Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-885/2025 23.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, istifadə hüququ, mülkiyyət hüquqnun müdafiəsi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X6 ibarət tərkibdə, X17 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X4) “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(018)-152/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehlərə məxsus Astara rayonu Şahağacı kəndində yerləşən Cavabdeh3, Cavabdeh1 Xanlar oğlunun və Cavabdeh2 sahibliyində olan 2 mərtəbəli, 4 otaqlı evə köçürülməsi, həmin mənzildən vǝ ümumi istifadə predmetlərindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 28 sentyabr 2011-ci ildə Astara rayon Şahağacı kənd sakini Cavabdeh3 ilə rəsmi nikaha daxil olub evlənmişlər. Həmin nikahdan onların iki uşaqları doğulmuşdur. İddiaçı valideynləri el adəti ilə toy edib onu Cavabdeh3 atasına məxsus Astara rayonu Şahağacı kəndində yerləşən evə gəlin aparmışlar. Gəlin köçdüyü ev köhnə olduğu üçün onlar həyətdə birlikdə, 2 mərtəbəli, 4 otaqlı, fərdi yaşayış evi tikmiş və onlar ailələlikcə, yəni qaynatası, qaynansı və onların ailəsi həmin evdə yaşamışlar. Şəxsi və cehiz əmlakları həmin evdə yerləşir. Cavabdehlər yaşadıqları evdə onu yola vermədikləri üçün, onu döyüb uşaqları ilə birlikdə evdən qovmuş, bundan sonra Cavabdeh3 nikahın pozulması qərarına gəlmiş və məhkəməyə müraciət etmişdir. O, həmin evdə 2024-` ayında cavabdehlər onu döyüb evdən qovmuşdur. Hal-hazırda o, müvvəqəti olaraq Astara şəhəri, S. Vurğun küçəsində olan atasının evində yaşayır. İddiaçı 2011-ci ildə gəlin köçdüyü üçün bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsi ilə həll olunmalı idi, lakin həmin evin hüquqi statusu olmadığı üçün Konstitutsiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 123-cü maddəsinə əsasən həll olunmalıdır. Yəni həmin Məcəlləyə əsasən onun və yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildə istifadə hüququ yaranır. Onun həmin mənzildə yaşamağını təsdiq edən sübut mənzildə olan ona məxsus cehiz əmlakları, məhkəməyə nikahın pozulması ilə əlaqədar təqdim edilən iddia ərizəsidir. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehlərə məxsus Astara rayonu Şahağacı kəndində yerləşən Cavabdeh3, Cavabdeh1 Xanlar oğlunun və Cavabdeh2 sahibliyində olan 2 mərtəbəli, 4 otaqlı evə köçürüb, həmin mənzildən vǝ ümumi istifadə predmetlərindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(018)-152/2025 saylı qətnaməsi (hakim İ.Məmmədov) ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair» iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Astara rayonu Şahağac kəndində yerləşən ümumi sahəsi 198.4 kv2 olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir və hüquq sahiblərinin adları qrafasında Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X5, X4 qeyd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, İddiaçı qeyd edilən yaşayış evində hüquq sahibi olmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədində hər hansı qeydiyyat aparılmamış, həmçinin yaşamasına dair hərhansı notariat qaydasında təsdiqlənən yazılı məhkəməyə təqdim edilməmişir. Ona görə də, iddia əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1, 228.1, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2011 - ci ildə gəlin köçdüyü üçün bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 - ci maddəsi ilə həll olunmalı idi. Lakin həmin evin hüquqi statusu olmadığı üçün Konstitutsiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 01 oktyabr 2009 - ci il tarixədək qüvvədə olmuş 123 - cü maddəsinə əsasən həll olunmalıdır. Yəni həmin Məcəllənin tələbinə əsasən onun və azyaşlı uşaqlarının həmin mənzildə yaşamaq və istifadə hüququ yaranır. Onun həmin mənzildə yaşamağını təsdiq edən sübut mənzildə olan ona məxsus cehiz əmlaları, məhkəməyə nikahın pozulması ilə əlaqədar ərizəsi və digər məhkəmə qərarlarıdır. Məhkəmədə izahat verən cavabdehlər İddiaçı həmin evə gəlin köçməyini və onlarla birgə yaşamalarını və birgə təsərrüfat aparmalarını təsdiq etmişlər. Məhkəmə iddianı rədd etmək üçün aşağıdakı sənədlərə əsaslanmışdır: Mülki işə əlavə edilmiş 13. 12. 2024 - cü il tarixli **********16 - 10301 ryestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış. Bu Çıxarış da sübut edir ki, iddiaçı həmin evə gəlin köçərkən evin mülkiyyətçisi məlum olmamış və o, Mülki Məcəllənin tələblərini yerinə yetirə bilməzdi. Beləliklə Konstitutsiya Məhkəməsinin hüquqi mövqeyinə görə həmin məsələyə Mənzil Məcəlləsinin 123 - cü maddəsi tətbiq olunmalıydı. Beləki cavabdeh həmin mənzilə mülkiyyət hüququnu 13 dekabr 2024 - cü ildə əldə etmişdir. Həmin vaxta qədər mübahisəli evin mülkiyyətçisi olmamış və iddiaçı kiminlə istifadə hüququna dair müqavilə bağlamağımüəyyən edə bilməmişdir. Yəni cavabdehlə Konstitutsiya məhkəməsinin göstərdiyi kimi Mülki Məcəllənin 139, 1240, 141 və 144 - cü maddələrinin tələblərinə əməl etməmişlər. Bütün bunlara baxmayaraq məhkəmə mübahisənin Mülki Məcəllənin 228.1 və 228.2 - ci maddələrinin tələbinə əsasən həll etmişdir ki, buda qanun pozuntusudur. Konstitutsiya Məhkəməsinin 27 may 2008-ci iltarixli Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.5-ci maddəsinə dair qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı”müddəsı həmin Məcəllənin 228.2 - ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mübahisə yaranan dövrdə evin mülkiyyətçisi olmamış və buna görədə həmin qaydaya riayət edilməmişdir Bundan əlavə sübut tərəfdə olsada o, həmin sübutu məhkəmənin hazırlıq iclasında məhkəməyə təqdim etmiş, məhkəmənin axırıncı baxış iclasında həmin sübutu məhkəməyə təqdim etmişdir. Məhkəmə sübut vaxtında təqdim edilmədiyi üçün onu qəbul etməməli idi, lakin məhkəmə heç bir əsaslandırma olmadan sübutu qəbul etmiş və bununlada həmin sübut barədə öz mülahizələrini bildirə bilməmişdir. Ona görə də Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(018)–152/2025 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, həmin qətnaməni ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, ev 1996-cı ildə tikilmişdir. İddiaçı 2012-ci ildə evə gəlin köçmüşdür. Ev onun mülkiyyətindədir. Həmin evdə payı olan şəxslərdən X5 ruhi xəstədir və fermada yaşayır. Digər şəxs X4 isə ailə qurmuşdur və başqa bir ünvanda yaşayır. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı birgə yaşadıqları vaxt onları döymüş, təhqir etmişdir. Onunla birlikdə yaşamaqları mümkün deyil. Ona görə də, iddiaçının onlara məxsus evə köçürülməsinə razı deyil. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Üçüncü şəxslər X7 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı; “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(018)–152/2025 saylı qətnaməsinin ləğv ediliməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(018)-152/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(018)- 152/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehlərə məxsus Astara rayonu Şahağacı kəndində yerləşən Cavabdeh3, Cavabdeh1 Xanlar oğlunun və Cavabdeh2 sahibliyində olan 2 mərtəbəli, 4 otaqlı evə köçürülməsi, həmin mənzildən vǝ ümumi istifadə predmetlərindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qeyd edilən yaşayış evində hüquq sahibi olmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədində hər hansı qeydiyyat aparılmamış, həmçinin yaşamasına dair hər-hansı notariat qaydasında təsdiqlənən yazılı məhkəməyə təqdim edilməmişir. Ona görə də, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərkibi aşağıdakılara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İş materialları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında 28 sentyabr 2011-ci ildə isə tərəflər arasında rəsmi nikah qeydə bağlanmışdır. Həmin mənzildə yaşadıqları müddətdə xx.xx.2011-ci ildə X8, xx.xx.2012-ci ildə X9 adlı iki uşaqları anadan olmuşdur. Bundan sonra tərəflər arasında mübahisə olduğundan iddiaçı mübahisəli evi tərk etmişdir. Cavabdeh3 tələbi əsasında 31 oktyabr 2024-cü il tarixdə Astara Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə olan nikahları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-nə dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı baxımından tərəflər arasında münasibətə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq edilməklə hüquqi qiymət verməli olduğu halda tətbiq etməmiş, Mülki Məcəllənin 228-ci maddələrinə istinad etməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi yenidən rədd edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, mənzilə və ya fərdi yaşayış evindən çıxarılma və köçürülmə barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas iki meyar tədqiq edilməlidir. •mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; •iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları; Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Astara rayonu Şahağacı kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuşdur. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş məlumatlara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair 80112018 saylı şəhadətnamədən aydın olur ki, Astara rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 0.06 ha torpaq sahəsi Cavabdeh1 (X1, Cavabdeh3, X2, X3) mülkiyyətinə verilmişdir. Bundan başqa Astara Rayon İcra Hakimiyyətinin Şahağacı İnzibati Ərazi İdarəsi üzrə İcra Nümayəndəliyinin təsərrüfat başına kitabdan çıxarışdan aydın olur ki, Astara rayonu Şahağacı İnzibati Ərazi dairəsi üzrə İcra Nümayəndəliyinin 14 nömrəli təsərrüfat başına kitabının 1304-ci səhifəsində Şahağacı kəndində 1996-cı ildə Cavabdeh1 tərəfidən inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır. Göründüyü kimi, Cavabdeh1 məhkəmə mübahisəsi yaranana qədər yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən fərdi yaşayış evinə onun gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Yuxarıda qeyd edilən fərmanla dövlət cavabdehin yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır. Məhkəmə tərkibi qeyd edir ki, mübahisəyə qədər Cavabdeh1 yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev təsərrüfatbaşına kitabda qeydiyyata alındığı üçün özbaşına tikili kimi qəbul edilə bilməzdi. Həmçinin yaşayış evinin təsərrüfatbaşına kitabda qeyd edilməsi ona hüquqlarını qeydə aldırmaq üçün əsas verir. Yəni qeyd edilən tikili üzərində Cavabdeh1 gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Cavabdehlə iddiaçı arasında isə fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma olmamış, hal-hazırda cavabdeh oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. İş materiallarında olan ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evinə Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, mübahisəli ev Cavabdeh1 mülkiyyət hüququ ilə adına qeydə alınan zaman iddiaçı onun ailə üzvü olmamış, həmçinin iddiaçı Cavabdeh1 münasibətdə “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da daxil olmamışdır. Köçürülməsi və istifadə hüuqunun tanınması arzu edilən ev üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə yarandığından, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı baxımından tərəflər arasında münasibətə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, 2009-cu ilin oktyabr ayının 1-dən sonra mənzillə bağlı yaranmış mübahisələr “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən həll edilməlidir. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqayisəli təhlilinə əsasən gəlin mülkiyyətçinin (hazırki mübahisəyə uyğun olaraq qayınatanın) ailə üzvü (digər qohumların da ailə üzvü hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülkiyyətçinin ailə üzvlərinin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumların anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Beləliklə məhkəmə tərkibi qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüququ mövcuddur. Cavabdehlə iddiaçı arasında isə fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur və hal-hazırda cavabdeh oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Məhkəmə tərkibi göstərilənlərə əsasən yekun qənaətə gəlir ki, İddiaçı Cavabdeh3 ilə ailə-nikah münasibətlərində olması və digər cavabdeh keçmiş qayınatası Cavabdeh1 ailə üzvü olmasına istinad edərək Astara rayonu Şahağacı kəndində yerləşən fərdi yaşayış evi köçürülməsini tələb etməsi üçün heç bir maddi hüquqi əsası yoxdur. Yəni iddiaçının tələb hüququ yaranmamış, iddianın təmini üçün heç bir maddi hüquqi əsas yoxdur. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının mənzildən və ümumi istifadə predmetlərindən istifadə hüququnun tanınması tələbi təmin edilə bilməz. Məhkəmə tərkibi iddiaçının mənzildən və ümumi istifadə predmetlərindən istifadə hüququnun tanınması tələbinə dair qeyd etməyi lazım bilir ki, iddiaçının cavabdehlərə məxsus evə köçürülməsi və tələbi rədd edildiyindən, həmin evə köçürülmə və istifadə hüququ tanınmadığı halda, həmin mənzildən və evdəki ümumi istifadə predmetlərindən istifadə hüququnun ayrıca tanınması hüquqi baxımdan mümkün deyil. Çünki mənzildən və ümumi istifadə predmetlərindən istifadə hüququ yalnız həmin evdə yaşamaq hüququ olan şəxslər üçün aktual ola bilər. İddiaçının evə köçürülmə tələbi rədd edildiyindən, bu şəraitdə mənzildən və ümumi istifadə predmetlərindən istifadə hüququnun tanınması üçün hüquqi əsas qalmır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisəni mahiyyəti üzrə həll etməli maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(018)-152/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi yenidən rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(018)-152/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-885/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-885/2025
23.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver