Məhkəmə qərarları › İş №2(106)-90/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-90/2024

21.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-90/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, çəpərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin qaytarılması və sahiblik hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Cəlilabad şəhəri, Mirzəli Hüseynzadə küçəsində yerləşən 0,0575 hektar həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına mülkiyyət hüququnu təsdiq edən 15 noyabr 2019-cu il tarixli çıxarış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0575 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, çəpərlərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin qaytarılması və sahiblik hüququnun bərpa edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini cavabdeh çəpərə alaraq orada tikinti işləri aparır. Dəfələrlə qanunsuz əməllərini dayandırması, çəpərin və tikililərin sökülməsi və torpağın qaytarılması barədə cavabdehə xəbərdarlıq etsə də, nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, iddianın rədd olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, İddiaçı onunla qonşuluqda yaşayır. Onun da mülkiyyətində Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində həyətyanı torpaq sahəsi vardır və o, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə sanitar qovşaq tikmişdir. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Əksinə, iddiaçı onun torpaq sahəsini zəbt etməklə mülkiyyət hüquqlarını pozmuşdur. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixdə, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0575 ha həyətyanı torpaq sahəsinin 35.2 kv.metr (1.3 x 27.1) hissəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş 27.1 metr uzunluğunda daş çəpərlərin sökülməsi, iddiaçının sahiblik hüquqlarının bərpa olunması, torpaq sahəsinin iddiaçıdan alınıb cavabdehə qaytarılması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 500 manat alınaraq "xxxx" MMC-nin hesabına verilməsi, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində, Cəlilabad Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddianı təmin edərkən ekspert və mütəxəssis rəyinə istinad etmişdir. Mübahisə edilən torpaq sahəsini o, 22 avqust 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında əldə etmiş, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Məhkəmə tərəfindən iş üzrə ekspert rəyi ona rəsmi qaydada təqdim edilməmişdir. Ona görə də ekspert rəyinə münasibət bildirə bilməmişdir. Təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verə bilməmişdir. Şikayətdə göstərilir ki, məhkəmə yalnız iddiaçının çıxarışı olmasını əsas gətirərək ekspertiza təyin edən zaman ekspert qarşısında qoyulan sualları həmin çıxarışın üzərində qurmuşdur. Həmin ekspertiza qarşısında cavabdehin mülkiyyətində olan torpaq sahəsinin yerləşmə yeri və sərhədləri barədə suallar qoyulmamış və mülkiyyətində olan torpaq sahəsinə dair rəy verilməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual norma pozulmuşdur. Şikayətdə göstərilir ki cavabdeh tərəf məhkəmə prosesində iştirak etməmişdir. Birinci instansiya məhkəməsində keçirilmiş "xxxx" MMC-nin rəyi əsassızdır. Cavabdeh tərəf iddiaçıdan əvvəl oradan istifadə edir. Hesab edir ki, cavabdehin hüquqları pozulur, qətnamə əsassızdır. Bununla yanaşı, təkrar ekspertizanın keçirilməsinə də zərurət vardır. Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, torpaq sahəsini 2015-ci ildə aldığını, həmin vaxtdan onun mülkiyyətində olduğunu qeyd etməklə birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, torpaq sahəsini alanda orada tikili olmayıb. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin hallarından görünür ki, Cəlilabad şəhəri, Mirzəli Hüseynzadə küçəsində yerləşən 0,0575 hektar həyətyanı torpaq sahəsinin, cavabdeh isə həmin ərazidə verilmiş 0.03 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Birinci instansiya məhkəməsində alınmış "xxxx" MMC-nin 17 yanvar 2022-ci il tarixli rəyinə görə Cavabdeh mövcud istifadə sahəsi ilə İddiaçı 15 noyabr 2019-cu il tarixində, **********62-10301 reyestr nömrəli çıxarış əsasında olan ərazisinin kəşismə hissəsi İddiaçı iddia etdiyi torpaq sahəsidir və Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixində, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixində, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsi 1,5 metr enində, 32 metr uzunluğunda sahədən ibarətdir. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi daş hasar ilə çəpərlənmişdir. İddia edilən torpaq sahəsində sanitar qovşaq tikilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/1252 saylı ekspert rəyinə görə, İddiaçı iddia etdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixində, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0,05757 ha həyətyanı torpaq sahəsinin evin arxa hissəsində yerləşən 1,3 metr enində, 27,1 metr uzunluğunda hissəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixində, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,575 ha həyətyanı torpaq sahəsinin 35,2 kv.metr (1,3 x 27.1) hissəsinin cavabdehin istifadəsində olduğu və həmin hissədə ayaqyolu tikilisinin inşa edildiyi müəyyən edilir. Apellyasiya baxışında iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1460 nömrəli ekspert rəyinə görə, İqtisadiyyat Nazirliyi yanında ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2- 473/2024 nömrəli mütəxəssis rəyinə əsasən, **********62 reyestr nömrəli çıxarışın A №259439 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0575 ha həyətyanı torpaq sahəsinin və **********76 reyestr nömrəli çıxarışın A№421931 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0.03 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti, döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Koordinatlar mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-473/2024 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçıya və cavabdehə məxsus torpaq sahələrinin sənəd üzrə üstüstə düşmədiyi müəyyən edilmişdir. **********62 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü”sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0575 ha həyətyanı torpaq sahəsinin 0.0033 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Torpaq sahələrinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Beləliklə, ekspert rəyi ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətinə verilmiş 0.0575 ha həyətyanı torpaq sahəsinin 0.0033 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Kollegiya ekspert rəyini sübut mənbəyi kimi qəbul edir və hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş, 0.0033 hektar hissəsindən cavabdeh çıxarılmalı və müvafiq hissədə çəpər sökülməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin torpaq sahəsindən çıxarılması və çəpərin sökülməsi hissəsində dəyişdirilməli, iddiaçıya məxsus 0.0575 ha həyətyanı torpaq sahəsinin 0.0033 hektar hissəsindən cavabdeh çıxarılmalı və həmin ərazidə olan çəpər sökülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia əsasən təmin edildiyində ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(073)-63/2022 nömrəli qətnaməsi qismən– cavabdehin torpaq sahəsindən çıxarılması və çəpərin sökülməsi hissəsində dəyişdirilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli çıxarışa uyğun olaraq, İddiaçı mülkiyyətinə verilmiş 0.0575 ha həyətyanı torpaq sahəsinin 33.3 kv.metr hissəsindən çıxarılsın və həmin ərazidə olan çəpər sökülsün. Qətnamə qalan hissədə dyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar