Məhkəmə qərarları › İş №2(106)-871/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-871/2024

04.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-871/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət məhkəmə tərkibində, X12 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, X1 iştirakları ilə, X1 İddiaçı qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(050)-147/2024 saylı qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Masallı rayonu Sığıncaq kəndində yerləşən ona məxsus evdən çıxmasını tələb etmişdir. İddiaçı ərizəsi Masallı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(050)- 147/2024 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Cavabdeh2 İddiaçı azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X10 ilə birlikdə İddiaçı mülkiyyətində olan Masallı rayonu Sığıncaq kəndində yerləşən evə köçürülməsini və dövlət rüsumuna görə ödədiyi 100 manat pulu tələb etmişdir. Cavabdeh2 iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı oğlu Cavabdeh1 ilə 2008-ci ildə ailə qurmuş və Masallı rayonu Sığıncaq kəndində yerləşən evə gəlin köçmüşdür. 2008-ci ildən 2023-cü ilədək həmin evdə yaşamış və birgə nikahdan xx.xx.2009-cu ildə X11, xx.xx.2010-cu ildə X7 və xx.xx.2012-ci ildə X10 adlı 3 uşaq anadan olmuşdur. O, həmin evdə uşaqları ilə yaşamış, uşaqları həmin evdə böyümüşlər və təxminən 15 ildir ki, o, həmin evdə yaşayır. Qayınanası İddiaçı ümumiyyətlə həmin evdə yaşamamış, sadəcə onunla Cavabdeh1 münasibəti pisləşdikdən və onu evdən çıxardıqdan sonra qayınanası həmin evə gəlmişdir. Həmin ev o, evdən çıxarılana qədər heç kimin mülkiyyətində olmamışdır. xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır. Halbuki, o, həmin evə gəlin köçən zaman 2008-ci ildə ev rəsmi reyestrdə qeydə alınmamış və özbaşına tikili olmuşdur. O, həmin evdə uşaqları ilə birlikdə uzun illər yaşamış, hazırda məcburi şəkildə evdən çıxarılmışlar və yaşamağa başqa yerləri yoxdur. İddiaçı ona şər-böhtan atır, iddia ərizəsində göstərir ki, guya o, ərinə xəyanət etmişdir. Bütün bunlar yalandır və bununla bağlı heç bir sübut yoxdur, sadəcə evdən çıxarılması üçün ona böhtan atılmışdır. Məcburən hazırda qohumlarının yanında yaşayır. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-147/2024 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) Cavabdeh2 İddiaçı qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və onların tələbinin təmin edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli evə 2008-ci ildə gəlin köçmüş və əmlaklarını evə yerləşdirmişdir. Həmin zaman evin hüquqi rejimi müəyyən olunmamış və özbaşına tikili olmuşdur. Belə olan halda, onların arasında hüquq münasibəti həmin vaxt yarandığından həmin zaman qüvvədə olan maddi hüquq norması tətbiq olunmalıdır. Həmin zaman qüvvədə olan maddi hüquq norması tətbiq olunmuş olsaydı bu zaman onun evə köçürülməyi mütləq təmin olunardı. Lakin məhkəmə qanunun tələbini pozaraq evə çıxarış alındıqdan sonrakı dövrə uyğun maddi hüquq normalarını tətbiq etmişdir. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu verilməsinə zərurət vardır. Çünki Qanunvericiliyin tələbinə əsasən maddi hüquq normaları hüquq münasibəti yaranan zaman qüvvədə olan normalara uyğun tətbiq olunmalıdır. Lakin məhkəmələr hazırda çıxarışın əldə olunduğu tarixdən yeni münasibətin yaranmasını əsas gətirib həmin vaxta uyğun maddi hüquq normalarını tətbiq edirlər. Belə olan halda, həmin müddəa Azərbaycan Respublikası Konstitusiyası və digər normativ aktlarla zidiyyət təşkil edir. O, hazırda azyaşlı uşaqları ilə küçələrdə qalmışdır, lakin məhkəmə çıxarışı daha üstün tutaraq İddiaçı mülkiyyət hüquqlarını daha üstün tutaraq onun iddiasını qanunsuz olaraq təmin etməmişdir. O, gəlin köçən zaman ayrılacağını fikirləşmədiyi üçün evin hüquqi rejiminin olub-olmamasını, mülkiyyətçi ilə razılıq bağlamlı olduğunu bilməmişdir. Hər gün demək olar ki, qanunvericilik aktlarına dəyişiklik olur, o zaman mülki münasibətlərdə sabitliyi təmin etmək olmayacaqdır. Çünki hər gün maddi hüquq normaları inkişafa uyğun olaraq yeni qaydalar tətbiq edir, belə olan halda vahid maddi hüquq normasının tətbiqi mümkünsüz olacaqdır. Buna görə də, qeyd olunan məsələ ilə bağlı məhkəmə Konstitusiya Məhkəməsinə sorğu verməli və icraatı dayandırılmalı idi. Lakin məhkəmə qanunun normaları arasında zidiyyət olduğu halda həmin zidiyyəti müdəaya istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə hüquq münasibətlərinin yarandığı dövrə uyğun maddi hüquq normalarını yox, qətnamə çıxarılan vaxta olan maddi hüquq normalarına uyğun tətbiq etmişdir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə hüquq normaları arasında zidiyyət olduğu üçün icraatı dayandırılmalı və Konstitusiya Məhkəməsinə sorğu verməli olduğu halda işə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, belə hal olduğu məhkəmənin vəzifəsidir ki, Konstitusiya Məhkəməsi işə baxıb yekun qərar qəbul edənədək icraatı dayandırmalıdır. Lakin məhkəmə normaların tələbini kobud şəkildə pozmuşdur. Məhkəmə hüquq münasibətlərinin nə vaxt yaranmasını, onun yaşamağa başqa yerinin olmamasını, o, evə köçən zaman evin özbaşına tikili olmasını, evin sənədinin o evdən çıxarıldıqdan sonra alınmasını, rəsmi qeydiyyatın o evdən çıxdıqdan sonra olmasını, o evdə yaşadığı müddətdə çıxarışın olmadığını nəzərə almamışdır. Məhkəmə tərəfindən onun həmin evə köçməyi və evdə yaşamağı müəyyən olunsa da, onun hazırda həmin evə uşaqları ilə birgə köçmək hüququnun olmaması sübut olunmamışdır. Maddi hüquq normaları münasibətlər yarandığı zaman qüvvədə olan normalara uyğun tətbiq olunmalıdır, lakin məhkəmə çıxarış alındıqdan sonrakı münasibətlərə uyğun norma tətbiq etmişdir, bu da məcəllənin tələblərinə ziddir. Məhkəmə iclasında X2 məhkəməyə ünvanladığı ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2008-ci ildə ailə qurmuş, mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Uzun müddət həmin evdə yaşamış, 3 övladı orada dünyaya gəlmişdir. O, evə gələrkən ev təmirsiz vəziyyətdə olmuşdur. Gəlin köçdükdən sonra evin təmir olunmasında iştirak etmişdir. Belə ki, əvvəllər təsərrüfatla məşğul olmuş olmuş və müəyyən qazanc əldə etmişdir. Lakin qayınanası münasibətlər korlandıqdan sonra ona məxsus bütün ev heyvanlarını onun əlindən almışdır. Gəlin köçən zaman həmin evdə qayınanası, qayınatası və yoldaşı Fuadla birlikdə yaşamışdır. 19 sentyabr 2023-cü il tarixdə həmin evdən qayınanası Nərgiz və baldızı Sevinc tərəfindən məcburi şəkildə çıxarılmışdır. Evdən böyük söz-söhbətlə çıxmalı olmuş, bu barədə “102” Xidmətinə məlumat vermişdir. Ona məxsus cehiz əşyaları küçəyə atılmış, həmin əşyaları evin qapısının ağzından yığmağa məcbur olmuşdur. Qayınanası İddiaçı onun ərinə xəyanət etdiyini bildirir və bütün bunlar onun evdən çıxarılması üçün üzərinə atılan şər-böhtanlardır. O, mübahisəli fərdi yaşayış evində yaşayan zaman evin sənədi olmamışdır. Evdən çıxarıldıqdan sonra qayınanası İddiaçı öz adına müvafiq Çıxarış almışdır. Hazırda 3 övladı ilə birlikdə atasıgillə qonşu olan bibisigilə sığınmağa məcbur olmuşdur və onların evində də şərait yoxdur. Yaşamağa başqa yeri yoxdur. Ana və anası xəstədir, qardaşı isə fəhlə işləyir. Hazırda boşanmışdır. Aliment alsa da, maddi vəziyyəti çox pisdir. Uşaqları yaşadığı kənddə məktəbə gedirlər. İddiaçı nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı olmuşdur. İslahat zamanı verilən müvafiq şəhadətnamədə onun adı qeyd olunmuşdur. Eləcə də, həmin fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxusdur və bu barədə ona müvafiq Çıxarış verilmişdir. İddiaçı oğlu Fuad xəstədir və hazırda psixiatrik xəstəxanada müalicə alır. Cavabdeh2 evdən heç kim məcburi çıxarmamış, o, özü könüllü şəkildə cehizlərini götürərək çıxıb getmişdir. Ümumiyyətlə, tərəflər həmin evdə yaşayan zaman çox söz-söhbət olduğundan İddiaçı bacısıgildə qalmalı olurdu. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(050)-147/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Masallı rayonu Sığıncaq kəndində yerləşən 0,10 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 246,8 kv.m olan fərdi yaşayış evinə tam pay əsasında xüsusi mülkiyyət hüququ İddiaçı aiddir. Hüquq xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2009-cu il tarixdə Masallı rayon Təklə ərazi nümayəndəliyində 07 nömrəli nikah bağlanmışdır. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2009-cu ildə doğulmuş X8, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X5 atası Cavabdeh1, anası Cavabdeh2dır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Cavabdeh1 ilə 13 aprel 2008-ci ildə faktiki ailə qurmuş, həmin tarixdə cavabdehə məxsus evə gəlin köçmüş, xx.xx.2009-cu il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Lakin nəzərə alınmalıdır ki, həmin vaxt evə mülkiyyət hüququ yaranmamış, xx.xx.2023-cü ildə evin mülkiyyət hüququ cavabdeh İddiaçı adına qeydiyyata alındığı üçün mübahisə yeni hüquqi münasibətləri çərçivəsində həll olunmalıdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmaqla onun mülkiyyətindədir. Mülkiyyət hüququna müdaxilənin, mülkiyyətin toxunulmazlığı kimi əsas prinsiplər qanunla qorunur. Məhz bu yanaşmaya görə Cavabdeh2 2008-ci ildən 2023-cü ilin sentyabr ayına qədər qeyd etdiyi evdə yaşamış olsa da, həmin müddətdə evə mülkiyyət hüququ müəyyən olunmadığı üçün həmin hal başqa şəxslərin hüquq və mənafelərini də pozmurdu. Lakin artıq evə mülkiyyət hüququ İddiaçı aiddir və yeni hüquq münasibəti mövcuddur. Yeni münasibətləri tənzimləyən qanunun normalarına əsasən Cavabdeh2 İddiaçı gəlini olmuş olsa belə, onun ailə üzvü hesab olunmur. Cavabdehin oğlu Fərid Muradov isə həmin evdə faktiki olaraq yaşamır və müalicə müəsissəsində qalır. Cavabdeh İddiaçı gəlini Cavabdeh2 və nəvələrinin həmin evə köçürülməsinə razılığı yoxdur. Əks halda, Cavabdeh2 uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi İddiaçı mülkiyyət hüququndan irəli gələn hüquq və mənafelərinin pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uygun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Bu baxımndan nəzərə alınmalıdır ki, qüvvədə olan MM-in 228.1 və 228.2-ci maddələrinin tələbinə əsaəsən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, MM-in 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilənlər baxımından, kollegiya qeyd edir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini tənzimləyən 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2. və 30.4-cü maddələrinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu zaman kollegiya diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Kollegiya mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Adıçəkilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “O.ROUK Birləşmiş Krallığa qarşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “Gillounun Birləşmiş krallığa qarşı” işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına düzgün qiymət vermişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. İşdən göründüyü kimi, Masallı rayonu Sığıncaq kəndində yerləşən evə xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın - Salyan Masallı rayonu Sığıncaq kəndində yerləşən evin dövlət qeydiyyatına alınması İddiaçı həmin mübahisəli evə məhz göstərilən andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən tərəflərin razılığı ilə yanaşı, eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-147/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(050)-147/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar