Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-906/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)-178/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 saylı binanın 19-cu mənzilində olan 3 otaqlı yaşayış mənzilindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında mülkiyyətində 3 otaqlı, ümumi sahəsi 74 kv/m, yaşayış sahəsi 47,9 kv/m olan yaşayış evi vardır. O, hərbi hissədə işlədiyi üçün xidməti işi ilə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, N nömrəli hərbi hissədə yaşayır. Həmin evə o, 19 aprel 2021 ci il tarixdə ********** saylı çıxarış almışdır. Həmin ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh Astara şəhəri, S.Vurğun küçəsi 5 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişinin, 1-ci mərtəbəsində, 74.7 kv/m ümumi sahəsi, 51.7 kv/m yaşayış sahəsindən ibarət 4 otaqlı 27 nömrəli mənzili var və həmin mənzilə xx.xx.2008-ci il tarixdə ********* nömrəli çıxarış verilmişdir. Cavabdeh arvadı və iki oğlu ilə birlikdə həmin mənzildə yaşamışdır.12 avqust 2008-ci il tarixdə Elnur Mrzəyev arvadı Əsmər Mirzəyevanın razılığı ilə mülkiyyətlərində olan evi 28000 manata X1.Həmin ildən də cavabdeh və ailə üzvləri Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19-da yaşamır. Cavabdehin həmin evə necə qeydiyyata alındığı ona məlum deyildir, cavabdehin qeydiyyatı formal xarakter daşıyır və həmin evdə heç bir istifadə hüququ yoxdur. Cavabdeh öz evindən qeydiyyatdan çıxarmaq istəsə də, Astara rayon PŞ-nin qeydiyyat şöbəsi ondan qanunauyğun olaraq istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsi istəyir. Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 saylı binanın 19-cu mənzilində olan 3 otaqlı yaşayış mənzilində istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)-178/2025 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)-178/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi vəkil oğlu Vəkil izahatlarında Cavabdeh heç vaxt həmin yaşamadığını, özünün evi olduğunu və həmin evi satdığını, cavabdehin həmin mənzilə qeydiyyatının formal xarakter daşıdığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)- 178/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər.İddiaçı həmçinin bildirmişdir ki, hazırki iddia tələbi ilə Astara Rayon Məhkəməsinə müraciət etməkdə məqsədi cavabdehi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarmaqdır. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)-178/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etsə də, cavabdehə hər hansı bir məbləğdə kompensasiya ödəməsini göstərməmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşdə olan Astara rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli 48 saylı sərəncamı əsasında verilmiş xx.xx.2008-ci il tarixli Astara rayon İcra Hakimiyyətinin 419 saylı orderindən görünür ki, X2, arvadı- X9, oğlu- X4, gəlini- İddiaçı, nəvəsi - X7, nəvəsi- X5 ünvan 3 ünvanında yerləşən 46.2 m2 sahəsi olan 03 otaqlı mənzil sahəsini tutmaq hüququ verilmişdir. İşdə olan Astara Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(018)-156/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadəyə qadağanın aradan qaldırılması və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşin hallarından göründüyü kimi, Astara rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli 48 saylı sərəncamı əsasında verilmiş xx.xx.2008-ci il tarixli Astara rayon İcra Hakimiyyətinin 419 saylı orderindən görünür ki, X2, arvadı X9, oğlu- X4, gəlini- İddiaçı, nəvəsi - X7, nəvəsi- X5 ünvan 3 ünvanında yerləşən 46.2 m2 sahəsi olan 03 otaqlı mənzil sahəsini tutmaq hüququ verilmiş, həmin əmlaka xx.xx.2021-ci il tarixdə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Bundan başqa, Cavabdeh Astara şəhəri, S.Vurğun küçəsi 5 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişinin, 1-ci mərtəbəsində, 74.7 kv/m ümumi sahəsi, 51.7 kv/m yaşayış sahəsindən ibarət 4 otaqlı 27 nömrəli mənzili olmuş, həmin mənzilə xx.xx.2008-ci il tarixdə ********* nömrəli çıxarış verilmiş, Cavabdeh arvadı və iki uşağı ilə birlikdə həmin mənzildə yaşamış, 12 avqust 2008-ci il tarixdə mülkiyyətlərində olan evi 28000 manata X1. Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 saylı binanın 19-cu mənzilində olan 3 otaqlı mənzilə istifadə hüququ mövcud olmamış, sonuncunun həmin mənzillə bağlılığı onun formal qeydiyyatı ilə məhdudlaşmışdır. Birinci instansiya məhkəməsi isə hazırki işə baxarkən cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüququnun olub-olmamasını aydınlaşdırmadan yalnız kompensasiya təklif edilməməsinə əsaslanıb iddia tələbini rədd etmişdir ki, bu da yuxarıda qeyd olunan qanunvericilik normalarına uyğun olmamışdır. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsasən istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Yəni olmayan istifadə hüququna xitam verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göründüyü kimi, iddiaçının əldə etmək istədiyi hüquqi nəticə cavabdehin mənzildən qeydiyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə tələblərin təmin olunması üçün ilk növbədə inzibati orqana müraciət edilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə işə müvafiq inzibati məhkəmədə baxılır. Ona görə də apellyatora Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 saylı binanın 19-cu mənzilindən qeydiyyatdan çıxarılması üçün Astara rayon Polis şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Həmin Məcəllənin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)-178/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 261, 263-264-cü maddələrini rəhbər tutaraq Məhkəmə tərkibi qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)-178/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı izah olunur ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 10 saylı binanın 19-cu mənzilindən qeydiyyatdan çıxarılması üçün Astara rayon Polis şöbəsinə müraciət etmək hüququ vardır. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-906/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-906/2025
06.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver