Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-859/2025 19.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1, Cavabdeh1, üçüncü şəxslər X7, X8, X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı cavabdehin övladları və əmlakları ilə birlikdə fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 100 kv.m-dən ibarət fərdi yaşayış evindən Cavabdeh1 övladları və əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı tərəfin vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun atasıdır. 2004-cü ildə qardaşı X14 ilə Cavabdeh1 el adəti ilə toy edərək evlənmişlər. X9 faktiki nikahlarından xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 Vüqar qızı və 26 oktyabr 2008-ci il təvəllüdlü X17 anadan olmuşdur. Atası İddiaçı mülkiyyətində 0,29 ha torpaq sahəsi vardır. Atası İddiaçı həmin torpaq sahəsinin təxminən 0,10 ha hissəsində qardaşı Vüqar üçün ev tikdirmişdir. Evin tikilməsində qardaşı Vüqar Mirzəyev və Cavabdeh1 heç bir xərc çəkməmişlər. Ev təxminən 100 kv.m-dən ibratətdir. Evin tikintisi 2008-ci ildə başa çatmış və təxminən 2009-cu ildə Cavabdeh1 övladları ilə birlikdə həmin evə köçmüşdür. Cavabdeh1 sonradan evin bir otaqlı zalını və hamamını təmir etdirmiş, həyətdə yarımçıq tikili tikmişdir. İddiaçı cavabdehin təmirə çəkdiyi xərci ödəmək istəmiş, lakin cavabdehlə aralarında razılığa gəlməmişlər. Belə ki, cavabdeh 25000 manat tələb etmiş, iddiaçı isə 10000 manat vermək istəmişdir. Həmin evdə cavabdeh tərəfindən aparılmış təmir xərcinin 25000 manat olması mümkün deyildir. Ona görə də, göstərdiklərini nəzərə alaraq İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 100 kv.mdə ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı-25 oktyabr 2008-ci il təvəllüdlü X5 əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2004-cü ildə X14 ilə qeyri-rəsmi evlənmişlər. X14 ilə faktiki nikahlarından xx xxxxx 2005-ci il təvəllüdlü X18 və 26 oktyabr 2008-ci il təvəllüdlü X17 anadan olmuşdur. X2 ilə Rusiya Federasiyasında yaşamışlar. Sonradan Azərbaycan Respublikasına qayıtmış və 2005-ci ildə mübahisəli evin bünövrəsi tökülmüşdür. 2008-ci ildən başlayaraq evin tikintisinə başlamışdır. Anasının və qardaşının köməkliyi ilə evi təmir etdirmiş, evin bünövrəsindən təmirinə kimi ümümilikdə 25000 manat pul xərcləmişdir. 2010-cu ildə həmin evə köçmüşdür. Göstərtiyi kimi evin təmirinə 25000 manat pul xərcləmişdir və həmin pul ona ödəniləcəyi təqdirdə evdən çıxmağa etirazı yoxdur. Məhkəmə iclasında cavabdeh X18 iddianı qəbul etməyərək izahatında göstərdi ki, anası Cavabdeh1 evin timirinə 25000 manat pul xərcləmişdir və həmin xərc ödənildiyi halda evdən çıxmağa etiraz etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Rəşad Nuriyev), iddianın təmin edilməsi, JN-118 A, KOD 60811018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayon Aaqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 100 kv.m-də ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı-25 oktyabr 2008-ci il təvəllüdlü X5 əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdırlar ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, onun tərəfindən mübahisəli mənzilin tikintisi və təmiri ilə bağlı çəkmiş olduğu xərclər ilə bağlı heç bir araşdırma aparılmadan yekun hüquqi nəticəyə gəlinmişdir. Habuki məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmalı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmalıdır. Odur ki, hesab edir ki, apellyasiya icraatı zamanı bütün bunlara aydınlıq gətirilməlidir. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Həsənova X11 Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 apellyasiya icraatı zamanı apellyasiya şikayəti müdafiə edərək, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Üçüncü şəxslər X15, X16 və X4 apelyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş iddia tələbini müdafiə etdiklərini bildirərək, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı və Cavabdeh2 iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən “mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur”. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahiblikdən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. X21 Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X3rşı işlər). Bunda əlavə “Akimova Azərbaycana qarşı” iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə xatırladır ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN 118A, KOD 60811018 Şəhadətnamədən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonu Muğanlı kəndində yerləşən 0.29 ha torpaq sahəsi verilmişdir. İşdə olan AA ******* seryiyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 25 oktyabr 2008-ci ildə anadan olmuşdur. İşdə olan Ağcabədi rayon İH başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Fərəcov tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı hal-hazırda Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Ağcabədi rayonu Muğanlı kəndində yerləşən 0.29 ha torpaq sahəsində 1999-cu ildə tikdirdiyi özünə məxsus ümumi sahəsi 100 kv.m olan 1 otaqdan, 1 zaldan və 1 mətbəxdən ibarət fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. İşdə olan Ağcabədi rayon İH başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Fərəcov tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh1 hal-hazırda Ağcabədi rayonu Muğanlı kəndində yaşayır. İşdə olan Ağcabədi rayon İH başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Fərəcov tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh1 hal-hazırda Ağcabədi rayonu Muğanlı kəndində İddiaçı həyətində tikilmiş evdə yaşayır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinəuyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, onun oğlu Vüqar 2004-cü ildə Cavabdeh1 el adəti ilə toy edərək evlənmişlər. X9 faktiki nikahlarından xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 Vüqar qızı və 26 oktyabr 2008-ci il təvəllüdlü X17 anadan olmuşdur. Onun mülkiyyətində 0,29 ha torpaq sahəsi vardır. O, həmin torpaq sahəsinin təxminən 0,10 ha hissəsində qoğlu Vüqar üçün ev tikdirmişdir. Evin tikilməsində oğluı Vüqar Mirzəyev və Cavabdeh1 heç bir xərc çəkməmişlər. Ev təxminən 100 kv.m-dən ibarəttdir. Evin tikintisi 1999cu ildə başlamış və 2008-ci ildə başa çatmış və təxminən 2009-cu ildə Cavabdeh1 övladları ilə birlikdə həmin evə köçmüşdür. Cavabdeh1 sonradan evin bir otaqlı zalını və hamamını təmir etdirmiş, həyətdə yarımçıq tikili tikmişdir. İddiaçı cavabdehin təmirə çəkdiyi xərci ödəmək istəmiş, lakin cavabdehlə aralarında razılığa gəlməmişlər. Belə ki, cavabdeh 25000 manat tələb etmiş, iddiaçı isə 10000 manat vermək istəmişdir. Həmin evdə cavabdeh tərəfindən aparılmış təmir xərcinin 25000 manat olması mümkün deyildir. Ona görə də, göstərdiklərini nəzərə alaraq İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 100 kv.mdə ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı-25 oktyabr 2008-ci il təvəllüdlü X5 əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin iddiaya etirazından müəyyən edilir ki, 2004-cü ildə cavabdeh Həsənova X12 Vüqar Aydın oğlu ilə qeyri-rəsmi evlənmişlər. X14 ilə faktiki nikahlarından xx xxxxx 2005-ci il təvəllüdlü X18 və 26 oktyabr 2008-ci il təvəllüdlü X17 anadan olmuşdur. X2 ilə Rusiya Federasiyasında yaşamışlar. Sonradan Azərbaycan Respublikasına qayıtmış və 2005-ci ildə mübahisəli evin bünövrəsi tökülmüşdür. 2008-ci ildən başlayaraq evin tikintisinə başlamışdır. Anasının və qardaşının köməkliyi ilə evi təmir etdirmiş, evin bünövrəsindən təmirinə kimi ümümilikdə 25000 manat pul xərcləmişdir. 2010-cu ildə həmin evə köçmüşdür. Göstərtiyi kimi evin təmirinə 25000 manat pul xərcləmişdir və həmin pul ona ödəniləcəyi təqdirdə evdən çıxmağa etirazı yoxdur. Cavabdeh apellyasiya icraatı zamanı izahatında göstərmişdir ki, o, hal-hazırda Ağcabədi Rayon Məhkəməsində iddiaçıya qarşı mübahisəli mənzilin tikintisinə və təmirinə çəkilən xərclərin ödənilməsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. Apellyasiya icraatı zamanı cəlb edilmiş üçüncü şəxslər X7, X8 və X1 iddiaya münasibətlərindən müəyyən edilir ki, onlar İddiaçı tərəfindən verilmiş iddia tələbini müdafiə edirlər. Kollegiya cavabdehin mübahisəli mənzildə yaşaması və iddiaçının tələb etməsinə baxmayaraq evdən çıxmamasını sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə, həmçinin mübahisəli mənzilə iddiaçıların gözlənilən mülkiyyət hüquqlarının pozulması kimi qəbul edir və bununla bağlı aşağıdakıları qeyd edir. MM-in 164.1-ci maddəsi ilə bağlı qeyd olunmalıdır ki, bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Məhkəmənin tətbiq etdiyi MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmə bu qaydada hüquqi dəyərləndirmə aparmış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli mübahisəli evin qanuni sahibi və gözlənilən mülkiyyətçisi olduğunu, cavabdehlərin mübahisəli evdə yaşamasının hüquqi əsaslarının qalmadığı müəyyən edildiyindən mübahisəli evdən cavabdehlərin əmlakı ilə birlikdə çıxarılması təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ qanunla qorunur və bu hüquq mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, “mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur”. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materiallarından görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 118A, KOD 60811018 Şəhadətnaməsinə əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 1999-cu ildə tikdirdiyi özünə məxsus ümumi sahəsi 100 kv.m olan 1 otaqdan, 1 zaldan və 1 mətbəxdən ibarət fərdi yaşayış evi mövcuddur. Bu fakt Ağcabədi rayon İH başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Fərəcov tərəfindən verilmiş Arayışla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır. Göründüyü kimi, İddiaçı yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə təsərrüfatbaşına kitabda qeydiyyata alınmışdır. Dövlət isə iddiaçının yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır. Məhkəmə kollegiyası qeyd edir ki İddiaçı yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi üçün özbaşına tikili kimi qəbul edilə bilməz. Həmçinin yaşayış evinin təsərrüfatbaşına kitabda qeyd edilməsi ona hüquqlarını qeydə aldırmaq üçün əsas verir. Yəni qeyd edilən tikili üzərində İddiaçı gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmçinin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərlə iddiaçı arasında isə torpağın və onun üzərində yerləşən evin istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur, hal-hazırda cavabdehin iddiaçının oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı onu qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, əgər, yuxarıda göstərilən halları nəzərə almadan məhkəmə cavabdehi qeyd edilən yaşayış sahəsindən çıxarılmasını təmin etməmiş olsa, bu halda iddiaçının yaşayış sahəsi ilə bağlı hüquqlarından əlavə yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da pozulmuş olacaq. Ona görə ki, torpaq sahəsindən istifadə edilmədən (iddiaçının torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarına toxunmadan) yaşayış sahəsindən istifadə qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan qərarları ilə müəyyən edilmişdir ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısıyla onlar vahid daşınmaz əmlak hesab edilir. Mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi - § 29-30). Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-nə dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Hər hansı şəxs məhkəməyə müraciət edərək onun tələbi üzrə araşdırma aparılaraq yekun hüquqi nəticəyə gəlinən zaman maddi və prosessual hüquq normaları fərqli qaydada tətbiq edilir. Belə ki, mübahisə predmeti üzrə tərəflər arasında mübahisəyə hüquq münasibəti baş verən zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməli olduğu halda, işin faktiki halları müəyyən edilməsindən ötrü sübutlar qiymətləndirilən zaman isə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsini qanunverici ona görə zəruri hesab etmişdir ki, mülki hüquq münasibətlərinin müəyyənliyi və sabitliyi təmin edilsin. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli qərarı). Kollegiya qeyd edir ki, mübahisəli ev İddiaçı mülkiyyət hüququ ilə adına qeydə alınmış torpaq sahəsi üzərində yerləşir və onun gözlənilən mülkiyyətidir. Hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranan münasibətə, hüquq münasibəti yaranan vaxt (tərəflər arasında ailə münasibəti 2004-cü ildə mənzillə bağlı hüquq münasibəti isə 2009-cu ilin avqust ayında yaranmışdır.) qüvvədə olan maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Kollegiya qeyd edir ki, Cavabdeh1 İddiaçı ailə üzvü olmamışdır. Cavabdeh1 həmin şəxsə münasibətdə də “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da aid edilə bilməz. Belə olan halda cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması ötrü mülkiyyətçi ilə, iddiaçı arasında Mülki Məcəllənin 228. 2-ci maddəsinə əsasən razılaşması olmalıdır. Lakin cavabdehin hazırkı torpağın mülkiyyətçi, həmçinin həmin torpaq üzərində yerləşən evin gözlənilən mülkiyyətçisi İddiaçı ilə mənzildən istifadə edilməsinə dair aralarında hər hansı bir razılaşma olması da, müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, mübahisəli evi o, qardaşlarının ona etdiyi maddi köməklik sahəsində tikmiş və ona tikiliyə çəkilən xərc ödənilməmişdir. Belə ki, əvvəllər keçmiş həyat yoldaşı X14 ilə Rusiya Federasiyasında yaşadıqlarını, sonradan Azərbaycan Respublikasına qayıdaraq 2005-ci ildə mübahisəli evin bünövrəsinin (evin bünövrəsinin tikilməsi tarixi iddiaçının bildirdiyi və Ağcabədi rayon İH başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Fərəcov tərəfindən verilmiş arayışda 1999-cu il tarix kimi müəyyən edilmişdir.) tökdüklərini, 2008-ci ildən başlayaraq evin tikintisinə başladıqlarını bildirmişdir. Anasının və qardaşının köməkliyi ilə evi təmir etdirmiş, evin bünövrəsindən təmirinə kimi ümümilikdə 25000 manat pul xərcləmişdir. 2009-cu ildə həmin evə köçmüşlər. Göstərdiyi kimi evin təmirinə 25000 manat pul xərcləmişdir və həmin pul ona ödəniləcəyi təqdirdə evdən çıxmağa etiraz etmir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir: Əvvəla Cavabdeh1 nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı Ağcabədi rayonu Muğanlı kəndində yerləşən 0.29 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 100 kv.m olan 1 otaqdan, 1 zaldan və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin onun tərəfindən tikilməsi və 25000 manat xərc çəkilməsinə dair sübutlarını təqdim edə bilməmişdir. İkincisi hazırkı iş üzrə İddiaçı iddia tələbinin hüquqi əsasını cavabdehin evdən çıxarılması, yəni mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələb təşkil edir. Üçüncüsü cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia qaldırmamış, apelyasiya icraatı zamanı da qeyd etdiyi kimi, ona çəkdiyi xərclər ödəniləcəyi halda evdən çıxmağa etiraz etmədiyini göstərir. Belə olan halda kollegiya cavabdehin evin təmirinə çəkilən xərclərlə bağlı dəlillərinə hüquqi qiymət verilməsinə zərurət görmür. Çünki bu barədə sübutlar tələb edilməsi Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Cavabdeh apellyasiya icraatı zamanı həmçinin göstərmişdir ki, onun hal-hazırda Ağcabədi Rayon Məhkəməsinin icraatında iddiaçıya qarşı evin təmirinə və tikintisinə çəkilən xərclərin ödənilməsi barədə iddiası üzrə mülki işə baxılır. Məhkəmə kollegiyasının işin halları ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, “birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, JN-118 A, KOD 60811018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayon Aaqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 100 kv.m-də ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı-25 oktyabr 2008-ci il təvəllüdlü X5 əmlakları ilə birlikdə çıxarılması” qənəatinə gəlinməsinə haqlı olmuş, məhkəmə bu qənaətə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-859/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-859/2025
19.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver