Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-881/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə Masallı Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(050)-4414/2023 saylı (hakim Ceyhun Quliyev) qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X2 miras qalmış Masallı rayonu, Hişkədərə kəndində yerləşən ikimərtəbəli evin və onun altında yerləşən mağaza, “Mersedes Benz E 280” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı ovtomobil, Masallı rayonu, Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi, JN 102A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30.5 kv.m ev və 15 kv.m başqa tikililər, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi, JN 218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlə aktı ilə verilmiş 0.49 ha torpaq sahəsindən ona düşən payın vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında bölünməsi, fərdi yaşayış evlərinin və avtomobilin naturada bölünməsi mümkün olmadığı üçün avtomobilin, evlərin və torpaqların qiymətinin müəyyən edilib, vərəsələrə həmin payın pul şəklində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə tərtib edilərək, məhkəməyə verilmiş, bundan başqa, ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Tərəflər arasında mübahisə miras əmlak ilə bağlı olsa da, tələblər bir-biri ilə bağlı deyil. İddia tələblərindən olan “miras əmlakların naturada bölünməsinin mümkünlüyü, qiymətlərinin müəyyən edilməsi” hər biri ayrılıqda ekspertiza tədqiqatı tələb edir, həmçinin həmin tələblər üzrə düzgün nəticəyə gəlinməsi birmənalı ilk olaraq miras əmlakda payların düzgün müəyyən edilməsindən asılıdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmırlar. Çünki tələblər hamısı bir-biri ilə əlaqəli tələblərdir. Bütün tələblər miras əmlakın bölüşdürülməsi ilə bağlıdır, tərəflər eynidir, bu da işin daha tez həll olunmasına xidmət edəcəkdir. Azərbaycan Respublikasının MPM-nin 149.3-cü maddəsində qeyd olunur ki, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Göründüyü kimi qanun onlara bunu qadağan etmir. Əksinə qanun onlara belə bir hüquq verir. Şikayətə baxılmış, Masallı Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı qüvvədə saxlanılmış və həmin qərardaddan verilmiş şikayətə baxılması üçün şikayət işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlməmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın İddiaçı münasibətdə vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında qanuna əsasən bölünməsi, fərdi yaşayış evlərinin və avtomaşının naturada bölünməsi mümkün olmadığı üçün avtomaşının, evlərin və torpaqların qiymətinin müəyyən edilib, vərəsələrə həmin payın pul şəklində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə tərtib edilərək, məhkəməyə verilmiş, bundan başqa, ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Tərəflər arasında mübahisə miras əmlak ilə bağlı olsa da, tələblər bir-biri ilə bağlı deyil. İddia tələblərindən olan “miras əmlakların naturada bölünməsinin mümkünlüyü, qiymətlərinin müəyyən edilməsi” hər biri ayrılıqda ekspertiza tədqiqatı tələb edir, həmçinin həmin tələblər üzrə düzgün nəticəyə gəlinməsi birmənalı ilk olaraq miras əmlakda payların düzgün müəyyən edilməsindən asılıdır. Hazırda iddiaçının şikayəti əsasında işə baxılır. İddiaçının şikayətinin dəlilləri ondan ibarətdir ki, bütün tələblər miras əmlakın bölüşdürülməsi ilə bağlıdır, tərəflər eynidir, buda işin daha tez həll olunmasına xidmət edəcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Beləliklə qanunvericiliyində tələbindən görünür ki, iddia ərizəsində iddianın predmeti və qiyməti və iddia tələbinin təsdiq edən müvafiq sübutlar göstərilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hazırkı iddialara bir icraat baxılması, işin uzanmasına gətirib çıxara bilər. Tələblərdən biri miras əmlakın qanuna əsasən bölünməsi, digərləri isə naturada digər əmlaklarının dəyərinin müəyyən edilib, pul şəklində müəyyən edilməsidir. Belə olduğu təqdirdə qiymətləndirmə əlavə vaxt tələb edir və bunun nəticəsində də qanuna əsasən mirasdan payın müəyyən edilməsi tələbi üzrə iddiaya baxılması uzanaraq, işə daha tez baxılması mümkün olmayacaqdır. Eyni zamanda iddiaçı tərəf qanunvericiliyin tələbinə əsasən iddia ərizəsində iddianın premdeti və qiymətini göstərməlidir. İddiaçı isə iddianın predmetini göstərsə də, iddianın qiymətini iddia ərizəsində göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda da, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilə bilməzdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsinə əmlak xarakterli tələblər üzrə hər bir tələb üzrə iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilərək, ödəniş qəbzi əlavə edilir. Lakin işin hallarından müəyyən edilir ki, iddiaçı tərəf dövlət rüsumunu qiymətləndirilməyən iddia kimi 100 manat ödəyərək məhkəməyə təqdim etmişdir. Halbuki hər bir tələb üzrə iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilir. Qeyd edilən halın iddianın yenidən məhkəməyə təqdim edildiyi halda nəzərə alınması iddiaçı tərəfə tövsiyə edilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(050)-4414/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-881/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-881/2024
07.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver