Məhkəmə qərarları › İş №2(106)-872/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-872/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-872/2023 12.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23 sentyabr 2005-ci il tarixli, 12 saylı kredit müqaviləsi üzrə 1845 ABŞ dolları əsas, 5779,89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7624,89 ABŞ dolları borcun və ödənilmiş 129 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32 kv.m, əsas sahəsi 21 kv.m, köməkçi sahəsi 11 kv.m olan 2 otaqlı mənzilə yönəltməklə, həmin mənzilin açıq hərraca çıxarılaraq satılması hesabına borcun və 129 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, mənzil hərracda satıldıqdan sonra cavabdehin həmin mənzilə sahiblik və istifadə hüququna xitam verilməklə, həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Həmin iş üzrə 02 noyabr 2022-ci il tarixində Cəlilabad Rayon Məhkəməsi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi və iş üzrə icraatın dayandırılması haqqında 2 ayrı-ayrı qərardad qəbul edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Qalib Paşayev) iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət edilmiş, müstəqil qiymətləndirici qarşısında Bakı şəhər Texniki İnventarlaşdırma və MHQİ-nin verdiyi qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətinin və likvid dəyərinin neçə manat təşkil etməsi barədə sual qoyulmuş, ipoteka predmetinin qiymətləndirilməsi “X1” MMC-yə həvalə edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin iş üzrə icraatın dayandırılması haqqında 02 noyabr 2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Qalib Paşayev) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti və likvid dəyəri haqqında müstəqil qiymətləndiricinin rəyi alınanadək həmin mülki işin icraatı dayandırılmışdır. Cavabdeh şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1639/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadının 3 gün müddətində baxılıb ləğv edilməsini və yaxud əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, 2(073)-1639/2022 saylı qərardadın təsviri hissəsindən görünür ki, məhkəmə iclasında İddiaçı QSC BOKT-nin nümayəndəsi X2 vəsatət verərək, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin borcunun olduğunu qabaqcadan müəyyən etdikdən sonra ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin və likvid dəyərinin müəyyən edilməsini təmin etmək üçün iş üzrə müstəqil qiymətləndiricinin dəvət edilməsi və qiymətləndirilmənin aparılmasının “X1” MMC-yə həvalə edilməsi qərara almışdır. Qərardad 02 noyabr 2022-ci il tarixində qəbul edilsə də, bundan yalnız 4 ay keçdikdən sonra mənzilə baxış keçirilməsi təyin olunmuşdur. İddiaçının iddia ərizəsinin qoşma hissəsində bildiriş məktubunun surəti və borca dair məlumat cədvəli göstərilsə də, bunlar barədə onunla heç bir əlaqə saxlanılmamış, onlardan cavabdehin məlumatı olmamışdır. Məhkəmə onun məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Cavabdeh 23 sentyabr 2005-ci il tarixli müqaviləni kommersiya məqsədilə bağlamış və götürdüyü krediti geri qaytarmışdır. Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Qalib Paşayev) Cəlilabad Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə müstəqil qiymətləndirici tərəfindən verilmiş rəy məhkəməyə daxil olmamışdır və iş üzrə icraatın təzələnməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı ləğv edilməli və mülki iş Cəlilabad Rayon Məhkəməsinin ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə müvafiq hüquqi qiymətin verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən 02 noyabr 2022-ci il tarixində 2 ayrı-ayrı qərardad qəbul edilmişdir. Həmin qərardadlardan biri ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi haqqında, digəri isə iş üzrə icraatın dayandırılması haqqında olmuşdur. Cavabdeh öz şikayətində həmin tarixdə qəbul edilmiş qərardadlardan hansını mübahisələndirdiyini xüsusi olaraq göstərməsə də, şikayətin məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi haqqında qərardadı mübahisələndirmək istəmişdir. Belə ki, onun şikayətinin ilkin dəlilləri məhz ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi ilə əlaqəli olmuş, qərardadın 02 noyabr 2022-ci il tarixində qəbul edilməsinə baxmayaraq, üzərindən 4 ay keçdikdən sonra mənzilə baxış keçirilməsinin təyin edilməsinə narazılığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsinin 17 mart 2023-cü il tarixli qərardadından görünür ki, məhkəmə cavabdehin hazırkı şikayətini yanlış olaraq məhkəmənin iş üzrə icraatın dayandırılması barədə 02 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayət kimi qiymətləndirərək ona baxmışdır. Halbuki, cavabdeh öz şikayətində məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılmasının mübahisələndirilməsi ilə bağlı hər hansı bir mülahizə qeyd etməmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı ləğv edilməli və mülki iş Cəlilabad Rayon Məhkəməsinin ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli, 2(073)- 1639/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə müvafiq hüquqi qiymətin verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(073)-63/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş Cəlilabad Rayon Məhkəməsinin ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli, 2(073)-1639/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə müvafiq hüquqi qiymətin verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar