Məhkəmə qərarları › İş №2(106)-903/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-903/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-903/2024 03.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan qeyri yaşayış binasından çıxarılmaqla, təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-25/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 iyun 2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan və ünvan 1 ünvanda 0.00994 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.0 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayışsahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1967-ci il tarixdə ünvan 2 ünvanında 0.00994 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.0 kv.mş. olan qeyri-yaşayış binası onun xüsusi mülkiyyətindədir. Bu barədə adına çıxarış da verilmişdir. Həmin qeyri-yaşayış sahəsi onun mərhum atasına məxsus olmuşdur. Sonradan mərhum atası vəfat etdikdən sonra vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir və onun mülkiyyətindədir. Əvvəllər Cavabdeh həmin qeyri-yaşayış sahəsində mühafizəçi qoymuşdur ki, oraya nəzarət etsin. Cavabdeh oraya nəzarət etməklə yanaşı oranı digər şəxslərə icarəyə verərək hər ay 400 manat olmaqla icarə pulunu da özü üçün alır və ona vermir. Artıq 20 ildən çoxdur ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsini digər şəxslərə icarəyə verərək icarə haqqı alır və o, qeyriyaşayış sahəsinin mülkiyyətçisi olsa da, onunla hesablaşmır. Cavabdeh icarəyə verdiyi təmir sexindən alınan 20 ilin icarə haqqını tələb edir. Cavabdeh hazırda işlətdiyi qeyri-yaşayış sahəsinin vergi və komunal ödənişlərini ödəməli olduğu təqdirdə ödəmir, o, özü onları ödəyir. Hazırda həmin qeyri-yaşayış sahəsini özü istifadə etmək istəyir və ona görə də deyir ki, Cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxsın, lakin o, bundan imtina edir və orada işləyir. Baxmayaraq həmin qeyri- yaşayış sahəsi onun mülkiyyətindədir və adına bu barədə çıxarış da verilmişdir. Beləliklə də, cavabdeh könüllü olaraq ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxmadığını nəzərə alıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı onun atasıdır. İddia predmetini təşkil edən qeyr-yaşayış sahəsi onun babasına məxsus olmuşdur, hazırda isə atasının xüsusi mülkiyyətindədir. Babası həmin sahəni qardaşı oğlu olan iş üzrə Cavabdeh istifadə etməsi üçün vermişdir ki, o, özü üçün gəlir əldə etsin. Hazırda həmin sahəsini özləri işlətmək istəyirlər. Lakin cavabdeh həmin sahəni iddiaçıya təhvil vermək istəmir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin balansında olmuşdur. O, özü 33 ildir ki, həmin sahəni avtomobil təmiri məntəqəsi və avtodayanacaq kimi işlədir. Həmin qeyriyaşayış sahəsini o, özü öz vəsaiti hesabına tikmişdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Şahid2 ifadəsində bildirdi ki, 1986cı ildən Lənkəran rayonu, mikrorayon ərazisində yaşayır. Onun yaşadığı bina ilə üzbəüzdə yerləşən qeyri-yaşayış sahəsi vardır. Həmin sahə 1990-cı ildə Cavabdeh tərəfindən abadlaşdırılmışdır. Əvvəllər həmin sahə avtodayanacaq olmuşdur. Abadlaşdırdıqdan sonra hal-hazıradək həmin sahəni Elxan özü avtotəmir məntəqəsi kimi istifadə edir. 1990-cı ildən halhazıradək həmin sahədə yalnız Cavabdeh tikinti, abadlıq işləri apardığını görmüşdür. Həmin sahədə İddiaçı hərhansı iş apardığını görməmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsinin kimin mülkiyyətində olması barədə məlumatı yoxdur. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Şahid1 da ifadəsində Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqlədi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-25/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (X2) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında 0,00994 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 90 kv.m. ölçüdə qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayış binasının iddiaçıya təhvil verilməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pul vəsaitinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh vəkili və nümayəndəsi Həsənov X1 Rayon Məhkəməsinin 2(049)-25/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-25/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, habelə gediş-gəlişin çətin olması, cavabdehin əvvəllərdə keçirilən iclaslarda iştirak etməməsini, əsassız yerə məhkəmə gedişatını yubadaraq mübahisəli obyektdən kirayə haqqı aldığınl, ona görə də cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdeh bu barədə ümumiyyətlə heç bir məlumat verməmiş, cavabdehin nümayəndəsi isə ərizə göndərərək başqa məhkəmədə təyin edilmiş işi ilə əlaqədar hazırkı işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından, habelə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin və onun nümayəndəsinin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 2(049)-25/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-25/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında 0,00994 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 90 kv.m. ölçüdə qeyr-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 07 noyabr 2023-cü il tarixli, 10/6634 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “mülki iş üzrə mübahisə predmeti olan və Cavabdeh faktiki istifadəsində olan Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında yerləşən qeyri-yaşayış binasının və binanın altında yerləşən (tikintialtı sahə) torpaq sahəsinin ölçülərinin, planlı yerləşməsinin, sahəsinin və digər texniki parametrlərinin iş materıalında olan İddiaçı adına xx.xx.2018-ci il tarixli vəziyyətə əsasən tərtib edilmiş **********13-06301 reyestr nömrəli Texniki Pasporta uyğun olduğu müəyyən edilmişdir. Mülki iş üzrə mübahisə predmeti olan və Cavabdeh faktiki istifadəsində olan qeyriyaşayış binasının ölçülərinin, planlı yerləşməsinin, sahəsinin və digər parametrlərinin Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, 05.07.208-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çəxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş ümumi sahəsi 90 kv.m. olan qeyriyaşayış binasına və binanın altında yerləşən (tikintialtı sahə) torpaq sahəsinin 0,00994 ha olan torpaq sahəsinə (İddiaçı adına xx.xx.2018-ci il tarixli vəziyyətə əsasən tərtib edilmiş (**********13-06301 reyestr nömrəli) Texniki Pasporta) uyğun olmasını nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan ümumi sahəsi 90,0 kv.metr olan qeyri-yaşayış binasının və binanın altında yerləşən (tikintialtı sahə) 0,00994 ha olan torpaq sahəsinin bütövlüklə cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir”. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları araşdıraraq müəyyən etmişdir ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında 0,00994 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 90 kv.m. ölçüdə qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin ekspert rəyindən müəyyən edilir ki, sözügedən mübahisəli qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətininin dəlillərində qeyd edir ki, həmin qeyri yaşayış binası heç vaxt iddiaçının atasının mülkiyyətində olmamış və vərəsəlik qaydasında da onun adına keçirilməmişdir. Həmin qeyri yaşayış binası "xxxx" MMCnin balansında olmuş və 33 ildir ki, həmin sahəni avtomobil təmiri məntəqəsi və avtodayanacaq kimi işlədir. Həmin yeri o abadlaşdırmış, qeyriyaşayış sahəsini o öz vəsaiti hesabına tikdirmişdir. İddiaçı heç vaxt həmin qeyri yaşayış binasında olmamış və oranı işlətməmişdir. İddiaçı məhkəmədə həmin qeyri-yaşayış binasının atasının mülkiyyətində olduğunu bildirərək vərəsəlik yolu ilə onun adına keçirildiyini desə də, məhkəmənin borcu idi ki, həmin xüsusatı araşdırsın və həqiqətən də həmin qeyri yaşayış sahəsinin Elşadın atasının adına olub-olmaması barədə hər hansı bir sənədin olub olmamasını meydana çıxarmalı idi. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır belə ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin ümumiyyətlə iddiaçının atasının mülkiyyətində olmamasını, həmin əmlakın iddiaçıya atasından vərəsəlik qaydasında keçmədiyini bildirsə də, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında 0,00994 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 90 kv.m. ölçüdə qeyr-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Bu isə onu göstərir ki, həmin əmlakın iddiaçının atasından ona vərəsəlik qaydasında keçib-keçməməsi ilə bağlı cavabdehin göstərdiyi xüsusatlar, iddiaçının məhz hal-hazırda mülkiyyətində olan əmlak üzrə qanunsuz müdaxilənin aradan qaldırılması və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tədbirlərin görülməsinin qarşısını almır. Əksinə cavabdeh həmin qeyri-yaşayış sahəsinin "xxxx" MMC- ilə icarə müqaviləsi əsasında icarəyə götürməsi və özünün hesabına həmin qeyri yaşayış sahəsində təmir tikinti işləri aparmasını iddia etsə də bununla bağlı hər hansı sübutu təqdim edə bilmir. Bundan başqa kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hüquq müəyyənedici sənəd olmadan cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak hüququnu özündə ehtiva edən qeyri yaşayış sahəsini "xxxx" MMC-dən icarəyə götürməsi və həmin sahətə təmir tikinti işlərinin aparmasını bildirməsi özü-özlüyündə əhəmiyyətsizdir. Ona görə ki, artıq həmin qeyri yaşayış sahəsinin hüquqi rejimi müəyyən edilmiş və həmin Qeyri yaşayış sahəsini "xxxx" MMC almasını bildirməsinin (şifahi əqd olsa da belə) hüquqi əhəmiyyəti yoxdur. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçının iddia tələbinin yaranması üçün əsas olan Qeyri yaşayış sahəsinə dair çıxarışı mübahisələndirmir, o, yalnız işin həlli üçün əhəməiyyət kəsb etməyən hüquqi baxışlarını bildirir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin qeyri yaşayış sahəsini "xxxx" MMC-dən almasını bildirməsi qeyri yaşayış sahəsindən çıxmamasının qanuni əsası kimi çıxış edə bilməz. Cavabdeh apellyasiya icraatı zamanı "xxxx" MMC-dən təqdim edilmiş arayışı və 11 may 2024-cü il tarixli müqaviləni təqdim edərək işin müəyyən edilən halı kimi araşdırılmasını tələb edir. Kollegiya bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasında iştirak etmiş və iddiaya münasibətini bildirmişdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin "xxxx" MMC-dən təqdim edilmiş arayışı və 11 may 2024-cü il tarixli müqavilənin işin müəyyən olunan halı kimi araşdrılmasını tələb etməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında 0,00994 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 90 kv.m. ölçüdə qeyri-yaşayış binasından çıxarılsın və həmin qeyri-yaşayış binası iddiaçıya təhvil verilsin” qənətinə gəlməsini qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-25/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-25/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar