Məhkəmə qərarları › İş №2(106)-901/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-901/2025

13.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-901/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, katib X3, İddiaçı, Cavabdehin nümayəndəsi X6 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(041)- 267/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli X4 idarəsinin 2023-cü il üçün ştat cədvəlindən (xx.xx.2023-cü ildən qüvvəyə minmişdir) görünür ki, həmin il üçün “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X10 Xidməti publik hüquqi şəxsin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş Kürdəmir su X1 idarəsinin xx.xx.2024-cü il tarixli ştat cədvəlindən (xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir) görünür ki, qış otlaqları sahəsi sturuktur bölməsində sahə rəisi, nəzarətçi, su kəməri baxıcısı ştat vahidləri nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan X10 Xidmətinin Kürdəmir Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 45e №-li əmrindən görünür ki, X4 İdarəsi üzrə sturuktur vahidlərində mövcud işçilərin sayı, idarənin istehsalat sahələrində və bütovlükdə təsərrüfat işində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə lüzumsuz iş yerlərinin ləğv edilməsi məqsədi ilə “iş yerlərinin ixtisarı komissiyası” yaradılmış və bu məsələlərdən irəli gələn bütün işlərin yerinə yetirilməsi ona həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 01/56-316 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X10 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X10 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2024-cü il 03/56 nömrəli protokoluna əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyının fəaliyyətinin təmin edilməsı ilə bağlı bır sıra tədbirlər haqqında" 17 noyabr 2023-cu il tarıxlı, 2356 nömrəli fərmanına əsasən "Azərbaycan Meliorasiya və X13 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X10 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq əmək resurslarından səmərəli istifadə etmək məqsədilə "X10 Xidməti publik hüquqi şəxsinin tabeliyində olan X4 İdarəsının xx.xx.2024-cü il tarixdən yeni ştat cədvəlı təyin edilmiş və qanunvericiliyə əsasən həmin tarixdən idarədə işcilərin ixtisar prosesinə başlanmışdır. İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir. Odur ki islahatlarla X4 İdarəsinin 14 avqust 2024-cü il tarixli 45 e nömrəli əmrinə əsasən yaradılmış komissiyasının qərarını və İxtisara düşmüş işçilərin siyahısını məktuba əlavə edərək aparılacaq ixtisarların Əmək Məcəllənın 70-cı maddəsinin b bəndində göstərilən əsaslarla həll olunmasına işçinin əmək müqaviləsinin Əmək Məcəlləsinin müvafiq maddələri ilə ləğv edilməsinə Kürdəmir SSİ Həmkarlar İttifaqının idarə heyətində qərar qəbul edərək işəgötürənə yazılı məlumat vermək xahiş edilmişdir. Həmin 01 a saylı xx.xx.2024-cü il tarixli protokolun 1 nömrəli əlavəsindən görünür ki, İddiaçı ixtisara düşən 159 nəfər işçilərin siyahısındadır. “X4 İdarəsi Həmkarlar İttifaqı” Komitəsinin xx.xx.2024-cü il tarixli 24/8.3 nömrəli protokolundan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X10 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmş sturukturu və ştat cədvəlinə əsasən bəzi vəzifə üzrə ştat vahidlərinin xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisara düşməsi ilə əlaqədar yenilənmiş ştat cədvəlinin tərtib olunmasında həmin məcəllənin 78-ci və 79-cu maddələrinin tələblərinin nəzərə alınması, Kürdəmir SSİ ixtisar Komissiyası tərəfindən tərtib olunmuş yeni Ştat Cədvəli müzakirələrdən sonra protokola əlavə olunmuş “Əlavə №1” kimi təsdiq olunması, ixtisar olunmuş işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 77-ci maddəsi ilə müəyyən olunmuş şərtlərlə həmin Məcəllənin 70-ci maddəsinə uyğun olaraq ləğv edilməsi və həmin gün son haqq-hesabları əmək haqqı hesablarına köçürülməsi, “Əlavə №1” üzərində hər hansı bir dəyişiklik aparılarsa Kürdəmir SSİ Həmkarlar İttifaqının Komitəsindən razılıq alınması, protokolun bir surətinin yekun sənəd əlavə olunmaqla “Əlavə №1”-lə birlikdə Kürdəmir SSİ-nin rəhbərliyinə təqdim olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti Publik Hüquqi şəxs Kürdəmir Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 60-6 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmrində göstərilmişdir ki, 1. Kürdəmir Su X1 İdarəsində (keçmiş adı X5 İdarəsi) 14-cü dərəcəli Qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsində çalışan İddiaçı Heybət oğlu xx.xx.2024-cü il tarixdən iş yeri ixtisar olunduğundan, əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilsin. 2. Baş mühasib Ə.T.Mahmudova tapşırılsın ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə müvafiq əmək stajından asılı olaraq xəbərdalıq üzrə təyin olunmuş orta aylıq əmək haqqının 0,9 misli ilə müəyyən olunmuş məbləğdə İşdənçıxarma müavinəti və həmin Məcəllənin 144-cü maddəsinin 2-ci bəndini rəhbər tutaraq xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək iş ili üçün istifadə etmədiyi əmək məzuniyyəti 28,42 təqvim günü üçün pul əvəzi ödənilsin və işə çıxdığı günlərin əmək haqqı, tam son-haqq hesab aparılaraq ödənilməsini təmin etsin. 3. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş işçilərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilməsi nəzərinə çatdırılsın. 4. Baş mühasib, yuxarıda göstərilən ödənişləri Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi ləğv edildiyi gündən son iş günü ərzində əmək haqqı kart hesabına ödənilməsi təmin etsin. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir Su X1 İdarəsinin rəisinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 60-6 nömrəli əmrinin ləğv edilməklə, ştat cədvəli üzrə əvvəl işlədiyi vəzifəyə uyğun işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının cavabdeh idarədən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bildirib ki, ali təhsilli mütəxəssis olmaqla xx.xx.1990-cı il tarixdə Kürdəmir rayon Suvarma Sistemləri idarəsində (hazırki Kürdəmir Su X1 İdarəsi) işə qəbul olunub və müxtəlif vəzifələrdə işləmişdir. İşdən çıxarıldığı vaxt 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir xəbərdarlıq və töhmət almamışdır. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X10 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Bundan sonra Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X10 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinin təsdiq edilməsi ilə əlaqədar keçmiş X4 İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən R.H.Nəsirov xx.xx.2024-cü il tarixli, 01/56-316 nömrəli xəbərdarlıqla tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşdüyünü bildirmiş və xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən ediləcəyi və bu barədə ona əlavə məlumat veriləcəyini bildirib həmin xəbərdarlığa imza edilmişdir. Kürdəmir Su X1 İdarəsinə yeni təyin edilmiş rəis M.A.Aşurov “X10 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş struktru və ştat cədvəlinə əsasən X4 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidinin xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi ilə əlaqədar olaraq özünün xx.xx.2024-cü il tarixli 60-6 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxsi və X10 Xidməti Publik üquqi Şəxsinin struktru və ştat cədvəli təsdiq edilərkən aparılan islahatların idarəetmə sistemini təkmiləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşımaqla islahatlar çərçivəsində yeni struktur bölmələrinin formalaşdırılması, bəzi şöbələrin birləşdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunmuş, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onların müsabiqə əsasında yenidən işə qəbul olunması, işçilərin bir qisminin Agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulmuşdur. Bütün bunlara baxmayaraq Kürdəmir Su X1 İdarəsinin rəisi M.A.Aşurov göstərilənlərin heç birinə məhəl qoymadan onun ali təhsilli mütəxəssis olmaqla 34 illik iş təcrübəsini nəzərə almadan Əmək Məcəlləsinə zidd olmaqla barəsində ayrı-seçkilik edərək xx.xx.2024-cü il tarixli, 60-6 nömrəli əmri ilə tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsini ləğv etmişlər. Əslində isə işlədiyi 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsi ixtisara düşməmiş, sadəcə olaraq işlədiyi vəzifənin dərəcə yeni təsdiq olunmuş ştat cədvəlinə uyğun bir dərəcə aşağı salınmış və qış otlaqları sahəsinin daxilində olan 13-cü dərəcə sahə rəisi vəzifəsi əlavə edilmişdir. Hazırda həmin yerdə onun oğlu X8 işləyir. İddiaçı izahatının sonunda sözügedən idarədə istənilən işlərdə işləyə biləcəyini, ailə vəziyətini, oğlu Elmar Musayevin ondan ayrı yaşadığını nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim etmiş, göstərmişdir ki, İddiaçı qarşı heç bir qərəzli münasibət olmayıb. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçinin peşəkarlıq səviyyəsinin yalnız işəgötürən tərəfindən müəyyən edildiyini nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Rahid Mehdiyev) 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1 və 3-cü hissələrinə, 78-ci maddəsinin 1-ci hisssəsinə, 80-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X10 Xidməti publik hüquqi şəxsin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş Kürdəmir su X1 idarəsinin xx.xx.2024-cü il tarixli ştat cədvəlinə əsasən, “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsi nəzərdə tutulmadığından, yəni Kürdəmir Su X1 İdarəsində (keçmiş adı X4 İdarəsi) “qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsində çalışan İddiaçı iş yeri ixtisar olunduğundan, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla və qabaqcadan rəsmi xəbərdar edilməklə əmək müqaviləsi ləğv edilmişdir. İşdən azad edilərkən işçiyə son haqq-hesab ödənilmişdir. Qanunvericiliyin tələblərinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən yalnız işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsi müəyyən edilir. Keçirilən məhkəmə iclasları zamanı iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarından, habelə məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, qeyd edilən hallar Kürdəmir Su X1 İdarəsinin rəhbərliyi tərəfindən düzgün qiymətləndirilmiş və qanuna müvafiq qaydada ixtisarlar aparılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı Musayev X2 şikayəti vermişdir. İddiaçı Musayev X2 şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ali təhsilli mütəxəssis olmaqla xx.xx.1990-cı il tarixdə Kürdəmir rayon Suvarma Sistemləri idarəsində (hazırki X9 Sistemlərininİstismarı İdarəsi) işə qəbul olunub və müxtəlif vəzifələrdə işləmişdir. İşdən çıxarıldığı vaxt 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir xəbərdarlıq və töhmət almamışdır. Azərbaycan Respublikasının Prezidentinin“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsiilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X10 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Bundan sonra Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X10 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinin təsdiq edilməsi ilə əlaqədar keçmiş X4 İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən R.H.Nəsirov xx.xx.2024-cü il tarixli, 01/56-316 nömrəli xəbərdarlıqla tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşdüyünü bildirmiş və xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən ediləcəyi və bu barədə ona əlavə məlumat veriləcəyini bildirib həmin xəbərdarlığa imza edilmişdir. Kürdəmir Su X1 İdarəsinə yeni təyin edilmiş rəis M.A.Aşurov “X10 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş struktru və ştat cədvəlinə əsasən X4 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidinin xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi ilə əlaqədar olaraq özünün xx.xx.2024-cü il tarixli 60-6 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü iltarixli əmri iləİri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsi və X10 Xidməti Publik Hüquqi Şəxsinin struktru və ştat cədvəli təsdiq edilərkən aparılan islahatların idarəetmə sistemini təkmiləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşımaqla islahatlar çərçivəsində yeni struktur bölmələrinin formalaşdırılması, bəzi şöbələrin birləşdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunmuş, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onların müsabiqə əsasında yenidən işə qəbul olunması, işçilərin bir qisminin Agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulmuşdur. Bütün bunlara baxmayaraq Kürdəmir Su X1 İdarəsinin rəisi M.A.Aşurov göstərilənlərin heç birinə məhəl qoymadan onun ali təhsilli mütəxəssis olmaqla 34 illik iş təcrübəsini nəzərə almadan Əmək Məcəlləsinə zidd olmaqla barəsində ayrı-seçkilik edərək xx.xx.2024-cü il tarixli, 60-6 nömrəli əmri ilə tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsini ləğv etmişlər. Əslində isə işlədiyi 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsi ixtisara düşməmiş, sadəcə olaraq işlədiyi vəzifənin dərəcəsi yeni təsdiq olunmuş ştat cədvəlinə uyğun bir dərəcə aşağı salınmış və qış otlaqları sahəsinin daxilində olan 13-cü dərəcə sahə rəisi vəzifəsi əlavə edilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə etiraz daxil olmuş, etirazında bildirmişdir ki, Musayev X2 məhkəməsinə verdiyi şikayət ərizəsində Ali təhsilli olduğunu və 34 il iş stajı olduğunu qeyd edərək qeyri-qanuni işdən çıxarılmasını iddia edir. Bildirilir ki, Kürdəmir Su X1 İdarəsində İddiaçı əvvəllər çalışdığı 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsi ixtisar olunmuşdur. Ona başqa işin təklif olunmaması məlum islahatlar çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidmətinin İdarə Heyətinin Sədri tərəfindən təsdiq olunmuş Kürdəmir Su X1 İdarəsinin Əsasnaməsinin 4.1 maddəsinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tapşırıqlarının icrası ilə əlaqədar olaraq Ali eləcə də, Orta ixtisas təhsilli işçilərin diplomlarının əsilliyinin yoxlanılması nəticəsində İddiaçı diplomu “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarına cavab vermədiyindən onu başqa işlə təmin etmək mümkün olmamışdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının 1.7-ci bəndində qeyd olunub ki, Bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. İddiaçı ali təhsilli olması barədə təqdim etdiyi SSRİ-nin tərkibində olan dövlətin təhsil müəssisəsi tərəfindən 1995-ci ilin fevral ayında verilən L141/1 707487 nömrəli diplomu Təhsildə Keyfiyyət Agentliyinin rəsmi səhifəsində yoxlanılmış, yoxlama zamanı həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınmadığı müəyyən edilmişdir, bununla bağlı İddiaçı tərəfindən bu günə qədər idarəyə heç bir sübut təqdim edilməmişdir, əgər diplom tanınıbsa həmin sənədin İddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini xahiş olunur. Həmçinin İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələrini pozulmasını iddia edir. Lakin islahatlar Əmək Məcəlləsinə tam uyğun olaraq aparılmış, heç bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. Belə ki, islahatlar nəticəsində yeni strukturun tətbiqi ilə əlaqədar bəzi şöbələr birləşdirilmiş, yeni struktur bölmələri yaradılmış və müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması istiqamətində səmərəliliyin artırılmasına yönəlmiş addımlar atılmışdır. X4 İdarəsinin 14 avqust 2024-cü il tarixli, 45e nömrəli əmrinə əsasən yaradılmış komissiyanın qərarı və Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin razılığı ilə ixtisar prosesi həyata keçirilmiş, bu barədə işçilərə qanunvericiliyə uyğun qaydada bildiriş verilmişdir. Bu islahatlar nəticəsində keçmiş "xxxx" ASC-nin X4 İdarəsinin adı dəyişdirilərək “Kürdəmir Su X1 İdarəsi” müəyyən edilmiş və ümumilikdə 159 ştat vahidi ixtisar olunmuşdur. İddiaçı bildirrir ki, işlədiyi müddətdə heç bir intizam tənbəhi tətbiq edilməmişdir. Lakin o, xx.xx.2023-cü il tarixdə idarə rəisinin inzibati otağında, X7 rəmzlərinin və idarə rəisinin qarşısında hörmətsizlik edərək söyüş və təhqir edici ifadələrlə digər bir həmkarı ilə əlbəyaxa dava etmişdir. Bu davranışları idarə rəhbəri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” və “e” bəndləri ilə qiymətlədirilərək rəy alınması üçün Kürdəmir SSİ-nin Həmkarlar İtiifaqına məktubla müraciət etmişdir. Kürdəmir SSİ-nin Həmkarlar İttifaqının 23/09.02 nömrəli protokoluna əsasən iclas keçirilmiş və onun barəsində müvafiq qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilib ki, İddiaçı barəsində Kürdəmir rayon polis şöbəsində oğurluq fakti ilə bağlı cinayət işi vardır, həmin cinayət işi üzrə İddiaçı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, sonradan İddiaçı tərəfindən oğurluq hadisəsi nəticəsində vurduğu ziyan zərərçəkmiş şəxsə tam şəkildə ödənildiyi üçün məhkəmənin qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İddiaçı həmin hadisəni törədən vaxtı keçmiş X4 İdarəsində işləyirdi. Hazırda İddiaçı barəsində polis şöbəsinin istintaq bölməsində cinayət işinin istintaqı aparılır. Bu barədə məhkəmə tərəfindən polis şöbəsinə sorğu edilib zəruri sənədlər əldə edilə bilər. Habelə idarənin rəhbərliyi tərəfindən İddiaçı qarşı heç bir ədavət və düşmənçilik münasibəti göstərilməyib, ona qarşı heç vaxt qərəzli mövqedə olmamış, sadəcə onlardan asılı olmayan səbəblərə görə onun işlədiyi ştat vahidi ixtisara düşdüyü üçün xx.xx.2024-cü il tarixdən əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi xitam verilmişdir və son-haqq hesab aparılaraq ona ödənilmişdir. Odur ki, İddiaçı Kürdəmir rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(041)-267/2025 saylı qətnaməsindən apelyasiya şikayətini əsassız hesab etdiyindən bu iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı Musayev X2 şikayətini müdafiə edərək izahatında bildirdi ki, o, bir ştat üzrə vəzifə tutmuşdur. Onun vəzifəsinin funksiyası dəyişdirilməmiş, yalnız adı dəyişdirilmişdir. Həmkarlar iclası keçirilməmiş və özü həmin iclasda iştirak etməmişdir. Vəzifə ixtisara düşdüyü halda belə, başqa işlə təmin olunmamışdır. İşdən çıxarılacağı barədə ona əvvəlcədən məlumat verilməmişdir. Hesab edir ki, ona qarşı qərəzli münasibət göstərilmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X6 və Nümayəndə1 etirazın dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 83-cü maddənin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Əmək münasibətləri cəmiyyətin iqtisadi və sosial strukturunun əsasını təşkil edən münasibətlərdən biridir. Bu münasibətlər işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında tənzimlənir və qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Əmək intizamı isə əmək münasibətlərinin effektivliyini və nizamlı fəaliyyətini təmin edən mühüm elementlərdən biridir. Əmək hüququnun mühüm təminatlarından biri də işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv edilməsini qadaağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri də işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin ləğv edilməsidir. Bu əsas işçinin şəxsiyyəti ilə bağlı deyildir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, apellyasiya şikayətinin əsas dəlilləri kimi aşağıdakılara istinad etmişdir: 1.Kürdəmir Su X1 İdarəsinin rəisi M.A.Aşurov göstərilənlərin heçbirinə məhəl qoymadan onun ali təhsilli mütəxəssis olmaqla 34 illik iş təcrübəsini nəzərə almadan Əmək Məcəlləsinə zidd olmaqla barəsində ayrı-seçkilik edərək xx.xx.2024-cü il tarixli, 60-6 nömrəli əmri ilə tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsini ləğv etmişlər. 2.Əslində isə işlədiyi 14-cü dərəcəli qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi vəzifəsi ixtisara düşməmiş, sadəcə olaraq işlədiyi vəzifənin dərəcəsi yeni təsdiq olunmuş ştat cədvəlinə uyğun bir dərəcə aşağı salınmış və qış otlaqları sahəsinin daxilində olan 13-cü dərəcə sahə rəisi vəzifəsi əlavə edilmişdir.

3. Kürdəmir rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 2(041)-267/2025 nömrəli qətnamə ilə mənim qanunla qorunan əmək hüququnun pozulması, yəni heç bir əsas olmadan iddia tələbinin təmin edilməsi nə qanunvericiliyə və nə də heç bir daxili inama uyğun gəlmir. İşə baxan hakimin heç bir qanuna və qanunvericiliyə, cavabdehin qurumun formal və uydurma ifadələrə istinad etməklə səhv nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Ümumi qaydaya görə, hər bir müəssisə, idarə və ya təşkilat öz fəaliyyət sahəsinin xüsusiyyətlərini, məqsədlərini və ehtiyaclarını nəzərə almaqla daxili strukturunu, ştat cədvəlini və işçilərin sayını müəyyən etməkdə sərbəstdir. Bu, işəgötürənin idarəetmə səlahiyyətlərinin tərkib hissəsi kimi çıxış edir və əmək hüququnun ayrılmaz elementlərindən biri sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin birinci hissəsinin “ə” bəndində bu məsələyə dair konkret və birbaşa normativ əsas mövcuddur. Həmin müddəaya əsasən, işəgötürənin əmək münasibətləri sahəsində əsas hüquqlarından biri-bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququdur. Bu norma həm də işəgötürənin təşkilati-hüquqi muxtariyyətinin təzahürü kimi qiymətləndirilir. Əmək münasibətlərində balansın qorunması baxımından qanunverici bu hüququ işəgötürənə versə də, onun həyata keçirilməsi zamanı sosial ədalət, əmək hüququnun müdafiəsi və işçilərin qanuni mənafelərinin gözlənilməsi zəruridir. Bu səbəbdən də, ştatların ixtisarı və struktur dəyişiklikləri aparılarkən işəgötürən həm əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara (məsələn, əvvəlcədən xəbərdarlıq, ixtisar kompensasiyası və b.) riayət etməli, həm də bu tədbirlərin əsaslandırılmış, obyektiv və zəruri olduğunu sübut etməlidir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, hüquqi prosedurlar çərçivəsində “Kürdəmir Su X1” İdarəsinin strukturunda aparılmış optimallaşdırma nəticəsində iddiaçının tutduğu vəzifənin ləğv edilməsi və əmək müqaviləsinin həmin əsasla xitam verilməsi qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü iddialar, yəni onun təcrübəsi, ali təhsili və ayrı-seçkiliyə məruz qalması barədə arqumentlər hüquqi və faktiki əsasa malik deyildir. Çünki ştat ixtisarı zamanı işəgötürənin məqsədi konkret vəzifənin ləğvidir və bu zaman işçinin fərdi xüsusiyyətləri deyil, struktur dəyişikliyinin obyektivliyi əsas götürülür. Ştatın ləğvi təşkilati-iqtisadi səbəblərlə əsaslandırılmış, sənədlərlə rəsmiləşdirilmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq həyata keçirilmişdir. İşəgötürənin bu prosesi fərqləndirmə və ayrıseçkilik halları olmadan, qanunun aliliyinə riayət etməklə apardığı qənaətinə gəlinmişdir. Apellyasiya şikayətində iddiaçının təqdim etdiyi arqument –yalnız dərəcə fərqi ilə vəzifənin dəyişdirildiyi və əslində heç bir ixtisarın baş vermədiyi barədə iddiası həm hüquqi, həm də təşkilati baxımdan əsassız və yanlış hüquqi qiymətləndirməyə əsaslanır. Əvvəla, əvvəlki vəzifə – 14-cü dərəcəli “Qış otlaqlarının su təminatı sistemləri istismarı üzrə bölmə rəisi” vəzifəsi – tam şəkildə yeni strukturda ləğv olunmuş, bu haqda təsdiqləyici sənədlər mövcuddur. Yeni təsdiqlənmiş ştat cədvəlində həmin konkret vəzifə yer almır. Belə olan halda, hər hansı dərəcə enməsi ilə eyni vəzifənin davam etdirildiyi iddiası həqiqətə uyğun deyil. İkincisi, 13-cü dərəcəli “sahə rəisi” vəzifəsi tamamilə yeni struktur elementidir və bu vəzifə funksional olaraq əvvəlki vəzifədən fərqlənir. Əgər iki vəzifənin yalnız adları fərqlidirsə və funksional mahiyyəti eynidirsə, bu halda iddiaçı müəyyən əsaslar irəli sürə bilərdi. Lakin burada söhbət həm struktur bölmələrin dəyişməsindən, həm də funksional bölgünün yenidən aparılmasından gedir. Üçüncüsü, Elmar Musayevin həmin vəzifəyə təyinatı əvvəlki işçinin vəzifəsini davam etdirməsi kimi deyil, yeni struktur üzrə təsdiqlənmiş vəzifəyə təyinat kimi dəyərləndirilməlidir. Həmçinin 01a saylı, xx.xx.2024-cü il tarixli protokolun 1 nömrəli əlavəsində İddiaçı adının ixtisara düşən 159 nəfərlik ümumi siyahıya daxil edilməsi, onunla bağlı verilmiş qərarın fərdi əsaslarla deyil, struktur islahatları çərçivəsində qəbul edildiyini qəti şəkildə sübut edir. Bu sübut göstərir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi yalnız onunla bağlı deyil, ümumi ştat azaldılması siyasəti çərçivəsində həyata keçirilmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətində irəli sürdüyü arqumentlər hüquqi və faktiki baxımdan əsassızdır, və əvvəlki vəzifənin “formal olaraq” dərəcəsinin dəyişdirilməsi ilə “əslində ixtisarın baş vermədiyini” iddia etmək məsələni subyektiv yanaşma ilə şərh etmək deməkdir. Əmək qanunvericiliyinə əsasən, işə bərpa üçün işçinin qanunsuz çıxarıldığını sübut edən hüquqi faktlar təqdim olunmalıdır. İddiaçının formal mülahizələri bu tələbi təmin etmək üçün yetərli hesab edilə bilməz. Məhkəmə qərarının qərəzli olduğu iddiası yalnız şəxsi narazılığa əsaslanmamalı, prosessual qaydaların pozulduğunu sübut edən faktlarla əsaslandırılmalıdır. Bundan başqa İddiaçı apellyasiya baxışında verdiyi izahatında bildirmişdir ki, həmkarlar ittifaqı iclası keçirilməmiş və onun həmin iclasda iştirakı təmin olunmamışdır. Kollegiya bu iddiaya münasibətdə qeyd edir ki, iş materiallarında mövcud olan “X4 İdarəsi Həmkarlar İttifaqı” Komitəsinin xx.xx.2024-cü il tarixli, 24/8.3 nömrəli protokolundan həmkarlar ittifaqı iclasının keçirildiyi aydın görünür. Kollegiya, iddiaçının bu arqumentinə dair vurğulayır ki, əmək qanunvericiliyinə əsasən, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi imperativ norma kimi nəzərdə tutulsa da, işçinin həmin iclasda mütləq iştirakının təmin olunması və ya iştirak etmədiyi halda iclasın keçirilməsinin yolverilməzliyi barədə hər hansı hüquqi norma mövcud deyildir. Digər tərəfdən, kollegiya iddiaçının peşəkarlıq səviyyəsinin hansı əsaslarla müəyyən edildiyinin əsaslandırılmadığı ilə bağlı dəlilinə də qiymət verərək qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, “müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə”. Başqa sözlə, əmək qanunvericiliyi işçinin peşəkarlığının qiymətləndirilməsi səlahiyyətini müstəsna olaraq işəgötürənə aid etmişdir və hazırkı işin hallarından işəgötürən bu səlahiyyətindən istifadə edərək iddiaçıdan daha yüksək peşəkarlığa malik olduqlarını hesab etdiyi işçiləri işdə saxlamışdır. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində, ixtisar zamanı işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin dairəsi təsbit edilmişdir və iddiaçının həmin kateqoriya şəxslərdən olduğu müəyyən olunmamışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-267/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası;

qətetdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(041)-267/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar