Məhkəmə qərarları › İş №2(106)-858/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-858/2023

18.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-858/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İmanov Cahid Fehruz oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2 nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(049)-219/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(049)-219/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia təmin edilərək Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Bünyadzadə küçəsində yerləşən 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 kv. m. ümumi sahəsi olan 75 saylı mənzil üzərində İddiaçı1 4/6 hissə, İddiaçı2 1/6 hissə və Cavabdeh 1/6 hissə payının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(049)- 219/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-219/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və Cavabdeh 4/6 hissə payı, iddiçıların isə hər birinin 1/6 hissə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzil üzərində İddiaçı1 payının 4/6 hissədə (3/6+1/6), digər İddiaçı2 və Cavabdeh hər birinin payının isə 1/6 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı1 xx.xx.1958-ci il tarixdə Zaqatala rayonunun Muxax kəndində doğulmuş, 04 fevral 1982-ci il tarixdə Kazımov Tahir Bəfa oğlu ilə Lənkəran şəhər Nikah evində nikahları 14 saylı akt qeydi ilə rəsmiləşdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra o Kazımov Tahir Bəfa oğluna məxsus Lənkəran şəhəri Mirsalayev küçəsində yerləşən 18 saylı evə gəlin köçmüşdür. Birgə nikah dövründə əri Kazımov Tahir Bəfa oğlu Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzili satın almışdır. Belə ki, 15 iyul 2009-cu ildə Kazımov Tahir Bəfa oğlu ilə "xxxx" ASC arasında 9905 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış və Tahir Kazımov Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzili 33540 manata əldə etmişdir. Hazırda həmin mənzilə dair Kazımov Tahir Bəfa oğlunun adında heç bir borc yoxdur. Mənzil əldə edilərkən tam hazır olmamış və bir neçə il orada təmir bərpa işləri görülmüşdür. Həmin mənzil hazırda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il qeydiyyat tarixi ********** qeydiyyat nömrəli çıxarışla Kazımov Tahir Bəfa oğlunun adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır. Kazımov Tahir Bəfa oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Tahir Kazımov vəfat etdikdən sonra Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzil miras əmlak olaraq qalmış və vərəsələr tərəfindən qəbul edilmişdir. Hazırki mülki iş üzrə vərəsələr aşağıdakılardır: o İddiaçı1, oğlu, Cavabdeh və qızı İddiaçı2dır. Hazırda vərəsələr arasında payların müəyyən edilməsi və əmlakın bölünməsi ilə bağlı mübahisə olduğundan bu tələblərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O mərhum Kazımov Tahir Bəfa oğlu ilə 04 fevral 1982-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2009-cu ildə müvafiq alqı-satqı müqaviləsi ilə mərhum əri Tahir Kazımov hazırda mübahisə predmeti olan mənzili əldə etdiyindən həmin mənzil üzərində ½ hissədə payı vardır. Həmin mənzilin qalan ½ hissəsi isə Tahir Kazımovun payına düşür. Deməli hazırkı mülki iş üzrə miras əmlakın kütləsini Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzilin ½ hissəsi (yarısı) təşkil edir. Hesab edir ki, mirasın kütləsi üzərində vərəsələrin payları barəbar qaydada müəyyən edilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən; hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan və Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal massivi b 1, m 75-də yerləşən fərdi yaşayış evi üzərində Kazımov Tahir Bəfa oğlunun tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Atası hələ sağlığında iddiaçıların bu cür hərəkətlər edə biləcəklərini bildiyindən ölümündən sonra mənzilin ona qalması ilə bağlı vəsiyyətnamə vermişdir. Bu halı məhkəmənin diqqətinə çatdırsa da, nəzərə alınmamış, iddia tələbini iş üzrə düzgün obyektiv araşdırma aparmadan təmin etmişdir. Bu səbəbdən, məhkəmənin qətnaməsi qanunsuzdur. Məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün vəsiyyətnamə ilə bağlı araşdırma aparmalı və yekun qərarını işin faktiki hallarına və sübutlara əsaslandırmalı idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı olması qeyd edilsə də, həmin payın qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməli olduğu göstərilmişdir. Lakin məhkəmə maddənin tələbini nəzərə almadan İddiaçı1 payını 4/6 hissə, İddiaçı2 1/6 hissə və Cavabdeh 1/6 hissə payı müəyyən edilməsini qət etmişdir. Lakin işin faktiki halları ilə bölgü məhkəmənin müəyyən etdiyi kimi yox, yəni Cavabdeh 4/6 hissə payı, iddiçıların isə hər birinin 1/6 hissə müəyyən edilməli idi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ev 2009-cu ildə, yəni birgə nikah dövründə alınıb. Atası xaricdə olarkən “Whatsapp” vasitəsi ilə oğluna mesaj göndərək evi onun qızına - Kazımzadə Mələk Bəhruz qızına vəsiyyət etdiyini bildirdi. Lakin anası və digər şəxslər tərəfindən həmin mesajlar silinmişdir. Hansı ki, adıçəkilən mesajları o, vəsiyyətnamə hesab edir. Onun hazırkı məqsədi mübahisəli evin satılmamasıdır. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, evin neçənci ildə alınması barədə məlumat yoxdu, amma ev birgə nikah dövründə olarkən alınıb. O, qaraciyər sirrozundan əziyyət çəkdiyi və pula ehtiyacı olduğu üçün evi satmaq istəyir. İddiaçı2 nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasından qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(049)-219/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Kazımov Tahir Bəfa oğlu və Yusifova Umuküs Yusif qızı 04 fevral 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah 14 saylı akt qeydi ilə qeydə alınmışdır. İşdə olan AZ-İ № 109881 saylı ölüm haqqında olan şəhadətnamədən görünür ki, Kazımov Tahir Bəfa oğlu 19 dekabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan 22 sentyabr 2022-ci il tarixli Lənkəran rayon 1 saylı notariat ofisinin məktubundan görünür ki, 19 dekabr 2020-ci ildə vəfat etmiş əri Kazımov Tahir Bəfa oğlundan yaşayış evi və mənzil miras qalmışdır. İşdə olan “Akkord” şirkətlər qrupunun 15 iyul 2009-cu il tarixli 3433 nömrəli maliyyə arayışından görünür ki, Kazımov Tahir Bəfa oğlu Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Bünyadzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-bina, B1-blok 10-cu mərtəbədə 64,50 kv m. ümumi sahəsi olan 75 saylı mənzilin ümumi dəyəri 33540,00 manat tam ödənilmiş və heç bir borcu yoxdur. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan və Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi b 1 m 75-də yerləşən fərdi yaşayış evi üzərində Kazımov Tahir Bəfa oğlunun tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İşdə olan Lənkəran ŞİHB 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Lənkəran şəhər B.Mirsalayev küçəsi dalan 3, 18 saylı evin qeydiyyatındadır. İşdə olan Lənkəran ŞİHB 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 əri Kazımov Tahir Bəfa oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş və vərəsələri həyat yoldaşı İddiaçı1, oğlu Cavabdeh Bəhruz Tahir oğlu və qızı İddiaçı2dır. İşdə olan Lənkəran ŞİHB 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 Lənkəran şəhər Fizuli küçəsində qeydiyyatdadır. Birinci instansiya məhkəməsində təqdim edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Kazımov Tahir Bəfa oğlu və Yusifova Umuküs Yusif qızı 04 fevral 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların Cavabdeh Bəhruz Tahir oğlu və qızı İddiaçı2 adlı övladları doğulmuşdur. Tahir Kazımov 15 iyul 2009-cu il tarixdə (İddiaçı1 ilə birgə nikah dövründə) Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Bünyadzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-bina, B1-blok, 10-cu mərtəbədə, 64,50 kvm. ümumi sahəsi olan 75 saylı mənzilin alqı-satqı yolu ilə əldə etmiş və mənzilin 33540,00 manat olan dəyərini tam şəkildə ödəmişdir. Kazımov Tahir Bəfa oğlu 19 dekabr 2020-ci il tarixdə ölmüş, ölümündən sonra qeyd olunan mənzil miras əmlak kimi qalmış və arvadı İddiaçı1, övladları - Cavabdeh Bəhruz Tahir oğlu və İddiaçı2 adlı vərəsələri vardır. Ancaq mübahisəli mənzilə dair hər hansı vəsiyyətnamə mövcud deyildir. Beləcə, miras əmlak olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Bünyadzadə küçəsi 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzil üzərində mərhum Tahir Kazımovun mülkiyyətində olan ½ hissəsi üzərində onun vərəsələri – İddiaçı1, Cavabdeh Bəhruz Tahir oğlu və İddiaçı2 hər birinin 1/3 hissə miras payı vardır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Bünyadzadə küçəsi 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzil üzərində İddiaçı1 4/6 hissədə (1/2+ (1/2x1/3)), İddiaçı2 1/6 və Cavabdeh 1/6 hissə payı müəyyən olunmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində atası Kazımov Tahir Bəfa oğlu tərəfindən mübahisəli mənzilə dair vəsiyyətnamə verməsi və onun məhkəmə tərəfin dən nəzərə alınmaması, habelə işin faktiki hallarına və sübutlara əsaslanmaması barədə dəlili üzrə qeyd edir ki, həmin dəlillər hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə olmaqlaa vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayətinin göstərilən dəllilərini əsassız hesab edir. Habelə Cavabdeh tərəfindən mübahisəli mənzilə dair vəsiyyətnamənin mövcudluğu barədə dəlilinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində, eləcə də məhkəmədə verdiyi izahatında vəsiyyətnamə deyərkən mərhum atası Kazımov Tahir Bəfa oğlunun xarici ölkədə olarkən “Whatsapp” proqramı vasitəsilə mübahisəli mənzili gələcəkdə nəvəsinə, yəni onun qızı Kazımzadə Mələk Bəhruz qızına verəcəyi barədə göndərdiyi mesajı nəzərdə tutmuşdur. Kollegiya diqqətə çatdırır ki, vəsiyyətnamənin forması, tərtib edilməsi və s. qaydalar mülki qanunverciliklə tənzimlənir ki, hazırkı halda cavabdehin göstərdiyi kimi hər hansı mesajın mövcudluğu belə vəsiyyətnamənin olması və bu barədə hər hansı araşdırmanın zəruriliyi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(049)-219/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar