Məhkəmə qərarları › İş №2(106)-856/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-856/2023

22.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-856/2023 22.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X3, iddiaçılar İddiaçı4, X7 və cavabdeh X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X7, Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və qaytarılması» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X11 - Cavabdeh qarşı“torpaq sahəsinin boşaldılması və qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad RAİK-ın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında onların mülkiyyətinə verilmiş 0,36 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən N.Bağırov), iddianın təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X7 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin iddiaçılara qaytarılması, xx.xx.2022-ci il tarixli **********92 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı1 tərəfindən ödənilmiş 95(doxsan beş) AZN məbləğində pul vəsaiti Cavabdeh müştərək qaydada tutulub İddiaçı1 ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (iddia ərizəsi icraata qəbul eilərkən qüvvədə olan prosessal məcəllə başa düşülür) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-ci maddəsinə əsasən, iddia ərizəsi, əgər onun daxil olmasından 5 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğuna riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-nin tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin prosessual məcəllənin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən daha sonra müəyyən etmişdir ki, iddia ərizəsi iddiaçıların biri yəni X5 nümayəndəsi X6 tərəfindən imzalanmışdır. Belə ki, iş materiallarında olan 15 aprel 2022-ci il tarixli etibarnamədən müəyyən olunur ki, müvafiq olaraq İddiaçılardan İddiaçı1 onun adından təmsil olunması üçün X4 qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları müvafiq olaraq istifadə edilməsi xx.xx.2027-ci il tarixədək etibar edilmişdir. Lakin təmsil olunan şəxs X6, İntizar Əhədovla yanaşı digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və Şabah Əhədovun imza sözünün qarşısında onların əvəzinə də, imza etmişdir. Bu hal apellyasiya icraatı zamanı X3 izahatı ilə də, təsdiq edilmişdir. O, həmçinin göstərmişdir ki, iddia ərizəsində adları qeyd olunan şəxslərin sırasında qarşısında imzası olan X1 yazılmış, o, isə ərizəni baxmadan onun əvəzinə imzalamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən iddia ərizəsinin imzalanıbimzalanmamsını yoxlamadan iddia ərizəsini icraata qəbul etmiş və bununla da əsassız məhkəmə çəkişməsinin yaranmasına səbəb olmuşdur. Halbuki “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarın 6.1-ci bəndinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müracıət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi imzalanmadığından Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X7 Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və qaytarılması» tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar