Məhkəmə qərarları › İş №2(106)-898/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-898/2024

26.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-898/2024 26.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərardadından iddiaçı X4 tərəfindən verilmiş ərizənin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı X4 və qeyriləri Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan 0,2934 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılmaları və orada yaşayış evlərinin sökülməsi, ağacların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 14 mart 2024-ci il tarixli qərardadı ilə iddiaçı X1 və qeyrilərinin Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin azad edilməsi, yaşayış evilərin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı X4 ərizə verərək, qərardadın ləğv edilməsini və işə məhkəmə iclasında baxılmasının davam etdirilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, məhkəmə iclası təyi olunan vaxtda məhkəmənin həyətində olmuşdur. Lakin onu məhkəmə zalına çağırmamışlar. Sonrdan zala daxil olmuşdur. Həmin vaxt ona bildirmişlər ki məhkəmə iclasına gəlmədiyinə görə mülki iş baxılmamış saxlanılmışdır. Astara Rayon Məhkəməsinin (hakim A.Səmədov) 01 aprel 2024-cü il tarixli qərardadı ilə şikayətə təmin edilməmiş, İş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən ərizəyə baxılması qeyrimümkün hesab edilməlidir. MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İşin hallarından görünür ki, ərizəçi MPM-in 260.5-ci maddəsinin tələbləri qaydasında ərizə ilə müraciət etmiş, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsini bildirməklə ərizənin baxılmamış saxlanması barəsində məhkəmənin qərardadının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəyə MPM-in 260.5-ci maddəsinin tələbləri qaydasında baxmalı olduğu halda, şikayət kimi baxmış, bununla da mülki prosessual məcəlləsinin tələblərini pozmuşdur. Kollegiya hesab edir ki, məhkəmə ərizəyə 260.5-ci maddəsinin tələbləri qaydasında baxmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Hazırki halda verilmiş ərizə həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin iddiaçı tərəfindən verilmiş ərizə elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, işin göndərilməsi barədə Astara Rayon Məhkəməsinin 01 aprel 2024-cü tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, X4 tərəfindən verilmiş ərizə üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Astara Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. İddiaçı X4 tərəfindən verilmiş ərizə üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar