Məhkəmə qərarları › İş №2(106)-858/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-858/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-858/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(064)-749/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X7 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 onun mülkiyyətində olan 2.36 hektar torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(064)-749/2023 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia təmin edilərək İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan Füzuli rayonu Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2.36 ha torpaq sahəsinin 2.08 ha hissəsindən cavabdeh X5 çıxarılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün qabaqcadan ödənilmiş 108 manat pulun cavabdeh X4 tutularaq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat pulun cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün JN-103 KOD 60618018 saylı akta əsasən 2.36 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini X8 heç bir qanuni sənədi olmadan istifadə edir. Dəfələrlə həmin torpaq sahəsinin boşaldılması və ona qaytarılması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o heç kimin torpağını zəbt etməmişdir, həmin torpaq sahəsi islahat zamanı dövlət tərəfindən ona verilib. O və ailə üzvləri uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edirlər. Əslində iddiaçının torpağı tamam başqa yerdədir. Füzuli Rayon Məhkəməsinin hakimi iddianı təmin edərkən qanunun tələblərinə düzgün riayət etməmişdir. Hesab edir ki, məhkəmə düzgün və hərtərəfli araşdırma aparmamış, işə birtərəfli yanaşmışdır. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasında mübahisə yarandığı dövrdə mülki hüquq münasibətlərinə təsir edən hallarda dəyişiklik olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövcud qətnaməsi xx.xx.2023cü il tarixdə qəbul edilmiş, Cavabdeh isə həmin ilin oktyabr ayında özünə məxsus torpaq sahəsinə dair müvafiq Çıxarış almışdır. İddiaçının isə ümumiyyətlə Çıxarışı yoxdur. Birinci instansiya məhkəməsi zamanı ekspertiza təyin edilsə də, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsini faktiki kimin istifadə etməsi, habelə cavabdehin zəbt etmədə özünü təqsirli bilməməsi məsələləri aydınlaşdırılmamışdır. Oda görə də, hesab edir ki, iş üzrə ekspertiza təyin edilməlidir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, islahat zamanı ona torpaq sahəsi ayrılmış və 23 il həmin torpaq sahəsinin əkib becərmişdir. Ona məxsus 2.8 ha və 2.33 ha torpaq sahələri iddiaçının torpaq sahələri ilə qonşuluqdadır. Heç kimin torpaq sahəsinin zəbt etməmişdir. İddiaçı hazırda öz sənədində göstərilən koordinata uyğun torpaqdan istifadə edir. Onun da torpağı əslində qonşuluqda başqa şəxsin faktiki istifadə etdiyi ərazidə yerləşir ki, həmin şəxs artıq vəfat etmişdir. Eyni zamanda, qohumudur ki, ona qarşı iddia qaldırmaq istəmir. Özünə məxsus torpaq sahəsinə dair müvafiq Çıxarış əldə etmişdir. Göstərilənlərə əsasən ekspertiza təyin edilməsini də istəmir. İddiaçı isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin və onun vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Füzuli Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(064)-749/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-103 KOD 60618018 Dövlət aktından görünür ki, İddiaçı və digər ailə üzvlərinə Füzuli rayonu Kərimbəyli kəndi ərazisində Füzuli rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə pay torpaq sahəsi kimi 2.36 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.36 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2.08 ha hissəsi bütövlüklə X8 tərəfindən istifadə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 14545 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 108 manat qabaqcadan DƏDRX-ə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5527 saylı ekspert rəyindən görünür ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.36 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X1 X2 (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq mübahisəli ərazidə yerləşən 2.08 ha hissəsinin sərhədləri müəyyən edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-103 KOD 60618018 Dövlət aktına əsasən İddiaçı və digər ailə üzvlərinə verilmiş 2.36 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2.08 ha hissəsi bütövlüklə X8 tərəfindən istifadə olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğ təşkil edir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. MM-in 238.1-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. MM-in 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Kollegiya eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Kollegiya nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Cavabdeh apellyasiya şikayətində, həmçinin izahatında göstərmişdir ki, torpaq sahəsi islahat zamanı dövlət tərəfindən ona verilib, heç kimin torpağını zəbt etməmişdir. Yuxarıda qeyd edildiyi kimi qanunvericiliyin imperativ tələblərindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Cavabdeh birinci instansiya məhkəməsində özünün olduğunu iddia etdiyi torpaqlarla bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, həmçinin cavabdehin iş üzrə qətnamə çıxarıldıqdan sonra qeydiyyata alınmış mülkiyyət hüquqlarını özündə əks etdirən və apellyasiya instansiyasında təqdim etdiyi çıxarışa əsasən mübahisəli torpaq sahəsinin ekspert və mütəxəssis rəyi ilə onun tərəfindən zəbt olunmadığının təsdiq edilməsi üçün müvafiq ekspertizanın keçirilməsini istəməmiş, əksinə buna israrla etiraz etmişdir. Habelə cavabdeh öz izahatında iddiaçının hazırda öz sənədində göstərilən koordinata uyğun torpaq sahəsindən istifadə etdiyini, onun sənədindəki mövcud koordinatlara görə torpağının əslində qohumu olan başqa şəxsin faktiki istifadə etdiyini və həmin şəxsin vəfat etdiyini, həmçinin həmin torpağa hazırda faktik sahibliyi həyata keçirən şəxsə qarşı iddia qaldırmaq istəmədiyini göstərmişdir. Qeyd edilməlidir ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında X1 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan X1 uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X1 uçotu işləri aparılmış və həmin məlumatlar X1 uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Beləliklə, kollegiya diqqətə çatdırır ki, iş üzrə təyin edilmiş ekspertiza əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5527 saylı ekspert rəyindən də müəyyən edilir ki, Torpağa mülkiyyət hüququna dair JN-103 KOD 60618018 Dövlət aktı ilə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.36 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X1 X2 (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq mübahisəli ərazidə yerləşən 2.08 ha hissəsinin sərhədləri müəyyən edilmiş və həmin 2.36 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2.08 ha hissəsi bütövlüklə X8 tərəfindən istifadə olunur. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın zəbt olunaraq faktiki istifadə edilməsi X1 X2 mövcud koordinatlara əsasən müəyyən edilmişdir. Bu baxımdan, diqqətə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin MPM-in 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Beləliklə birinci instansiya məhkəməsində iddiaçının təqdim etdiyi Torpağa mülkiyyət hüququna dair JN-103 KOD 60618018 Dövlət aktı ilə torpağın üzərində mülkiyyət hüququnun olması və xx.xx.2023-cü il tarixli 10/5527 saylı ekspert rəyi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi sübuta yetirilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu zaman o da nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə 2.36 ha ölçüdə torpaq sahəsinin verilməsi barədə Torpağa mülkiyyət hüququna dair JN-103 KOD 60618018 Dövlət aktı xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Beləcə, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunur. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(064)-749/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(064)-749/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar