiki nikaha daxil olmaqla evlənmiş, 2018-ci ildə bir uşaqları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra birgə yaşamaları üçün ev tikmək məqsədilə özünə məxsus 40 baş iribuynuzlu, 15 baş xırda buynuzlu heyvanlarını və ailə qurmazdan əvvəl aldığı qızıl-zinyət əşyalarını satıb 10000 ədəd mişar daşı və digər tikinti materialları almış və İmişli rayonunun Qaradonlu kəndində iki mərtəbəli ev tikdirmişdir. Həmin evin bütün materialları və usta xərcləri onun tərəfindən ödənilmişdir. Bütün bunlara baxmayaraq 02 avqust 2022-ci il tarixdə cavabdeh onu döyüb xəsarət yetirərək, məcburi qaydada evdən çıxarmışdır. Aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll edə bilməmişlər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, iddiaçı ilə rəsmi nikaha daxil olmamışlar və onlar qanunla ər-arvad deyil. Eyni zamanda iddiaçı onun yaşaığı evdə qeydiyyatda deyil. İddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin heç bir mülkiyyət sənədi yoxdur. Qanuna görə isə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə yaşayış sahəsinin mülkiyyətçinin razılığı ilə onun ailə üzvlərinin istifadə hüququ tanına bilər. İddiaçı isə onun ailə üzvü deyildir və onun mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış heç bir əmlak yoxdur. Ona görə də iddianı əsassız hesab edir. İddiaçı və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmənin əvvəlki iclasında iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsi (Hakim: Telman Quliyev) ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı 50 (əlli) manat məbləğində ekspertiza xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152 və 157-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il, 2(036)-31/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəmin təmin edilməməsi qət edilmişdir. Halbuki, hüquqlarımın müdafiəsi üçün gətirdiyim bütün sübutları-meşə fondu torpaq sahəsində tikilmiş və hazırda cavabdehin qanunsuz olaraq yaşadığı həmin yaşayış evi mənim 45 baş iribuynuzlu mal qaramın, 15 baş qoyun heyvanımın , 20 000 manat dəyərində qızıl-zinət əşyalarımın satılması və götürdüyüm 10 000 manat dəyərində kreditin inşa edilmiş, həmin evə qaz, su, elektrik xətti çəkilmiş, mişar daşı və digər tikinti materialları alınmasına dair təqdim etdiyim mötəbər sübutları məhkəmə nəzərə almamış, bununla da insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməmiş, qanunun aliliyinə riayət etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünü maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanıla bilməsinə qəbul etdiyi qərarda münasibət bildirməmişdir. Halbuki, məhkəmə bu halda müəyyən etdiyi faktın, yəni meşə fondu torpaq sahəsində qanunsuz mənim pul vəsaitimlə tikilmiş evdə cavabdehlə birlikdə mənim azyaşlı uşağımla bağlı evə köçürülməyə dair haqlı tələbimi əsassız və qanunsuz olaraq təmin etməmişdir. Odur ki, kollegiyadan İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)- 31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzaradət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onupozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldəetmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, tərəflər arasında mənzillə dair hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah olmadığından ər-arvad arasında hüquq və vəzifələrin yaranmadığı, həmçinin heç bir hüquq müəyyənedici sənədi olmadığı üçün iddiaçının özbaşına tikili olan evə köçürülməsi barədə iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 2016cı ildə faktiki ailə münasibəti yaranmış, onların faktiki nikahından 02 avqust 2021-ci il təvəllüdlü X1 anadan olmuşdur. İddiaçı ilə cavabdehin birgə yaşadığı müddətdə İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında mişar daşından iki mərtəbəli on otaqdan (hər mərtəbədə beş otaq olmaqla cəmi on otaq) ibarət fərdi yaşayış evi inşa etmişlər. Bu fakt birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın rəyi ilə də təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8511 saylı ekspert rəyindən görünür ki, İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında Cavabdeh yaşadığı mişar daşından inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin və köməkçi tikililərin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi 9 saylı X2 Mərkəzinin İmişli rayonunun ərazisində olan torpaq sahəsinin sərhədləri daxlində yerləşməklə dövlət mülkiyyətinə aid torpaq sahəsidir və Cavabdeh istifadəsindədir. Qeyd olunan həyətyanı torpaq sahəsinə aid mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında Cavabdeh yaşadığı mişar daşından inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin və köməkçi tikililərin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi başqa mülkiyyətçilərin həyətyanı torpaq sahələri ilə üst-üstə düşmür. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli ev tərəflərin faktiki nikahları müddətində birgə vəsaitləri hesabına tikilmiş və həmin evdə ər-arvad kimi yaşamış, onların birgə faktiki nikahlarından Məhəmmədəli adlı az yaşlı uşaqları anadan olmuş, 16 mart 2022-ci il tarixdə evdə ailə daxili mübahisə yaranmış və Cavabdeh İddiaçı döyərək evdən az yaşlı uşağı ilə birlikdə qovmuşdur. Hətta bu barədə onun barəsində X5 görülmüş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Hal-hazırda İddiaçı məxsus bütün cehiz əmlakı da hazırda onların birgə vəsait hesabına inşa etdikləri və köçürülməsini tələb etdiyi evdədir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, mübahisəli evin birgə nikah dövründə inşa edilsə də, iddiaçı ilə onun arasında rəsmi nikah olmadığından onlar ər-arvad hesab edilmrlər, iddiaçının onun yaşaığı evdə qeydiyyatı yoxdur, həmçinin iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin heç bir mülkiyyət sənədi yoxdur. Qanuna görə isə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə yaşayış sahəsinin mülkiyyətçinin razılığı ilə onun ailə üzvlərinin istifadə hüququ tanına bilər. İddiaçı isə onun ailə üzvü deyildir və onun mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış heç bir əmlak yoxdur. Ona görə də, o, iddianı əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Birinci instansiya məhkəməsi tikilinin tərəflərə aid olması və birgə faktiki ailə kimi yaşadığı dövrdə birgə vəsait hesabına İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında mişar daşından iki mərtbəli on otaqdan (hər mərtəbədə beş otaq olmaqla cəmi on otaq) ibarət fərdi yaşayış evi inşa etmələrini müəyyən etmiş, lakin iddiaçıya münasibətdə onların arasında rəsmi nikahın olmaması və bu səbəbdən də, ər-arvad kimi hüquq və vəzifələrin yaranmaması və inşa edilən evin özbaşına tikili olması əsası ilə iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsasların olmadığı qənətinə gəlsə də, cavabdehə münasibətdə mövqeyini belə açıqlayır ki, tərəflər arasında mənzillə dair hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməli olması qənaətinə gəlir və maddi hüquq norması kimi Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən hesab edir ki, mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə hüquq saxlanmır. Məhkəmənin bu mövqeyi iddiaçının iddia tələbinin əsasları və cavabdehin iddia tələbinə etirazları ilə paradoks yaradır. Necə ola bilər ki, iddiaçıya münasibətdə iddianın uğurlu olmaması, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah olmadığından ər-arvad arasında hüquq və vəzifələrin yaranmadığı, həmçinin heç bir hüquq müəyyənedici sənədi olmadığı üçün iddiaçının özbaşına tikili olan evə köçürülməsi barədə iddiada haqlı olmaması qənaətinə gəlinə bilsin, eyni zamanda cavabdehi mübahisəli evin mülkiyyətçisi kimi qəbul edərək tərəflər arasında evə (mənzilə) dair hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin mülkiyyətçinin hüquq və vəzifələrini tənzimləyən maddi hüquq norması kimi 30-cu maddəsinin tətbiq olunması mümkün olsun. Məhkəmə nəzərə almamışdır ki, inşa edilmiş tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına inşa edildiyinin müəyyən edilməsi tərəflərin tikiliyə münasibətdə bərabər faktiki sahiblik hüquqlarının olması anlamına gəlir ki, cavabdeh tərəfindən buna dair hər hansı qanuniəsas olmadan iddiaçını evə buraxmamaqla bu hüquqdan məhrum etməsi qadağan edilmiş özbaşınalıqdır. Digər tərəfdən qeyd edilməlidir ki, tikilinin özbaşına tikili olması özü- özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsiniistisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Başqa sözlə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının uşaqları ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu tip mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini əsas götürən məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev iddiaçı ilə cavabdehin birgə faktiki nikahı müddətində və məhz birgə vəsait hesabına inşa edilmişdir. Belə olan halda, iddiaçının da bu tikilinin ərsəyə gəlməsində hansısa formada iştirakı istisna deyildir. Cavabdehin özü də bu faktı etiraf edir, yalnız aralarında nikahın olmaması və evin dövlət qeydiyatına alınmamasını iddiaçının mübahisəli evə köçməməsi üçün əsas gətirir. Halbuki iddiaçı birgə inşa etdikləri evdə bir neçə ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv təfsir etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzaradət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilsin. İddiaçı Əsədli X4 rayonunun Qaradonlu kəndi yaxınlığında 0.20 ha torpaq sahəsində mişar daşından inşa edilmiş iki mərtəbəli on otaqdan ibarət Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar