Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-905/2023 31.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2(050)-499/2023 saylı qətnaməsindən (hakim Z.Zeynalov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı rayonun Çaxırlı kəndində yerləşən, bir mərtəbəli, üç otaqlı, Cavabdeh1 yaşadığı evə köçürülməsi və cavabdehlər tərəfindən həmin evdən istifadəsində yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə el adəti qaydasında toy etdirməklə ailə qurmuş, nikahlarını Yardımlı rayon İcra Hakimiyyəti başçısının Yolacaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. 2022-ci ilin avqust ayının 1-nə kimi ər-arvad kimi yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Birgə nikahlarından 2 iyun 1993-cü ildə X6, 05 sentyabr 1995-ci ildə X11, 16 noyabr 1998-ci ildə X12 adlı üç uşaqları olmuşdur. Uşaqların hər birinin 18 yaşları tamam olmuş, qızları ailə həyatı qurmuşlar. Axırıncı dəfə 7 iyul 2022-ci il tarixdə saat 17:00-da yaşadığı otağa keçmək istəyərkən arvadı onu ünvanına nalayiq söyüşlər işlətmişdir. Bundan əsəbləşmiş və dəhlizdə olan stulu götürüb pola vurmuş və stul sınmışdır. Sonra evdən çıxmışdır və su balonunu götürüb Məscidin həyətindən su götürərəkən görmüşdür ki, baldızı onların həyətinə gedir. Su götürüb evinə qayıtmış və öz otağına keçmişdir. Otaqda olduğu zaman eşitmişdir ki, arvadı və baldızı onun ünvanına qadına və kişiyə yaraşmayan nalayiq söyüşlər işlədirlər. Bu ərəfədə otağın qapısını içəridən bağlayıb çay qaynatmışdır. Lakin arvadı və baldızı söyüşləri davam etdirmiş, dayanmamışlar. Səbri tükənmiş, arvadı və baldızına söyüş söyməməklərini bildirmişdir. Arvadı və baldızı otağının qapısını arxadan çırparaq, nalayiq söyüşlər demişlər. Arvadı və baldızı ona qapını aç çıx rədd ol, çıx evdən get demişlər. Söyüşlərə dözməyib otağından çıxmış və bu zaman baldızı Cavabdeh2 üstünə hücum çəkərək yaxasından yapışmışdır. Nəticədə onu otağından məcburi döyərək çıxarmışlar. Cavabdehlər onu evinə, otağına buraxmırlar. Cavabdehlər onun evdə olan pullarını götürüblər və paltarlarını həyətə atıblar. Onun başqa heç bir yerdə yaşamağa yeri, evi və torpaq sahəsi yoxdur. Hələlik tanıdığı insanların evində müvəqqəti olaraq yaşayır. Bəzən tanışlarının evinə getməyə üzü gəlmədiyi zaman meşədə yaşayır. Çaxırlı kəndində tikilmiş evi əvvəldən axıra kimi fəhlə yoldaşı ilə birlikdə tikmişdir. Həmin ev bir mərtəbəli üç otaqlıdır. Cavabdehlər onun evinə buraxmadıqlarına görə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 qanuna uyğun qərar qəbul edilməsini xahiş edib izahatında göstərmişdir ki, İddiaçı ilə 1992-ci ildə el adəti qaydasında toy edərək rəsmi nikaha girmişlər. İddiaçı ilə evliliklərindən 3 uşaqları olmuş və uşaqlar yetkinlik yaşlarına çatmışlar. Mübahisəli evdə iddiaçı ilə 15 il birlikdə yaşamışlar. İddiaçı onu bıçaqladıqdan sora nikahları pozulmuşdur. İddiaçının evə köçürülməsinə etirazı yoxdur. Birinci instansiya məhkəməsində digər Cavabdeh2 iddiaçının mübahisəli evə köçürülməsinə etirazı olmadığını bildirib, qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(050)-499/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbi üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 152-ci maddəsinə istinad edərək, hazırkı halda mübahisə prednıetinə çevrilmiş evlə bağlı iddiaçının qanunla təsdiq edilnış sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini və bununla bağlı cavabdehlər tərəfindən ona qarşı yaradılmış maneələrin aradan qldırılaraq həmin evə köçürülməsini qət etmişdir. Məhkəmənin mövqeyi hüquqi yanaşmada mübahisəsiz olsa da, faktiki olaraq iddiaçının hansı səbəblərdən həmin evdən getməsi (iddiaçının törətdiyi vəhşiliklər, cinayət əməlləri, həyaldan məhrum etməyə yönəlik qəsdi, münasibətdə yol verdiyi mütamadi əzab və işgəncələr), ona qarşı hansı maneələrin yaradılması (belə maneələr varsa), hazırda yaşayış yerinin olub-olmamasını aydınlaşdırılmamış, məhkəmə tərəfindən yalnız formal hüquqi mövqe ortaya qoyulmuşdur. Məhkəmənin həmçinin Mülki Məcəllənin 157.4 cü maddəsinə istinadı da işin faktiki halları ilə uzlaşmır, belə ki, iddiaçı özünün törətdiyi əməllər nəticəsində evdə, ailədə yaranmış qeyri sağlam vəziyyətlə əlaqədar olaraq evi tərk edib getmiş, başqa bir şəxslə ailə həyatı qurmuş və onunla yaşayır. Hazırkı halda da onun evə ailəyə dönüşü mümkünsüz olmaqla, həyati faciyəyə səbəb ola bilər. Həmçinin məhkəmə bacısı Təranənin sözügedən evdə deyil, ata evində yaşaması faktını da nəzərə almamış, hüquqi dəyərləndirmə zamanı onun tələbkara qarşı hansı formada maneələr yaratdığını açıqlamamışdır. Nəticə olaraq məhkəmə sadalanan maddələrə istinad edərkən formal olaraq mövqeyini əsaslandırmış olsa da, bu zaman istinad etdiyi maddi hüquq normalarının qəti olaraq hansı dəlillərlə möhkəmləndirilməsini şərh etməmiş, yalnız qeyd olunan maddələri sadalamaqla kifayətlənmişdir. Məhkəmə qətnamədə iddia tələbinin onun tərəfindən qəbul edildiyini və iddiaçının evə köçürülməsinə heç bir etirazının olmamasını qeyd etmişdir. Halbuki, iddiaçının evdə pay haqqının olmasına baxmayaraq, onun evə köçürülməsi ilə bağlı tələbin təmin olunmasının qəti əleyhinə olmuşdur, indi də bu fikirdədir. Çünki iddiaçının ağılasığmaz vəhşilikləri nəticəsində az qala həyatla vidalaşmalı olacaqdı. Məhkəmə qətnamə qəbul edərkən ifadələrini təhrif elməklə, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Həmçinin iddiaçının hazırda həbsdə olmasına baxmayaraq, məhkəmə heç bir əlavə araşdırma aparmadan və çəkişmə prosesini həyata keçirmədən qətnamə qəbul elmişdir. Məhkəmə prosesində ifadəsində bildirmişdir ki, o və ailəsi iddiaçının həmin evdə yaşamasının və evdən istifadəsinin qəti əleyhinədir. Lakin qanunvericiliyin tələblərinə uyğun olarcıq mübahisəli evin dəyərləndirilərək onun payına çatacaq hissəni kompensasiya formasında almasına razıdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən yekun nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış (iddiaçının ona qarşı yönəlmiş zorakılıq və cinayət əməllərini), tələbkarın evə köçürülməsi ilə bağlı yaranacaq faciəvi nəticələri diqqətə almamışdır. Bildirir ki, birgə yaşadıqları dövrdə tələbkar dəfələrlə ona qarşı sağlamlığının pozulması və xəsarət adımasına səbəb olan cinayət əməlləri törətmiş, bununla bağlı inzibati qaydada cəzalandırılmış, hal-hazırda da törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasını çəkir. Məhkəmə qətnaməsinin tərtibatından da görünür ki, məhkəmə iş üzrə səthi araşdırma apardığından hər hansı bir əhəmiyyətli hal aşkar etməmişdir. İddiaçı ilə 1992-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. 03 (üç) ay Yardımlı rayonunda yaşadıqdan sonra Masallı rayonuna köçmüşlər. Yaşamaq üçün evləri olmadığından atası evində məskunlaşmışlar və orada 07 (yeddi) il yaşamışlar. 11 oktyabr 1997-ci il tarixdə qardaşı X15 vətənin ərazi bütövlüyünü qoruyarkən şəhid olmuşdur. Şəhid ailəsi olaraq evsizlikləri dövlət tərəfindən diqqətə alınmış və kənddə olan köhnə fermanın söküntü daşları ev tikmək üçün onlara verilmişdir. Həmçinin ev inşa edilərkən, onllara müxtəlif yerlərdən söküntü taxta materialları da verilmişdir. Dövlətin və kənd camaatının köməyi ilə birmərtəbəli ev inşa edilmişdir. Həmin evə texniki pasport və çıxarış 2022-ci ildə alınmışdır. İddiaçı ilə ailə həyatı qurduğu vaxtdan iddiaçının təqsiri üzündən aralarında anlaşılmamazlıq və ziddiyyət mövcud olmuşdur. A.Rəhmanov ötən illər ərzində dəfələrlə ona qarşı zorakı hərəkətlər etmiş, döymüş, təhqir etmiş, pres qatması ilə boğaraq öldürməyə çalışmış, bıçaqlamış, üzərinə uksus tökmüş, müntəzəm işgəncə etmiş və hətta zor tətbiqi ilə təcavüz etmişdir. Qeyd etdikləri ilə əlaqədar ərazi nümayəndəliyində və aidiyyəti qurumlarda sənədlər mövcuddur. Həmçinin bildirir ki, iddiaçının ona qarşı etdiyi zorakılıqla bağlı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1(050)-261/2022 saylı məhkəmənin hökmü olmuşdur. Onlar birlikdə 2008-ci ilə kimi yaşamışlar. Həmin vaxtdan ayrı yaşayırlar. Onlar rəsmi qaydada boşanmalarına baxmayaraq, işdə olduğu vaxt A.Rəhmanov gizlincə evə gələrək evdəki qoz balonunu açaraq onun üçün həyati təhlükə yaratmışdır. Tələbkar hal-hazırda başqa bir qadınla evlidir və onunla yaşayır. İddiaçı haqqı olmadığı halda zillətlə inşa etdirdikləri, şəhid haqqı olan evdən pay tələb edir. Münaqişəli ailə olmuşlar və hal-hazırda da aralarında düşmənçilik davam edir. Belə bir halda onunla bir dam altında yaşanıması qətillərinə fərmandır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1, onun vəkili və eyni zamanda nümayəndəsi X3 apellyasiya şikətini müdafiə edib, yixarıda qeyd olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmədə iştirak etməmiş, nümayəndələrii vasitəsilə təmsil olunmamışlar və kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı həmin cavabdehə münasibətdə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin, onun vəkili və eyni zamanda nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri üzrə aparılmış məhkəmə araşdırmasının nəticəsində mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə biləcək hər-hansı bir hal müəyyən olunmamışdır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, ş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 24 avqust 1992-ci il tarixdə Yardımlı rayon Yolocaq kənd ərazi nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilməklə bağlanmış, nikah bağlandıqdan sonra ərə Rahmanov, arvada Rzayeva soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon qeydiyyat şöbəsi tərəfindən 17 noyabr 2022-ci ildə verilmiş arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 2 iyun 1993-cü ildə X6, 05 sentyabr 1995-ci ildə X11, 16 noyabr 1998-ci ildə X12 adlı üç uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş JN-393A Kod 80525018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998ci il tarixli 034 saylı qərarı ilə Masallı rayonu Çaxırlı kənd sakinləri Cavabdeh1, X7, X13, X9 və X8 0.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 avqust 2022-ci il tarixdə verilmiş **********81-10301 reyestr, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 126 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1, X7, X13, X14 və X4 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə Masallı Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(050)-2740/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq, tərəflər arasında bağlanmış 24 avqust 1992-ci il tarixli nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikaha Masallı Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(050)-2740/2022 saylı qətnaməsi əsasında 08 dekabr 2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(050)-261/2022 saylı hökmünə əsasən sonuncu həmin əməli törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı 07 iyul 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Masallı rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evində keçmiş arvadı Cavabdeh1 ilə ailə-məişət münasibətləri zəminində aralarında baş verən mübahisə zamanı, sonuncunun bədəninin müxtəlif nahiyyələrinə yumruq, təpik, taxta parçası və istintaqa məlum olmayan kəsici alətlə bir neçə dəfə qəsdən vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası : 13-cü maddənin İ hissəsi Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddənin İ hissəsi Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 43-cü maddə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddə Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin müəyyən olunan hallarına əsasən iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında cavabdehlə ümumi birgə mülkiyyətlərindədir. Cavabdeh həmin əmlak üzərində hansı hüquqlara malikdirsə, iddiaçı da eyni hüquqlara malikdir. İddiaçı əmlak mülkiyyətçisi olaraq həmin əmlak üzərində qanunla qorunan hüquqlara malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2(050)-499/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirlmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-905/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-905/2023
31.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver