Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-878/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(517)-685/2021 saylı, 20 may 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Salyan rayonu, Seyidsadıqlı kənd ərazisində yerləşən ona məxsus olan 2,4 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-685/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə və həmçinin apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 ərizəsini onunla əsaslandırmışdır ki, işə baxılan zaman məhkəmə iclasında iştirak etmiş, məhkəmə qətnaməsindən çıxarışı alıb-almaması yadında qalmamışdır. Məhkəmə qəbzindəki imza yəqin ki, ona məxsusdur. Məhkəmə qətnaməsini almadığı üçün 10 fevral 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə müraciət etmiş və qətnamə hmin tarixdə təqdim olunmuşdir. Həmin vaxtdan sonrakı müddətdə torpağın ölçülməsi üçün əmlak komitəsinə 200 manat pulu ödəyə bilmədiyi üçün vaxt keçmiş və torpaq ölçüldükdən sonra apellyasiya şikayəti və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Şəhid ailəsi oluğu üçün müddətin bərpasını tələb edir. Salyan Rayon Məhkəməsinin 2(057)685/2021 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə (hakim A.Səmədov) Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(057)685/2021 saylı qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verilməsi üçün büraxılmış müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(057)685/2021 saylı qətnaməsindən İddiaçı1 vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı1 Salyan Rayon Məhkəməsinin 2(057)685/2021 saylı, xx.xx.2023-cü il tarixli Qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-685/2021 saylı, 06 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Salyan Rayon Məhkəməsinin 2(057)-685/2021 saylı, 27 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)685/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, belə hesab edir ki, İddiaçı1 şikayətinə əsasən Salyan Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılmasına heç bir qanuni əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(057)685/2021 saylı qətnaməsi qəbul olunduqdan 2 il keçdikdən sonra İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(057)685/2021 saylı qətnaməsinin surətini almadığını bildirmişdir. İş materiallarında olan hazırkı iş üzrə Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki,mülki işə İddiaçı1 iştirakı ilə baxılmış və qətnamənin məzmunu, ondan apellyasiya qaydasında şikayət vermə qaydası və müddəti , məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqları ona izah edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş 31 may 2021-ci il tarixli poçt reyestrindən görünür ki, Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(057)685/2021 saylı qətnaməsinin surəti həmin tarixdə tərəflərə, o cümlədən İddiaçı1 göndərilmişdir. İş materiallarında olan AzərPoçt MMC-nin 27 mart 2023-cü il tarixli, SLPF-16/31 saylı məktubundan görünür ki (i.v.84) Salyan rayon Məhkəməsi tərəfindən Salyan rayon Seyidsadıqlı kənd sakini İddiaçı1 ünvanlanmış 31 may 2021-ci il tarixli məktub, 03 iyun 2021ci il tarixdə şəxsən iddiaçıya verilmişdir. Bundan təxminən 2 ilə yaxın bir müddət keçdikdən sonra iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(057)685/2021 saylı qətnaməsinin surətini almadığnı bildirərək, qətnamənin surətinin ona təkrarən verilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(057)685/2021 saylı qətnaməsi 10 fevral 2023-cü il tarixdə təkrarən İddiaçı1 təqdim edilmişdir. Lakin iddiaçı apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan 1 aylıq müddəti yenidən ötürərək 16 mart 2023-cü il tarixdə apellyasiya şikaəti və eyni zamanda apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə ərizə vermişdir. İddiaçı prosessual müddətin bərpa edilməsi üçün heç bir əsas göstərməmiş, sadəcə olaraq prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı1 müddətin üzürlü səbəbdən buraxılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi İddiaçı1 müraciətinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-685/2021 saylı qətnaməsinin surəti 10 fevral 2023-cü il tarixdə əsasən təkrarən ona təqdim edilmişdir. Həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti məhkəməyə daxil olmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair iddiaçı ərizə ilə 16 mart 2023-cü il tarixdə yəni, apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddət keçdikdən sonra məhkəməyə daxil olmuş, lakin iddiaçı prosessuqal müddətin ötürülməsinin üzürlü hesab edilməsi barədə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, artıq iki il əvvəl iddiaçının özünün iştirakı ilə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin yenidən mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Bununla da Azərbaycan Respulikası MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət İddiaçı1 tərəfindən üzrsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin normalarından göründüyü kimi iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməsi müddəti buraxılmış və həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair şikayətinə heç bir rəsmi sübut növü və həmin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatətini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5. Bu Məcəllənin 135.2-ci,135.3-cü,135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-685/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan prosessual müddətin üzürlü hesab edilməsi barədə İddiaçı1 tərəfindən verilmiş ərizə əsassız olduğundan Salyan Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı ilə əsaslı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X1 şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Azərbyacan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qəraında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiiyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Salyan Rayon Məhkəməsinin 2(057)685/2021 saylı, 27 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, İddiaçı1 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2- 402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Salyan Rayon Məhkəməsinin 2(057)685/2021 saylı, 27 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)685/2021 saylı, 27 mart 2023-cü il tarixli qərardadı İddiaçı1 tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-878/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-878/2023
16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver