Məhkəmə qərarları › İş №2(106)-852/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-852/2024

18.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-852/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(056)-529/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş 1183 manat məbləğində maddi zərərin əvəzinin, ödənilmiş dövlət rüsumunun əvəzində 32 manat və MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla bərabər 7 nəfər ailə üzvlərinin mülkiyyətində olan 7,6278 ha torpaq sahəsinin ona düşən hissəsində taxıl bitkisi əkmişdir. Cavabdeh qəsdən və ya ehtiyyatsızlıqdan suyu buraxaraq 1,09 ha sahədə taxıl bitkisini su altında saxlayaraq tamamilə məhv etmişdir. Cavabdeh ona dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün ərizə ilə xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-yə müraciət etmişdir. Sabirabad RPŞ-nin Qaragüney PB-də araşdırma ilə əlaqədar dəymiş zərərin həcminin müəyyənləşdirilməsi məqsədi ilə Sabirabad DAİM-ə müraciət edilmiş və müraciət əsaında xx.xx.2023-cü il tarixdə Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aqronomu, Sabirabad rayon Çölbeşdəli kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşı və onun iştirakı ilə sahəyə baxış keçirilərək xx.xx.2023-cü il tarixli AKT və dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün rəy hazırlanmışdır. Akt və rəy əsasında müəyyən edilmişdir ki, əkilən 1,09 ha taxıl əkin sahəsi su altında qalmış və su altında qalan hissə tamamilə məhv olmuşdur. Müayinə əsasında tərtib edilmiş rəy əsasında ona dəymiş ziyan 1183 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsaən iddianın təmin olunması xahiş olunur. Sabirabad Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(056)-529/2023 saylı (Hakim: Nurəddin Bağırov) qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1183 (bir min bir yüz səksən üç) AZN məbləğində pul vəsaitinin, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 32 (otuz iki) AZN və hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi 50 (əlli) AZN Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 1441/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək MPM-in 357-363-cü maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(056)-529/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə yenidən elektron qaydada apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Sabirabad Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(056)-529/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yenidən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən elektron qaydada apellyasiya şikayəti vermişdir. Sabirabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(056)-529/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün 7 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 08 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)852/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 18 aprel 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Sabirabad Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(056)- 529/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, iş üzrə Sabirabad Rayon Məhkəməsi Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlamadan apellyasiya şikayətini iş materiallarına əlavə etmiş və apellyasiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün olmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edilməmiş, lakin nəzərə alınmalıdır ki, cavabdehin ilk öncə verdiyi apellyasiya şikayəti qeyri-mümükün hesab edilmişdir. Bu o, anlama gəlir ki, cavabdeh qəbul olunmuş qətnamədən qanunla müəyyən edilmiş müddətdə və qaydada apellyasiya şikayəti verməməklə müddəti ötürmüşdür. Müddət keçdikdə isə prosessual hərəkətləri etmək hüququ da keçmiş olur. Sabirabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(056)-529/2023 saylı qərardadında isə apelyasiya şikayətinin qanunda nəzərdə tutulmuş müddətdə verilib-verilməməsi müzakirə edilmədən iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda isə verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmiş hesab edilir. Bu halda şikayət qanunla nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, prosessual müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən apellyasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Mülki Prosessual Məcəllənin 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir.) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu düzgün yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(056)-529/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar