Məhkəmə qərarları › İş №2(106)-875/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-875/2023

05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-875/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “iş stajı olması faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-505/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-xx.xx.1980-ci illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləməsinin, yəni iş stajının olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuşdur. Ərizəçi xx.xx.1979-xx.xx.1980-ci illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləmişdir. Hazırda DSMF-nin rayon şöbəsinə pensiya üçün müraciət etdikdə bildirmişlər ki, kolxozda işləməsinə dair sənəd olmalıdır. Ərizəçi İmişli rayon Dövlət Arxivinə müraciət etmiş, arxivdən verilmiş xx.xx.2022-ci il tarixli, 224 saylı arxiv arayışında göstərilmişdir ki, M.B.Qasımov adına kolxozun xx.xx.1979-xx.xx.1980-ci illərinə aid sənədləri arxivə təhvil verilməmişdir. Bu da ərizəçinin pensiya hüququnu həyata keçirməsinə mane olur. Kolxozlar ləğv olunduğundan əmək kitabçasına qeyd yazdırmaq da mümkün deyil. Bu faktı şahidlər də təsdiq edə bilərlər. İmişli Rayon Məhkəməsinin 2(036)-505/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qurban Hacıyev) ərizə təmin edilmiş, Ərizəçi 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləməsi faktının müəyyən olunması və həmin illərin onun sosial sığorta stajına daxil edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-505/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmişdir. Ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işlədiyini iddia etmişdir. Lakin onun əmək fəaliyyətini təsdiq edən sənədlərin olmaması səbəbindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi öz ərizəsində onun pensiya hüququnu həyata keçirməsinə mane olduğundan sözügedən iş stajının təsdiqlənməsi zərurəti yarandığını qeyd etmişdir. Lakin ərizəçi xx.xx.1963-cü il təvəllüdlü olub, hal-hazırda 60 yaşındadır. Göründüyü kimi, ərizəçinin yaşı qanunvericiliyin tələbləri baxımından ona yaşa görə əmək pensiyası təyin olunmasına imkan vermir (ərizəçinin pensiya hüququ tələb olunan şərtlər ödənildiyi halda xx.xx.2028-ci ildə yaranacaqdır). Həmçinin, ərizəçinin ona pensiya təyin edilməsi barədə maraqlı şəxsə rəsmi yazılı heç bir müraciəti də olmamışdır. Habelə sistemdən çıxarışa əsasən, ərizəçinin əlilliyinin olmadığı görünür. Bu səbəbdən ərizəçiyə əlilliyə görə pensiya təyin olunması da mümkünsüzdür. Beləliklə, ərizəçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu kimi işləməsi faktının təsdiq olunması heç bir hüquqi nəticə yaratmır. Bu səbəbdən ərizəçinin xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək M.B.Qasımov adına kolxozda 1 illik dövrün sığorta stajı kimi müəyyən olunması barədə müraciəti əsassızdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3, X1 və X2 hər birinin M.B.Qasımov adına kolxozda işləmələri barədə qeyd olan əmək kitabçaları mövcuddur. Lakin şahidlərlə eyni dövrdə eyni kolxozda işləmiş ərizəçinin əmək kitabçasının olmaması məntiqə uyğun deyil. Habelə, ərizəçinin pensiya hüququnun hələ yaranmamasına baxmayaraq, ərizəsində pensiya hüququnun həyata keçirilməsi məqsədilə iş stajının müəyyən olunması barədə müraciət etməsi də məntiqə uyğun deyil. Lakin yuxarıda qeyd olunan xüsusatlara baxmayaraq, ərizəçinin ərizəsi təmin edilərək, onun xx.xx.1969-cu ildən xx.xx.1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda 1 il sıravi kolxozçu işləməsi faktı müəyyən edilmişdir. Hazırkı işdə ərizəçi ərizəsində xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işlədiyini qeyd etsə də, əmək kitabçasını nə üçün ala bilməməsini və ya hər hansı üzrlü səbəblərin mövcud olub-olmamasını qeyd etməmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onu müdafiə etdiyini bildirdi. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, ərizəçi apellyasiya məhkəməsinin iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçiyə hüquqi əhəmiyyəti olan işləməsi faktının müəyyən edilməsi ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazımdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri işlədiyi kolxoz ləğv edildiyindən məhkəmədən kənar başqa qaydada ala bilmir. Maraqlı şəxs apellyasiya şikayətində ərizəçinin pensiya tələb etmək hüququ verən yaş həddinə çatmadığını bildirərək hazırkı ərizə üzrə müəyyən olunacaq faktın hər hansı hüquqi əhəmiyyət daşımadığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin işləməsi faktının gələcəkdə hüquqi nəticə yaratması halı onun hazırda müəyyən edilməsi üzrə ərizəyə baxılmasına mane olan hal kimi çıxış edə bilməz. İş materiallarında olan AA******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə doğulmuşdur. İş materiallarının 21-ci vərəqində olan Ərizəçi tərəfindən doldurulmuş əmək haqqının və ya əmək stajının təsdiq edilməsi haqqında sənəd barədə ərizə-anketdən görünür ki, Ərizəçi İmişli rayonunun M.B.Qasımov adına kolxozunda xx.xx.1979-xx.xx.1980-ci illərdə çilingər vəzifəsində işləməsi barədə arxivdə hər hansı məlumat olduğu halda onun arayış formasında təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 224 nömrəli, 15 dekabr 2022-ci il tarixli arayışından görünür ki, İmişli rayonunda vaxtilə fəaliyyət göstərmiş M.B.Qasımov adına kolxozun xx.xx.1979-xx.xx.1980-ci illərinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Ərizəçi məhkəməyə ünvanladığı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında ərizəsində isə özünün xx.xx.1979-xx.xx.1980-ci illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işlədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş X6 çıxış edərək ərizəçini həmkəndlisi və iş yoldaşı kimi tanıdığını bildirmişdir. O, qeyd etmişdir ki, özü 1979-1989-cu illərdə İmişli rayonunun M.B.Qasımov adına, 1990-1996-cı illərdə isə Y.Şirinov adına kolxozlarında sürücü-çilingər işləmiş, ərizəçi də xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək onunla birlikdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləmişdir. İş materiallarında olan AZE ******* seriya nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, X6 xx.xx.1979-cu ildə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda üzvlüyə və çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü ildə kolxozun üzvlüyündən və həmin vəzifədən azad edilmişdir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş X4 çıxış edərək ərizəçini iş yoldaşı kimi tanıdığını bildirmişdir. O, qeyd etmişdir ki, özü 1977- 1996-cı illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sürücü işləmiş, ərizəçi də xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək onunla birlikdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləmişdir. İş materiallarında olan AZE ******* seriya nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.1977-ci ildə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda üzvlüyə və sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı ildə kolxozun üzvlüyündən və həmin vəzifədən azad edilmişdir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş X5 çıxış edərək ərizəçini iş yoldaşı kimi tanıdığını bildirmişdir. O, qeyd etmişdir ki, özü 1973- 1996-cı illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda mühasib işləmiş, ərizəçi də xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək onunla birlikdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləmişdir. İş materiallarında olan X2 adına açılmış əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1973-cü ildə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı ilədək həmin vəzifədə qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3, X2 və X1 izahatlarından görünür ki, onlar ərizəçinin İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işlədiyini iddia etdiyi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək həmin kolxozda işləmişlər və ərizəçinin də onlarla birlikdə işlədiyini təsdiq etmişlər. İş materiallarından göründüyü kimi, eyni vaxtda və eyni müəssisədə işləmələrinə baxmayaraq, şahidlərə məxsus əmək kitabçalarında İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləmələrinə dair qeyd aparılmış olsa da, ərizəçi barəsində bu cür qeyd aparılmamışdır. Ərizəçi birinci instansiya məhkəməsinin 20 fevral 2023-cü il tarixli məhkəmə iclasında bunun səbəbini onunla izah etmişdir ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda kolxozçu işləsə də, həmin dövrdə onun 16 yaşı olduğundan işlədiyi illərə dair ona əmək kitabçası verilməmişdir. Lakin iş materiallarında olan AZE 09933174 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1962-ci il tarixində doğulmuşdur. Göründüyü kimi, şahid qismində dinlənilmiş X6 da xx.xx.1979-cu ildə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda üzvlüyə və çilingər vəzifəsinə işə qəbul edilərkən 16 yaşı olmuş, onun 17 yaşı tamam olmamışdır. Belə olan halda isə məhkəmə kollegiyası ərizəçinin 16 yaşı olması səbəbindən ona əmək kitabçasının verilməməsinə dair bildirdiklərini inandırıcı hesab etmir və bildirir ki, qeyd edilən səbəbdən ərizəçinin adına əmək kitabçasının verilməməsi ağlabatan deyil. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizədən və iş üzrə dinlənilmiş şahidlərin ifadələrindən görünür ki, ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işlədiyini iddia edir. Lakin iş materiallarının 21-ci vərəqində olan ərizə-anketdən göründüyü kimi, ərizəçi özü barəsində arxiv idarəsinə ünvanlanmış sorğuda özünün həmin tarixlərdə həmin kolxozda çilingər vəzifəsində işləməsini qeyd etmişdir. Bu isə onu göstərir ki, ərizəçinin bildirdikləri arasında ziddiyyət mövcuddur və bu hal yuxarıda qeyd edilənlərlə birlikdə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın həqiqiliyinə əsaslı şübhə yaradır. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, ərizəçi hazırkı iş üzrə ərizəsində özünün xx.xx.1979-xx.xx.1980-ci illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləməsinin, yəni iş stajının olması faktının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə ərizəçinin 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləməsi faktının müəyyən olunması və həmin illərin onun sosial sığorta stajına daxil edilməsi qət edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq qətnamə qəbul etmiş, ərizəçi sadəcə müvafiq dövrdə kolxozda işləməsi faktının (iş stajının olmasının) müəyyən edilməsini xahiş etsə də, məhkəmə həmin illərin onun sosial sığorta stajına daxil edilməsinə dair əlavə nəticəyə də gəlmişdir. Lakin əmək fəaliyyəti müddətinin ərizəçinin sosial sığorta stajına daxil edilməsi məsələsinin həlli müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan, eləcə də, birinci instansiya məhkəməsi həmin hissədə MPM-in 218.3-cü maddəsinin tələblərinə ziddi şəkildə nəticəyə gəldiyindən, həmin hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olmamışdır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş materiallarında olan sübutlar müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməmiş və iş üzrə əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-505/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-505/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi “iş stajı olması faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar