Məhkəmə qərarları › İş №2(106)-890/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-890/2025

15.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-890/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh3, X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsnə və Ağcabədi Notariat kontoruna qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X3 torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(017)-97/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızının, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə edilmiş 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarına əsasən JN 375, kod 60801004 saylı Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, həmin akta əsasən İddiaçı1 və onun ailə üzvlərinə kənd təsərüfatı məhsullarının istehsalı üçün 3.38 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,iddiaçılarla cavabdeh X5 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 2008-ci il tarixli alqı-satqı müqaviləsində olan ərizələrdən görünür ki, iddiaçılar Ağcabədi şəhəri ərazisində olan 2.8165 ha torpaq paylarını 6600 manata cavabdeh X1 razılıq vermişlər. İş materiallarına əlavə edilmiş Ağcabədi RTŞ-nin nəzdindəki qəyyumluq və himayə şurasının sədrinin 23 may 2008-ci tarixli Rəydən görünür ki, şura üzvləri Ağcabədi şəhər sakini X2 ailə üzvlərinə məxsus, əkin üçün yararlı 2.8165 hektar torpaq sahəsini Ağcabədi şəhər sakini Cavabdeh4 satılmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ağcabədi şəhəri ərazisində yerləşən 2.8155 ha torpaq sahəsi Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 12 oktyabr 2010-cu il tarixli, AA002632 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh4 Ağcabədi şəhəri ərazisində 2.8155 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər – Cavabdeh3, X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsnə və Ağcabədi Notariat kontoruna qarşı İddiaçı1 və digərləri ilə X5 arasında 31 may 2008-ci il tarixdə Ağcabədi Notariat kontorunda bağlanmış Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X3 torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 izahat verərək göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarına əsasən JN 375, kod 60801004 saylı Dövlət Aktı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 3,38 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 2008-ci il tarixdə Cavabdeh3 10 il müddətinə icarəyə vermişlər. Bunun müqabilində Cavabdeh3 onlara 4000 manat pul və ayrı-ayrı vaxtlarda buğda, arpa və yonca bağı vermişdir. Axırıncı dəfə Cavabdeh3 icarə haqqı kimi onlara arpa və yonca bağı göndərmiş, onun tərəfindən göndərilmiş fəhlələr həmin məhsulları daşıyıb həyətə yığmışlar. Lakin bu yaxınlarda onlara məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi alqı-satqı edilərək cavabdeh X5 adlı, heç vaxt görmədikləri və tanımadıqları bir şəxsin adına keçirilmişdir. Bağlanmış alqı-satqı müqaviləsi onlar tərəfindən imzalanmamışdır. Onlar ümumiyyətlə notariat kontoruna getməmişlər. Onun özü 1-ci qrup əlildir. Ona görə də, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onun bu köməksiz vəziyyətindən istifadə etməklə Cavabdeh3 icarəyə verilmiş torpaq sahəsini tanımadıqları və heç vaxt görmədikləri Cavabdeh4 adlı şəxsə guya satmışdır. Alqı-satqı müqaviləsindəki adlarının qarşısındakı imzalar onlar tərəfindən icra olunmamışdır. Ona görə o, X5 aralarında olan 31 may 2008-ci il tarixli, Ağcabədi Notariat kontorunda bağlanmış Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X3 torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, 2008-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 mülkiyyətinə verilmiş, Ağcabədi şəhəri ərazisində yerləşən 2.8165 hektar kənd təsərüfatı məhsullarının istehsalı təyinatlı torpağı 6600 manata almışdır. İddiaçı1 1-ci qrup gözdən əlil olduğu üçün Ağcabədi rayon Notariat kontorunun notariusu Abdı Şirinov idiaçıların yaşadığı evə gedərək öz iştirakı ilə onlara imza etdirmişdir. Həmin vaxt iddiaçılardan İddiaçı5 və İddiaçı4 azyaşlı olduqları üçün Ağcabədi rayon İHB-nın Qəyyumluq və Himayəçilik komissiyasıda cəlb edilmişdir. Digərləri isə ayrı ayrılıqda torpağın satılmasına razı olmalarına dair Ağcabədi rayon Notariat kontoruna ərizələr vermişlər. Alqı-satqı zamanı Ağcabədi rayon Notariat kontoru tərəfindən bütün zəruri sənədlər toplanmış və iddiaçılarla onun arasında 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu günədək heç bir tələbləri olmamışdır. İddia tam əsassızdır ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, o, Cavabdeh4 ilə pay tarpaqlarını dəyişdiriblər. Belə ki, X3 torpaqı ona yaxın olduğu üçün İddiaçı1 aldığı torpağı birbaşa Raqubun adına sənədləşdirmişlər. Çünki həmin torpaq sahəsi Raqubun evinə yaxın ərazidə yerləşir. Ona görə də, 2008-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı İddiaçı4 və İddiaçı5 mülkiyyətinə verilmiş, Ağcabədi şəhəri ərazisində yerləşən 2.8165 hektar kənd təsərüfatı məhsullarının istehsalı təyinatlı torpağı 6600 manata razılaşaraq iddiaçılarla Raqub arasında Ağcabədi rayon Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı1 1-ci qrup gözdən əlil olduğu üçün Ağcabədi rayon Notariat kontorunun notariusu Abdı Şirinov idiaçıların yaşadığı evə gedərək öz iştirakı ilə onlara evdə imza etdirmişdir. Həmin vaxt iddiaçılardan İddiaçı5 və İddiaçı4 azyaşlı olduqları üçün Ağcabədi rayon Qəyyumluq və Himayəçilik komissiyasıda cəlb edilmiş və razılıq verilmişdir. Digərləri isə ayrı ayrılıqda torpağın satılmasına razı olmalarına dair Ağcabədi rayon Notariat kontoruna ərizələr verməklə müqaviləni imzalamışlar. Alqı-satqı zamanı Ağcabədi rayon Notariat kontoru tərəfindən bütün zəruri sənədlər toplanmış və iddiaçılarla Raqub arasında 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddia tam əsassızdır ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə və Ağcabədi rayon Notariat kontoruna məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(017)-97/2025 saylı qətnaməsi ilə (hakim Sulduz Ləzimov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 394, 399.1, 405.1, 650, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 20 mart 1952-ci ildə qəbul olunmuş 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2, 184.2, 217.4, 233.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və mübahisəli torpaq sahəsinin Cavabdeh3 icarəyə vermələri barədə məhkəməyə heç bir təsdiqedici sənəd təqdim etməmişlər. Həmçinin məhkəmə iclasında idiaçılardan həmin dövrə aid sərbəst imzalar tələb edilsə də, onlar alqı-satqı olunduğu ilə aid kifayət qədər imza təqdim edə bilməmişlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçılar İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızının, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini hər hansı şəxsə satmadığını, bununla bağlı alqı-satqı müqaviləsindən xəbəri olmadığını iddia etsə də, məhkəmə bununla bağlı hər hansı tədqiqat aparmaqdan imtina etmiş, iddiaçının fundamental hüququ olan mülkiyyət hüququ pozulmuş, iddiaçı mülkiyyətindən məhrum olmuşdur. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısından məlumatı olmamışdır, iddiaçının müqavilədəki adının qarşısındakı imza iddiaçıya məxsus deyildir, başqa adamtərəfindən icra olunmuşdur, yəni cinayət törədilmişdir, lakin işə baxan məhkəmə qeyd olunanlara əhəmiyyət verməmiş, işin qeyd olunan halını görməzdən gəlməklə, ədalətli və obyektiv araşdırma aparmaqdan yayınmış, nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə xəttşünaslıq ekspertizası keçirməklə alqı-satqı müqaviləsindəki imzaların kim tərəfindən icra olunmasını aydınlaşdırılmalı olduğu halda, bunu etməmiş, ədalətli məhkəmə araşdırılması prinsipini pozmuşdur. Əgər alqı-satqı müqaviləsindəki adının qarşısındakı imza onun tərəfindən icra olunmamışdırsa, deməli o, müqavilə bağlamamışdır, guya onun tərəfindən bağlanılması iddia olunan müqavilə onun tərəfindən bağlanılmamışdir, ona görə də, həmin müqavilə etibarsızdır və əhəmiyyətsizdir. Həmin müqavilə kimin tərəfindənsə saxtakarlıq olunaraq onu mülkiyyətindən məhrum etmişlər, məhkəmə isə bütün bunların araşdırılması üçün şərait yaratmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini, Ağcabədi rayon məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(017)-97/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi, İddiaçı2 Ağcabədi rayon Qeydiyyat şıbəsində nikah haqqında akt qeydinin kötükdəki imza nümunəsi məhkəmə sorğusu əsasında götürülməsi və ekspertə təqdim olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh3 məhkəməyə ünvanlamış olduğu teleqramda, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. O, torpaq sahəsini satmamışdır. Onu aldatmaq asandır. Torpaq sahəsini icarəyə vermişdir. Torpaq sahəsi 5 il, 5 il və 3 il olmaqla, cəmi 13 ildir icarə haqqını ödəməklə, cavabdehin istifadəsindədir. Torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş, lakin qaytarmamışdır. 2024-cü ilin əvvələrində öyrənmişdir ki, Cavabdeh3 torpaq sahəsini X4 vermişdir. Gecə vaxtı Cavabdeh3 notariusla gəldi və icarə müqaviləsi bağlamaq üçün gəldiyini bildirdi. Ola bilər ki, həmin vaxt onu aldatmış və alqı-satqı müqaviləsi bağlamışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. İddiaçı1 aldadılmışdır. Digər iddiaçılar alqı-satqı müqaviləsini imzalamamışlar. İddiaçı torpaq sahəsini şifahi müqavilə ilə cavabdehə icarəyə vermişdir, tərəflər arasında yazılı icarə müqaviləsi yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada apellyasiya baxışı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3, X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh3 teleqram göndərmiş, məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh3, X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin (nümayəndəsinin) iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçılar İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızının, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə iddiaçılar İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı1 münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345-ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarı Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş apellyasiya şikayətinin dəlilləri əsassızdır, göstərilən dəlillər iş üzrə qəbul olunmuş hüquqi nəticəni dəyişmək gücündə deyildir və ona görə də apellyasiya şikayətinin təmin olunması üçün hüquqi və qanuni əsas mövcud deyildir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı obyektiv həqiqətə nail olmaq üçün yalnız bir sübuta yox, bütün sübutlar məcmu halında təhlil edərək qiymət verilməlidir. Həmçinin sübutlara qiymət verərkən yalnız formal baxımdan deyil, tərəflərin həqiqi iradə ifadəsi, konklyudent hərəkətləri və hüquqi niyyəti də nəzərə alınmalıdır. Belə ki, sübutların yalnız formal nöqteyi-nəzərdən qiymətləndirilməsi məhkəmənin obyektiv həqiqətə çatmasına mane ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən, məhkəmə işdə olan sübutları bütün halları nəzərə almaqla, hərtərəfli, tam və obyektiv araşdırmalı və qiymətləndirməlidir. Bu isə bir daha təsbit edir ki, sübutların yalnız forması deyil, məzmunu və konteksti də nəzərə alınmalıdır Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. (T.Qasımovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 01 dekabr tarixli Qərarı) Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır... Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumu Qərarı) Kollegiya apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli məktubuna əsasən ekspertiza aparılmamışdır. Səbəb ondan ibarət olmuşdur ki, tədqiq olunmalı sənədlərin əsil nüsxələri təqdim edilməmiş, həmçinin eksperimental xətt nümunələri və müvafiq imzalar tam şəkildə təqdim edilməmişdir. Bu hal Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş sübutetmə yükü prinsipi ilə bağlıdır. Həmin maddəyə görə, hər bir tərəf iddia etdiyi halları sübut etməyə borcludur. Roma hüququnun “actori incumbit probatio” prinsipinə uyğun olaraq, iddiaçı müqavilənin saxta olduğunu iddia etdiyi halda, bu iddianı sübuta yetirmək üçün əsaslı və konkret sübut təqdim etməli idi. Ekspertizanın keçirilməməsi iddiaçıların vəsatəti əsasında təqdim olunmalı sənədlərin natamamlığı ilə əlaqədar olduğundan, bu fakt məhkəmə tərəfindən iddiaçıların sübut təqdimetmə öhdəliyini yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Qanunvericilikdə bu halın nəticəsi açıqdır: tərəf sübut təqdim etmədikdə, onun iddiası sübut olunmamış sayılır. İş materiallarından göründüyü kimi, 31 may 2008-ci il tarixli alqı-satqı müqaviləsi notariat qaydasında bağlanmış və təsdiq edilmişdir. Bu isə Mülki Məcəllənin 394-cü maddəsinin tələbidir. Həmin maddə daşınmaz əmlak üzərində mülkiyyətin və digər əşya hüquqlarının verilməsi barədə müqavilələrin notariat qaydasında bağlanmalı olduğunu təsbit edir. Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələrinə əsasən, müqavilə iki tərəfin qarşılıqlı iradə ifadəsi ilə yaranır və hüquqi nəticələr doğurur. Maddə 405.1 göstərir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri üzrə razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Bu işdə tərəflərin iradə ifadəsi notariat orqanı tərəfindən rəsmiləşdirilmiş, torpaq sahəsinin 2.8165 hektar hissəsi 6600 manat məbləğində satış qiyməti ilə cavabdehə satılmış və mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrində qeydiyyata alınmışdır. Bu, Mülki Məcəllənin 399.1-ci maddəsinə uyğun olaraq müqavilənin bağlandığı andan qüvvəyə mindiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmunu düzgün hesab edilir və əksinə sübut olunmadıqca bu məzmunun həqiqiliyi prezumpsiya olunur. Bu norma hüquq nəzəriyyəsində “reyestr prezumpsiyası” adlanan prinsipin ifadəsidir və onun mahiyyəti ondan ibarətdir ki, dövlət reyestrində mövcud olan məlumatların düzgünlüyü və tamlığına dair qanuni etimad yaranır. Beləliklə, reyestrdə cavabdehin adına qeyd edilmiş mülkiyyət hüququ, əksi sübut olunmadığı halda, həqiqi və hüquqi baxımdan qüvvəli sayılır. Bu həqiqilik, həmçinin dövlətin təminatı altındadır. Çünki daşınmaz əmlakın dövlət qeydiyyatı institutunun əsas məqsədi — hüquqi dövriyyədə sabitlik, şəffaflıq və etibarın qorunmasıdır. Dövlət reyestri hüquqi münasibətlərdə ictimai etimad funksiyasını daşıyır; yəni hər kəs reyestrdəki məlumata əsaslanaraq hüquqi əməliyyat aparmaqda özünü təhlükəsiz hiss edə bilər. Bu, həm konstitusion mülkiyyət hüququnun qorunması (Konstitusiyanın 13 və 29-cu maddələri), həm də hüquqi sabitliyin təmin edilməsi baxımından vacibdir. Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd sonradan bəyənildikdə bu bəyənmə geriyə təsir qüvvəsinə malik olur (ex tunc). İddiaçılar 2008-ci ildən bu günə qədər-17 ildən artıq müddətdə torpaq sahəsinin satışı və qeydiyyatı barədə heç bir etiraz irəli sürməmiş, cavabdehin faktiki istifadəsinə mane olmamış, müqavilənin nəticələrini sükutla bəyənmiş sayılmışlar. Bu davranış “bona fides” – vicdanlı davranış prinsipinin tələblərinə uyğun olaraq susma ilə razılıq (tacit ratification) kimi qiymətləndirilməlidir. Çünki mülki hüquqda vicdanlılıq prinsipi formadan üstün dəyərə malikdir, tərəf uzun illər ərzində etiraz etmədən müqavilənin nəticələrini qəbul edirsə, o, faktiki olaraq əqdin hüquqi nəticələrini tanımış olur. Mülki hüququn məqsədi formalizmi deyil, vicdanlı və balanslı davranışla hüquqi sabitliyin və müəyyənliyin qorunmasıdır. Roma hüququnun “bona fides” prinsipi göstərir ki, hüquq formallıq deyil, ədalət və vicdan üzərində qurulmalıdır. Yalnız formal, bundan əlavə sübut olunmayan əsaslarla 17 il ərzində sabit olmuş, iddiaçı tərəfindən bəyənilmiş, hüquqi və qanuni əsaslı mülkiyyət münasibətini heç bir əsas olmadan etibarsız hesab edilməsini tələb etmək hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, iddiaçılar iddia tələblərini, alqı-satqı müqaviləsinin onlar tərəfindən imzalanmadığını vurğulamaqla irəli sürmüşdür, yəni tələb “müqavilənin ləğv edilməsi” məzmununda olsa da, faktiki olaraq müqavilənin etibarsız hesab edilməsini arzulamış və iddiasını bu şəkildə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı verilmiş, 421-ci maddəsi ilə isə müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Başqa sözlə, müqavilələrin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbləri tamamilə ayrı-ayrı anlayışlardır və hər bir tələbin əsaslandığı hallar, normalar tamamilə fərqlidir. Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). İddiaçılar nəticələrini mübahisələndirdiyi alqı-satqı müqaviləsindən məlumatsız olduğunu bildirsə də, torpaq sahəsinin təxminin 17 il ərzində başqa şəxslərin istifadə olunması və iddiaçıların bu hala susması onu göstərir ki, onların qeyd olunan arqumenti ağlabatan mühakimə əsasında mümkün deyildir. Kollegiya qeyd edir ki, bu cür hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Şərh olunanlarla yanaşı, məhkəmə tərkibi hesab edir ki, iddiaçıların irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onlar tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, İddiaçı1 apellyasiya baxış iclasında iddia ərizəsinin məzmunundan fərqli izahat verərək bildirmişdir ki, o, torpaq sahəsini satmamışdır, onu aldatmaq asandır. Torpaq sahəsini icarəyə vermişdir. Torpaq sahəsi 5 il, 5 il və 3 il olmaqla, cəmi 13 ildir icarə haqqını ödəməklə, cavabdehin istifadəsindədir. Torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş, lakin qaytarılmamışdır. 2024-cü ilin əvvəllərində öyrənmişdir ki, Cavabdeh3 torpaq sahəsini X4 vermişdir. Gecə vaxtı Cavabdeh3 notariusla gəlmiş və icarə müqaviləsi bağlamaq üçün gəldiyini bildirmişdir. Ola bilər ki, həmin vaxt aldadılmış, icarə müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına görə, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericilikdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Qeyd olunan Qərara əsasən mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1- 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə kollegiyası, iddiaçıların irəli sürdüyü digər tələb – «torpaq sahəsindən çıxarılma» üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, belə ki, “müqavilənin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, ondan törəmə olan həmin tələblərin də əsassızlığını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(017)-97/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(017)-97/2025 saylı qətnaməsi iddiaçılar İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızının, İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar