Məhkəmə qərarları › İş №2(106)-877/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-877/2024

18.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-877/2024 18.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) Mayılov Samir İlham oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8rşı "işdən kənarlaşdırma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya üçün ödənilmiş pulun alınıb verilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(017)-328/2024 saylı qətnaməsindən (hakim Etibar Quliyev) cavabdeh "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8rşı "işdən kənarlaşdırma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya üçün ödənilmiş pulun alınıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 iyul 1990-cı il tarixdə Ağcabədi rayon xalq təhsili işçilərinin evindəki ilk tibbi yardım kursuna daxil olmuş, həmin kursu imtahan komissiyasının 30 aprel 1991-ci il tarixli qərarı ilə bitirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 sentyabr 2009-cu il tarixli 135 saylı əmrinə əsasən Ağcabədi Rayon Mərkəzi xəstəxanasından öz razılığı ilə işdən azad edilmişdir. Eyni zamanda qeyd edilən tarixdən Avşar kənd həkim məntəqəsinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə fəal, nümunəvi, bacarıqlı tibb bacısı kimi həm işlədiyi kollektivin, eləcə də camaatın dərin rəğbətini qazanmışdır. İstər pandemiya, istərsə də ikinci Qarabağ Vətən müharibəsi dövründə əhaliyə yüksək səviyyədə tibbi yardım göstərmiş, hətta pandemiya dövründəki xidmətlərinə və fəaliyyətinə görə əlavə əmək haqqı da almışdır. Lakin bütün bunlara baxmayaraq, Ağcabədi Rayon Mərkəzi X4 Şəxsin direktoru Təranə xanım Məmmədova heç bir qanuni, zəruri, əsaslı səbəb olmadan qüvvədə olan mövcud qanunları kobud şəkildə pozaraq xx.xx.2023-cü il tarixli, K-2565 saylı əmrlə onu vəzifəsindən kənarlaşdırmışdır. Hansı ki, onun əmrdə istinad etdiyi maddələr onu vəzifədən kənarlaşdırmağa əsas ola bilməz. Çünki birincisi, bu maddələr tibb kursunu bitirdiyinə görə ona aid deyil. Həmin maddələr yalnız və yalnız praktik tibb və əczaçılıq işində fəaliyyət göstərən şəxslərə aiddir. Praktik tibb işçisi anlayışı tibb işçisi anlayışından kəskin surətdə fərqlənən məfhumdur. Praktik sözü öz işini təcrübi cəhətdən yaxşı bilən, ixtisası üzrə böyük təcrübəsi olan şəxs başa düşülür. Bu baxımdan praktik tibb işçisi dedikdə həkimlər və orta ixtisaslı tibb işçisi nəzərdə tutulur. Nədənsə bu cavabdehin nəzərindən qaçmış, bu səbəbdən də qanun pozuntusuna yol verilmişdir. İkincisi, əmrdə ciddi qanun pozuntusuna yol verilməsi bir də onunla sübut olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 saylı Ağcabədi Rayon Mərkəzi X4 Şəxsin rəhbərinə ünvanlandığı məktubda qeyd olunur ki, tibb kursunu bitirənlərin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyri-mümkündür. Göründüyü kimi cavabdeh Nazirliyin bu tələb və göstərişinə, eləcə də digər qanunlara əməl etməyərək onu əsassız və qanunsuz olaraq yuxarıda sözügedən əmrlə xx.xx.2023-cü il tarixdən 6 (altı) ay müddətinə iş yerini saxlamaqla işdən kənarlaşdırmışdır. Bir daha təkrarən qeyd edir ki, bu tələb və göstərişlər ali və orta ixtisaslı tibb işçiləri üçündür. Tibb kursunu qurtaranlara aid deyildir. Üçüncüsü, cavabdeh daha bir səbəbə əsaslanaraq, yəni onu TƏBİB-in xx.xx.2023-cü il tarixli, PHŞ- 6/2-6380/2023 saylı məktubuna əsaslanaraq işdən kənarlaşdırmışdır. Bu məktubda onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Hər bir dövlət müəssisələrində işləyən şəxslərin sertifikasiyadan keçməsi qanunla müəyyənləşdirilib. Məhz elə buna görə də sertifikasiyadan keçmək üçün müəssisə rəhbərinin göndərişi mütləqdir. Göndəriş olmadan heç bir şəxsin sertifikasiyadan keçməsinə qanun yol vermir. Belə olan halda sertifikasiyadan keçməməyi onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Bu da cavabdehin bir daha mənə verdiyi əmrinin qanunsuz olduğunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Ali qanunun qeyd olunan norması insan və vətəndaşların hüquq və azadlıqlarını, xüsusən qanuni mənafeylərinin qanun çərçivəsində sosial ədalətin bərpasına, iş qabiliyyətinin səmərəli realizasiyasına yönəlmiş hüquqi bir fəaliyyət istiqamətini əks elətdirir. Hüquqi dövlətin əsas əlamətlərindən biri vətəndaş cəmiyyətinin bərqərar olmasına xüsusi rol oynayan insan resuslarından əmək qabiliyyətinin istər təhsil, səhiyyə, istərsə də iqtisadi sahələri köklü inkişafa səbəb olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62, 76, 79, 84-cü maddələrində işçinin işdən kənar edilməsinin əsasları ayrı-ayrılıqda göstərilmiş və cavabdehin onu işdən kənarlaşdırılması həmin maddələrdə öz əksini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmək üçün mediasiya xidməti üçün pul da ödəmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə, əsasən, işsiz qalan ayların pulları ödənilməlidir. Ona görə də Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli K-2565 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edib işdən çıxarıldığı müddətdən məcburi iş buraxma müddəti üçün əmək haqqının və mediasiya üçün ödənilmiş 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 nümayəndəsi X3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli, K-2565 nömrəli əmrinə əsasən tutduğu vəzifəsindən 6 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövrü olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Ona görə də İddiaçı 2023-cü ilin iyul ayında Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilməsi üçün kursa göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 nömrəli məktubunda İddiaçı təhsil aldığı müəssisə orta ixtisaslı tibb təhsil müəssisəsi hesab edilməməsi səbəbindən onun tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməsi qeyrimümkün hesab edilmişdir. İddiaçı təhsili uyğun olmadığından və sertifikasiyadan keçə bilməməsi səbəbindən ona qeyri-tibb işləri təklif olunmuş, lakin İddiaçı ona təklif olunan işi qəbul etmədiyindən "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1 -ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası” qaydasına, Əmək Məcəlləsinin 67-1 -ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(017)-328/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli, K-2565 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işdən kənarlaşdırıldığı tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 Avşar kənd həkim məntəqəsinin tibbi bacısı vəzifəsinə bərpa olunması, həmçinin Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 mediasiya xərcinə görə ödənilmiş 60 manat pulun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49- 1-ci maddəsi tələblərini birinci instansiya məhkəməsi nəzərə almamışdır. Belə ki, həm iddia ərizəsində, həm də iddiaya etirazda adıçəkilən maddəyə istinad edilməsinə, həmçinin iddiaçının 6 ay müddətində iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmasına baxmayaraq birinci instansiya məhkəməsi öz qətnaməsinin heç bir cümləsində qeyd edilmiş maddənin hazırki işə tətbiq edilməsinə münasibət bildirməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, hazırkı iş üzrə mübahisə məhz “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsi əsasında yaranmışdır. Belə ki, həmin maddəyə əsasən iddiaçının sertifikasiyadan keçməsi tələb olunur və onun təhsil aldığı müəssisənin orta ixtisaslı tibb təhsil müəssisəsi hesab edilməməsi səbəbindən iddiaçı tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçə bilməmişdir. Məhkəmə adıçəkilən maddəyə münasibət bildirmək əvəzinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin işə heç aidiyyəti olmayan maddələrinə (62, 71, 72, 80), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarıilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarına istinad etmiş, bununla da sanki qanunsuz qəbuletdiyi qətnaməni hansısa maddi hüquq normaları ilə əsaslandırmağa çalışmışdır. Bir daha qeyd edirlər ki, bu normaların hazırkı işə heç bir aidiyyəti yoxdur. Hesab edirlər ki, məhkəmənin “Əhalinin sağlamlığının qorunması haqqında” AzərbaycanRespublikası Qanununun 49-1-ci maddəsinin hazırkı iş üzrə tətbiqi məsələsinə münasibət bildirməməsi onun qanunsuz qətnamə qəbul etməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırırlar ki, cavabdeh iddiaçını işdən azad etməmişdir. Belə ki, cavabdehin mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli, K-2565 nömrəli əmri iddiaçının 6 ay müddətində iş yeri saxlanılmaqla işdən kənarlaşdırılması barəsində olan əmrdir. Həmin əmr “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş əmrdir ki, bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün müraciət etməsinə imkan yaradılmışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 68-ci maddəsinə hansı əsasla istinad etməsi və qətnaməsini əsaslandırması cavabdeh üçün hələ də aydın deyildir. Məhkəmənin qətnaməsinin bütün hissələrində iddia predmeti olan əmr iddiaçının işdən azad edilməsi barədə əmr kimi qiymətləndirilmişdir ki, bu da tamamilə yanlış bir yanaşma olmaqla məhkəmənin işin predmetindən tam məlumatlı olmadığını göstərir. Misal üçün, sözügedən qətnamənin 5-ci səhifəsinin 6-cı abzasında qeyd edilmişdir: “Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli, K-2565 nömrəli əmri Əmək Məcəlləsinin müvafiq normalarına istinad etmədən və işəgötürən olaraq iddiaçının işdən azad edilməsi barədə əmri əsaslandırmadan qəbul etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.” Hörmətli Məhkəmə kollegiyası! Cavabdehin xx.xx.2023-cü il tarixli, K-2565 nömrəli əmri iddiaçının işdən azad edilməsi ilə bağlı deyildir. Göründüyü kimi məhkəmə işin mahiyyətini tam araşdırmadan və sırf iddianı təmin etmək üçün əsassız qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh nümayəndəsi vasitəsilə apellyasiya baxışında təmsil olunmamış, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Lakin İddiaçı 06 iyun 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək cavabdeh təşkilat tərəfindən verilmiş verilmiş apellyasiya şikayətini əsassız və qanunsuz hesab etmiş, bu səbəbdən də Ağcabədi rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclası başa çatdıqdan sonra İddiaçı məhkəməyə ünvanladığı teleqramı daxil olmuş (saat 11:17), teleqramda işin başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı ödənilir.

4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə görə (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası):

1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.

4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin "c” bəndində "səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinə əsasən işçinin a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-cı maddəsinin 1-ci bəndinə əsəsən bu Məcəllənin 70-ci maddəsinin "b” və ”ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddənin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1 -ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlaq ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. Əmək Məcəlləsinin 76.2-ci maddəsinin birinci və ikinci bəndlərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndində qeyd edilir ki, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarının 2.7-ci bəndinin tələblərinə görə attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. Həmin Qaydalarının 3.2-ci bəndinin tələblərinə görə attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Həmin Qaydalarının 3.3-cü bəndinin tələblərinə görə attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən; İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş 90 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 01 iyul 1990-cı il tarixdə Ağcabədi rayon xalq təhsili işçilərinin evindəki ilk tibbi yardım kursuna daxil olmuş, həmin kursu imtahan komissiyasının 30 aprel 1991 -ci il tarixli qərarı ilə bitirmişdir. İş materiallarında olan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 05 yanvar 2010-cu il tarixli 01 nömrəli əmrindən verilmiş çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2009-cu il tarixli 135 nömrəli əmrinə əsasən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tutduğu vəzifəsindən azad edilərək və həmin tarixdən İddiaçı Avşar kənd həkim məntəqəsinə tibb bacısı təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, K-2565 nömrəli əmrinin çıxarışından görünür ki, "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 Avşar kənd həkim məntəqəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1 -ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 -ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Əsas: "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1 -ci maddəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023cü il tarixli 3-28/2-5196/2023 nömrəli, TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktubları. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış orta tibb işçisi vəzifəsində işləyən 46 nəfər şəxs barəsində məktuba baxılmış və qeyd olunmuşdur ki, məktubda adları qeyd olunan 32 nəfər şəxsin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyri-mümkündür. Məktubda adları qeyd olunan 32 nəfər şəxs qeyri-tibb vəzifəsində işləyə bilərlər. Məktuba əlavə olunmuş 32 nəfər şəxsin adı qeyd edilmiş siyahıda İddiaçı da adı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X14 ünvanlandığı xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktubunun surətindən görünür ki, TƏBİB-ə ünvanlanmış müraciət aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tədbirlərin görülməsi tibb müəssisəsi rəhbərinin səlahiyyətindədir. İş materiallarında olan ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, Mediasiya Təşkilatının mediatoruna müraciət olunmuş, İMS-in xərcinin məbləğini təşkil edən 60 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının işdən azad olunması barədə əsas kimi göstərilən (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış orta tibb işçisi vəzifəsində işləyən 46 nəfər şəxs barəsində məktuba baxılmış və qeyd olunmuşdur ki, məktubda adları qeyd olunan 32 nəfər şəxsin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyrimümkündür. Məktubda adları qeyd olunan 32 nəfər şəxs qeyri-tibb vəzifəsində işləyə bilərlər. Məktuba əlavə olunmuş 32 nəfər şəxsin adı qeyd edilmiş siyahıda həmçinin İddiaçı da adı qeyd olunmuşdur.) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı əsas göstərilmişdir. Halbuki bu əsasla işçinin işdən azad olunması üçün ilk növbədə həmkarlar təşkilatının razılığı alınmalı, daha sonra isə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməlidir. Lakin mübahisələndirilən əmr araşdırlarkən müəyyən edilmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli, K-2565 nömrəli əmri verilərkən həmkarlar təşkilatının razılığı alınmamışdır. Bu isə Əmək Məcəlləsiniin 80-ci maddəsinin dispozitiv “Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir” şərtlərinin pozulması kimi qiymətləndirilə bilər. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı 01 iyul 1990-cı il tarixdə Ağcabədi rayon xalq təhsili işçilərinin evindəki ilk tibbi yardım kursuna daxil olmuş, həmin kursu imtahan komissiyasının 30 aprel 1991-ci il tarixli qərarı ilə bitirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2009-cu il tarixli 135 nömrəli əmrinə əsasən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tutduğu vəzifəsindən azad edilərək və həmin tarixdən İddiaçı Avşar kənd həkim məntəqəsinə tibb bacısı təyin edilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, K-2565 nömrəli əmrinə əsasən "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 Avşar kənd həkim məntəqəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1- ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 -ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. İşdən kənarlaşdırma əmrində əsas kimi "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2- 5196/2023 nömrəli, TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktubları qeyd olunmuşdur. Əmək Məcəlləsinin 76.2-ci maddəsinin birinci və ikinci bəndlərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndində qeyd edilir ki, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi iddiaçının işdən azad edilməsi barədə əmri Əmək Məcəlləsinin tələblərinə uyğun olmamışdır. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh təşkilat iddiaçını işdən xaric etməmiş, sadəcə onu 6 ay müddətinə işdən kənarlaşdırmışdır. Buna münasibətdə kollegiya qeyd edir ki, əgər iddiaçı 6 ay müddətinə işdən sadəcə kənarlaşdırılmışdırsa nəyə görə o xx.xx.2024-cü il tarixdən sonra işinə bərpa edilməmişdir. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı etiraz qeydlərində onun işə bərpa olunmadığı müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, beləliklə də qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(017)-328/2024 saylı qətnaməsi cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar