Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-855/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-105/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sabirabad rayonunun Azadkənd kəndində yerləşən iddiaçıya məxsus cəmi 10,7 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, cavabdehdən iddiaçıya dəymiş 1850 manat zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonunun Azadkənd kəndində ona məxsus cəmi 10,7 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi 5,17 hektar, 2,26 hektar və 3,26 hektar olmaqla 3 paydan ibarətdir. Torpağa dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Artıq 4 ildir ki, Sabirabad rayonunun Xankeçən kəndində yaşayan Cavabdeh iddiaçıya bildirmədən sözügedən torpaq sahələrini zəbt edərək orada əkin əkir. İddiaçı dəfələrlə ondan torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdeh bu tələbə məhəl qoymur və hazırda da torpaqdan istifadə edərək qazanc götürməkdə davam edir. Bu müddətdə cavabdeh tərəfindən torpağın münbitliyinə xeyli ziyan vurulmuşdur. Torpağa vurulmuş ziyana görə iddiaçıya 1850 manat ödəyəcəyinə söz versə də, cavabdeh nə pulu ödəmir, nə də torpaq sahəsindən çıxmaq istəmir. Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(056)-105/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş iddia predmeti olan İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Sabirabad rayonu Azadkənd kəndində yerləşən 5,17 ha torpaq sahəsindən, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Sabirabad rayonu Azadkənd kəndində yerləşən 2,2351 ha torpaq sahəsindən və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Sabirabad rayonu Azadkənd kəndində yerləşən 3,2338 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(056)-105/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan 10,7 hektar torpaq sahəsi həqiqətən də iddiaçıya məxsus olmuş və bir neçə il öncə cavabdehə istifadə etmək üçün vermişdir. İddiaçı torpaq sahəsinin sənədlərini cavabdehə vermədiyindən həmin torpaq sahəsinə dair dövlət tərəfindən ayrılmış subsidiyanı da özü almışdır. Cavabdeh hər dəfə torpağın subsidiyasını almaq üçün torpağın sənədlərini istəsə də, iddiaçı həmin sənədləri ona verməkdən imtina etmişdir. Lakin buna baxmayaraq, torpaq sahəsi cavabdehin istifadəsində qalmışdır. Əslində isə məqsədləri torpağı alğı-satqı yolu ilə iddiaçıdan almaq idi. Bu barədə iddiaçı ilə aralarında söhbət də olmuşdur. Ona görə də torpağı iddiaçıdan qəbul edərkən əkin üçün normal şəraiti olmadığından həmin sahənin yaxşılaşdırılması üçün xeyli vəsait xərcləmişdir. Belə ki, torpaq sahəsinin müəyyən hissəsi hamarlanmış, bütöv hissəsi isə gübrələrlə münbitləşdirilmişdir. Həmin sahədə su olmadığından cavabdeh uzaq məsafədən su xətti də çəkmişdir. Cavabdeh torpaqdan istifadə edərkən iddiaçıya ayrı-ayrı tarixlərdə 3000 manat və 2000 manat olmaqla, cəmi 5000 manat, 2021-ci il tarixində də iki dəfəyə 4000 manat, ümumilikdə 9000 manat pul vermiş, lakin buna baxmayaraq, iddiaçı torpaq sahəsini cavabdehə verməkdən imtina etmişdir. Mübahisəli torpaq sahəsi boş, istifadəsiz və yararsız torpaq sahəsi deyil, həmin sahə 4 ildən artıqdır ki, cavabdehin istifadəsindədir və o, əkin əkir. Cavabdeh torpaq sahəsini yüksək məhsuldar səviyyəyə gətirmək üçün az müddət ərzində bir neçə min manat maddi vəsait xərcləmişdir. Eyni zamanda, cavabdeh mübahisəli torpaq sahəsini iddiaçıdan 4 ildən artıqdır ki, alğı-satqı məqsədilə almışdır, hazırda onun istifadəsindədir və bu müddət ərzində cavabdehə nə mülkiyyətçi tərəfindən, nə də ki, hər hansı bir şəxs tərəfindən etiraz olunmamışdır. Məhkəmənin maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsi iddiaçının razılığı əsasında torpaq sahəsini əldə etməsini, iddiaçının mübahisəli torpağa dair aralarında olan razılaşmaya baxmayaraq, hüquqlarının pozulduğunu bilirdisə də, bu müddət ərzində məhkəmədə iddia qaldırmamasının səbəbini əsaslandırmadığını və həmin sahə üzərində yaranmış hüquqlarını nəzərə almamaqda ifadə olunur. Məhkəmənin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Apellyasiya məhkəməsinin 31 may 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, həqiqətən də, iddiaçının iddia etdiyi və ayrı-ayrı çıxarışlarla onun mülkiyyətində olan cəmi 10,7 hektar torpaq sahəsi onun istifadəsindədir. Mübahisəli torpaq sahəsini iddiaçının qaynı ilə aralarında olan razılaşmaya əsasən istifadə edir və istifadəyə görə iddiaçının qaynına 2 illik istifadə üçün 2 dəfə 2000 manat olmaqla, cəmi 4000 manat pul ödəmişdir. Hətta iddiaçının qaynı ilə aralarında olan razılaşmaya əsasən gələcəkdə həmin torpaq sahəsini 30000 manata satın almağı planlaşdırmışdır. Həmin torpaq sahəsini bir neçə il istifadə etmiş, əkib-becərmiş, hal-hazırda da buğda əkmişdir. Sonradan iddiaçının özü ona xəbər göndərərək torpaq sahəsindən çıxmasını istəmişdir. Lakin o hesab edir ki, torpaq sahəsindən razılığa əsasən istifadə etdiyinə görə əkilmiş buğda ona məxsusdur və o, həmin məhsulu biçdikdən sonra torpaq sahəsindən çıxmağa etiraz etmir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili Vəkil çıxış edərək bildirmişdir ki, tərəflər arasındakı şifahi razılaşmaya əsasən onların niyyəti torpağın alğısatqısı olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Sabirabad rayonunun Azadkənd kəndində yerləşən 2,2351 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində AA 615187 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Sabirabad rayonunun Azadkənd kəndində yerləşən 3,2338 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində 043866 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Sabirabad rayonunun Azadkənd kəndində yerləşən 5,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixində A 149707 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən cavabdehin çıxarılmasının tələb edildiyi torpaq sahələrinin həqiqətən də cavabdehin istifadəsində olması apellyasiya şikayətinin dəlilləri və cavabdehin apellyasiya məhkəməsinin 31 may 2023-cü il tarixli məhkəmə iclasında bildirdikləri ilə təsdiq olunur. Cavabdeh torpaq sahəsinin artıq 4 ildir ki istifadəsində olduğunu, torpaqdan istifadə etdiyi müddətdə iddiaçıya pul ödədiyini və torpaq sahəsinin alğı-satqısını öz aralarında planlaşdırdıqlarını bildirmişdir. Lakin iş materiallarında mübahisə predmeti olan iddiaçıya məxsus torpaq sahələri üzərində hər hansı hüququn cavabdehə verilməsinə dair qanunla müəyyən edilmiş tələblərə cavab verən müqavilə mövcud deyil, eyni zamanda, həmin torpaq sahələri üzərində cavabdehin hər hansı bir hüququ dövlət qeydiyyatına alınmamışdır. Əksinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli Çıxarışlarla mübahisə predmeti olan torpaq sahələri üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı təsdiq olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qeyd edilən müddəaları hazırkı işin halları üzrə tətbiq edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər arasındakı hər hansı faktiki münasibətlər qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmədiyindən, yəni notarial qaydada təsdiq edilmiş müqaviləyə və əldə edilmiş hüququn dövlət qeydiyyatına əsaslanmadığından, cavabdehin torpaq sahəsi üzərində hüquqlarının müdafiəsinə dövlət təminatı verilə bilməz və bu qeyd edilən hallar səbəbindən də onun torpaq sahəsindən istifadəsi qanuni əsasa malik olmamaqla qanunsuz xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biri hesab edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalananlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdehin ona məxsus torpaq sahələrindən hər hansı qanuni əsas olmadan istifadə etməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(056)-105/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-855/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-855/2023
05.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver